21 Sentyabr 2025 09:05
1829
Mədəniyyət
A- A+
Hüsaməddin Tuğac - bir millət, iki dövlətin tanınmış hərbçisi

Hüsaməddin Tuğac - bir millət, iki dövlətin tanınmış hərbçisi


Ötən əsrin əvvəllərində Azərbaycanın milli dövlət quruculuğu və xalqımızın müstəmləkə buxovundan azad olması arzusu ilə  mücadilə aparmış şəxsiyyətlərdən  biri də Türkiyədə və Azərbaycanda böyük xidmətləri olmuş hərbçi və siyasətçi Hüsaməddin Tuğacdır.

Hüsaməddin Tuğac 1889-cu ildə Türkiyədə - Ərzurumun Həsənqala ilgəsində hərbçi yüzbaşı ailəsində dünyaya göz açıb. Hüsaməddin 1910-cu ildə Hərbi Məktəbi bitirdikdən sonra Bağdad və Şamda (Dəməşqdə) xidmət edib. 1912-1913-cü illərdə Balkan savaşına qatılıb, Birinci Dünya müharibəsində isə Sarıqamışda vuruşub. 

1917-ci ildə Gəncəyə gəlməsinə Sarıqamış döyüşləri səbəb olub. Belə ki, 1915-ci il yanvar ayının ilk günlərində, Qafqaz cəbhəsindəki döyüşlərdə 9-cu Kolordunun zabiti Hüsaməddin Tuğac tabeliyində olan bir neçə əsgərlə birlikdə çovğunlu havada azaraq mühasirəyə düşür və ruslar tərəfindən əsir götürülür. Yüksək rütbəli zabit olduğundan, həm də türk ordusu komandanı Ənvər paşaya çox oxşarlığı səbəbindən onu Rus Qafqaz Cəbhəsi komandanı general Yudeniçin qərargahına gətirirlər. "Bir nəslin dramı" avtobioqrafik kitabında həmin günü polkovnik Hüsaməddin Tuğac  belə xatırlayır: "Sorğulardan sonra məni bir yemək masasına da götürdülər. Ordu komandanı general Yudeniç və başqa yüksək rütbəli zabitlər yemək yeyirdilər. Məni də bu zəngin süfrəyə aldılar. 1915-ci ilin Yeni il süfrəsi imiş. Süfrədə mənə bir qədəh vodka da ikram etdilər. İçmədim. İsrar etmədilər. Səhərisi gün bizi stansiyaya götürdülər. Rusiyanın içərilərinə gedəcəyiz..."

Onu türk zabit və əsgərləri ilə birgə Rusiyanın ucqarlarına sürgün edirlər. Batumdan tərpənən qatar Tiflis, Qazax, Dəllər, Gəncə, Bakı... Petrovskdan keçir. Hüsaməddini ruslar Türkiyə ordusunun məşhur komandanı Ənvər paşa bilib ona xüsusi kupe ayırırlar. Bu, Petrovska çatanda məlum olur.

Hüsaməddin Tuğac xatirələrində yazır: "Petrovskda dayanarkən pəncərəyə yaxınlaşdım. Aşağıda bir topa adamın mənim vaqonumu göstərib bir-birilərinə nələrisə dediklərini hiss edirdim. Görkəmindən erməni olduğu bilinən birisi isə əlini boğazına çəkib mənə axırımın çatdığını anlatmaq istəyir, sonra da əllərini göyə qaldırıb sanki şükür edirdi".  

Qatar Samaraya yaxınlaşarkən Hüsaməddin tif - qarın yatalağı xəstəliyinə tutulur və təcili olaraq bu şəhərdəki hospitala yerləşdirilir. Müalicədən sonra sağlamlığı bərpa olunur, sürgün yolları davam edir. Nəhayət, Çelyabinsk və Tomskdan sonra İrkutskda Hüsaməddini qatardan düşürüb sürgün düşərgəsindəki lazımi ünvana çatdırırlar. Buradakı qərib və məşəqqətli sürgün  həyatı nə qədər ağır olsa da, türk zabitinin vətənə dönüb, mübarizəyə təkrar qatılmaq eşqi hər şeyə üstün gəlir.

