23 Aprel 2022 00:35
1123
Mədəniyyət
A- A+
Dövrlər, insanlar, mədəniyyətlər arasında mənəvi körpü

Dövrlər, insanlar, mədəniyyətlər arasında mənəvi körpü

 

Aprel ayı bütün dünyada müəlliflik hüququ və ümumən əqli mülkiyyətin qorunması sahəsində iki tarixi günlə əlamətdardır. Bunlardan biri 23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ, digəri Beynəlxalq Əqli Mülkiyyət günləridir. Hər günün isə özünəməxsus tarixi var.

 

Dünya ədəbiyyatı üçün simvolik gün 

 

23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü UNESCO-nun baş konfransının 1995-ci ilin 25 oktyabr - 16 noyabrda Parisdə keçirilən 28-ci sessiyasının qərarına əsasən təsis edilmişdir. O vaxtdan bəri bütün dünyada bu tarix əlamətdarlıqla qeyd olunur. Sual doğa bilər: niyə məhz 23 aprel? Bu günün kitab və müəlliflərlə bağlı əsas özəlliyi nədən ibarətdir?! UNESCO-nun bu seçimi, təbii ki, təsadüf deyil. 23 aprel  dünya ədəbiyyatı üçün simvolik mahiyyət daşıyır. Bu tarix dünya ədəbiyyatının üç nəhənginin vəfat etdiyi gündür: Uilyam Şekspir, Migel de Servantes və İnka Qarsilaso dela Veqa. Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü kimi bu tarixin seçilməsi də onların simasında bütün dünyada kitablara, onları yaratmış müəlliflərə göstərilən hörmət və sayğının əlamətidir. Bununla insanlar mütaliəyə həvəsləndirilir, mütaliə bir zövq kimi cəmiyyətdə təşviq edilir. Keçmişlə gələcək, nəsillər və mədəniyyətlər arasında körpü rolunu oynayan kitabın sehirli gücü göstərilir. Həmin gün münasibətilə keçirilən tədbirlərin tərkib hissəsi kimi UNESCO-nun təşkilatçılığı, kitab sənayesi təmsilçilərinin (naşirlər, kitab ticarətçiləri və kitabxanalara aid beynəlxalq qurumlar) iştirakı ilə hər il dünyanın şəhərlərindən biri Ümumdünya Kitab Paytaxtı seçilir. Beləliklə, bəşəriyyət üçün kitab bir dəyər kimi aktuallaşdırılır. Zaman və məkan sərhədlərini aşaraq ideyaların paylaşımında, insanın zəka gücünün artmasında, dünyada sülhün qorunmasında, yoxsulluğun azaldılmasında onun misilsiz rolu diqqətə çatdırılır.

 

Kitab biliklərin ən mötəbər və zəngin qaynağıdır

 

Müasir dünyamızda texnologiyalar insanın məlumatlar almaq, müxtəlif sahələrdə biliklər əldə etmək imkanlarını hər nə qədər genişləndirsə də, kitab yenə də bilik mənbəyi kimi öz statusunu qoruyur. Kitab bu gün də biliklərin ən mötəbər və zəngin qaynağıdır. Biliklərin yayılmasını həyata keçirən müxtəlif kommunikasiya texnologiyaları əsas materialları məhz kitablardan əldə edir. Kitab biliklərin qorunması üçün də ən etibarlı vasitədir. Çünki müvafiq texniki həllər hansısa texnogen, siyasi, iqtisadi və s. amillərin, kənar müdaxilələrin təsiri ilə sıradan çıxa, günlərin birində əlçatan olmaya bilər. Kitablar isə hər zaman əlçatandır, qorunur və bəşəriyyətin minilliklər boyu zərrə-zərrə topladığı bilikləri öz səhifələrində mühafizə edir. Bu dəyəri formalaşdıranlarsa təbii ki, müəlliflərdir.

Kitab yazmaq, düşüncələri qələmə alaraq onu nəşr etdirmək, yayımı ilə məşğul olmaq kifayət qədər ağır intellektual zəhmət tələb edən işdir. Aprelin 23-nün Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü kimi qeyd edilməsi isə yazarların intellektual əməyinə, müəlliflik hüququna beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək dəyərin ifadəsidir.

