17 May 2026 09:15
138
SİYASƏT
A- A+
Bakı - qlobal şəhərsalma gündəliyinin yeni mərkəzi və Azərbaycanın dayanıqlı inkişaf modeli 

Bakı - qlobal şəhərsalma gündəliyinin yeni mərkəzi və Azərbaycanın dayanıqlı inkişaf modeli 

Mayın 17-22-də Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu qlobal urbanizasiya platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Bakı şəhərində keçiriləcək. “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan bu beynəlxalq tədbir BMT-nin Məskunlaşma Proqramı - UN-Habitat tərəfindən təşkil edilir və şəhərsalma, dayanıqlı inkişaf, inklüziv yaşayış mühiti kimi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün mühüm platforma hesab olunur.

WUF13-ün məhz Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun artdığını, qlobal proseslərdə fəal iştirakını və xüsusilə şəhərsalma ilə dayanıqlı inkişaf sahələrində həyata keçirilən siyasətin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini göstərir. Forumun regionda ilk dəfə olaraq Azərbaycanda təşkil edilməsi isə ölkəmizin beynəlxalq əməkdaşlıq və müasir şəhərsalma gündəliyində artan rolunun mühüm göstəricisidir.

AZƏRTAC Azərbaycan ilə UN-Habitat arasında əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayaraq, UN-Habitat-ın dayanıqlı şəhərlərin inkişafını əlaqələndirən aparıcı beynəlxalq platforma kimi rolunu və şəhərsalma sahəsində dünyanın ən nüfuzlu qlobal forumlarından biri hesab olunan WUF13-ün Bakıda təşkilinin əhəmiyyətini təhlil edir.

UN-Habitat – dayanıqlı şəhərlərin inkişafını əlaqələndirən əsas beynəlxalq platforma

UN-Habitat BMT sistemində şəhərsalma və yaşayış məskənlərinin inkişafı sahəsində əlaqələndirici mərkəz funksiyasını yerinə yetirən əsas qurumdur. Təşkilat BMT Baş Assambleyasının 1977-ci il 19 dekabr tarixli qətnaməsinə əsasən yaradılıb. Daha sonra Baş Assambleyanın 2001-ci il 21 dekabr tarixli qətnaməsi ilə təşkilatın institusional statusu genişləndirilərək Proqrama çevrilib.

UN-Habitat-ın əsas məqsədi dünyada sosial və ekoloji baxımdan dayanıqlı yaşayış məskənlərinin, o cümlədən şəhərlərin inkişafını təşviq etmək, yoxsulluğun, ayrı-seçkiliyin və bərabərsizliyin azaldılması məqsədilə inklüziv, təhlükəsiz və dayanıqlı şəhər və icmaların qurulması yönündə fəaliyyət göstərməkdir.

Təşkilat urbanizasiya və yaşayış məskənləri ilə bağlı beynəlxalq gündəliyin formalaşdırılmasında mühüm rol oynayır. UN-Habitat Ümumdünya Şəhərsalma Forumu (WUF), Ümumdünya Məskunlaşma Günü və sair beynəlxalq təşəbbüslərin əsas təşkilatçısıdır.

WUF – şəhərsalma sahəsində ən nüfuzlu qlobal forum

Ümumdünya Şəhərsalma Forumu BMT tərəfindən 2001-ci ildə təsis olunub. Forumun məqsədi sürətli urbanizasiya proseslərinin şəhərlərin inkişafına təsirini araşdırmaq, dayanıqlı urbanizasiya siyasətinin təşviqinə nail olmaq, bu sahədə ölkələrin uğurlu təcrübələrini bölüşmək, açıq debat və müzakirələr vasitəsilə bilik mübadiləsini genişləndirmək və beynəlxalq əməkdaşlığı gücləndirməkdir.

Bu forum dünya üzrə şəhərsalma sahəsində ən nüfuzlu - genişmiqyaslı iştirakçılığa malik platforma hesab olunur. Belə ki, məzmun və əhatə dairəsinə görə WUF BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransından – COP-dan sonra Təşkilatın ikinci ən böyük və ən mühüm beynəlxalq tədbiri sayılır.

