Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafında xidmətlər göstərmiş Nüsrət Fətullayev 1913-cü il mayın 29-da Lənkəranda Mirzə Möhsün Fətullazadənin (1885-1936) ailəsində dünyaya göz açıb. Ailə 1920-ci ildə Lənkərandan Bakıya köçüb. Digər övladları kimi Nüsrət Fətullayev də bu şəhərdə boya-başa çatıb.
Uşaqlıq illərində sevdiyi sənət
1930-1934-cü illərdə Nüsrət Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil alıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında rejissor Yusif Yulduzun 1934-cü ildə quruluş verdiyi Aleksandr Korneyçukun "31-43" ("Eskadranın məhvi") dramının tamaşası ilk işi olub. Tamaşanın bədii tərtibatına görə Sidqi Ruhulla Nüsrət Fətullayev haqqında deyib: "O, bu işi yüksək professionallıqla qurmuşdur".
Tənqidçi-alim Vaqif Yusifli Azərbaycan teatr rəssamlığı yaradıcılarından biri kimi tanınmış Nüsrət Fətullayevin sənətə gəlişi barədə yazıb: "Rəssamlığa uşaqlıqdan həvəsi varmış. Ancaq atasından gizli saxlayırmış bu meylini. Nəhayət, anasına bu barədə söhbət açır, Kübra xanım da ərinə deyir. Teatrda istedadlı rejissor Yusif Yulduzun "Eskadranın məhvi" tamaşası gedirmiş, bu tamaşanın rəssamı N.Fətullayev idi. Kişini bir təhər teatra aparırlar. Əslində o, etiraz etməmişdi, demişdi ki, əgər Nüsrətin bu sənətə meyli varsa, getsin, amma yarımçığından olmasın. Teatrdan qayıdırlar, kişi içəri keçir. Qapı ağzında dayanan qardaşlar intizarla onun qərarını gözləyirmişlər. Nəhayət, Kübra xanım onları içəri çağırır. Ağa (qardaşlar onu belə çağırırmış) kürsüdə oturmuşdu. İçəri girəndə başını razılıqla tərpədir və bu, nəinki Nüsrətin, o biri qardaşların da taleyini həll edir"...
Nüsrət Fətullayev 1938-ci ildə Akademik Milli Dram Teatrına baş rəssam təyin edilib. Bu vəzifəni həyatının sonlarınadək böyük məsuliyyətlə yerinə yetirib.
Həmin teatrda əllidən çox tamaşanın rəssamı olub. Nüsrət Fətullayevin "Almaz" (1936), "Skapenin kələkləri" (1936), "Həyat" (1937), "Hacı Qara" və "Vaqif" (1938), "Pəri cadu" (1940 və 1957), "Aydın" və "Oqtay Eloğlu" (1940), "Xoşbəxtlər" və "Fərhad və Şirin" (1941), "Dumanlı Təbriz" (1945), "Nüşabə" (1946), "İşıqlı yollar" (1947), "Rəqs müəllimi" (1949), "Müfəttiş" (1952), "Qış nağılı" (1955), "Səyavuş" (1963), "Xanuma" (1975), "Müsyö Jordan və dərviş Məstəli şah" (1978), "Cehizsiz qız" (1979), "Yad adam" (1980), "Təhminə və Zaur" (1985) və digər tamaşalara verdiyi uğurlu tərtibat indiyədək unudulmayıb.
Nüsrət Fətullayev Akademik Milli Dram Teatrından başqa, Azərbaycanın bir sıra teatrlarında da tamaşaların rəssamı olub. O, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mirzə Fətəli Axundzadənin "Molla İbrahimxəlil kimyagər" komediyasına (1938), Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Rauf Hacıyevin "Tələbələrin kələyi" (1940), Zülfüqar Hacıbəyovun "Əlli yaşında cavan" (1943), Fikrət Əmirovun "Ürəkçalanlar" (1944), Süleyman Ələsgərovun "Məhəbbət gülü" (1945), Viktor Dolidzenin "Keto və Kote" (1945), Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan" (1972) operettalarına səhnə tərtibatı verib.
