11 İyul 2026 09:45
657
İQTİSADİYYAT
A- A+
İnsan kapitalı gələcəyin ən böyük sərvətidir

İnsan kapitalı gələcəyin ən böyük sərvətidir


Ümumdünya Əhali Günü 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Rəhbərlər Şurasının qərarı ilə təsis olunub və ilk dəfə 1990-cı ildə 90-dan çox ölkədə qeyd edilib. Günün təsis edilməsinə səbəb 1987-ci il iyulun 11-də dünya əhalisinin 5 milyard nəfərə çatması olub. 

Hazırda Ümumdünya Əhali Günü BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən koordinasiya edilir və hər il müxtəlif mövzular çərçivəsində qeyd edilir. Bu günün əsas məqsədi əhali artımı, demoqrafik dəyişikliklər, ailə planlaşdırılması, reproduktiv sağlamlıq, gender bərabərliyi, yoxsulluğun azaldılması, qadın və uşaqların hüquqlarının qorunması kimi məsələlərə diqqəti artırmaqdır. Çünki müasir dünyada əhali yalnız statistik göstərici deyil, həm də sosial-iqtisadi inkişafın, dayanıqlı gələcəyin və dövlət siyasətinin əsas amillərindən biri hesab olunur.

BMT-nin Əhali Fondu diqqəti xüsusilə gənclərin gələcək planlarına, ailə qurmaq imkanlarına, iqtisadi çətinliklərə, sağlamlıq xidmətlərinə çıxışa və reproduktiv hüquqların təmin olunmasına yönəldir. Təşkilat hesab edir ki, müasir dövrdə əsas problem doğum səviyyəsinin aşağı düşməsi deyil, insanların istədikləri ailəni qurmaq imkanlarının müxtəlif sosial, iqtisadi və səhiyyə maneələri səbəbindən məhdudlaşmasıdır.

Rəsmi hesablamalara görə, hazırda Yer kürəsində 8,2 milyarddan çox insan yaşayır. Proqnozlara əsasən, dünya əhalisinin 2037-ci ildə 9 milyarda, 2060-cı ildə isə təxminən 10 milyarda çatacağı gözlənilir. Bununla yanaşı, əhali artımı əvvəlki onilliklərlə müqayisədə xeyli yavaşıyıb. Bir çox inkişaf etmiş ölkədə doğum səviyyəsinin azalması və əhalinin qocalması yeni sosial və iqtisadi çağırışlar yaradır. Digər tərəfdən, bəzi regionlarda yüksək doğum səviyyəsi təhsil, səhiyyə, məşğulluq və ərzaq təhlükəsizliyi sahələrində əlavə yük formalaşdırır. Buna görə də demoqrafik proseslərin düzgün idarə olunması davamlı inkişaf siyasətinin vacib istiqamətlərindən biri hesab edilir.

Mütəxəssislər qeyd edirlər ki, əhalinin sayından daha vacib məsələ onun keyfiyyət göstəriciləridir. İnsan kapitalının inkişafı, sağlam və savadlı nəslin yetişdirilməsi, gənclərin təhsil və məşğulluq imkanlarının artırılması, qadınların iqtisadi və ictimai həyata fəal cəlb edilməsi hər bir ölkənin inkişafına birbaşa təsir göstərir. Buna görə də müasir demoqrafik siyasət yalnız doğum göstəricilərinə deyil, insanların həyat keyfiyyətinin yüksəldilməsinə də yönəlir.

Əhali məsələləri iqlim dəyişikliyi, urbanizasiya, miqrasiya, qlobal səhiyyə problemləri və iqtisadi inkişafla da sıx bağlıdır. Son illər dünyada sürətlənən urbanizasiya nəticəsində şəhərlərdə yaşayan insanların sayı kənd əhalisini üstələyib. Bu proses yeni iş yerlərinin açılması, mənzil təminatı, nəqliyyat infrastrukturu və sosial xidmətlərin genişləndirilməsi kimi məsələləri daha da aktuallaşdırır. Digər tərəfdən, iqlim dəyişiklikləri nəticəsində baş verən təbii fəlakətlər və su qıtlığı bəzi regionlarda məcburi miqrasiyanın artmasına səbəb olur. Bu isə demoqrafik tarazlığa və iqtisadi inkişaf proseslərinə təsir göstərən mühüm amillərdəndir.

Müasir texnologiyalar da demoqrafik siyasətin ayrılmaz hissəsinə çevrilib. BMT 2025-ci ildə əhali məsələləri ilə bağlı maarifləndirmə işlərinin genişləndirilməsi üçün rəqəmsal platformaların və sosial medianın imkanlarından daha səmərəli istifadə edilməsini vacib bilir. İnformasiya texnologiyaları sayəsində reproduktiv sağlamlıq, ailə planlaşdırılması, ana və uşaq sağlamlığı, gender bərabərliyi və insan hüquqları ilə bağlı məlumatların daha geniş auditoriyaya çatdırılması mümkün olur. Xüsusilə gənclərin rəqəmsal mühitdə fəallığı nəzərə alınaraq maarifləndirici kampaniyaların sosial şəbəkələr üzərindən həyata keçirilməsi daha effektiv hesab edilir.

