10 Yanvar 2026 08:30
268
CƏMİYYƏT
A- A+
"Cənab leytenant, sən qəlblərdə yaşayırsan"

"Cənab leytenant, sən qəlblərdə yaşayırsan"


Vətənin azadlığı uğrunda gedən döyüşlərdə son nəfəsinədək vuruşaraq canından keçmiş şəhidlər heç vaxt unudulmur, həmişə hörmətlə anılır, ehtiramla xatırlanır. Çünki onlar adlarını qanları ilə qəhrəmanlıq tariximizin səhifələrinə yazıblar. Bu cəsur oğullar igidlikləri ilə xalqımızın qəlbində əbədi olaraq yaşayacaqlar. 

Xalqımızın, vətənimizin parlaq gələcəyi, torpaqlarımızın erməni işğalından azad olunması naminə həmişə borclu olacağımız vətənpərvər, cəsur oğullarımızdan biri də həmişə adı qürurla, iftixarla çəkilən gənc zabit, 24 yaşında şəhidlik zirvəsinə ucalmış Mirzağa Məmmədbağır oğlu Əliyevdir. 


İki əsgərini xilas etdi, özü şəhid oldu


Doğmalarının, yaxınlarının igidliyi və qəhrəmanlığı ilə öyündüyü leytenant Mirzağa Əliyev qısa, amma şərəf dolu bir ömür yaşayıb. O, 1996-cı il iyunun 15-də Neftçala rayonunun Xıllı qəsəbəsində dünyaya göz açıb. 2002-2011-ci illərdə qəsəbədəki Rafiq Gözəlov adına 1 nömrəli tam orta məktəbdə oxuyub. Hələ kiçik yaşlarından hərbçi olmaq arzusu ilə yaşayan Mirzağa doqquzuncu sinfi bitirdikdən sonra valideynlərinin xeyir-duası ilə 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə üz tutub. Hazırlığı yüksək olduğuna görə ilk addımı uğurlu alınıb, arzusuna qovuşub. Liseyi uğurla başa vurduqdan sonra isə hərbi ali təhsil almaq istəyi ilə 2014-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olub. Dörd il ərzində bu ali təhsil ocağında hərbçi peşəsinin sirlərinə dərindən yiyələnib. 2018-ci ildə hərbi təhsilini yüksək göstəricilərlə başa vuraraq "leytenant" hərbi rütbəsi alıb. Elə həmin il də "N" hərbi hissəsində taqım komandiri kimi xidmətə başlayıb. Gənc zabit üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlib.

27 sentyabr 2020-ci ildə erməni işğalçılarının təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlayanda leytenant Mirzağa Əliyevin də komandiri olduğu taqım döyüşlərə atılıb. Onlar Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak ediblər. Torpaqlarımızın hər qarışı uğrunda cəsarətlə vuruşublar. Müharibənin onuncu günü - oktyabrın 7-də Füzuli rayonunun Şükürbəyli istiqamətində gərgin keçən əməliyyatdan geri qayıdarkən düşmən onların döyüş maşınını vurub. Özü də ağır yaralanan taqım komandiri leytenant Mirzağa Əliyev iki əsgəri yanan maşından çıxardıb, amma özü şəhid olub. Onun ölümü zabit yoldaşlarını, əsgərlərini dərindən sarsıdıb. Ürəyi arzu və istəklərlə dolu olan Mirzağa Əliyev döyüşçü yoldaşlarının, yaxınlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə doğulub boya-başa çatdığı Xıllı qəsəbəsində torpağa tapşırılıb.


Ucalıq zirvəsindən enməyən oğul 


Gənc zabitin qəhrəmanlığı layiqincə qiymətləndirilib. Yurdumuzun azadlığı uğrunda gedən döyüşlər zamanı göstərdiyi igidliyə, qəhrəmanlığa görə leytenant Mirzağa Məmmədbağır oğlu Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. 