Bu təşəbbüsə qoşulan ölkələr sırasında Azərbaycan da var. 1997-ci ildən başlayaraq hər il 23 aprel ölkəmizdə Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü kimi təntənəli şəkildə qeyd olunur. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi bu münasibətlə silsilə tədbirlər, o cümlədən milli və beynəlxalq konfranslar keçirir, müəlliflər və hüquq sahibləri ilə görüşlər, sərgilər təşkil edir. Belə sərgilərdə görkəmli müəlliflərin əsərləri, eləcə də agentliyin nəşr etdirdiyi müxtəlif materiallar nümayiş olunur. Bu cür tədbirlərlə Azərbaycan da qlobal səviyyədə kitabla bağlı bu xoş, faydalı missiyaya qoşulur, həmrəylik nümayiş etdirir.

 

Müəllif hüquqları etibarlı qorunur

 

Bu da Azərbaycanda müəllif yaradıcılığına, kitab sənayesinin inkişafına, müəlliflərin hüquqlarının qorunmasına dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğının təzahürüdür. Müstəqillik illərində ölkəmizdə həyata keçirilən hüquqi dövlət quruculuğu proseslərinin önəmli istiqaməti kimi bu sahədə də mükəmməl qanunvericilik bazası yaradılıb. Əsərlərin könüllü qeydiyyatı sistemi qurulub. Müəlliflər və hüquq sahibləri kitablarını könüllü şəkildə Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirə və onun qeydiyyatı haqqında şəhadətnamə ala bilirlər. Bu da müəlliflərə öz hüquqlarını yüksək səviyyədə qorumaq imkanı verir.

Yalnız 2021-ci ildə müəllif hüquqlarının obyektləri olan əsərlər üzrə 405 müəllifin 851 əsəri qeydiyyatdan keçirilmiş, əsərin qeydiyyatı haqqında 863 şəhadətnamə verilmişdir, o cümlədən "Elektron xidmət" bölməsi vasitəsilə 231 müəllifin 371 əsəri qeydiyyata alınmış və əsərin qeydiyyatı haqqında 371 şəhadətnamə verilmiş, hüquqların verilməsi ilə bağlı 9 müqavilə qeydiyyata düşmüşdür.

Kitabların rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2022-ci il 1 yanvaradək agentlikdə 14261 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən "Elektron xidmət" bölməsi vasitəsilə 419 müəllifin 787 əsəri qeydiyyatdan keçirilmişdir.

Ötən il ərzində müəllif-hüquq məsələləri üzrə 820-yə yaxın müraciət və sorğuya cavab verilmiş, agentliyin ictimai əsaslarla fəaliyyət göstərən "Hüquq məsləhətxanası" müəlliflərin və digər hüquq sahiblərinin istifadəsində olmuş, onlara qaldırılan məsələlərin həllində, həmçinin iddia ərizələrinin tərtib edilməsində hüquqi köməklik göstərilmişdir.

Hüquqların təminatı və piratçılığa qarşı mübarizə tədbirləri çərçivəsində nəzarət markalarının tətbiqi prosesi də davam etdirilmiş, bununla bağlı bir sıra təşkilatların səlahiyyətli nümayəndələri, o cümlədən naşirlərlə görüşlər keçirilmiş, müvafiq izahatlar verilmişdir. Keçən il müəlliflik hüququ obyektlərinin hüquq sahiblərinin müraciətləri əsasında 352100 nəzarət markası verilmişdir.

Ümumiyyətlə, müəllif hüquqlarının pozulmasına qarşı mübarizə tədbirləri çərçivəsində müvafiq dövlət qurumları ilə birgə tədbirlərin nəticəsi olaraq, 2005-ci illə müqayisədə ölkəmizdə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61 faizdən 20 faizə düşmüşdür. Hazırda bu istiqamətdə fəaliyyət davam etdirilir.