Qlobal urbanizasiya çağırışlarının müzakirə edildiyi WUF platformasında şəhərlərin gələcəyi, iqlim dəyişiklikləri, yaşayış məskənlərinin inkişafı, “ağıllı şəhər”lər, sosial inklüzivlik, ekoloji dayanıqlılıq və digər aktual məsələlər əsas müzakirə predmetinə çevrilir.

Azərbaycan və UN-Habitat əməkdaşlığı yeni inkişaf mərhələsində

Azərbaycan ilə UN-Habitat arasında əməkdaşlıq xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən sonra yeni inkişaf mərhələsinə qədəm qoyub.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən ilk yüksəksəviyyəli BMT nümayəndəsi məhz UN-Habitat-ın ozamankı icraçı direktoru xanım Maimuna Mohd Şərif olub. Bu səfər Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı yenidənqurma və şəhərsalma fəaliyyətinin beynəlxalq səviyyədə diqqət çəkməsinə səbəb olub.

Son illərdə Azərbaycan və UN-Habitat bir sıra mühüm təşəbbüsləri birgə həyata keçiriblər. Belə ki, 2022-ci ildə Bakı və Ağdam şəhərlərində 1-ci Milli Şəhərsalma Forumu təşkil olunub. 2023-cü ildə Bakıda və Zəngilanda 2-ci Milli Şəhərsalma Forumu və Ümumdünya Məskunlaşma Günü keçirilib. 2025-ci ildə isə Xankəndi və Bakı şəhərlərində 3-cü Milli Şəhərsalma Forumu təşkil olunub. Bu tədbirlər Azərbaycanın şəhərsalma sahəsində topladığı təcrübənin, tətbiq etdiyi innovativ yanaşmaların və dayanıqlı inkişaf modelinin beynəlxalq müstəvidə təqdimatı baxımından mühüm platformaya çevrilib. Regionda ilk dəfə təşkil edilən bu forumlar şəhərsalma ilə bağlı ən dolğun və geniş müzakirələrin aparıldığı beynəlxalq platforma rolunu oynayıb.

Azərbaycan insan mərkəzli “ağıllı şəhər” modelinin hazırlanmasında iştirak edir

Azərbaycan hazırda UN-Habitat-la geniş birgə fəaliyyət proqramını həyata keçirir. Bu əməkdaşlığın mühüm istiqamətlərindən biri də insan mərkəzli “ağıllı şəhər” konsepsiyasının inkişaf etdirilməsidir.

UN-Habitat Assambleyasının 2023-cü il iyunun 5-8-də keçirilmiş ikinci sessiyasında “BMT-nin İnsan Mərkəzli Ağıllı Şəhərlər üzrə Beynəlxalq Təlimat” sənədinin hazırlanması ilə bağlı qətnamə qəbul edilib. Bununla əlaqədar ekspertlərin cəlbi məqsədilə üzv dövlətlərə müraciət olunub.

Təlimatın hazırlanması üçün yaradılmış beynəlxalq ekspertlər qrupuna 24 ölkədən 31 ekspert daxil edilib ki, həmin ekspertlərdən ikisi Azərbaycan təmsilçisi olub. Onlardan biri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi, digəri isə ADA Universitetinin professorudur.

Ekspert qrupunun birgə fəaliyyəti nəticəsində hazırlanmış İnsan Mərkəzli Ağıllı Şəhərlər üzrə Beynəlxalq Təlimatın layihəsi artıq Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilmiş UN-Habitat Assambleyasının iclasında üzv dövlətlərə təqdim olunub. Bu fakt Azərbaycanın qlobal şəhərsalma siyasətinin formalaşdırılmasında fəal iştirak etdiyini göstərir.

Azərbaycanın beynəlxalq şəhərsalma gündəliyində artan rolunun daha bir mühüm göstəricisi ölkəmizin 2025-ci ilin may ayında ilk dəfə UN-Habitat-ın İcraiyyə Şurasına üzv seçilməsi olub. 2025-2029-cu illəri əhatə edən bu üzvlük Azərbaycana beynəlxalq şəhərsalma siyasətinin formalaşdırılması və dayanıqlı inkişaf üzrə qlobal qərarların qəbulunda daha fəal iştirak imkanı yaradıb.