Bu günlərdə şəhidin ailə üzvləri ilə görüşüb söhbət etdik. Cəsur zabitlə bağlı acılı-şirinli xatirələr dilə gəldi. Atası Məmmədbağır kişi kədərli notlara köklənsə də, Mirzağa haqqında qürurla, iftixarla danışdı: 

- Xalqımız vətənini, torpağını canından da çox sevir. Tarixin bütün dövrlərində bir-birindən cəsur olan oğulların vətənpərvərliyi, mərdliyi, igidliyi gələcək nəsillərə nümunə olub. İnsanlara qürur və iftixar hissləri aşılayan tarixi ənənə indi də davam etməkdədir. Boyunu sevə-sevə böyütdüyüm oğlum da gələcək nəsillərə nümunə göstəriləcək belə cəsur oğullardan biri oldu. Torpaqlarımızın azadlığı uğrunda döyüşlər başlayan kimi erməni işğalçıları ilə vuruşmaq, yurdumuzu azad etmək üçün cəbhəyə yollandı. On gün erməni qəsbkarları ilə vuruşdu. Neçə-neçə yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdi. Qəhrəmanlığı, igidliyi ilə ad çıxartdı. Bir payız günündə müdafiəsinə qalxdığı torpaq uğrunda şəhid oldu. Ondan təsəlli tapıram ki, Mirzağa bu gün yalnız mənim deyil, Azərbaycan xalqının övladıdır. Bir evin oğlundan bir elin oğluna çevrilib. Belə bir vətənpərvər övlad böyütdüyümə görə fəxr edirəm. Oğlum cəsarəti, qəhrəmanlığı ilə başımızı uca etdi. Mirzağa bu ucalıq zirvəsindən heç vaxt enməyəcək. 


Səsində bir qucaq sevinc olan igid 

 

Şəhidin atası Məmmədbağır Əliyev İkinci Qarabağ müharibəsinin davam etdiyi günləri xatırlayaraq dedi ki, Mirzağa ilə telefonla danışarkən o böyük ruh yüksəkliyi ilə, sevinə-sevinə döyüşlərin uğurla getdiyini, tezliklə ordumuzun düşmən işğalında olan Qarabağı, eləcə də onun ətrafındakı bütün əraziləri azad edəcəyini bildirirdi: "Bu xəbərlərə o qədər sevinirdim ki! Çox şükürlər olsun ki, oğlumun dediklərinin hamısı gerçəkləşdi. Qarabağ da, onun ətrafındakı rayonlar da erməni qəsbkarlarının tapdağından azad olundu. Bir şeyə çox təəssüfləndim ki, Mirzağa o xoşbəxt günü görmədi. Amma təskinliyi onda tapıram ki, oğlumun ruhu şaddır". 

Şəhid övladından yadigar qalmış əşyalara sığal-tumar çəkən, şəkillərini əzizləyib oxşayan Səadət ana oğlu haqqında kövrək səslə danışaraq dedi ki, hələ kiçik yaşlarından övladlarına Vətənin, torpağın müqəddəs olduğunu deyiblər. Onları vətənpərvər igid kimi böyütməyə çalışıblar. Qarabağın ermənilər tərəfindən işğal olunması, insanların amansız işgəncələrə məruz qalması, yurdlarından didərgin salınması onun düşmənə qarşı qisas hissini artırırdı: "Bu onu hərb sənətinə çəkirdi. Ordu sıralarında xidmətini başa vurub geri dönmüş yaxınlarımızın söhbətlərinə qulaq asmaqdan doymurdı. Mirzağa çox inadkar, sözünün üstündə dayanan gənc idi. Məqsədinə çatmaq üçün əziyyətə qatlaşmaqdan belə çəkinməzdi. Özü böyüdükcə ürəyindəki arzuları da böyüyürdü. Arzularına çatmaq üçün hərbi məktəblərə üz tutdu, oxuyub zabit oldu. Onun təhsildə, həyatda qazandığı uğurlar hamımızı sevindirirdi. Riyaziyyatı başqa fənlərdən yaxşı bilirdi. Döyüşçü yoldaşları danışırdılar ki, onun verdiyi koordinatların heç biri hədəfdən yayınmazmış. Xatırlayıram ki, müharibə başlamazdan bir müddət əvvəl keçirilən təlimdən sonra mənə zəng eləmişdi. Aman Allah, onun səsində bol-bol sevinc var idi. Oğlum qürur və iftixar dolu səslə "Ana, bəyəndilər, atışım tam dəqiq oldu" dedi".


