23 Sentyabr 2025 08:30
455
CƏMİYYƏT
A- A+
Düşmən üzərində qəti qələbələrlə böyük zəfərə...

Düşmən üzərində qəti qələbələrlə böyük zəfərə...


Gündəlik işləri ilə məşğul olan, halal zəhməti ilə ailəsini dolandıran, özünün, doğmalarının gələcəyi ilə bağlı xoş xəyallar quran, arzularla, ümidlərlə yaşayan, el-obasına gərəkli olmağa çalışan, yurddaşlarının kədərinə şərik olan, dərdinə yanan, sevincini bölüşən insanlar idilər. Köhnə qəbiristanlıqlarında ulularının məzarları vardı. "Həyatın sonu budur", - deyirdilər. Və göz açdıqları həmin yerlərdə bir gün özlərinin də son mənzilləri olacaqlarına inanırdılar...


Beşikdən əbədiyyətə uzanan yol


Bütün azərbaycanlılar kimi onlar - qarabağlılar və zəngəzurlular da torpağa bu cür bağlı idilər. Doğma yurd onlar üçün də beşikdən məzara deyil, beşikdən əbədiyyətə uzanan yol idi. 

Başqalarının evində, ocağında, var-dövlətində, obasında gözləri yox idi. Süfrələri açıq idi. Qapılarını dost kimi döyən hər kəsi buyur deyib, başa keçirə bilərdilər. Bir şərtlə ki, müqəddəs tutduqları evinə, ocağına, obasına kəm gözlə baxan olmasın. 1980-ci illərin sonlarından etibarən Qarabağda erməni quldurlarının hədəfə aldıqları Azərbaycanın belə dinc sakinləri idilər.

Əvvəl dava-dalaşla başladıqları, getdikcə şiddətli münaqişələrə çevridikləri bu hadisələr, əslində böyük məkrli planın bir hissəsi idi. Qəsbkar ermənilər bu plan üzrə fəaliyyət göstərməklə ələ keçirdikləri Azərbaycanın əzəli torpaqlarında özlərinə "dövlət" yarada bilmişdilər. O zaman da - XX əsrin sonlarında, məkrli planlarını təkbaşına həyata keçirməmişdilər. Havadarlarından aldıqları hər cür yardımlar onları həm arxayınlaşdırır, həm də gücləndirirdi. 

Sovet hökumətinin süquta doğru getdiyi vaxtlarda erməni daşnaklarının fəallaşması, Qarabağı münaqişə ocağına çevirməsi eyni ssenari üzrə başladı və davam etdi. Yenə də Azərbaycanın dinc, günahsız sakinlərinə qarşı amansızlıqla hücuma keçdilər. SSRİ rəhbərliyi ermənilərin törədəcəkləri dəhşətli faciələrin qarşısında əliyalın qoymaq üçün qabaqcadan azərbaycanlıların köhnə ov tüfənglərini belə müsadirə etdi. Azğınlaşmış quldurlara isə müasir silah-sursat, hərbi texnika verdi. Münaqişəni alovlandıraraq böyük bir savaşa çevirən ermənilər Birinci Qarabağ müharibəsində minlərlə uşağı, qadını, qocanı, gənci yalnız azərbaycanlı olduğu üçün dəhşətli işgəncələrlə qətlə yetirdi, əlil qoydu. Əsir götürdükləri yurddaşlarımıza zülm etdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdikləri soyqırımı isə nəinki azərbaycanlıların bütün insanlığın faciəsi oldu. 

1994-cü ildə atəşkəs elan olunsa da, Ermənistan heç zaman öz təcavüzkar siyasətindən əl çəkmədi, insani dəyərləri, beynəlxalq hüquq və konvensiyaları heçə sayaraq azərbaycanlılara qarşı terror əməllərini davam etdirdi. Beləliklə, atəşkəs dövründə də Azərbaycan Ordusunun mövqeləri Ermənistan silahlı qüvvələri tərəfindən iri çaplı silahlarla intensiv atəşə tutuldu. Əsgər və zabitlərimiz şəhid oldu. Hətta təmas xəttinə yaxın olmayan ərazilərimizdə belə, mülki insanlarımız öz evində, yurdunda qətlə yetirildilər. 

Azərbaycan dövlətinin və xalqının sülh istəyinə və səylərinə Ermənistanın verdiyi cavab belə idi. Buna baxmayaraq, bir sıra dövlətlər və təşkilatlar rəsmi İrəvana döğru yolu göstərməkdənsə, onu cinayət əməllərindən çəkindirməkdənsə, dəstəkləyirdilər.