Bir neçə aydan sonra Hüsaməddin iki dustaq yoldaşı ilə düşərgədən qaçsa da, uzaq gedə bilmirlər. Yolda tutulub yenidən öz düşərgələrinə qaytarılırlar. Barələrində elə bir ciddi ölçü də götürülmür. Çünki o vaxtın düşmənləri bir-birinə qarşı mərd davranırdılar. Hüsaməddin Tuğac xatirələrində sürgün yoldaşları ilə ruslardan icazə alıb qəzet nəşr etdiklərini, hətta "Baykal türklərinin tarixinə dair" məqalələr üzərində işlədiyini qeyd edir. O, türk dili ilə yanaşı, fransız, ingilis, fars və alman dillərini də yaxşı bilirdi. Sürgündə olduğu müddətdə rus dilini də əməlli-başlı öyrənmişdi.

Sibir sürgünü iki il yarım çəkir. 1917-ci ildə Rusiyada baş qaldıran hərc-mərclik, ordudakı özbaşınalıq, yerlərdə idarəetmənin nəzarətdən çıxması sürgündəkilərə  cəhənnəm əzabından qaçıb-qurtarmağa şərait yaradır.  Hüsaməddinin də təkrar qaçışı uğurlu alınır. Qırğız Xalq Komitəsinin köməyi sayəsində sənəd düzəldir. Daşkəndə, Krasnovodska, oradan da Bakıya gəlir. Bakıda Məhəmməd Əmin Rəsulzadə və Əlimərdan bəy Topçubaşovla görüşür və Gəncəyə gedir.  Təsadüf elə gətirir ki, Gəncədə qaldığı mehmanxananın sahibi sürgünə aparılarkən qatar Dəllər stansiyasında bir neçə saniyəlik dayanarkən ötəri söhbət etdiyi, Gəncənin tanınmış simalarından olan Sarı Ələkbər İmamqulu oğlu imiş. O vaxt Hüsaməddin Sarı Ələkbərə atasının Gəncə vilayətinin Şəmkir elinin Qaracaəmirli kəndindən olduğunu demişdi. Belə yerdə deyiblər: "dağ dağa rast gəlməsə də, insan insana rast gələr". 

Hüsaməddin Tuğacın Gəncəyə gəlişi mücadilə liderləri üçün göydəndüşmə olur. O, Sarı Ələkbərin vasitəsilə dərhal Gəncə Milli Komitəsinin rəisi Nəsib bəy Yusifbəyli ilə görüşür və komitənin icra heyətində yer alır. Beləliklə, Hüsaməddin Tuğac Gəncə istiqlalçıları Aslan bəy Səfikürdski, əkskəşfiyyata rəhbərlik edən Məhəmməd bəy Şeyxzamanlı, onun qardaşı Nağı bəy Şeyxzamanlı, şair Əhməd Cavad və başqaları ilə yaxından əməkdaşlıq və dostluq əlaqələri yaradır. H.Tuğac xatirələrində yazır: "Tanış olduğum gənclər arasında şair Cavad Axundzadə (Əhməd Cavad) gözəl və duyğulu şeirləri, içindən daşıb-tökülən milliyyətçi varlığıyla məni özünə bağladı".

Milli komitədə Sarı Ələkbər və Nağı bəy Şeyxzamanlının rəhbərliyi altında iki silahlı dəstə var idi. Erməni silahlı quldur birləşmələrinin və şimaldan gözlənilən təhlükənin qarşısını almaq üçün könüllü ordu bölüklərinin yaradılması zərurət idi. Bu işə könüllüləri cəlb etməklə yanaşı, onlara hərb sənətinin qayda-qanunlarının öyrədilməsinə, silahla davranışların aşılanmasına, eləcə də yeni silahların əldə olunmasına böyük ehtiyac yaranmışdı. Komitədəki məsləhət-məşvərətdən sonra Hüsaməddin bəy gənc əsgərlərə təlim keçmək üçün Sarıqamış döyüşlərində əsir düşmüş və onunla birlikdə Bakıyadək gətirilib Nargin adasında sürgündə saxlanılan üç nəfər peşəkar hərbçinin oradan qaçırılıb Gəncəyə gətirilməsinə nail olur. Bundan əlavə, Sarı Ələkbərin vasitəsilə İrandan mütəxəssis kimi topçu teğmeni (leytenantı) Müzəffər (ordu generalı Müzəffər Tuğsavul) ilə teğmen Midhət Gəncəyə dəvət olunurlar. 

