Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqinin rəhbərlik etdikləri nümayəndə heyətləri Astaraya səfər edərək Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin vacib infrastruktur layihələrinə baxış keçiriblər.
AZƏRTAC xəbər verir ki, səfər zamanı Astara çay üzərində salınan avtomobil və dəmir yolu, eləcədə gömrük-keçid məntəqəsi barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, 2023-cü ilin dekabrında Azərbaycan-İran sərhədində Astaraçay çayı üzərində beynəlxalq standartlara cavab verən yeni avtomobil körpüsü və sərhəd-keçid məntəqəsi yenidən qurularaq istismara verilib.
Azərbaycan və İran arasında Astaraçay üzərində yeni körpünün təməli 25 yanvar 2022-də qoyulub. Körpü 3 aşırımlı olmaqla uzunluğu 97,5 metr, eni isə 30,5 metrdir. 4 hərəkət zolaqlı körpüdə əlavə olaraq ehtiyat hərəkət üçün daha 2 zolaq, həmçinin hər birinin eni 2,5 metr olan 2 piyada keçidi tikilib. Körpü yük avtomobillərinin daha əlverişli şəraitdə hərəkətinə geniş imkan yaradıb. Yeni körpü və müasir tələblərə cavab verən gömrük-keçid məntəqəsi avtomobillərin uzun müddət gözləməsinin qarşısını alır və yükdaşımanı asanlaşdıraraq sürücələrin rahatlığını təmin edir.
“Azərbaycan Dəmir yolları” QSC-nin İran Astarasında tikdiyi Cənub Yük Terminalına baxış zamanı qeyd olunub ki, texniki işlərin 94, tikinti işlərinin isə 81 faizi başa çatdırılıb. Terminalda 5000 kvadrat metr qapalı və açıq anbarlar, taxıl, meyvə terminalları və 19 min 773 kvadratmetr konteyner platforması tikilib. Ötən il Cənub Yük Terminalından 800 min ton yük aşırılıb.