UN-Habitat-ın ali orqanı olan BMT Məskunlaşma Assambleyasının sessiyalararası dövrdə fəaliyyət göstərən əsas qərarverici qurumu sayılan İcraiyyə Şurasında Azərbaycanın təmsil olunması ölkəmizə beynəlxalq ictimaiyyət tərəfindən göstərilən yüksək etimadın və artan nüfuzun mühüm göstəricisi kimi qiymətləndirilir.

Qlobal mənzil siyasətinin formalaşmasına Azərbaycanın töhfəsi

Ötən il oktyabrın 23-də Keniyanın Nayrobidə şəhərində yerləşən qərargahında UN-Habitat-ın “Hər kəs üçün münasib mənzil” qətnaməsi əsasında yaradılmış Açıq Hökumətlərarası İşçi Qrupun ikinci sessiyası keçirilib.

Sessiya çərçivəsində Azərbaycan həmin İşçi Qrupun bürosunun 2025-2026-cı illər üzrə həmsədri seçilib. Büronun digər həmsədri Somali olub.

Sözügedən Hökumətlərarası İşçi Qrup təhlükəsiz, dayanıqlı və əlçatan mənzil siyasətinin qlobal səviyyədə təşviqi məqsədilə fəaliyyət göstərir. Qrup, həmçinin UN-Habitat Assambleyasının katibliyi funksiyasını yerinə yetirir, tövsiyələr hazırlayır və üzv dövlətlərin fəaliyyətinin əlaqələndirilməsini həyata keçirir. Azərbaycanın bu platformada həmsədr seçilməsi ölkəmizin dayanıqlı şəhərsalma və sosial inkişaf sahəsində qazandığı nüfuzun növbəti göstəricisidir.

Şəhərsalma və iqlim gündəlikləri

Müasir dövrdə şəhərsalma və ətraf mühit gündəlikləri bir-biri ilə sıx bağlı olduğundan, şəhərlərin iqlim dəyişikliklərinə uyğunlaşdırılması və dayanıqlı inkişaf məsələləri beynəlxalq müzakirələrin əsas istiqamətlərindən birinə çevrilib. Bu səbəbdən COP platformalarında şəhərsalma mövzularına maraq və diqqət ildən-ilə artır, həm mərkəzi, həm də yerli hökumətlər bu sahədə əməkdaşlığı genişləndirməyə çalışırlar.

Məhz bu yanaşmanın nəticəsi olaraq UN-Habitat-ın təşəbbüsü ilə artıq bir neçə ildir COP çərçivəsində xüsusi “Şəhərsalma Günü” təşkil edilir. Bu istiqamətdə ilk yüksəksəviyyəli nazirlər görüşü COP27 çərçivəsində Misirin Şarm əl-Şeyx şəhərində keçirilib və şəhərsalma ilə iqlim siyasətinin əlaqələndirilməsi məsələləri geniş müzakirə olunub.

Bu əməkdaşlıq xətti COP29 zamanı da davam etdirilib. Azərbaycan tərəfi və UN-Habitat rəhbərliyinin tərəfdaşlığı ilə 2024-cü il noyabrın 20-də şəhərsalma və iqlim tədbirlərinin inteqrasiyasına həsr olunmuş nazirlər görüşü təşkil edilib. Tədbirdə iqlim dəyişikliklərinə davamlı və sağlam şəhərlərin inkişafını təşviq edən “İqlimə Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət” (MAP) təşəbbüsü təqdim olunub.

MAP təşəbbüsü əvvəlki iqlim platformaları olan “Gələcək nəsil üçün Şəhərlərin davamlı canlılığı” – SURGe və “Yüksək Ambisiyalı Çoxsəviyyəli Tərəfdaşlıqlar üçün Koalisiya” – CHAMP təşəbbüslərinin ən yaxşı təcrübələrini birləşdirərək dayanıqlı şəhərsalma sahəsində kompleks yanaşma təklif edir. Hazırda MAP təşəbbüsü 200-dən çox tərəfdaş tərəfindən dəstəklənir. Bu tərəfdaşlar sırasında 54 milli hökumət, 100-dən çox şəhər, həmçinin beynəlxalq və regional təşkilatlar yer alır.