Milli komitənin qərarı ilə ordu quruculuğuna rəhbərlik Hüsaməddin Tuğaca tapşırılır. Gənclərin hərbi vərdişlərə yiyələnməsi üçün qısa vaxtda Gəncənin bir neçə yerində, o cümlədən Uğurlubəy karvansarasının həyətində təlim meydançaları yaradılır. Bundan əlavə, Gəncənin yaxınlığında, Zazalı stansiyasının alt hissəsində Qaracaəmirlidən, Samuxdan, Qədlidən, Alabaşlıdan, Balçılıdan, Seyfəlidən, Şiştəpədən, Dəllərdən, hətta Gədəbəydən əli silah tutan, adlı-sanlı cavanlar könüllü bölüklər halında təşkilatlanaraq təlim keçirdilər. 

Yeni yaradılmış ordu hissələrinin ilk döyüş sınağı 1918-ci ildə Türkiyənin şərq cəbhəsindən geri dönən çar ordusu əsgərlərinin tərksilah edilməsində öz nəticəsini verdi. Başqa sözlə, çar ordusunun cəbbəxanasına sahib çıxmaq istəyən və 19 eşelon silah-sursatı Gəncədə, eləcə də Çardaxlıda ermənilərə paylayıb qərb bölgəsi əhalisinin kütləvi məhvinə şərait yaratmaq istəyən Cənubu Qafqazın fövqəladə komissarı, "Daşnaksütyun"un lideri S.Şaumyanın əlindən çıxarmağı Şəmkir stansiyasında 20 günün ərzində gerçəkləşdirdilər. Qarət olunan silahlar hesabına Gəncə Milli Komitəsinin cəbbəxanası xeyli gücləndirildi. Artıq silah da var idi, bu silahlardan istifadə etməyi bacaran hərbçilər də. Daha güclü, müxtəlif istiqamətli hərbi bölük və hissələr yaratmağın təməl daşları beləcə qoyuldu. 

Şaumyan Şəmkirdə uğursuzluğa məruz qalandan sonra Bakıda qırğın çoxalmağa başladı. Hüsaməddin Tuğac xatirələrində yazır: "Bir axşam Nəsib bəy məni xüsusi toplantıya çağırdı. Gəncə və Bakının, bütün Azərbaycanın xilası naminə türk ordusu üçün arkadaşım Nağı bəy Şeyxzamanlı ilə birgə türk hökuməti və Ənvər paşanın yanına bizim bir təmsilçi olaraq göndərilməyimizi uyğun bilmişdilər". Hüsaməddin Tuğac Azərbaycanın işıqlı gələcəyi naminə komitə rəhbərliyinin bu təklifinə də canla-başla razılıq verir. Axı, hamı bilirdi ki, Hüsaməddin Tuğacın özü bir yana, atası Əhməd paşa Türkiyə ordusunun tanınmış simalarındandır. Hüsaməddin Tuğac və Nağı bəy Şeyxzamanlı 1918-ci ilin fevralında Şuşəhrdə Türk 3-cü Qafqaz Ordusu komandanı Vəhib paşanın qərargahına gəlirlər. Xəbər dərhal Ənvər paşaya çatdırılır. Ənvər paşa heyəti İstanbula görüşə dəvət edir. Türk dünyasına xidmətləri əvəzində Hüsaməddin Tuğaca yüzbaşı rütbəsi verilir, Ənvər paşa ordu qurmaq və xalqımızı erməni-daşnak qırğınından xilas etmək üçün Nuru paşanın komandanlığı ilə Gəncəyə ordu göndərilməsinə qərar verir.  1918-ci ilin iyun ayında Nuru paşanın komandanlığı ilə Azərbaycan ərazisinə daxil olan Qafqaz İslam Ordusu xalqımız və dövlətimizin xilası üçün çox iş görür.

