Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 55 yaşı tamam olur
Gələcək generalların, qəhrəmanların, zabitlərin bir zamanlar kursant kimi təhsil aldığı Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yarandığı vaxtdan 55 il keçir. Yarım əsrdən çox fəaliyyət göstərən bu hərbi məktəbdə indiyə qədər minlərlə kursant təhsil alıb. Bu kursantlar liseyi bitirdikdən sonra keçmiş ittifaqın müxtəlif ali hərbi məktəblərində təhsillərini davam etdirərək zabit rütbəsi alıblar. Hazırda Silahlı Qüvvələrimizin sıralarında xidmət edən generalların, zabitlərin əksəriyyəti C.Naxçıvanski adına Hərbi Liseyin məzunlarıdır.
C.Naxçıvanski adına Hərbi Liseyi "Heydər Əliyev" məktəbi də adlandırırlar. Bu, səbəbsiz deyil, çünki hazırda Azərbaycan Ordusu üçün savadlı, bilikli kadrlar hazırlanan hərbi məktəbi Ümummilli Lider Heydər Əliyev 1971-ci ildə böyük əziyyətlər bahasına yaratmışdır. Yaxın tariximizdən məlumdur ki, o illər həyata keçirilən məqsədyönlü siyasət azərbaycanlı gənclərin hərbi sahədə irəliləməsinə, general səviyyəsinə yüksəlməsinə süni əngəllər yaradırdı. O səbəbdən bu hərbi təhsil ocağının açılması respublikamız üçün mühüm hadisə idi.
Ulu Öndər Heydər Əliyev bu təşəbbüsü ilə həm də keçmiş sovetlərin "xalq düşməni" kimi qara siyahıya saldığı, saxta ittihamla ləkələdiyi general Cəmşid xan Naxçıvanskinin adını təmizə çıxardı. Liseyə onun adının verilməsi doğma vətənindən xeyli uzaqlarda sözün həqiqi mənasında şəhid edilmiş general C.Naxçıvanskini yenidən Azərbaycan xalqına qaytardı.
Bəs bu barədə tarixi sənədlər nə deyir? Sənədlərdə bildirilir ki, Azərbaycan Maarif Nazirliyi və Respublika Hərbi Komissarlığı Azərbaycan KP MK bürosunun 1971-ci il 29 aprel tarixli qərarını əsas götürərək hərbi təmayüllü internat məktəbinin açılması üçün 1971-ci il iyunun 16-da müraciət hazırlayır. Müraciət gecikdirilmədən müzakirə olunur və 20 iyul 1971-ci ildə "İxtisaslaşdırılmış internat məktəbinin yaradılması haqqında" Azərbaycan KP MK bürosu qərar qəbul edir. 1971-ci ilin noyabr ayında məktəbin açılışı olur. Heydər Əliyev bu təntənəli mərasimdə iştirak edir. Tarixi çıxışı zamanı yeni məktəbə diviziya komandiri general Cəmşid Naxçıvanskinin adının verildiyini bildirir.
Təbii ki, həmin dövr üçün bu, gözlənilməz qərar idi. Çünki Moskvadan əsən soyuq küləklər hərbi məktəbin yaradılmasına süni maneələr yaradırdı. Amma bütün çətinliklərə baxmayaraq, Ulu Öndər Heydər Əliyevin qətiyyəti və iradəsi sayəsində məqsədə nail olundu, C.Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Çox keçmədi ki, məktəb keçmiş ittifaqın ən nüfuzlu hərbi təhsil ocaqlarından birinə çevrildi. Hərbçi olmaq arzusu ilə yaşayan azərbaycanlı gənclər böyük həvəslə yeni yaradılmış təhsil ocağına üz tutdular. Bu gənclərin bir çoxu Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ordu quruculuğunda fəal iştirak etdilər.
