23 Iyun 2022 01:14
770
SİYASƏT
A- A+

Azərbaycan Respublikasını dünya liderliyinə aparan innovativ dövlət idarəçilik texnologiyalarıdır

 

Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından tarixi baxımdan çox qısa müddət keçməsinə baxmayaraq, bu gün ölkə iqtisadi, sosial və humanitar inkişaf göstəricilərinə görə, eyni zamanda hərbi təhlükəsizliyin təmin edilməsi sahəsində yüksək nəticələr qazanıb. Bu prosesin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilmişdir. BMT, Dünya Bankı, Davos Beynəlxalq İqtisadi Forumu və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən hazırlanmış rəsmi hesabatlarda göstərilir ki, Azərbaycan Respublikasının  müxtəlif sahələrdə qazandığı nailiyyətlər ölkədə son iyirmi ildə həyata keçirilən islahatların və səmərəli idarəetmənin nəticəsidir.

Bu ilk növbədə ölkədə daxili və xarici siyasətin həyata keçirilməsi prosesində innovativ dövlət idarəçilik texnologiyalarının tətbiqi və səmərəli fəaliyyət göstərən dövlət qulluğu sisteminin formalaşdırılmasının nəticəsidir.

İnnovativ idarəçilik texnologiyalarının nə dərəcədə uğurlu olmasının ən parlaq təzahürü kimi ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbəni göstərə bilərik. Bu tarixi uğur nəticəsində 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılan torpaqlar azad edildi, ölkənin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü bərpa olundu. Bununla da BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respublikasının ərazi bütövlüyünün təminini tələb edən və onillərlə kağız üzərində qalan 4 qətnaməsi yerinə yetirildi və ölkə öz ərazilərini Ermənistanın işğalından azad etdi. Tarixi baxımdan qısa müddətdə qazanılmış bu nailiyyət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müasir elmə əsaslanan yeni dövlət idarəçilik texnologiyalarının işlənilməsi və tətbiqi nəticəsində mümkün olmuşdur. Müasir, qabaqlayıcı tələblərə cavab verən və daim təkmilləşən dövlət qulluğu sisteminin təşkili, fasiləsiz təhsil şəraitində səmərəli fəaliyyət göstərən kadr potensialının formalaşdırılması bu texnologiyaların vacib bir istiqamətidir.

Azərbaycan Respublikasının müstəqilliyinin inkişaf yoluna qədəm qoyması tarixi, əsasən, 1993-ci ilə aid oluna bilər. Bu tarixdə xalqın israrlı tələbləri və güclü iradəsi nəticəsində hakimiyyətə Ulu Öndər Heydər Əliyev gəlmişdir. Müstəqilliyin bərpasının ilk illərində dövlət idarəçiliyində yer almış özbaşınalıq, səriştəsizlik, məsuliyyətsizlik ölkənin iqtisadi, sosial, humanitar, təhlükəsizlik sahələrini böhran vəziyyətinə salmışdı. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyev Azərbaycanı siyasi, iqtisadi və sosial böhrandan çıxara bildi, iqtisadi və sosial inkişaf proqramlarının icrasına, ölkənin dünya birliyinə inteqrasiyasının təmin edilməsinə müvəffəq oldu. Dövlət idarəçiliyi sahəsində müasir və daim yenilənən bilik və bacarığa malik olan kadr potensialının formalaşdırılması və optimal idarəedilməsi, bu sahədə elmi araşdırmaların aparılması məqsədilə Ulu Öndər Heydər Əliyevin 1999-cu ildə imzaladığı fərman əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası təsis edildi. Bu yeni təhsil və elm ocağına dövlət qulluğu üçün kadrların hazırlanması və təkmilləşdirilməsi, daim baş verən dəyişikliklər şəraitində dövlət idarəçiliyi sisteminin modernləşdirilməsinə dair tövsiyələrin işlənməsi sahəsində aparıcı elm, təhsil və informasiya mərkəzi statusu verildi. Dövlət idarəçiliyi və dövlət qulluğu sahələrində innovativ islahatlar aparan Prezident İlham Əliyevin 2014-cü və 2017-ci illərə aid sərəncamları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ölkənin bu sahədə aparıcı təhsil, elmi-analitik və informasiya mərkəzi kimi mövcud statusu xeyli genişləndirildi. Bu bütövlükdə gözlənilən idi: 2003-cü ildə Prezident İlham Əliyev Cenevrədə 175 ölkənin iştirakı ilə keçirilən Dünya Sammitində ölkənin inkişaf konsepsiyasının əsasında "qara qızıl"ın (neft və qaz hasilatı və ixracı nəticəsində əldə edilmiş gəlirlərin) insan potensialının (sağlamlıq, bilik və bacarıq) inkişafına və bu potensialın iqtisadiyyatda insan kapitalına çevrilməsi konsepsiyasının durduğunu bəyan etmişdi.