Bakıda yeni beynəlxalq təşəbbüs

COP-lar ilə Ümumdünya Şəhərsalma Forumları arasında daha sıx sinerji yaratmaq məqsədilə “Bakı Davamlılıq Koalisiyası” adlı yeni təşəbbüs formalaşdırılıb. Bu təşəbbüs çərçivəsində Azərbaycan, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və UN-Habitat arasında müvafiq niyyət sənədi imzalanıb. Sənəd innovasiya, beynəlxalq əməkdaşlıq və iqlim fəaliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirməklə, şəhərlərin dayanıqlı gələcəyinin formalaşdırılması istiqamətində tərəflərin ortaq öhdəliyini təsdiqləyir və bu sahədə qlobal tərəfdaşlığın dərinləşdirilməsinə dair mühüm mesaj verir.

Bakıda keçiriləcək WUF13 bir sıra mühüm beynəlxalq ildönümləri ilə də əlamətdardır. Belə ki, 1976-cı ildə keçirilmiş və UN-Habitat-ın yaradılmasının əsasını qoymuş Habitat I konfransının 50 illiyi, 1996-cı ildə İstanbulda keçirilmiş Habitat II konfransının 30 illiyi, həmçinin Yeni Şəhər Gündəliyinin qəbul edilməsinin 10 illiyi məhz 2026-cı ildə qeyd olunacaq. Bu baxımdan Bakı forumu təkcə növbəti beynəlxalq tədbir deyil, həm də qlobal şəhərsalma siyasətinin gələcək istiqamətlərinin müəyyənləşdiriləcəyi mühüm platforma kimi xüsusi əhəmiyyət daşıyır.

2023-cü il dekabrın 22-də Azərbaycan Hökuməti ilə BMT arasında Bakının 2026-cı ildə WUF13-ə ev sahibliyi etməsinə dair saziş imzalanıb. Bu qərar Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzunun, qlobal təşəbbüslərdə fəal iştirakının və şəhərsalma sahəsində həyata keçirilən siyasətin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin növbəti təsdiqi kimi dəyərləndirilir.

Azərbaycan artıq COP29 kimi mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi edib. Belə tədbirlərin ardıcıl olaraq ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş, dialoq və əməkdaşlıq məkanı olduğunu bir daha nümayiş etdirir. Yüksəksəviyyəli beynəlxalq tədbirlərin təşkili sahəsində böyük təcrübəyə malik Azərbaycan WUF13-ü də ən yüksək səviyyədə keçirməyə hazırlaşır.

Azərbaycan dayanıqlı şəhərsalma modelini dünyaya təqdim edir

Ölkəmizdə şəhərsalma fəaliyyəti Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində dayanıqlı inkişafın əsas strateji istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Hazırda bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılır, şəhərsalma sahəsində müasir standartlar tətbiq edilir, Bakı və ölkənin digər şəhərlərində həyata keçirilən layihələr sosial-iqtisadi inkişafda mühüm rol oynayır.

Bu gün Azərbaycanın şəhərsalma sahəsində ən diqqətçəkən layihələri işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilir. Ölkəmiz həmin ərazilərdə həcminə, keyfiyyətinə və icra sürətinə görə dünya miqyasında presedentsiz hesab olunan kompleks yenidənqurma işlərini həyata keçirir və bununla da regionda dayanıqlı şəhərsalma mədəniyyətinin yeni nümunəsini təqdim edir.

Müasir şəhərsalma standartlarına uyğun şəkildə inşa edilən yaşayış məntəqələri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, yaşıl enerji yanaşmaları, ekoloji dayanıqlılıq prinsipləri və innovativ infrastruktur həlləri regionda yeni şəhərsalma modelinin formalaşmasına xidmət edir.

Azərbaycanın müasir şəhərsalma təcrübəsi 2022-ci, 2023-cü və 2025-ci illərdə keçirilən milli şəhərsalma forumlarında, həmçinin Ümumdünya Məskunlaşma Günündə beynəlxalq ictimaiyyətə geniş şəkildə təqdim olunub.

Regionda ilk dəfə təşkil olunan bu tədbirlər şəhərsalma sahəsində ən dolğun müzakirələrin aparıldığı beynəlxalq platforma yaradıb.

