Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Tədbirdə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Vüqar Nəsirov bildirib ki, dövlət dilinin saflığının qorunması, dilçilik elminin nəzəriyyəsi və praktikasının inkişafı Ümummilli Lider Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olub. Bu istiqamətdə qanunvericilik bazası formalaşdırılıb, Dövlət Proqramı qəbul edilib. Həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının dövlət dilinin qorunması və inkişafına imkan yaradıb. Qeyd edilib ki, hər bir vətəndaş dövlət dilindən düzgün istifadə ilə bağlı tələblərə əməl etməlidir. Bugünkü tədbirin Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ilə keçirilməsinin də məqsədi dövlət qulluqçularını dildən düzgün istifadə qaydaları, normalara əməl edilməsi, dilimizə yeni daxil olmuş sözlərin istifadə formaları barədə maarifləndirməkdir.
Daha sonra çıxış edən Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva vurğulayıb ki, Azərbaycan dili aid olduğu türk dilləri qrupunda öz zənginliyi ilə seçilir. Azərbaycanda gənc nəslin ana dilində ödənişsiz təhsil alması, bu dildə səlis danışmaları və ölkə hüdudlarından kənarda da dövlət dilindən sərbəst istifadə edə bilmələri üçün mühüm işlər görülür. Qeyd edilib ki, Müzəffər Ali Baş Komandanın nitqi Vətən müharibəsində qazanılan Zəfərin dili oldu.
Eyni zamanda bildirilib ki, Mərkəz tərəfindən monitorinqlər davam etdirilir, media subyektlərində dildən düzgün istifadə edilməsi, aparıcıların nitqinin səlis olması, ana dilindən düzgün istifadə qaydaları istiqamətində mütəmadi işlər aparılır, hesabatlar hazırlanır.
Mərkəzin mütəxəssisi, Real FM-in baş aparıcısı Kəmalə Mustafayeva dövlət qurumlarının nümayəndələrinin müsahibə və verilişlərdə çıxışları zamanı dövlət dilinin normalarına əməl edilməsi, nitqini düzgün qurulması ilə bağlı tövsiyələr verib.
Tədbir komitə əməkdaşları və Monitorinq Mərkəzinin mütəxəssislərinin müzakirələri ilə davam edib. Birgə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.