Azərbaycan dövlətinin müəllif hüquqlarının qorunması sahəsində əldə etdiyi nailiyyətlər onun beynəlxalq əqli mülkiyyət sistemində də mövqelərini möhkəmləndirir. Belə ki, 2021-ci il 4-8 oktyabrda Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Assambleyalarının İsveçrənin Cenevrə şəhərində olan 62-ci sessiyasında ÜƏMT komitələrinə keçirilən seçkilərdə ölkəmiz yenidən bu təşkilatın aparıcı struktur bölmələrindən sayılan Koordinasiya Komitəsinin, Proqram və Büdcə Komitəsinin üzvü olmuşdur. ÜƏMT-nin assambleyalarının vəzifəli şəxslərinin seçkiləri zamanı agentliyin idarə heyətinin sədri Kamran İmanov yekdilliklə təşkilatın 100-dən artıq dövlətin üzvü olduğu "Müəlliflik hüququna dair Müqaviləsi"nin assambleyasının sədri seçilmişdir. Azərbaycan nümayəndəsinin belə mötəbər vəzifəyə layiq görülməsi dövlət başçısının uğurlu siyasəti nəticəsində ölkəmizin beynəlxalq nüfuzunun artmasının növbəti göstəricisidir.

 

Erməni miflərinin ifşası

 

Son illər ölkəmizdə Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan konfranslar "Qədim mətnlər və klassik mənbələr erməniçilik uydurmalarını ifşa edir" devizi altında keçirilir. Görkəmli alimlərin, mütəxəssislərin qatıldığı belə tədbirlərdə qədim mətnlər, tarixi mənbələr, faktlar əsasında erməni saxtakarlıqları və plagiatı ifşa edilir.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, erməni saxtakarlıqlarının və plagiatının ifşası agentliyin fəaliyyətində həmişə prioritet istiqamət kimi saxlanılır. Azərbaycan xalqına məxsus olan müəllif əsərlərinin, ənənəvi mədəni (folklor) nümunələrinin, biliklərin və digər qeyri-maddi mədəni irs nümunələrinin əsrlər boyu ermənilər tərəfindən oğurlanması, mənimsənilməsi və saxtalaşdırılaraq erməni nümunələri kimi təqdim olunması hallarına qarşı mütəmadi olaraq tədbirlər görülür.

Bununla əlaqədar yalnız keçən il mədəni irsin qorunması və erməni plagiatına qarşı mübarizə tədbirləri çərçivəsində müxtəlif formatlı tədbirlər təşkil edilmiş, erməni plagiatını ifşa edən yazılar hazırlanmış, o cümlədən "Azərbaycan" qəzetinin 2021-ci il 23 aprel tarixli nömrəsində agentliyin idarə heyətinin sədrinin "Erməni miflərinin dağıldığı, həqiqət və ədalətin zəfər çaldığı tarixi dövr" adlı məqaləsi dərc olunmuşdur. Məqalə geniş rezonans doğurmuşdur. Rəhbərliyin müxtəlif informasiya agentliklərinə verdiyi geniş müsahibələrdə də ermənilərin tarixən etdiyi saxtakarlıqlar və plagiat elmi dəlil və sübutlarla təkzib olunmuşdur.

Bundan başqa, erməni uydurmalarını ifşa edən milli və beynəlxalq konfranslar keçirilmiş, bununla yanaşı, bir sıra kitab və kitabçalar, o cümlədən "Qafqaz Albaniyası, onun sakinləri və işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlər", "Tarixi xalqlar arasında öz yerlərini təsdiq etməyə çalışan hay-ermənilər Müqəddəs Kitabın mətnini təftiş etməkdən də çəkinmirlər", "Armeniya" termininin istər toponim, istərsə də etnonim olsun, indiki ermənilərlə heç bir əlaqəsi yoxdur və onlar tərəfindən mənimsənilib" kitabları hazırlanaraq buraxılmış, həmçinin "Erməniçilik uydurmaları digər xalqların hüquqlarına xələl gətirir", "Erməni genosidi", yoxsa erməni terroru?", "Öz-özünü təkzib edən "erməniçiliyin müəllif hüququ", "Erməni müəlliflərinin kitablarındakı uydurmalara "müəlliflik hüququ" və s. kitabçalar müxtəlif dillərdə təkrar nəşr edilmişdir.

Bu il də Əqli Mülkiyyət Agentliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə "Qədim mətnlər və  klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan torpaqlarına hay-erməni iddialarının davam etdirilməsi haqqında" mövzusunda konfrans-vebinar keçirildi. Tədbirin aktuallığını diktə edən amil əsrlər boyu davam edən, ildən-ilə artan və yeni dövrün elmi-texniki nailiyyətlərindən istifadə etməklə hazırkı günümüzdə daha geniş vüsət alan, qonşu xalqların, ilk növbədə Azərbaycan xalqının torpağına, mədəni irsinə və tarixinə yönəlmiş təcavüzkar erməni saxtakarlığı fenomeninin və erməni mifologiyasının ifşa edilməsidir.