Erməni faşizminin bitməyən "iştah"ı


Cinayətkarlığına görə cəzasız qalan, 30 ilə yaxın əsarətdə saxladığı Azərbaycanın iyirmi faiz ərazisini geri qaytarmaq, sülh müqaviləsi imzalamaq niyyətində olmayan Ermənistan 2020-ci il sentyabrın 27-də yenidən təxribat törətdi. Səhər saat 6:00 radələrində Ermənistan silahlı qüvvələri növbəti dəfə iriçaplı silahlardan, minaatanlardan, müxtəlif artilleriya qurğularından istifadə etməklə təmas xəttində yerləşən kəndlərimizə, hərbi mövqelərimizə genişmiqyaslı hücumlar təşkil etdi. Beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının qaydalarını  kobud surətdə pozaraq, Gəncə, Mingəçevir şəhərlərində mülki əhalinin yaşadığı məntəqələri hədəfə aldılar, uzaq və yaxınmənzilli artilleriya qurğularından raket atəşinə tutdular. Yenə də Azərbaycanın mülki şəxsləri arasında həlak olanlar və yaralananlar oldu, dinc əhaliyə məxsus evlər dağıdıldı, təsərrüfatlara ciddi ziyan dəydi.

O gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutduqlarını bildirdi: "Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nətcəsində düşmənin bir çox hərbi texnikası sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür".

Bu, işğalçı Ermənistanın Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək niyyətinə, illər boyu bu istiqamətdə gördüyü böyük işlərə, apardığı müzakirələrə, mücadilələrə növbəti və dəyişməz cavabı idi.

Həmin gün Azərbaycanın bütün bölgələrində eyni ovqat vardı. Hər kəs həyacanla, intizarla televiziya ekranlarından gözlərini bir an belə ayırmadan dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin müraciətini dinləyirdi. İlham Əliyev Ermənistanın davamlı olaraq həyata keçirdiyi təxribatları diqqətə çatdırdı. Azərbaycan heç bir təxribata əl atmadığını, sadəcə olaraq öz maraqlarını müdafiə etdiyini, öz mövqeyini dəstəklədiyini və öz siyasətini alnıaçıq apardığını vurğuladı: "Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıbdır".


İkinci Qarabağ müharibəsinin hər günü qəhrəmanlıq salnaməsi idi


Prezident, Ali Baş Komandan İlham Əliyevin həmin müraciətində söylədiyi bu sözlər hər bir azərbaycanlının ürəyindən xəbər verdi, mübarizəyə və qələbəyə ruhlandırdı: "Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, "Dağlıq Qarabağ ordusu"nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır". 

Ermənistanda hökumətin qərarı ilə hərbi vəziyyət və ümumi səfərbərlik elan edildi. Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına başlamalı oldu. 

Prezident İlham Əliyev sentyabrın 28-də Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 25-ci bəndini rəhbər tutaraq ölkəmizdə qismən səfərbərlik elan edilməsi barədə sərəncam imzaladı. Respublikamızda hərbi vəziyyət və komendant saatı elan edildi.

İkinci Qarabağ müharibəsi belə başladı. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev qismən səfərbərlik elan etdikdən dərhal sonra Azərbaycanın hər bir bölgəsindən minlərlə azərbaycanlı hərbi komissarlıqlara müraciət etdi.

Ürəyi həyat eşqi, tükənməz arzular, sonsuz ümidlə döyünən, bahar ömürlü gənclər Qarabağ və Şərqi Zəngəzuru Ermənistanın işğalından azad etmək üçün döyüşə yollandılar.

Azərbaycan Ordusunun hər bir əsgəri və zabiti öz gücünü bilirdi. Bilirdi ki, haqq uğrunda, ədaləti bərpa etmək, Vətən torpaqlarını yağılardan xilas etmək naminə döyüşür. Bilirdi ki, işğalçı düşmənin silahlı qüvvələri ilə müqayisə olunmayacaq qədər güclü və mükəmməl bir ordunun döyüşçüsüdür, daha çox peşəkardır, daha  çox müasir silah-sursata, hərbi texnikaya malikdir. Bilirdi ki, Azərbaycan dövləti bütün gücü və əzmi, Azərbaycan xalqı bütün sevgisi ilə onun yanındadır. O, böyük zəfərə nəinki inanırdı, əmin idi. Odur ki, Qarabağın, Şərqi Zəngəzurun 30 ilə yaxın Ermənistanın işğal altında saxladığı hər qarış torpağı uğrunda qəhrəmanlıqla vuruşdu, şücaət göstərdi. O, İkinci Qarabağ müharibəsinin hər gününü, hər saatını qələbələrlə başa vuraraq böyük Zəfərə üz tutmuşdu... 


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!