Azərbaycanda da demoqrafik inkişaf dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmizdə Ümumdünya Əhali Günü 2005-ci ildən geniş şəkildə qeyd olunur. Azərbaycanda MDB məkanında ilk dəfə elmi əsaslarla hazırlanmış və demoqrafik siyasətin əsas istiqamətlərini müəyyən edən "Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası" təsdiq edilib. Bu konsepsiya əhali artımının davamlılığının təmin olunması, ailə institutunun möhkəmləndirilməsi, ana və uşaqların sağlamlığının qorunması, miqrasiya proseslərinin tənzimlənməsi və insan kapitalının inkişafı kimi mühüm hədəfləri əhatə edir.

Son illər ölkəmizdə səhiyyə xidmətlərinin təkmilləşdirilməsi, icbari tibbi sığortanın tətbiqi, ana və uşaq sağlamlığı proqramlarının genişləndirilməsi, ailələrin sosial müdafiəsinin gücləndirilməsi demoqrafik inkişafın dəstəklənməsinə xidmət edir. Eyni zamanda təhsil sistemində aparılan islahatlar, gənclərin məşğulluq imkanlarının artırılması və sosial rifahın yüksəldilməsi də əhali siyasətinin mühüm tərkib hissəsidir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda Azərbaycan əhalisinin sayı 10 milyon 268 min nəfəri ötüb. Əhalinin yaş strukturunda gənclər mühüm yer tutur ki, bu da ölkənin əmək bazarı, iqtisadi inkişafı və gələcək potensialı baxımından mühüm üstünlük hesab edilir. Bununla yanaşı, bütün dünyada olduğu kimi, Azərbaycanda da doğum səviyyəsi, daxili və xarici miqrasiya, əhalinin yaşlanması kimi proseslərin davamlı izlənilməsi və elmi əsaslarla qiymətləndirilməsi böyük əhəmiyyət daşıyır.

Demoqrafik göstəricilər iqtisadi inkişafın planlaşdırılmasında mühüm rol oynayır. Məktəblərin, xəstəxanaların, yaşayış məntəqələrinin, nəqliyyat və kommunal infrastrukturun layihələndirilməsi məhz əhali proqnozlarına əsaslanır. Əhalinin yaş tərkibində baş verən dəyişikliklər pensiya sistemi, əmək bazarı, sosial müdafiə proqramları və səhiyyə xidmətlərinin həcminə də birbaşa təsir göstərir. Buna görə də dəqiq statistik məlumatlar və elmi proqnozlar dövlət idarəçiliyinin vacib elementlərindən hesab olunur.

Ümumdünya Əhali Günü bir daha xatırladır ki, əhali məsələləri yalnız statistik rəqəmlərdən ibarət deyil. Hər bir rəqəmin arxasında insan taleyi, ailə məsələsi, gələcək nəsillərin və cəmiyyətin inkişaf perspektivləri dayanır. Məhz buna görə də sağlam ailələrin formalaşdırılması, gənclərin potensialının reallaşdırılması, qadın və kişilər üçün bərabər imkanların yaradılması, keyfiyyətli səhiyyə və təhsilin təmin olunması hər bir ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biri olaraq qalır.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu il Azərbaycan 55 milyon dollarlıq metanol ixrac edib

11:33
17 Avqust

Yeddi ayda ixrac edilən xam neft və neft məhsullarının həcmi açıqlanıb

11:32
17 Avqust

Azərbaycanın ixrac etdiyi neft koksunun həcmi 34 faizdən çox artıb

11:27
17 Avqust

Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var

11:24
17 Avqust

İndoneziya Respublikasının Prezidenti Zati-aliləri cənab Prabovo Subiantoya

11:15
17 Avqust

Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq

11:01
17 Avqust

Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlanıb

10:59
17 Avqust

Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafikinə dəyişiklik edilir

10:53
17 Avqust

Rusiya regionları üzərində 205 PUA vurulub, altı nəfər həlak olub

10:47
17 Avqust

Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb

10:42
17 Avqust

Bu ilin yeddi ayında Azərbaycan təbii qaz ixracını artırıb

10:36
17 Avqust

General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb

10:33
17 Avqust

Sənət səmasında sönməz məşəl: Müslüm Maqomayev

10:24
17 Avqust

FHN: Ötən həftə ərzində 685 yanğına çıxış olub, 46 nəfər xilas edilib

10:13
17 Avqust

Qızıl və gümüş bahalaşıb

10:09
17 Avqust

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

10:03
17 Avqust

 Xocavənd sakini: Ora bizim üçün əzizdir, şirindir

09:41
17 Avqust

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

09:27
17 Avqust

Xocavəndə qayıdan keçmiş məcburi köçkün: Bundan gözəl, bundan sevincli günlərimiz hansı ola bilər?

09:23
17 Avqust

Şuşa sakini: Doğma torpaqlara fəxr və qürur hissi ilə qayıdırıq

09:05
17 Avqust

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

08:43
17 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!