Dövlət idarəçiliyi sahəsində fəaliyyətin səmərəliliyi yalnız dövlət qulluqçuları, dövlət qulluğunun xüsusi növlərində çalışanlar, dövlətin digər işçilərinin hazırlıq səviyyəsindən asılı deyil. Bu qrupa aid olan heyətin, qərar qəbul və icra edənlərin bilik və bacarığı davamlı inkişaf və inklüziv cəmiyyətin formalaşmasının vacib şərti olsa da, bu istiqamətdə yüksək nailiyyətlərin əldə edilməsi baxımından təhsil sisteminin digər səviyyələrində də müvafiq tədris proqramlarının işlənilməsi və tətbiq edilməsi olduqca əhəmiyyətlidir. Eyni zamanda davamlı inkişaf edən inklüziv cəmiyyətin qurulması bu sahədə əhalinin  innovativ dəyişikliklərə hazır olmasını və daim məlumatlandırılmasını tələb edir.

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət idarəçiliyində tətbiq etdiyi innovativ texnologiyalar və bu yanaşmanın tələblərini təmin etmək məqsədilə Dövlət İdarəçilik Akademiyasında təhsil və təlimlər kompleks şəklində həyata keçirilir. Dövlət idarəçiliyi sahəsində insan potensialının formalaşmasını və inkişaf prosesi üçün lazımi mühitin yaradılmasını nəzərdə tutan kompleksin mərkəzində Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf hədəflərinin və tətbiq etdiyi yeni idarəçilik texnologiyalarının elmi əsaslandırılması dayanır. Təkcə 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 4000-ə yaxın dövlət qulluqçusu təlim və yenidən hazırlıq keçmişdir ki, bu da ölkə Prezidenti İlham Əliyevin 30 oktyabr 2018-ci il sərəncamı ilə təsdiqlədiyi "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası"nda nəzərdə tutulduğundan yüksək rəqəmdir. Qeyd edilməlidir ki,  dövlət qulluqçularının təlim, tədris prosesi dövlət başçısı tərəfindən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyən etdiyi beş Milli Prioritetin reallaşdırılmasından irəli gələn öhdəliklərin icrası və qarşıda duran digər məqsədlərin təmin olunmasına dəstək istiqamətində qurulub.

Əslində, dövlət qulluğu sisteminin təşkili, dövlət qulluqçularının fəaliyyət səmərəliliyinin qiymətləndirilməsi müxtəlif yanaşmalar əsasında həyata keçirilir. Azərbaycan Respublikasında bu prosesin təşkilinə daha müasir yanaşma ortaya qoyulub. Burada dövlət qulluğu sistemi, dövlət qulluqçularının fəaliyyət səmərəliliyi ölkənin iqtisadi, sosial və humanitar, həmçinin təhlükəsizliyinin təmini  sahələrində əldə etdiyi son nəticələrə görə dəyərləndirilir.