Dünyanın şəhərsalma gündəliyinin əsas müzakirə mərkəzi - Bakı

Əminliklə deyə bilərik ki, gələn həftə Bakı təkcə növbəti beynəlxalq tədbirə ev sahibliyi etməyəcək, həm də qlobal şəhərsalma gündəliyinin əsas müzakirə platformasına çevriləcək. WUF13 çərçivəsində dayanıqlı şəhərlərin gələcəyi, iqlim dəyişikliklərinin yaratdığı çağırışlar, inklüziv və təhlükəsiz urbanizasiya, müasir şəhər idarəçiliyi və yaşayış məskənlərinin inkişafı kimi mühüm mövzular geniş şəkildə müzakirə olunacaq. Bu müzakirələr qlobal şəhərsalma siyasətinin yeni istiqamətlərinin formalaşmasına töhfə verəcək.

Bu sessiya, eyni zamanda, Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsi, şəhərsalma sahəsində əldə etdiyi uğurların dünya ictimaiyyətinə təqdim olunması və ölkəmizin dayanıqlı inkişaf gündəliyinə verdiyi töhfənin daha geniş şəkildə nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Say Samal: Kamboca ilə Azərbaycan arasında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur 

12:01
17 May

Türkiyənin bələdiyyə sədri: WUF13 yeni layihələrin mühüm istiqamətvericisi olacaq  

11:57
17 May

Yağıntılı hava şəraiti gün ərzində davam edəcək – PROQNOZ

11:54
17 May

Prezident İlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş nazirini qəbul edib YENİLƏNİB

11:52
17 May

Konqolu nazir: Bakının şəhərsalma modelindən nümunə götürüləsi çox məqam var

11:49
17 May

BMT-nin koordinatoru: Azərbaycanın həyata keçirdiyi layihələr digər ölkələr üçün faydalı təcrübə ola bilər  

11:48
17 May

Kriştof Şerski: Şəhərsalmada sosial vəhdət, iqtisadi şanslar və dayanıqlığın hər kəs üçün bərabər olmasına çalışmalıyıq 

11:43
17 May

Kambocanın Baş nazirinin müavini: Azərbaycan şəhərlərin inkişafı üçün ümumi prinsiplərin formalaşdırılmasına töhfə verəcək 

11:41
17 May

Prezident İlham Əliyev Türkmənistanın Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədrini qəbul edib YENİLƏNƏCƏK

11:36
17 May

Prezidentin Mətbuat Xidmətinin məlumatı

11:31
17 May

Nazir: Konqo 2026–2036-cı illər üzrə urbanizasiya planı hazırlayır  

11:27
17 May

Məhəmməd Kulibali: Dayanıqlı şəhər inkişafının təmin olunması üçün “Yeni Şəhər Gündəliyi” adlı sənəddən istifadə olunur

11:19
17 May

Nyu-Yorkda Azərbaycan diasporunun da iştirakı ilə Türk Günü Yürüşü keçirilib  

11:16
17 May

Çexiyalı nazir: Mənzil təminatı sosial həmrəyliyin və iqtisadi imkanların əsas elementidir  

11:13
17 May

BMT-nin nümayəndəsi: 1 milyarddan çox insan gecəqondularda və yaxud qeyri-formal yerlərdə yaşayır VİDEO  

11:11
17 May

WUF13-də Milli Nazirlik Bəyanatları - Yeni Şəhərsalma Proqramının gedişatı ilə bağlı nazirlər səviyyəsində görüş keçirilir  

11:03
17 May

Anaklaudia Rossbax: Ölkələrin üçdə ikisindən çoxu milli mənzil siyasətini tətbiq edib 

10:59
17 May

Anar Quliyev: Sessiya çərçivəsində Bakının Baş planına dair təqdimat da təşkil olunacaq  

10:51
17 May

Azərbaycan WUF13-də işğaldan azad edilmiş ərazilərdə bərpa təcrübəsini dünyaya təqdim edir  

10:50
17 May

Qay Rayder: Yeni şəhərsalma gündəliyinin uğurlu icrası üçün növbəti onillik həlledici olacaq VİDEO  

10:49
17 May

Prezident İlham Əliyev Keniya Prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb YENİLƏNƏCƏK  

10:45
17 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!