20 Mart 2022 01:20
1618
Mədəniyyət
A- A+

Bir cənub şəhərində Novruz tonqalı

 

Lənkəranlılar bayramlarını böyük coşqu və təmtəraqla keçirirlər

 

Lənkərandayıq. Burada əsl bayram əhvali-ruhiyyəsi var. Cənub bölgəsində, xüsusən də talış xalqının nümayəndələrinin kompakt yaşadıqları Mamusta kəndində Novruz bayramının İlaxır çərşənbəsi qeyd edilirdi. Özlərinin də söylədiyi kimi, bu gün - İlaxır çərşənbə onlar üçün bayram günündən də çox əzizdir. Ona görə də çərşənbəyə xüsusi hazırlıq görürlər. Ən çox sevinən isə uşaqlardır. Talış dilində söylədikləri mahnılar və şeir parçaları da diqqəti cəlb edir...

 

Qeyri-adi çərşənbələr

 

Füsunkar təbiəti ilə diqqəti cəlb edən kənd bahar günlərində yaşıl libasa bürünmüşdü. Narın-narın yaz yağışı yağırdı. Amma yağmurlu hava bayram hazırlıqlarını əngəlləmirdi.

Kəndin azyaşlıları, yeniyetmələri tonqal üçün tədarük görməyə başlamışdılar, tapdıqları odunları gətirib yandıracaqları yerə toplayırdılar.

Buranın bayram adət-ənənəsi ilə yaxından tanış olmaq üçün şəhid F.Hüseynov adına Mamusta kənd Folklor Evinin direktoru Nurlana İbrahimova ilə söhbətləşə-söhbətləşə kəndi gəzməyə başlayırıq. Nurlana xanım deyir ki, talışların özünəməxsus adətləri onların dili və geyim tərzidir. Novruz bayramını isə xüsusi təmtəraqla qeyd edirlər: “Biz Novruzda bayatılarımızı, mahnılarımızı oxuyaraq ən sevimli bayramımızı qarşılayırıq. Həmçinin başımıza, belimizə bağladığımız saçaqlı örpəklərimiz ifa olunan mahnılarla ahənglik yaradır”.

Bayramdan danışarkən çərşənbələrin də bu kənddə bayram qədər qeyri-adi keçirildiyi məlum oldu.

Başlayaq Su çərşənbəsindən. Həmin gün sübh tezdən bütün kənd “Uğru çayı” (Dizə ru) adlanan axar çaya üz tutur. Uşaqdan tutmuş böyüyə qədər hər kəs yol uzunu şeirlər, bayatılar oxuyaraq su başına gedib çatırlar. Su ilə əl-üzlərini yuyub, mənfi ruhlardan azad olmaq üçün oradan su götürüb evlərinə qayıdırlar. Həmin su aydınlığın, xeyirin simvoludur. Xəstə adamların üzünə çilənən, evlərin hər küncünə səpilən su ilə sanki yenidən həyat başlayır.

Nurlana xanım deyir ki, Mamusta kəndinin uşaqlarını milli ruhda yetişdirmək üçün hər çərşənbə məktəbdə şənlik təşkil edilir. Qızlar və oğlanlar xüsusi geyimlər geyinərək hazırladıqları bayram xonçalarını təqdim edirlər. Daha sonra tədbirdə bahar şeirləri ilə çıxış edən qızlar, sıralarını milli musiqinin avazı ilə rəqs edən oğlanlara verirlər. Həmçinin adətləri, bölgəyə xas dəyərləri də məktəblilərə aşılanır.

 

“Bıştə”, zeyrən çörəyi, müxtəlif rəngli papaqlar, sovqatlar

 

Kəndi gəzə-gəzə gəlib çıxırıq ağbirçək şair Azadə Qasımovanın evinə. Qonağı olduğumuz Azadə xanım neçə-neçə Novruzu qarşılayıb yola saldığını və bu bayramla bağlı uşaqlıqdan ahıllığa qədər bir dastanlıq xatirələri olduğunu deyir: “Ay qızım, elə istəyərdim ki, əvvəllər keçirilən bayramlara siz də şahidlik edəsiniz. Biz kənddə hələ də əvvəlki ab-havalı şənlikləri qoruyub saxlamışıq. Nəvələrimi, nəticələrimi o günlərlə tanış etmək, onlara adət-ənənələrimizi aşılamaq üçün kəndin qocaman sakinləri ilə birlikdə hər il çalışırıq ki, bu bayramı təntənəli keçirək”.