Bu gün beynəlxalq təşkilatların hesabatlarına görə, Azərbaycan iqtisadi, sosial və humanitar inkişaf və təhlükəsizliyin təmini naminə maddi və insan resurslarından ən səmərəli istifadə sahəsində dünya lideridir. Bəllidir ki, hazırda bütün dünya turbulentlik, sosial, iqtisadi və siyasi inkişafın qeyri-müəyyənliyi dönəmini yaşayır. Miqyaslı çağırışların dəf edilməsi gedişində cəmiyyətin dövlətə etimadı, onun dəyişikliklərə hazırlığı məsələsi xüsusi önəm daşımağa başlayıb. Səmərəli dövlət idarəçiliyi vətəndaşların qərar qəbulu prosesində iştirakına tələbat formalaşır. Bu zərurətləri zamanında dəyərləndirən dövlət başçısı İlham Əliyev xidmət və "insan mərkəzli" dövlət idarəçiliyi modelini formalaşdırmağa müvəffəq olub. Bu modelin əsas dəyərləri vətəndaşlar və onların həyat keyfiyyətinin yüksəldilməsidir. Ölkədə son illərdə həyata keçirilən bütün islahatlar və dəyişikliklər məhz vətəndaşlarla dövlətin qarşılıqlı əlaqəsinin yaxşılaşdırılmasına, strateji planlaşdırmanın səmərəliliyinin artırılmasına, dövlət aparatının optimallaşdırılmasına və dövlət xidmətləri göstərilməsinin proaktiv formatına, yerli idarəetmənin inkişafına yönəldilib. Bu parametrlərin uğurlu şəkildə gerçəkləşdirilməsi Azərbaycan Respublikasının beynəlxalq səviyyədə qazanılan nailiyyətlərinin və ölkədaxili inkişafın zəmini kimi çıxış edib. Qeyd etmək lazımdır ki, ölkədə inkişafa yönəlik mühitin qurulmasında zamanında formalaşdırılmış vitse-prezidentlik institutu və bütün ölkə vətəndaşlarının təhsil və sağlamlıq proqramlarına əlyetərliyini təmin etməklə insan potensialının formalaşdırılması prosesinə inklüziv xarakter qazandıran, dövlət-özəl-vətəndaş cəmiyyəti tərəfdaşlığının örnək nümunəsini ortaya qoyan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolu var.

Birinci vitse-prezident institutunun yaradılması, bu vəzifədə Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti ölkə Prezidenti İlham Əliyev tərəfindən nəzəri baxımdan işlənilmiş və praktikada uğurla sınaqdan keçmiş dövlət idarəçiliyində və dövlət qulluğunun təşkilində yüksək səmərəyə malik olan yeni sinergetik texnologiyaların bir istiqamətidir. Azərbaycan Respublikasında ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə dünyada ilk dəfə olaraq dövlət idarəçiliyində və dövlət qulluğunun təşkilində tətbiq edilən sinergetik texnologiyalar ilə yanaşı, komplementar, kompensasion və komplimentar yanaşmaların səfərbər edilməsi ölkənin iqtisadi, sosial, humanitar inkişafı, ümumi və hərbi təhlükəsizliyinin təmin olunmasının vacib şərtidir. Beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilən Azərbaycan Respublikasının son 20 ildə müşahidə edilən sürətli və innovativ inkişafının əsasında dövlət idarəçiliyində və dövlət qulluğunun təşkilində tətbiq edilən yeni texnologiyalar durur.

Dövlət idarəçiliyi və dövlət qulluğunun təşkilinin yüksək səviyyədə təmin edilməsi, bu prosesin daim təkmilləşdirilməsi üçün bu sahəyə aid olan müasir tədris və təlim vasitələrinin hazırlanması və geniş yayılması vacib şərtdir.  Bu, xüsusilə ölkənin inkişafında yeni məqsədlərə nail olmaq baxımından əhəmiyyətlidir. Bəlli olduğu kimi, Prezident İlham Əliyevin 2 fevral 2021-ci ildə imzaladığı sərəncam ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"i təsdiq edib. Bu prioritetlər arasında insan potensialına əsaslanan rəqabətqabiliyyətli iqtisadi artımın yaşıl olması, inkişafın davamlılığı, işğaldan azad edilmiş torpaqlara böyük qayıdışın təmin edilməsi, inklüziv cəmiyyətin qurulması nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası bu istiqamətlərdə bilik və bacarıqların formalaşdırılmasına xidmət edən bir sıra dərsliklər dərc edib. Bu dərsliklərin bəziləri dünyada birincidir və bu səbəbdən onların ingilis dilində çap olunmuş versiyası dünyanın ən böyük onlayn ticarət platforması olan Amazonda qlobal miqyasda yayılmaqdadır. Yeni biliklərin formalaşdırılması ilə yanaşı, bu dərsliklər eyni zamanda Azərbaycan Respublikasının son 20 ildə əldə etdiyi nailiyyətlər barəsində məlumatların yayılmasına xidmət edir. 

