Fransa uzun illərdir ki, Cənubi Qafqazda açıq-aşkar anti-Azərbaycan mövqeyi nümayiş etdirir, beynəlxalq hüquq prinsiplərini və regiondakı reallıqları gözardı edərək ölkəmizə qarşı qərəzli siyasət yürüdür. İstər Ermənistanın torpaqlarımızın 30 illik işğalı dövründə, istərsə də İkinci Qarabağ müharibəsindən sonra rəsmi Paris hər fürsətdə Bakının suveren hüquqlarına kölgə salmağa, regionda dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar olunmasına mane olmağa çalışıb.
Milli Məclisin deputatı Kamran BAYRAMOV qəzetimizə açıqlamasında bildirdi ki, bu gün də birtərəfli və ermənipərəst kursunu davam etdirən Fransa rəhbərliyi müxtəlif beynəlxalq platformalardan Azərbaycan əleyhinə təzyiq və böhtan vasitəsi kimi istifadə edir: “Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun oktyabrın 13-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) “Etimadın qurulması və demokratiyanın möhkəmləndirilməsi üzrə Qlobal Forumu”nda çıxışı zamanı növbəti dəfə Azərbaycanı əsassız iddialarla hədəf alması da bu zəncirin növbəti halqasıdır. Bu addım rəsmi Parisin Cənubi Qafqazla bağlı yürütdüyü qərəzli siyasətin dəyişmədiyini və ölkəmizə qarşı qarşıdurma ritorikasından hələ də əl çəkə bilmədiyini bir daha üzə çıxardı”.
K.Bayramov dedi ki, Parisdən səslənən bu cür növbəti qərəzli bəyanat və diplomatik təxribat cəhdi Azərbaycan tərəfindən cavabsız qalmayıb. Rəsmi Bakı Fransanın beynəlxalq hüquq norma və prinsiplərini pozan bu addımına dərhal adekvat reaksiya verib. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransa nazirinin bu iddialarına sərt cavab verərək, rəsmi Parisin tutduğu mövqeni qətiyyətlə pisləyib. Atılan bu addım bir daha sübut edir ki, İƏİT forumunda səslənən ifadələr Fransanın regionda bitərəf və vasitəçi mövqe tutmaq imkanlarını tamamilə itirdiyini, əksinə, gərginliyi körükləməkdə maraqlı olduğunu göstərir. Beynəlxalq hüququn norma və prinsiplərini, eləcə də regionda yaranmış yeni reallıqları gözardı edən Fransa rəhbərliyi Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunması üçün tarixi şansın yarandığı bir vaxtda yenə də destruktiv mövqe nümayiş etdirir. Tərəflər arasında etimadın qurulmasına və sülh danışıqlarına zərbə vuran bu cür addımlar ilk növbədə Parisin özünün diplomatik nüfuzunu sıfırlayır.
Deputat diqqətə çatdırdı ki, Paris rəhbərliyinin öz uğursuzluqlarını gizlətmək üçün başqa dövlətləri hədəf alması artıq bir adət halını alıb: “Azərbaycanı Yeni Kaledoniya və Fransanın digər dənizaşırı ərazilərində yaşayan xalqların hüquqları uğrunda apardıqları mübarizəyə müdaxilədə ittiham etmək tamamilə əsassızdır. Fransanın dənizaşırı ərazilərində baş verən proseslərə dair fərqli mövqeləri olan tərəfləri xarici müdaxilə ilə əlaqələndirmək həmin ərazilərin əhalisinin iradəsini və haqlı narahatlıqlarını kölgədə qoymaq cəhdidir. Demokratiya, insan hüquqları və hüququn aliliyi barədə danışan Fransa rəsmilərinin, ilk növbədə, bu prinsiplərin Fransanın öz siyasətində ardıcıl tətbiqinə diqqət yetirməsi daha məqsədəuyğun olardı”.
K.Bayramov əlavə etdi ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam təmin etmiş müstəqil dövlətdir. Rəsmi Bakıya qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edilən əsassız ittihamlar və qərəzli cəhdlər ölkəmizin müstəqil xarici siyasət kursuna və regionda sülh gündəliyinə heç bir təsir göstərə bilməz. Fransa tərəfi Azərbaycanla bağlı əsassız iddialara son qoymalı, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, suveren bərabərlik və daxili işlərə qarışmamaq prinsiplərinə riayət etməlidir.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”