Xəzərin sahili dünya səviyyəli yaşayış və istirahət məkanına çevrilir
Füsunkar təbiət, unikal relyef, saf hava, qədim tarixi abidələr və termal sularla zənginliyi Azərbaycanı heç vaxt qonaq-qara sarıdan korluq çəkməyə qoymayıb. Erməni işğalından azad olunan ərazilərimizin bərpa edilərək tədricən turizm ünvanlarına qatılması isə turistlər üçün ölkəmizi daha cəlbedici edib.
Bildiyimiz kimi, turizm qeyri-neft sektoru olaraq ölkəyə ən çox valyuta gətirən sahədir. Dövlət də qeyri-neft sektorunun inkişafında maraqlıdır və bu istiqamətdə qanunvericilik aktlarının qəbulundan tutmuş investisiya qoyuluşuna qədər bütün tədbirləri görür. Bu sektor həmçinin məşğulluğun təminatında, yeni iş yerlərinin açılmasında mühüm rol oynayır.
Ötən il Azərbaycanın xarici turizmdən əldə olunan gəlirləri 2022-ci ilə nisbətən 82 faiz artmışdır. 2019-cü illə müqayisədə 2023-cü ilin ümumi turizm qazancında 9 faiz artım olmuşdur. Turistlərin yerləşdirilməsi və ictimai iaşənin ÜDM-də payı isə 3,5 faizə çatmışdır.
Turizm sənayesinin inkişafı şübhəsiz ki, digər istiqamətlərə - hotelçilik, ictimai iaşə, təbii üsullarla müalicə xidmətləri, ölkə həqiqətlərinin təbliğ-təşviqi və başqa sahələrə də təsir edir. Məsələn, məlumdur ki, qonaq qəbulunu mehmanxana və bu tipli obyektlərsiz təsəvvür etmək mümkün deyil. 2024-cü ilin 6 ayında ölkə üzrə bu tipli obyektlərdə gecələmələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,8 faiz artmışdır. Gecələmələrin ümumi sayının 66,5 faizi Bakıda, 5,3 faizi Qusarda, 4,4 faizi Naftalanda, 3,9 faizi Qubada, 3,6 faizi Qəbələdə, 3,3 faizi Şabranda, 2,0 faizi Lənkəranda, 1,2 faizi Xaçmazda, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında, 8,8 faizi digər şəhər və rayonlardakı hotellərdə qeydə alınmışdır.
Xəbər verildiyi kimi, avqustun 28-də Azərbaycanın möhtəşəm məkanında - paytaxtımızdakı "Sea Breeze" istirahət mərkəzinin ərazisində yaradılan "LANDAU School" Təhsil Kompleksi məktəbinin və "The Grand" apart hotelinin açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva açılışda iştirak etmişlər. "Agalarov Development" şirkətinin təsisçisi Emin Ağalarov dövlətimizin başçısına görülən işlər, o cümlədən "Sea Breeze"in əsas layihələri barədə məlumat verərək diqqətə çatdırıb ki, bura ilboyu yaşamaq və ya kirayə vermək üçün nəzərdə tutulmuş 224 mənzil və 3 penthausdan ibarətdir. Təmirli 100 mənzil əşyalarla birlikdə artıq satılıb. Apart hotelin ərazisində iki hovuz, üç restoran, konfrans zalı, butiklər, SPA mərkəzi və qəbul xidməti fəaliyyət göstərir. "Sea Breeze"in beynəlxalq tərəfdaşları arasında nüfuzlu, qlobal hotel şəbəkələri var ki, onlar yaxın illərdə sahildə hotel kompleksləri açmağı planlaşdırırlar.
İlboyu yaşamaq, rahatlıq və yaxşı istirahət üçün hər cür şərait yaradılan "Sea Breeze"də beynəlxalq məktəb və LANDAU uşaq bağçası kimi təhsil müəssisələri, tibb ocaqları, biznes mərkəzi və tibbi-sağlamlıq kompleksi tikinti mərhələsindədir. Həmçinin ərazidə həm uşaqlar, həm də böyüklər üçün ustad dərsləri, mühazirələr və praktik məşğələlərin keçirildiyi incəsənət mərkəzi yerləşir.
"Sea Breeze" kurort şəhəri Xəzər dənizinin sahilində, Bakının mərkəzindən 30 dəqiqəlik məsafədə yerləşir. 500 hektar sahədə artıq 1,5 milyon kvadratmetrdən çox kommersiya obyekti və mənzillərdən ibarət daşınmaz əmlak satılıb və istifadəyə verilib. İstirahət zonaları, parklar və çimərlik üçün 150 hektardan çox ərazi ayrılıb. Bu gün daha 1,5 milyon kvadratmetr sahə reallaşdırma mərhələsindədir və yaxın vaxtlarda daha 2 milyon kvadratmetr sahənin tikintisinə başlanılacaq. Üç il ərzində layihənin ümumi sahəsi 5 milyon kvadratmetrə çatacaq və 100 min daşınmaz əmlak obyekti tikilib istifadəyə veriləcək. Sakinlərin və turistlərin ümumi sayının 300 min nəfər olacağı hədəflənib. Ərazidə iş yerlərinin sayı isə 20 minə qədər artacaq. Hazırda burada 6560 nəfər işlə təmin olunub. Layihəyə qoyulan investisiyalar 7 milyard dollardır.
Azərbaycanda hazırda 750-ə yaxın hotel var. "Thc Grand" apart hotelinin sözsüz ki, onların sırasında təyinatına, yerləşdiyi məkana, müasirliyinə və cəlbediciliyinə görə xüsusi yeri olacaq.
Qurban MƏMMƏDOV,
"Azərbaycan"