Hazırda kadrların hazırlanması və səfərbər edilməsi də daxil olmaqla, dövlət idarəçiliyi sisteminin fəaliyyət səmərəliliyinin ən real göstəricisi ölkənin iqtisadi, sosial və humanitar inkişafı baxımından qazanılan uğurları və müvafiq qiymətləndirmələrdir. Bir qayda olaraq, bu qiymətləndirmələr tanınmış beynəlxalq təşkilatların məlumatlarına əsaslanır. Dərc olunmuş məlumatlara görə, 2022-ci ilin birinci rübündə Azərbaycanda ÜDM 6,8 faiz  artıb, qeyri-neft sektorunda 10,3 faiz, qeyri-neft sənayesində isə 18,1 faizlik artım qeydə alınıb. Göründüyü kimi, qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan kurs öz bəhrəsini verməkdədir. Ölkədə yaradılan sənaye parkları, sahibkarlara verilən güzəştlər və subsidiyalar, investisiya təşviqi sənədləri və digər tədbirlər ölkədə biznesin inkişafına təkan verib. Bir sözlə, bu gün mövcud qlobal problemlər fonunda Azərbaycan iqtisadiyyatı yüksək sabitlik və xarici dəyişikliklərə çevik uyğunlaşmaq qabiliyyəti nümayiş etdirir. Yüksək artım göstəriciləri və qabaqlayıcı templər buna bariz nümunədir.

Prezident İlham Əliyev tərəfindən işlənilən və tətbiq olunan yeni dövlət idarəçiliyi texnologiyaları, bu innovasiyalara uyğun formalaşdırılan dövlət qulluğu sistemi Azərbaycan Respublikasının sosial siyasətin reallaşdırılması və insanların rifahının təmin olunması naminə iqtisadi imkanlardan səmərəli istifadə sahəsində dünya lideri kimi tanınmasına yol açıb. Bu fakt həmçinin Davosda Dünya İqtisadi Forumu tərəfindən yayımlanan xüsusi qlobal hesabatlarda da əks olunub.  Bu beynəlxalq quruma görə, Azərbaycan Respublikası qlobal miqyasda davamlı inkişaf edən inklüziv cəmiyyətin qurulması üçün iqtisadi imkanlardan ən səmərəli istifadə edən ölkədir.

Eyni hədəflərə daha az xərclərlə nail olmaq yalnız inkişaf proseslərinin optimal və innovativ idarə olunması, insan potensialının hərtərəfli səfərbər edilməsi və iqtisadiyyatda insan kapitalına çevrilməsi şəraitində mümkündür. Milli səviyyədə bu istiqamətdə yüksək nəticələr yalnız innovativ dövlət idarəçiliyi sisteminin inkişafı və bu tələblərə cavab verən dövlət qulluqçularının səmərəli təlim və səfərbərlik sisteminin formalaşdırılması kontekstində qazanıla bilər. İlk dəfə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən işlənilən innovativ dövlət idarəçiliyi texnologiyaları ölkənin davamlı inklüziv inkişafı üçün resurslardan səmərəli istifadə sahəsində dünya tərəfindən tanınan liderə çevrilməsini təmin edib. Hazırda Dünya Bankı və Davos Dünya İqtisadi Forumunun dərc etdiyi rəsmi hesabatlara əsasən, Azərbaycan Respublikası dünyada iqtisadi imkanlarından 57 pillə yüksək inklüziv inkişaf reytinqinə malik yeganə ölkədir.

Sözsüz, 44 günlük müharibədən sonra yaranmış reallıqlar, geri qaytarılan ərazilərdə bərpa, yenidənqurma işləri, yeni sərhədlər, qurulacaq nəqliyyat əlaqələri ölkədə ÜDM-in böyüməsinə, sosial inkişaf trendinin təmininə və məşğulluğa töhfə verəcəkdir və verməkdədir. Bu reallıqlar nəzərə alınmaqla Prezident İlham Əliyevin yeni inkişaf strategiyasına uyğun olaraq dövlət idarəçiliyi sahəsində həyata keçirilən çoxşaxəli islahatlar, təkmilləşdirmə tədbirləri və zəruri dəyişikliklər sayəsində əldə olunan uğurlar onu deməyə əsas verir ki, bu hələ son deyil və Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir.

 

Urxan ƏLƏKBƏROV,

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video