Azadə xanımın bayram süfrəsi hazır idi. Novruza xas şirniyyatlardan əlavə masaya talışların mətbəxinə aid olan təamlar da qoyulmuşdu. Süfrədəki zeyrən çörəyi, partlama çörəyi, qəndi külçə kimi şirniyyatlar, balıq, tərə, ləvəngi yeməkləri onların məxsusi mətbəxlərinin inciləri kimi görünürdü.

Artıq axşam düşürdü. Döyülən qapılar isə havanın qaraldığından xəbər verirdi. Qapıların kandarında müxtəlif rəngli papaqlar öz paylarını gözləyirdi. Ehmallıca hər birinə bol-bol bayram azuqələri dolduran Azadə xanım heç bir nəvəsini (kənddəki hər uşağı belə adlandırır) əliboş yollamırdı.

Süfrə arxasında əyləşdiyimiz zaman duyulan o istilik və xoşbəxtlik bəlkə də bütün buzları əridəcək, mənfi enerjini yox edəcək gücə malik idi. Gülüş səsləri, danışılan xoş xatirələr isə qapı pusanların üzlərini güldürməyə, əhvallarını şad etməyə əsl səbəblərdən idi.

Bayırdakı tonqal başına yığışmağın məramı yetişmişdi. Qonşuların tonqala haraylarını eşidər-eşitməz çəkmələrini geyinib özlərini tez həyətə atan Azadə xanımın nəvələri sən demə elə bu anı gözləyirlərmiş. Kəndin bütün sakinlərinin bir araya toplaşa biləcəkləri geniş ərazidə bayram tonqalı qalanmışdı. Hündürlüyü ilə az qala kəndin istənilən yerindən görünəcək qədər əzəmətli idi.

Yavaş-yavaş kənd sakinləri tonqal ətrafına yığışmağa başladılar. Evdən çıxanda “bıştə”ləri də özümüzlə götürdük. Bıştə talış dilində yayda becərilən dənli bitkilərdən olan mərci, boranı tumu, noxud və s. kimi çərəzlərdir. Talışların adətinə görə tonqaldan sonra közündə belə dənli bitkilər qovrularaq qonaqlara təqdim edilir. Daha sonra zümzümə ilə başlayan musiqi xor mahnısına çevrildi. Böyüklər bu mahnını oxuyur, uşaqlarsa musiqi sədaları altında sanki bir-birləri ilə yarışırmış kimi hündür tonqaldan tullanmaq bacarıqlarını nümayiş etdirirdilər.

Tonqala yaxınlaşan hər kəs bu sözləri təkrar edirdi:

 

Ağrıların getsin 7 dağ,

7 dənizdən o taya.

 

Verilən xeyir-duaların ardı-arası kəsilmirdi. Hər kəs bir-birinə xoş ovqat bağışlamaq üçün arzu, istəklərini dilə gətirirdi. Bu maraqlı mənzərəyə tamaşa etmək insanın ruhunu oxşayırdı. Elə bu xoş ovqatla da onlarla sağollaşıb “bıştə” yeyə-yeyə kənddən ayrıldıq.

 

Qədimdə çərşənbələrin sayı 7 olub

 

Lənkərana getmişkən bayramla bağlı ziyalıların da fikirlərini öyrənmək üçün onlarla həmsöhbət olduq. Yazıçı, publisist Hafiz Mirzə suallarımızı cavablandırmaq üçün bizi evində qonaq etdi. Hafiz müəllim öncə Novruzun inkişaf mərhələsi və lokal xarakteri ilə bağlı məqamları dilə gətirdi, bayramın tarixi köklərindən danışdı. Onu da dedi ki, Novruz sovet dövründə keçirilməsi qadağan olunan bayramlardan biri idi.

