Azərbaycan milli mətbuatının əsası 22 iyul 1875-ci ildə
böyük maarifçi Həsən bəy Zərdabinin redaktoru olduğu "Əkinçi" qəzetinin
nəşrə başlaması ilə qoyulub. Həmin tarixdən etibarən Azərbaycan mətbuatı uzun və
şərəfli inkişaf yolu keçərək milli dövlətçilik tariximizin ayrılmaz tərkib hissəsinə
çevrilib, xalqın maariflənməsinə, milli şüurun formalaşmasına və ictimai fikrin
inkişafına mühüm töhfələr verib.
"Əkinçi" qəzeti cəmi iki ildən bir qədər artıq fəaliyyət
göstərməsinə baxmayaraq, Azərbaycan milli mətbuatının təşəkkülündə və
inkişafında müstəsna rol oynayıb. Bu qəzet milli mətbuatımızın ilk qaranquşu
olmaqla yanaşı, xalqın maariflənməsinə, elmə, təhsilə və tərəqqiyə çağırış edən
mühüm tribuna kimi çıxış etmişdir. Həsən bəy Zərdabi "Əkinçi" vasitəsilə
demokratik ideyaları təbliğ etmiş, ictimai, siyasi və bədii fikrin inkişafına
güclü təsir göstərmiş, cəmiyyət arasında böyük nüfuz qazanmışdır. Qəzetin milli
oyanışa xidmət edən fəaliyyəti çar Rusiyası hakimiyyətini ciddi narahat
etdiyindən 1877-ci ildə onun nəşri dayandırılmışdır.
"Əkinçi"nin bağlanmasına baxmayaraq, onun
yaratdığı ənənə davam etdirilmişdir. Sonrakı dövrlərdə nəşr olunan
"Ziya", "Kəşkül", "Həyat", "Füyuzat",
"İrşad", "Molla Nəsrəddin", "Məktəb",
"Kaspi" və digər qəzet və jurnallar Həsən bəy Zərdabinin əsasını
qoyduğu milli mətbuat məktəbini inkişaf etdirərək Azərbaycan jurnalistikasının
zəngin irsinin formalaşmasına mühüm töhfələr vermişdir. Bu nəşrlər milli-mənəvi
dəyərlərin qorunması, maarifçilik ideyalarının yayılması, milli özünüdərk və
azadlıq düşüncəsinin inkişaf etdirilməsi istiqamətində əvəzsiz xidmətlər göstərmişdir.
Müstəqil Azərbaycan Respublikasında milli mətbuatın
inkişafında yeni mərhələ 1993-cü ildən, Ümummilli Lider Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra başlayıb. Həmin dövrdən etibarən ölkədə həyata
keçirilən genişmiqyaslı siyasi, hüquqi və iqtisadi islahatlar çərçivəsində söz
və məlumat azadlığını məhdudlaşdıran süni maneələrin aradan qaldırılması,
demokratik media mühitinin formalaşdırılması istiqamətində mühüm addımlar
atılmışdır. Medianın fəaliyyətini tənzimləyən müasir qanunvericilik bazası
yaradılmış, onun iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyətinin
inkişafında rolunun artırılması və peşəkar jurnalistikanın formalaşdırılması məqsədilə
ardıcıl dövlət siyasəti həyata keçirilmişdir.
Ümummilli Lider Heydər Əliyevin 1998-ci ilin avqustunda kütləvi
informasiya vasitələri üzərində dövlət senzurasını ləğv etməsi Azərbaycan mətbuatının
tarixində dönüş nöqtəsi olmuşdur. Bu mühüm qərar söz və mətbuat azadlığının təmin
edilməsində yeni mərhələnin əsasını qoymuş, ölkədə azad və demokratik media
mühitinin inkişafına güclü təkan vermişdir. Nəticədə qəzet və jurnalların sayı
sürətlə artmış, media orqanları fəaliyyətlərini müstəqil şəkildə qurmağa
başlamışdır. Beləliklə, cəmiyyətin obyektiv və operativ informasiya ilə təmin
olunması istiqamətində geniş imkanlar yaranmışdır.
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən media
siyasəti milli mətbuatın inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur. Bu
siyasətin mühüm istiqamətlərindən biri kimi 31 iyul 2008-ci ildə "Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi
Konsepsiyası" təsdiq edilmişdir. Konsepsiyanın əsas məqsədi dövlət
orqanları ilə media arasında səmərəli əməkdaşlığın inkişaf etdirilməsi,
jurnalistlərin peşəkarlığının artırılması, medianın iqtisadi müstəqilliyinin
möhkəmləndirilməsi və vətəndaş cəmiyyətinin inkişafında kütləvi informasiya vasitələrinin
rolunun gücləndirilməsi olmuşdur. Bu sənəd milli medianın müasir dövrün
çağırışlarına uyğun inkişafına mühüm töhfə vermişdir.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki,
Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli
şüur və vətənpərvərlik prinsiplərinə sadiq qalmalı, söz və məlumat azadlığından
sui-istifadə hallarına yol verməməlidir. Bu prinsiplər müasir Azərbaycan
jurnalistikasının etik və peşəkar fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirir.
