Kənd təsərrüfatı naziri Məcnun Məmmədov mayın 15-də Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin binasında Şuşa, Füzuli, Xocalı, Laçın, Ağdam, Xankəndi, Xocavənd, Kürdəmir, Ağcabədi rayonları və Xankəndi şəhərindən olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə nazir Məcnun Məmmədov və Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək, əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işğaldan azad edilən ərazilərdə torpaq sahəsi ilə təmin olunma, subsidiyaların verilməsi, kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi ilə bağlı yaranan borc, işlə təmin olunma, arıçılıq və digər məsələlərlə bağlı olub.
Nazir hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verdiyi vurğulanıb.