25 Aprel 2024 08:20
174
SİYASƏT
A- A+

"Delimitasiya Hayastanın xilası olacaq" 

 

Ermənilər sərhədlərin müəyyənləşməsinin hər iki tərəfin milli maraqlarına tam cavab verdiyini düşünürlər

 

Son günlərdə cərəyan edən siyasi hadisələr bir daha azərbaycanlıların Qarabağdan sonra digər tarixi torpaqlarına qayıdacaqları ilə bağlı səslənən fikirlərin Hayastanda nə dərəcədə ciddi qəbul edildiyini aydın nümayiş etdirir. 
Belə ki, Bakı və İrəvanın delimitasiya proseslərinin başlanması istiqamətində atdığı mühüm addımlar bir daha ortaya qoydu ki, nəhayət, Cənubi Qafqazda davamlı sülh üçün real şərait yaranıb. 
Xüsusilə, baş nazir Nikol Paşinyanın bu günlərdə  Böyük Britaniya mətbuatına "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar ki, bu da çox önəmlidir" açıqlamasını sağlam düşüncəli ermənilər böyük maraqla qarşılayıblar. 
Hayastan mediasına, ekspertlərin, sosial şəbəkələrin erməni istifadəçilərinin statuslarına nəzər saldıqda bəlli olur ki, qeyri-anklav 4 kəndin qaytarılması barədə iki ölkə arasında əldə olunan razılaşma alqışlanır və bu, sülh prosesində mühüm addım kimi dəyərləndirilir. 
Erməni ekspert Arşak Qriqoryan bildirir ki, sərhədlərin müəyyən edilməsi ölkənin düşdüyü blokada vəziyyətindən xilası olacaq: "Sərhədlərin delimitasiyası bütün tərəflərin milli maraqlarına tam cavab verir. Delimitasiya Hayastanın xilası olacaq. Hayastan hakimiyyəti bu məsələni uzatmaqla məhvini qaçılmaz edirdi. Nəhayət ki, Paşinyan Azərbaycanla normal münasibətlər qurmadan regionda rahat nəfəs almağın mümkünsüz olduğunu anladı. Sülh müqaviləsinin imzalanması uzadılmamalıdır. Bu, Ermənistanın xilası olacaq. İrəvan postmüharibə dönəmində üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Əgər bu, baş verməsə, Azərbaycan yenə güc tətbiq etmək məcburiyyətində qalacaq". 
Erməni tarixçi, ictimai xadim Soqomon Avakyan isə bildirib ki, biz başqa ölkələrdə təhlükəsizlik qarantları axtarırıq: "Ermənistanın xarici siyasətinin tendensiyası Rusiyaya qarşı çıxmaq və problemlərin həllini Qərbin öhdəsinə buraxmaqdır. Biz problemləri Qərb vasitəsilə həll etməyə çalışırıq, amma Qərb problemləri həll etmir. Qərb başqa oyun oynayır. Sülh müqaviləsi imzalamaq üçün Bakı və İrəvanın delimitasiya prosesi başlanğıc ola bilər. Tarixi fürsəti Ermənistan üçün dividentə çevirmək lazımdır. Regionda sülh olmasa, ölkəmiz daha böyük uçuruma doğru yuvarlanacaq". 
Qrant Avetisyan adlı biri "X"də yazıb: "Niyə sülh müqaviləsi imzalamırıq? Niyə yubadılır? Artıq azərbaycanlılar Qarabağa qayıdıblar. Vətənşüvənlik etmək lazım deyil, Qarabağ heç vaxt biz ermənilərin olmayıb. Qazaxın 4 kəndi də Azərbaycana qaytarılır. İndi dostluq zamanıdır. Müharibədən sonrakı qorxu hələ də canımızdadır. Paşinyan, sülh müqaviləsini niyə uzadırsan, kimlərdən qorxursan? Cəsarətli ol, İlham Əliyevdən nümunə götür". 
Karapet Alanyan adlı coğrafiya müəllimi "Odnoklassniki" sosial şəbəkəsində Paşinyanın delimitasiya ilə bağlı sosial şəbəkədə paylaşımının əks olunduğu xəbərə münasibət bildirib: "Görəsən, bizim nə vaxt normal bir rəhbərimiz olacaq? İlham Əliyev indiyəcən sülhdən danışa-danışa Qarabağı bizdən geri aldı. İndi isə 30 ildir əmimgil qaldığı Voskeparı (Əskipara.red) tərk edirik. Niyə səs-küy salmısınız? Torpağın öz sahibləri geri qayıdıblar". 
Serj  Vazgenyan adlı biri isə "Facebook"da yazıb: "Əslində, Paşinyan düzgün addım atır. Sülh müqaviləsinin imzalanması uzandıqca ölkədəki problemlər də artmaqdadır. İlham Əliyev Azərbaycan üçün lazımi addımlar atır, ərazilərin qaytarılması ilə bağlı işlər görür. Sərhədlərin delimitasiyası üçün də konkret vaxt qoydu, hədəfinə də çatdı".
Manvel Petrosyan adlı istifadəçinin "VKontakte" sosial şəbəkəsində Paşinyanın delimitasiya ilə bağlı açıqlamasının yer aldığı xəbərə Prezident İlham Əliyevin şəkilini paylaşaraq "Acı gerçəklik: Bizi baş nazirimizdən daha çox düşünən, Ermənistanı işıqlı günə çıxarmağın yollarını göstərən şəxsiyyət" yazması maraqlı rəylərlə qarşılanıb. İnna Babayan adlı istifadəçinin bu fotoya şərhi çoxlu bəyənmə toplayıb: "İndi başa düşürük ki, illərimizi boşa vermişik. Manvelin yazdığında həqiqət çoxdur. Yalançı vədlər, Qarabağ müharibəsinin yaratdığı problemlər bizi çox geri salıb. 30 il kor olmuşuq, indi gözümüz açılır, reallıqları görürük. Sülh müqaviləsinin imzalanması gələcəyimizi xilas edəcək, xoş gün görəcəyik. Bizə başqa ölkənin torpağı lazım deyil. Yaşamaq, rahat nəfəs almaq istəyirik".
Hayastan vətəndaşı Armen Muradyan isə "X"də belə bir status paylaşıb: "Nikol Paşinyana məsləhət görərdim ki, İlham Əliyevin verdiyi bəyanatlara diqqətlə qulaq assın. Məni qınasanız da, fikrimi bildirəcəyəm. Bizə başqa ölkənin torpaqları lazım deyil. Müharibədəki səhvlər təkrarlanmasın. Yoxsa, daha ağır məğlubiyyətə düçar ola bilərik".

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video