Ümummilli Lider Heydər Əliyev bu liseyi yaratmaqla kifayətlənmədi, ona qayğı göstərdi və yaşatdı. Ulu Öndər hakimiyyətdə olduğu dövrlərdə tez-tez məktəbə gedər, kursantlarla söhbət edər, qayğıları ilə yaxından maraqlanardı. Heydər Əliyev çıxışlarının birində demişdir: "Mən Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi yaratmışam, onun fəaliyyətinə hərtərəfli qayğı göstərmişəm".
Ümummilli Lider xalqımızın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında hakimiyyətə qayıtdıqdan sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyin həyatında böyük dəyişikliklər baş verdi. Ordumuzun gələcək zabitlərinin oxuduğu hərbi məktəbə daim diqqət və qayğı göstərən Heydər Əliyevin 1998-ci və 2002-ci illərdə imzaladığı sərəncamlarla Hərbi Liseyin yaradılmasının 25 və 30 illik yubileyləri dövlət səviyyəsində geniş qeyd olundu.
Ulu Öndər Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaranmasının 30 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxış edərkən demişdir: "30 il bundan öncə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaranması və o vaxtdan ardıcıl fəaliyyət göstərməsi və bu gün öz iş nəticələrini nümayiş etdirməsi Azərbaycanın həyatında tarixi hadisədir. Bu, bizim bayramımızdır. Çünki Azərbaycanın tarixində heç vaxt belə bir hərbi təhsil müəssisəsi olmayıbdır. Bu, ağır bir dövrdə yaranıb, 30 il yaşayıb və bu gün də 30 illik yubileyini qeyd edir".
Azərbaycan Prezidenti Heydər Əliyevin 13 mart 1998-ci il tarixli sərəncamı və müdafiə nazirinin 9 aprel 1998-ci il tarixli əmri ilə C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı açılmışdır. Ondan sonra bu qədim diyarın hərbçi olmaq istəyən gənclərinin ölkənin paytaxtına gəlmələrinə ehtiyac qalmadı. Ordumuzun gələcək zabitləri olacaq gənclər Hərbi Liseyin Naxçıvandakı filialında təhsil aldılar. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əlyevin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı ləğv edilmiş və onun bazasında Heydər Əliyev adına Hərbi Lisey yaradılmışdır.
Arxada qalmış 55 il ərzində Cəmşid Naxçıvanski adına Hərbi Liseyi 14 mindən artıq məzun bitirmişdir. Onların çoxu bu gün daim gücünü, qüdrətini artıran Azərbaycan Ordusunun sıralarında xidmətlərini uğurla davam etdirir. Bu zabitlər həm Birinci və İkinci Qarabağ müharibələrində, həm də Aprel döyüşlərində böyük qəhrəmanlıqlar göstərmişlər. Döyüşlərdə göstərdikləri igidliklərə görə Hərbi Liseyin məzunları müxtəlif orden və medallarla təltif edilmişlər. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı, 19 nəfər isə Vətən Müharibəsi Qəhrəmanı fəxri adlarına layiq görülmüşdür. Hərbi Liseyin məzunlarından 27 nəfər general, 1 nəfər admiral ali hərbi rütbəsinədək yüksəlmişdir. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə C.Naxçıvanski adına Hərbi Liseyin 120 məzunu şəhid olmuşdur. Şəhidlərin ruhuna ehtiram əlaməti olaraq Hərbi Liseydə Şəhidlər muzeyi yaradılmışdır.
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Heydər Əliyev Muzeyi də fəaliyyət göstərir. Kursantlar asudə və istirahət saatlarında muzeyə gələrək Ulu Öndərin keçdiyi şərəfli ömür yolu, Azərbaycanın müstəqilliyi və azadlığı naminə gördüyü işlərlə əyani tanış olurlar.
Bu gün Hərbi Lisey Azərbaycan Prezidenti İlham Əliyevin ordu quruculuğu istiqamətində həyata keçirdiyi islahatların, hərbi təhsil sahəsinə göstərdiyi qayğı və diqqətin sayəsində təkmilləşir, inkişaf edir. Liseyi bitirən savadlı, bilikli məzunların bacarığı və peşəkarlığı sayəsində isə Silahlı Qüvvələrimiz daha da güclənir.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"