Nüsrət Fətullayevin əməyi dəyərləndirilib. Sənətdəki xidmətlərinə görə, 1940-cı ildə Əməkdar incəsənət xadimi, 1949-cu ildə Xalq artisti fəxri adları ilə təltif edilib. 1948-ci ildə "Şərqin səhəri" tamaşasına görə, ona Stalin mükafatı verilib. Azərbaycanın Dövlət mükafatına isə Nüsrət Fətullayev 1972-ci ildə "Mahnı dağlarda qaldı" tamaşasının tərtibatına görə layiq görülüb.
Nəslin yarpaq tökümü...
O illərdə Fətullayevlər ailəsinin tanınmış nümayəndəsi yalnız Nüsrət deyildi. Böyük qardaşı Fateh Fətullayev (1909-1986) respublikanın Əməkdar artisti, teatr və kino aktyoru idi. Haqqında yazılanlara görə, onun əsl adı Fətulla olub. Lakin böyük şair, dramaturq Hüseyn Cavidin təkidi ilə adını dəyişib Fateh qoyublar. Fateh Fətullayev "Ögey ana" filmində Arif, "Bir məhəlləli iki oğlan"da Əliqulu, "Qaraca qız"da bəy rolları ilə tamaşaçıların rəğbətini qazanıb.
Nüsrət Fətullayevin qardaşı Şəmsəddin (1913-1975) konservatoriyada təhsil alıb. Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının musiqi hissə müdiri, daha sonra Musiqili Komediya teatrında baş dirijor işləyib. "Dərviş Məstəli şah", "İki ağanın bir nökəri" tamaşalarının müsiqi tərtibatçısı olub. Şəmsəddin Fətullayev Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olub.
Nüsrət Fətullayevin kiçik qardaşı Nurəddin (1916-1973) də Azərbaycan Bəstəkarlar İttifaqının üzvü idi. O, qardaşı Şəmsəddindən sonra uzun illər Akedemik Milli Teatrda müsiqi hissə müdiri olub. "Atayevlər ailəsi" (Azərbaycan radiosu) əsərində musiqi tərtibatını verib.
Fətullayev qardaşlarının yolunu övladları - Nüsrət Fətullayevin qızı Vəfa və Nurəddin Fətullayevin oğlu Hafiz davam etdirib. Hafiz Fətullayev (1944-2015) kinorejissor, ssenatist, aktyor kimi tanınıb. Vəfa Fətullayeva (1945-1987) isə gənc yaşlarından istedadlı aktirisa kimi məşhurlaşıb. Onun anası Hökumə Qurbanova da Azərbaycanın şöhrətli aktrisası idi. Vəfa Fətullayevanın nakam taleyi, vaxtsız ölümü valideynlərini sarsıdıb. Nüsrət Fətullayev qızından sonra çox yaşamayıb.
Vaqif Yusifli Fətullayevlər nəsli haqqında yazdığı "Bir ağacın altı budağı" adlı oçerkdə bildirib: "Nəslin yarpaq tökümü" belə başlandı: əvvəlcə dördüncü - ən kiçik qardaş Nurəddin vəfat etdi (1973). 1975-ci ildə Şəmsəddin bu işıqlı dünyaya vida dedi. Sonra böyük qardaş Fateh ömür karvanını başa çatdırdı (1986). İkinci qardaş Nüsrət bəlkə də bir az çox yaşayardı, amma gözünün ağı-qarası olan qızı Vəfanın ölümü (1987) belini qırdı, qızının dünyadan nakam getməsi Nüsrəti də həmin il dünyadan apardı".
Azərbaycan teatr rəssamlığının inkişafında və formalaşmasında böyük xidmətlər göstərən Nüsrət Fətullayev 1987-ci ildə Bakıda vəfat edib. İkinci Fəxri xiyabanda dəfn olunub.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"