Aprelin 15-dən 16-na keçən gecə paytaxtımızda əsən güclü külək və yağan leysan yağış fəsadlar yaratdı. Bu səbəbdən Bakı və Abşeron yarımadasında müvafiq icra orqanları, kommunal xidmət müəssisələri xüsusi gücləndirilmiş iş rejiminə keçdilər.
Güclü külək nəticəsində şəhərdə 55 ağac sınıb, 15-dən çox ağacın budaqları qırılıb. Birliyin əməkdaşları tərəfindən qırılan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib. Gün ərzində birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdiriblər.
Ölkə ərazisində qeydə alınan yağıntılı hava şəraiti 15 saatdan artıq davam edib və bu da illik normanın 22 faizi deməkdir. Bakıda isə yağıntının miqdarı 57 mm qeydə alınıb. Bu da aylıq normadan iki dəfə (217 faiz) çox olub. Nəticədə 59 ildən sonra paytaxta yağan yağıntının miqdarında rekord göstərici qeydə alınıb. Xatırladaq ki, Bakıda sonuncu dəfə 1966-cı il aprelin 23-də rekord həddə yağıntı olub. Həmin gün 73,3 mm yağıntı düşüb, bu da aylıq normanın 317 faizini təşkil edib.
Bakının bəzi ərazilərində, o cümlədən paytaxtın Nərimanov rayonunda "Bağırov" körpüsünün altında su yığılması müşahidə olunub. Ərazidə suyun çəkilməsi ilə bağlı aidiyyəti qurumlar birgə tədbirlər həyata keçiriblər. Görülən tədbirlər nəticəsində bir sıra ərazilərdən, o cümlədən "Bağırov" körpüsünün altından suyun çəkilərək kənarlaşdırılması işləri aparılıb.
Güclü küləyin təsirindən Bakı şəhəri, Nəsimi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında mənzilin eyvanının hissələrinin qoparaq asılı vəziyyətdə qalması nəticəsində vətəndaşlar üçün yaranmış təhlükəli vəziyyət xilasedicilər tərəfindən operativ olaraq aradan qaldırılıb.
"Azərbaycan"