Türkiyəyə qayıtdıqdan sonra Hüsaməddin Tuğac Türk Ordusunda xidmətini davam etdirir. 1919-cu ildə İstanbul Hərb Akademiyasını bitirir. Türk dünyasının milli maraqları naminə 1920-ci ilin iyulunda Atatürkün başladığı istiqlal savaşlarına qatılır, millətin xilası  və onun tərəqqisi, "mövcudiyyətinin yeganə təməli olan cümhuriyyət" (M.K.Atatürk) uğrunda dönməz mübarizlər sırasında yer alır.

1921-1924-cü illərdə Gürcüstanda, Türkiyənin Tiflisdəki Hərbi Attaşeliyində, həmçinin Türkiyə Böyük Millət Məclisinin Qafqaz Siyasi Nümayəndəliyində çalışır. 1927-ci ildən Tehranda Hərbi Attaşelikdə, bir müddət Milli Əmniyyət Təşkilatının İstanbul və Diyarbəkir bölgələri üzrə müfəttişliyində, 1934-cü ildən Vyanadakı Hərbi Attaşelikdə, 1937-ci ildən Xarici İşlər Nazirliyində və digər mühüm vəzifələrdə işləyir, kurmay yarbay hərbi rütbəsinədək yüksəlir. H.Tuğac üç dəfə Türkiyə Böyük Millət Məclisinə Cümhuriyyət Xalq Partiyasından Qars və Ağrı bölgəsindən millət vəkili seçilir.

Azərbaycan Milli Ordusunun yaranmasında və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında əməyi olan, tarixdə izi qalan Hüsaməddin Tuğac 1975-ci il yanvarın 5-də 86 yaşında vəfat edib. Hazırda Hüsaməddin Tuğacın qızı, nəvələri Gəncə ilə, Şəmkirlə əlaqə saxlayırlar, gediş-gəlişləri var. Bu barədə söhbət düşəndə Hüsaməddin Tuğacın əminəvəsi Füzuli Əhmədov dedi:

- Hüsaməddin Tuğac atamın Türkiyədə yaşamış əmisi Hacı Əhmədin oğludur, biz əmiuşağıyıq.  Atamın dili ilə biz ona "Hacı Əhməd əmi", oğlanlarına da "əmioğlu" deyirik. "Əmioğlu" bildiyim Hüsaməddin Tuğac xalqımızın azadlığı uğrunda mübarizlərdən və Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından  olmuşdur. Mən bununla həmişə fəxr etmişəm. Bizim Türkiyə ilə əlaqələrimiz  sovet dönəmində də olub, amma  gizlin, qorxa-qorxa. Neyləməli, dövr elə idi. 2012-ci ildə Hüsaməddin Tuğacın 90 yaşlı qızı Solmaz xanım övladı Türkanla birlikdə Gəncəyə - bizə qonaq gəlmişdi. Atasının xatirələrinin izi ilə şəhərin tarixi və görməli yerlərinə baş çəkdi, qədim Uğurlubəy karvansarasında oldu, atasının bu karvansara ilə bağlı o vaxtlar söylədiyi xatirələri xatırladı, Nizami məqbərəsini, Şah Abbas məscidini, İmamzadanı ziyarət etdi. Atasının  dostluq etdiyi ailələrin nümayəndələri ilə görüşdü, Qaracaəmirli kəndində yaşayan qohumlarımıza baş çəkib xoşhal oldu. Çox məmnunam ki, Azərbaycanda Hüsaməddin Tuğacın fəaliyyəti və xidmətləri unudulmur, xatirəsi əziz tutulur.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!