Əqli Mülkiyyət Agentliyinin bu tədbirlə bağlı hazırladığı materiallarda belə bir həqiqət xüsusi vurğulanır ki, tarixə aid yalanlarla dolu müasir erməni müəlliflərinin kitabları bir-birinə istinadən, həqiqətə uyğun olmayan "faktları" tirajlayır və bununla "ermənisayağı mənbə", yəni "dəlillər" sistemi yaratmaqdadır. Qeyd olunanlar istər hay-erməni tərəfindən keçmişdə yazılan, istərsə də müasir müəlliflərin əksəriyyətinə aiddir.

 

Geosiyasi yalanlar: "ermənisayağı mənbə"

 

O ki qaldı böyük həvəslə istinad edilən "qədim erməni mətnləri"nə, onların əlyazmaları, orijinalları, adətən, tapılmır, yaxud qat-qat sonrakı köçürmələr şəklində əksini tapmış olur. Bunların kökündə erməni saxtakarlığı durur. Servantesin məşhur aforizmində deyildiyi kimi, "Don bəzəyər də, ifşa edər də".

Odur ki, mütəmadi olaraq, 23 aprelə aid keçirilən konfranslarda Əqli Mülkiyyət Agentliyinin  məqsədi hay-erməni saxtakarlıqlarını və uydurmalarını qədim mətnlərə və klassik mənbələrə söykənərək ifşa etməkdir. Agentliyin idarə heyətinin sədri Kamran İmanov bu barədə deyir: "Erməniçilik "Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsi" ilə yanaşı, folklor yaradıcılığının bir növünə - mif yaradıcılığına çox meyillidir. Ermənilərin bu meyli, həqiqətən də, "milli istedaddır", istər "böyük Ermənistan", istər "Cənubi Qafqazda erməni avtoxtonluğu", yaxud "yenilməz erməni ordusu", istərsə də "sivilizasiyanın erməni ilk ocağı" haqqında miflər, "erməni soyqırımı", yaxud Azərbaycanda ermənilərin hüquqlarının pozulması haqqında miflər olsun. Və əlbəttə ki, bu, Cənubi Qafqazın ilk növbədə Azərbaycanın bütün mədəni irsinin "ağıllı ermənilər"dən başlandığı barədə mifdir". K.İmanov bildirir ki, bu mifologiya "böyük torpaqlar" stereotipini və qonşulara qarşı ərazi iddialarını bir-birinə bağlayır, məhz bu mifologiya qonşuların mədəni irsinin mənimsənilməsinə "təbiilik" məqsədi güdür, hətta "legitimlik" gətirməyə yönəlir. Nəhayət, məhz bu mifologiya erməni siyasətçilərinin, dövlət xadimlərinin, alimlərinin, hətta kütlənin dünyagörüşünü və əxlaqını müəyyən edir. Ermənilərin "müstəsnalığı" haqqında irəli sürdükləri mif, xarici aləmə yönəldilmiş "əzabkeşlik" uydurması erməni düşüncəsində xüsusi ambisiya və iddialar yaradaraq, hayların təbii olan adilik rolunu hər cür aradan götürməyə çalışır, ermənilərin "xüsusi missiya"sını irəli sürür və bununla beynəlxalq hüququn müasir sülh quruculuğunun təməl daşı kimi tanınmasına mane olur. Və şübhəsiz ki, sadalanan amillər müasir erməni identikliyini formalaşdırır. Tədqiqatlardan da göründüyü kimi, erməni identikliyi neqativ sxem əsasında qurulur, digərlərinin identikliyini inkar edir, onlara qarşı çıxış edir. Buna xidmət edən isə göstərdiyimiz erməni mifologiyası, yalanlar, saxtakarlıqlar, uydurmalar və feyklərdir.

Erməni miflərini saymaqla qurtarmaz. Onların hamısı məqsəd quruluşuna və praktiki təyinatına görə birləşərək, siyasi mifologiya kateqoriyasına aid olunur və erməni etnik aləminin mənzərəsinin bir hissəsinə çevrilir.

