20 Aprel 2025 09:05
798
Mədəniyyət
A- A+
İlk alitəhsilli teatr rəssamı 

İlk alitəhsilli teatr rəssamı 


Azərbaycanın teatr rəssamlığı sənətində onun xüsusi xidmətləri olub. Əməkdar incəsənət xadimi İzzət Seyidova ölkəmizin ilk teatr rəssamı ixtisası üzrə alitəhsilli qadın ziyalılarımızdan olub. O, 1939-cu ildə yaradılan Azərbaycan Rəssamlar İttifaqının təşkilat komitəsinin yeddi üzvündən biri idi. Bu il İ.Seyidovanın anadan olmasının 115 illik yubileyi tamam olur. 

İzzət Əli qızı Seyidova Ukraynanın Xarkov şəhərində dünyaya gəlmişdir. Atası Əlibəy Mirseyfəddin oğlu və anası Olqa Yakovlevna Xarkovda tibb universitetində bir yerdə təhsil almışdılar. İ.Seyidovanın babası Mirseyfəddin zamanında Tiflisdə yaşamış, müəllimlik və tərcüməçilik etmişdi. İzzət Seyidova əvvəlcə Bakıda yeddiillik rus məktəblərindən birini bitirmişdir. İxtisas təhsilini isə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1927-1931), daha sonra ali təhsilini teatr rəssamlığı ixtisası üzrə Leninqrad Rəngkarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda almışdır (1931-1938). Gənc qız tanınmış rəssamlar Y.Y.Lansere, R.R.Frents, A.A.Osmerkin və M.P.Bobışevdən teatr rəssamlığı sənətinin incəliklərini öyrənmişdir. İ.Seyidova özünün diplom işində Çaykovskinin "Yevgeni Onegin" operasının əsas obrazlarının geyim eskizləri və səhnə dekorasiyalarını yaratmışdır. 

İzzət xanımın ali təhsil illəri heç də asan keçməmişdir. Rəssam özü bu barədə demişdir: "Akademiyada təhsili başa vurmağa az qalırdı. Bir gün məni dekanlığa çağırıb dedilər: "Siz akademiyadan xaric edilirsiniz. Yığışın qayıdın evinizə". Səbəbini soruşanda dedilər ki, direktorun əmri var: valideynləri fəhlə və kəndli olmayanlara etibar edilmir və onlar institutdan xaric olunurlar. Direktorun qəbuluna getdim, ağlayıb göz yaşı tökdüm, dedim ki, atam da, anam da həkimdir, dövlət xəstəxanasında qulluq edirlər. Kömək eləmədi. Qovuldum. Əlacsız qalıb Moskvaya yollandım. Xeyli əziyyətdən, get-gəldən sonra axır ki, instituta qaytarıldım".

İ.Seyidova ölkəmizin ilk peşəkar qadın teatr rəssamı olmuşdur. Lakin bununla bərabər o, dəzgah rəssamlığı sahəsində də bədii yaradıcılığını davam etdirmişdir. 1940-cı ildən sərgilərdə iştirak etməyə başlamışdır. Ömrünü 1938-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına bağlayan rəssam burada uğurlu yaradıcılıq fəaliyyəti göstərmişdir. İ.Seyidovanın səhnə tərtibatı və geyim eskizlərini hazırladığı opera və balet tamaşaları öz peşəkar bədii həlli, əsərin ruhuna uyğun dekorasiya işləmələri, mükəmməl görüntüləri ilə tamaşaçıların və sənət ustalarının hər zaman diqqət və marağına səbəb olmuşdur. "Seviliya bərbəri" (1938, 1943, C.Rossini), "Qaratoxmaq qadın" (1941, P.Çaykovski), "Vətən" (1945, 1961, Q.Qarayev və C.Hacıyev), "Maskarad", (1945, B.Zeydman), "Şeytan" (1949, A.Rubinşteyn), "Sevil" (1953, F.Əmirov), "Şah İsmayıl" (1955, M.Maqomayev), "Leyli və Məcnun" (1958, Ü.Hacıbəyov), "Koroğlu" (1959, Ü.Hacıbəyov), "Vaqif" (1960, R.Mustafayev), "İldırımlı yollarla" (1963 Q.Qarayev), "İki inadkar" (1966, N.Hikmət) və digər opera və balet tamaşalarına uğurlu bədii səhnə tərtibatı - dekorasiyalar və geyim eskizləri hazırladığını qeyd etmək olar.

Sənətşünas alim Mürsəl Nəcəfovun İzzət Seyidovanın həyat və yaradıcılığı haqqında 1965-ci ildə Moskvada kitabı nəşr olunmuşdur. Alim rəssam haqqında yazırdı: "Azərbaycan teatrında İzzət Seyidovadan əvvəl peşəkar rəssam, həm də teatr-dekorasiya sənəti üzrə alitəhsilli rəssam çalışmayıb". Lakin teatr tərtibatında uzun illər fəaliyyət göstərən istedadlı rəssamlar olub.  

İ.Seyidova dəzgah rəngkarlığı sahəsində portret janrında bir sıra əsərlər yaratmışdır. Onlardan "Pioner qızın portreti" (1940). "Şairə Mirvarid Dilbazi" (1946), "Aktyor Sidqi Ruhulla", "Həyat yoldaşının portreti", "Çılpaq qadın" adlı əsərləri qeyd etmək olar. İzzət xanımın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Teatr Muzeyində saxlanılır. Görkəmli incəsənət xadimi Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Onun şagirdləri  arasında tanınmış rəssamlar - Kamil Nəcəfzadə, Tələt Şıxəliyev, Asəf Cəfərov kimi sənətkatlar olmuşlar. 

Bu il 115 illik yubileyi tamam olan, ölkəmizin teatr rəssamlığı sahəsində xüsusi xidmətlər göstərmiş, tanınmış rəssam, Əməkdar incəsənət xadimi İzzət Seyidovanın adı Azərbaycan rəssamlıq sənəti tarixində həmişə yaşayacaqdır. 


Əsəd QULİYEV, 

Rəssamlar İttifaqının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!