Mirzağa heç vaxt unudulmayacaq, həmişə xatırlanacaq


Bir az kövrələn şəhid anası daha sonra söhbətinə davam edərək dedi ki, ali hərbi təhsilini başa vuranda Mirzağanın buraxılış mərasimində iştirak ediblər. Həmin gün onun xəyalları reallığa çevrilmişdi. 

Qardaşı Elçin Əliyev gözlərini Mirzağanın divardan asılmış şəklinə dikib fikrə gedir. Bu anlarda Elçinin gözlərinin dərinliyində qardaş itkisinin ağrı-acısını görməmək mümkün deyildi. Bu kədərli baxışlardan həm də bir məğrurluq və iftixar oxunurdu. Bu yerdə baxışlarımın ona dikildiyini hiss edən Elçin deyir ki, qardaş itirmək ağır dərddir, dözülməz ağrıdır. Yeganə təsəllimiz ondadır ki, Mirzağa torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Erməni qəsbkarları üzərində qazanılan Zəfərdə o da iştirak edib, qan töküb. Canını Vətən uğrunda qurban verib. 

Çox gözəl deyiblər ki, müqəddəs amallar uğrunda şəhid olanlar heç vaxt unudulmurlar. Mirzağa da, onun qəhrəmanlığı da heç vaxt unudulmayacaq, həmişə anılacaq, həmişə xatırlanacaq. Yaxınları, doğmaları şəhid Mirzağa Əliyevin qəhrəmanlığı ilə daim fəxr edir, adı ilə qürur duyurlar. Həm də deyirlər: "Cənab leytenant, sən qəlblərdə yaşayırsan". 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sərbəst güləş üzrə Azərbaycan çempionatında növbəti medalçılar bəlli olub 

21:54
10 Yanvar

Şamaxıda zəlzələ olub  

19:55
10 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:59
10 Yanvar

Ukrayna Rusiyanın neft və dron anbarlarına zərbələr endirib  

18:57
10 Yanvar

İzmir sahillərində miqrantları daşıyan qayıq batıb: ölənlər və itkin düşənlər var  

15:49
10 Yanvar

Fövqəladə Hallar Nazirliyi gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

15:07
10 Yanvar

Fransada xəstə şagirdə qarşı baş örtüyü qadağası dünyəvilik məsələsini yenidən gündəmə gətirir

14:50
10 Yanvar

“Oreşnik” ballistik raketindən növbəti istifadə: Rusiya kimlərə mesaj verdi?

13:59
10 Yanvar

Yanvarın 11-nə gözlənilən hava proqnozu açıqlanıb

13:27
10 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə müraciət: Dumanlı havada ehtiyatlı olun

13:25
10 Yanvar

Arzu Əliyeva və Alena Əliyeva Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsini ziyarət ediblər

12:03
10 Yanvar

Tramp: İstəsələr də, istəməsələr də Qrenlandiya ilə bağlı nəsə edəcəyik

11:38
10 Yanvar

Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA  

10:41
10 Yanvar

Azərbaycan neftinin qiyməti 4 faizdən çox artıb  

10:40
10 Yanvar

Tramp: Venesueladakı əməliyyatdan sonra Kubanın başına nə gələcəyini heç kim bilmir  

10:38
10 Yanvar

Tramp Çin və Rusiyaya istədikləri nefti sata biləcəyini açıqlayıb

10:35
10 Yanvar

Tramp Venesuelaya məxsus növbəti neft tankerinin saxlanıldığını təsdiqləyib  

09:16
10 Yanvar

Bilmək istəyirəm

08:55
10 Yanvar

Tərtər artıq 5 ildən çoxdur cəbhə bölgəsi sayılmır

08:50
10 Yanvar

Azərbaycanın turizm siyasəti sistemli, çoxşaxəli və strateji baxışa əsaslanır

08:45
10 Yanvar

Ekoloji "təhlükəsizlik zonaları"

08:40
10 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!