19 Aprel 2024 08:35
212
SİYASƏT
A- A+

Ermənistan hökumətinin unutduğu həqiqət...

 

Dinc, günahsız insanları yaşamaq haqqından məhrum edərək kütləvi ölümlərə, fəlakətlərə ən çox səbəb olan müharibələrdir. Dünya hər dəfə savaş meydanına çevriləndə şəhərlər, rayonlar, qəsəbələr, kəndlər xarabalıqlara dönür. Açılan atəşlər, yağdırılan bombalar illərboyu ağır zəhmətlə, əziyyətlə tikilmiş evləri, infrastrukturları bir anın içərisində dağıdır, yandırıb kül edir. Və məhv edilən hər isti ocaqla bərabər, neçə-neçə bitib-tükənməz arzular, ümidlər, xəyallar da yox olur. Haqlının, ya da haqsızın, ədalətli olanın, yaxud ədalətsizin qalib gəlməsindən asılı olmayaraq, ağır müharibələrin dünyaya gətirdiyi son mənzərələr belədir...
Əsr dəyişib, ancaq nə Birinci Dünya müharibəsinin, nə də İkinci Dünya müharibəsinin bəşəriyyətə vurduğu zərbələr unudulub, açdığı yaralar sağalıb. Ən ağrılısı da odur ki, bəşər övladlarının bir çoxu tarixdən ibrət dərsləri almayaraq, nəticə çıxarmayaraq, qan-qada gətirən savaşlardan imtina edərək sülhə, sabitliyə meyil göstərmirlər.
Bu gün yenə dünyanın bir sıra yerlərində müharibələr, terror aktları tüğyan edir. Dünya siyasətində böyük söz sahibi olan ABŞ və bəzi Avropa ölkələri münaqişələrin həlli istiqamətində heç bir addım atmır, əksinə, onların daha da alovlanmasına, daha da genişlənməsinə şərait yaradır.
Rusiya-Ukrayna müharibəsində, Yaxın Şərqdə İsrail-Qəzza münaqişəsində baş verən qanlı toqquşmaların sonu gəlmir. Afrikadakı gərginlik bitmir. İranla İsrail arasında münasibət normallaşmır. Bəşəriyyət daha böyük fəlakətə - üçüncü dünya müharibəsinə sürüklənir...
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının iclasında diqqətə çatdırdı ki, Yaxın Şərq regionu genişmiqyaslı münaqişə astanasındadır, vəziyyətin gərginliyini azaltmaq üçün dərhal tədbirlər görülməlidir. BMT-nin Baş katibi gərginliyin və eskalasiyanı azaltmağın vaxtının çatdığını, Yaxın Şərqdə bir çox cəbhədə böyük hərbi qarşıdurmaya səbəb ola biləcək hər hansı hərəkətlərdən qaçmağın həyati əhəmiyyət kəsb etdiyini vurğuladı: "Yaxın Şərqdə bir çox cəbhədə hərbi qarşıdurmaya səbəb ola biləcək istənilən addımdan çəkinmək lazımdır. Nə region, nə də dünya yeni bir müharibəyə tab gətirə bilər".
Təəssüf ki, belə mürəkkəb, həssas bir dövrdə dünyanın böyük güc sahibləri hesab edilən bəzi ölkələr yeni münaqişə ocaqlarının yaranmasına da səylərini əsirgəmirlər. Tərəflərdən birini dəstəkləyərək, hətta silahlandıraraq problemlərin dərinləşməsinə yol açırlar. Əslində, elə dünyada cərəyan edən qarışıq proseslər, qanlı toqquşmalar həmin hegemon dövlətlərin, böyük güclərin qurduqları planlar əsasında gerçəkləşir.
Həmin ölkələrin Ermənistana dəstək vermək adı ilə, əslində, Cənubi Qafqaz regionunda, necə deyərlər, suyu bulandırmaq cəhdləri də göz önündədir. Otuz ilə yaxın davam etdirilən Qarabağ münaqişəsi başa çatıb. Azərbaycan öz ərazilərini işğaldan azad edərək, suverenliyini tam bərpa edib. 
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının real göründüyü bir vaxtda regionda yenidən münaqişə yaratmaq, qanlı toqquşmalara rəvac vermək niyyətində olanlar isə hiylə dolu planlar qururlar. Cənubi Qafqazı hazırda dayandığı sülhün eşiyindən döndərməyə çalışırlar. Bununla ABŞ və Qərbin məqsədi ilk növbədə Rusiyanı Cənubi Qafqazdan çıxarmaqdır.
Qurulan məkrli planların reallaşmasına, regionun yenidən qanlı toqquşmalar meydanına çevrilməsinə imkan verməməyin yolu sülhə, sabitliyə nail olmaqdır. Bölgəmizdə sülhün yeganə təminatçısı olan Azərbaycan bu istiqamətdə məqsədyönlü işlər həyata keçirir, təhlükəsizliyin möhkəmləndirilməsinə çalışır.
Prezident İlham Əliyev aprelin 5-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən bir daha diqqətə çatdırdı ki, hazırda dünyada, o cümlədən Cənubi Qafqazda proseslər çox təhlükəli istiqamətdə gedir və bununla bağlı Azərbaycan haqlı olaraq öz narahatlığını ifadə edir: "Belə ki, Cənubi Qafqaz üçün cızılan plan gələcəkdə böyük fəlakətə gətirə bilər".
Hazırda Azərbaycan təhlükəsiz bir ölkədir. Prezident İlham Əliyev ölkəmizi sabitlik adasına çevirib. Və heç kim bu sabitliyi pozmaq iqtidarında deyil. Milli maraqlarımıza qarşı çıxanlar isə dövlətimizin sərt təpkisini alacaqlar.
Cənubi Qafqazda yenidən faciəli hadisələrin baş verməsində maraqlı olan dövlətlər və beynəlxalq təşkilatlar Ermənistandan alət kimi istifadə edirlər. Nikol Paşinyan hökuməti bir həqiqəti unudur ki, Cənubi Qafqaz yenidən münaqişə oduna bürünərsə, bundan ən çox zərər çəkən Ermənistan olacaq.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video