Sovet ideologiyasının tətbiq etdiyi qadağalar, milli adət-ənənələri yox etmə cəhdləri, hər vəchlə xalqa öz kimliyini unutdurmaq təşəbbüsləri aydın şəkildə sezilirdi. Lənkəranda isə əhali gizlin də olsa, öz bayramlarını qarşılayıb hazırlıqlarını görürdülər. Hafiz müəllimin sözlərinə görə, Novruz burada daha maraqlı, cazibəli və gözəl keçirilirdi: “Bu, bəlkə də onun “qadağan edilmiş meyvə” effektindən irəli gəlirdi. Biz uşaq vaxtı Novruz bayramında təzə paltar geyinər, yumurta döyüşdürər, qohum-əqrəba qapısına qurşaq (xurcun) atar, tonqal üstündən hoppanar, səməni qoyar, şirin çörəklər bişirər, bayram süfrəsi bəzəyərdik. Eynilə indiki kimi. Sadəcə, bu bayram kütləvi şəkildə, ümumxalq bayramı kimi qeyd edilmirdi. Sovet dövründə ilk dəfə Şıxəli Qurbanov bu bayramı meydana çıxartmışdı. Biz “milli dəyər” dedikdə ilk olaraq Novruz bayramını nəzərdə tuturduq. Bu təfəkkür bizim etnogenezimizdən gəlirdi və kimsə onu bizdən ala bilməzdi”.

Söhbətimiz zamanı Novruzla bağlı maraqlı məqama da toxunan Hafiz Mirzə dedi ki, əslində qədimdə çərşənbələrin sayı 7 olub. Yəni, hazırlıqlara Novruza ay yarım əvvəldən başlanarmış. Bayrama çərşənbələr hazırlıq dövrünə aid olduğundan təbiətin 4 ünsürü (su, od, torpaq, hava) üzrə çərşənbələr əsas qəbul edilib.

Novruzun tarixindən və keçmişindən savayı onun bir sıra adətləri mövcuddur, hər ənənənin ardında bir inanclı hekayə dayanır.

Hafiz müəllimdən ayrılıb Lənkəran Dövlət Universitetinin müəllimi, filologiya üzrə elmlər doktoru, professor Yədulla Ağazadə ilə görüşüb bu mövzunu müzakirə etdik. Novruzu mərasim kompleksi adlandıran müəllim bayramın dünyəviliyi ilə də xarakterizə olunduğunu bildirdi: “Dünyanın bir çox yerlərində təbiətin oyanışını müxtəlif adlarla qeyd edirlər. Şərq ölkələrində isə bu bayrama Novruz adı verilərək rəngarəng adətlərlə keçirirlər. Novruzun mahiyyəti yeniliyə, işığa, xeyirə çıxmaqdır. Elə buna can atan talışlar da dekabr ayının 21-i böyük çillənin daxil olması ilə seçilən gündən qışın sərtliyindən qorxmadıqlarını, yaza doğru inanclı şəkildə irəlilədiklərini göstərmək üçün müxtəlif nemətləri alaraq süfrəyə düzürlər. Stola qoyulan qarpız qışdan yaza irəliləyən dönəmi təmsil edir. Belə ki, çölünün yaşılı baharı, içinin soyuğu isə qışı xatırladır. Bundan əlavə, 40 gün davam edən böyük çillədə talışlar səməni halvası da bişirirlər”.

İlaxır çərşənbənin bu bölgədə daha təntənəli qeyd edilməsinin səbəbini isə müəllim belə izah etdi: “Çərşənbələri qeyd etməyimizin əsasında üzərimizdəki ağırlıqları bir-bir atmağımız dayanır. Qalanan tonqalla onun üzərindən tullanaraq şəri ötən ildə qoymağı, xeyiri isə sonrakı günlərdə qarşılamağı ümid edirik. Sonuncu çərşənbənin isə xüsusi önəmi ondan ibarətdir ki, artıq bütün mənfiliklərdən təmizlənərək yeni ili qarşılamağa tam hazır olduğumuzu bildiririk”.

Milli dəyərlər onları qoruduğumuz müddətcə bizimlədir. Adət-ənənələr bir ölkəni bir çox cəhətdən qorumaqda, həmçinin insanın kim və haraya aid olduğunu xatırladan əsas meyardır. Cəmiyyət onlarsız birlikdə yaşaya bilməz.

Novruz bayramınız mübarək!

 

Aydan XƏLİLOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video