Müasir politoloqların, o cümlədən S.B.Luryenin araşdırmalarına əsasən, digər xalqlardan fərqli olaraq, erməni siyasi düşüncəsinin xüsusiyyəti geosiyasi xarakter daşıyaraq, onların yaşadığı yerlər əsasında müəyyən coğrafi xəritə qurmaq və həmin yerləri özləri üçün növbəti "Ermənistan" adlandırmaqdan ibarətdir.

"Lakin erməniçilik mifomaniyası bununla bitmir. Erməniçiliyin sifarişi ilə muzdlu xarici müəlliflər tərəfindən yazılan çoxlu sayda "əsərlər" riyakarlığa əsaslanaraq, tarixi saxtalaşdırmağa yol açır, dərc olunan kitab və məqalələrə çevrilərək, dünyaya yalan toxumu səpir, beynəlxalq ictimai rəyi çaşdıraraq, uydurmaları qəbul etmək qarşısında qoyur. Çünki bəllidir ki, "bəziləri qəsdən yalan səpir, digərləri isə aldanaraq yalan yayır", - deyən Kamran İmanov bu məsələyə münasibət bildirir.

 

Kitablar həqiqətə xidmət etməlidir

 

Doğrudan da, həqiqətlər kitabdan başlayır və bütün həqiqətlər kitabdadır. Təbii ki, yalanla dolu kitablarda yox. Uydurmalar isə qəbul edilmədiyi halda "əzabkeş" xalqın millətçiləri təcavüz və terrora, fitnəkarlığa və xəyanətkarlığa əl atır, təhrik edir. Bəli, bədnam qonşularımızın millətçi müəllifləri tərəfindən yazılan kitablar bu qəbildəndir.

Həyat yalan üzərində deyil, həqiqət üzərində qurulur. Bu, təkzibolunmaz bir gerçəklikdir. Yaşadığımız tarixi dövr isə miflərin dağıldığı, həqiqətin və ədalətin zəfər çaldığı dövrdür! Böyük sərkərdə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgərləri və zabitləri tərəfindən "qələbə daşıyan erməni ordusu" mifi puç edildi. Bu miflə yanaşı, "erməni motivasiyası", yəni torpaqların qorunmasında müstəsna cəsarət göstərilməsi mifi də dağıdıldı.

Azərbaycan Prezidenti İlham Əliyev 22 iyul 2021-ci ildə Daşkəsən rayonuna səfəri zamanı demişdir: "Onlar 30 il ərzində özləri haqqında olmazın yalanlar uydururdular, dünyaya qəbul etdirməyə çalışırdılar ki, guya onların müzəffər ordusu var, yenilməz ordusu var, erməni xalqı döyüşkən xalqdır, erməni ordusu ən güclü ordudur. Bəs nə oldu? Məhv etdik, darmadağın etdik, 44 gün ərzində yox etdik. Göstərdik ki, Azərbaycan xalqı müzəffər xalqdır. Göstərdik ki, onların bütün təbliğatı mifdir, mifologiyadır".

Yalançı erməni miflərinin ifşası eyni zamanda kitabın, müəllifliyin ali missiyasına xidmətdir. Çünki kitabın mahiyyətində həqiqət meyarı durur. Hər bir kitab doğruya xidmət etməlidir. Həqiqətə söykənməyən, gerçəkləri qələmə almayan müəllif bununla yalana xidmət edir, xalqlar və mədəniyyətlər arasında nifaq toxumu səpir, yeni münaqişələrin, insan faciələrinin əsasını qoyur. Bu isə yolverilməzdir və belə hallara qarşı mübarizə aparılmalıdır. Xalqımız 44 günlük Vətən müharibəsindəki tarixi qələbə ilə bəşəriyyətə qarşı yönəlmiş ağır bir təhdidin - erməni faşizminin başını əzdi, onu məhv etdi.

Azərbaycanın amalı dünyaya sülhü, mədəniyyətlər arasında dialoqu, faydalı əməkdaşlığı, mənəvi idealları təbliğ etməkdir. Kitab isə bunun əsrlər boyu özünü doğrultmuş ən effektiv vasitəsidir. Ona görə də 23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü bizim üçün əlahiddə önəm daşıyır.

 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün Şuşaya köçən ailələrə evlərinin açarları təqdim olunub

18:08
21 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!