İnformasiya texnologiyalarının sürətli inkişafı nəticəsində
Azərbaycan mediası qlobal informasiya məkanının ayrılmaz tərkib hissəsinə
çevrilib. Rəqəmsal platformaların geniş yayılması, internet jurnalistikasının
inkişafı və sosial media resurslarının imkanlarının artması informasiya mübadiləsini
sürətləndirməklə yanaşı, jurnalistikanın qarşısında yeni vəzifələr də müəyyənləşdirib.
Bu şəraitdə operativlik, dəqiqlik, obyektivlik və peşəkarlıq medianın əsas fəaliyyət
prinsipləri kimi xüsusi əhəmiyyət kəsb edir.
Ölkəmizdə milli mətbuatın yubileylərinin yüksək səviyyədə
qeyd olunması jurnalistika tariximizə verilən böyük önəmin və dövlət qayğısının
bariz nümunəsidir. Milli mətbuatın yubileylərinin keçirilməsi bir tərəfdən zəngin
media irsinin qorunmasına, digər tərəfdən isə gənc jurnalist nəslində peşəyə
hörmət hissinin gücləndirilməsinə xidmət edir. Bu tədbirlər eyni zamanda milli
mətbuatın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da
mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 3 fevral 2025-ci il tarixli sərəncamı
ilə "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" Azərbaycan
Respublikasının yubiley medalının təsis edilməsi dövlətin milli mətbuata
verdiyi yüksək qiymətin ifadəsi olmaqla yanaşı, jurnalistlərin əməyinin stimullaşdırılması
və peşə nüfuzunun artırılması istiqamətində mühüm addım olmuşdur.
30 dekabr 2021-ci ildə qəbul edilmiş "Media
haqqında" qanun media fəaliyyətinin müasir dövrün tələblərinə uyğun tənzimlənməsinə,
informasiya mühitinin sağlamlaşdırılmasına, media subyektlərinin hüquq və vəzifələrinin
daha dəqiq müəyyənləşdirilməsinə, jurnalist fəaliyyətinin hüquqi əsaslarının
möhkəmləndirilməsinə və media sektorunda şəffaflığın artırılmasına xidmət edən
mühüm normativ-hüquqi sənəddir. Azərbaycan Respublikasının Konstitusiyasında
söz və mətbuat azadlığının əsas insan hüquqlarından biri kimi təsbit edilməsi
ölkədə medianın azad, məsuliyyətli və güclü ictimai institut kimi
formalaşmasının hüquqi əsasını təşkil edir. Dövlət media sektorunun inkişafını,
jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsini və peşə fəaliyyətinin
stimullaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə müxtəlif
dövrlərdə kütləvi informasiya vasitələrinə maliyyə dəstəyi göstərilmiş,
jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm layihələr
həyata keçirilmiş, milli mətbuatın inkişafındakı xidmətlərinə görə çoxsaylı
media nümayəndələri fəxri adlara, orden və medallara layiq görülmüşdür. 2023-cü
il yanvarın 1-dən etibarən media subyektlərinin media fəaliyyəti nəticəsində əldə
etdikləri gəlirlər, reklam gəlirləri, eləcə də MEDİA Agentliyi tərəfindən
ayrılan maliyyə vəsaitləri müəyyən edilmiş müddət ərzində bir sıra vergilərdən,
o cümlədən əlavə dəyər vergisindən azad edilmişdir. Bu güzəştlər media
sektorunun iqtisadi dayanıqlılığının gücləndirilməsinə, rəqabət qabiliyyətinin
artırılmasına və milli medianın davamlı inkişafına mühüm dövlət dəstəyi kimi
qiymətləndirilir.
Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev milli mətbuatın
inkişafını daim dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirmiş,
jurnalistikanın müasir dövrün tələblərinə uyğun inkişafı üçün ardıcıl tədbirlər
həyata keçirmişlər. Məhz bu diqqət və qayğının nəticəsidir ki, Azərbaycan
mediası bu gün həm milli maraqların qorunması, həm də ölkəmizin beynəlxalq
informasiya məkanında layiqincə təmsil olunması istiqamətində mühüm rol oynayan
güclü ictimai institutlardan birinə çevrilmişdir.
Azərbaycan mətbuatı Birinci və İkinci Qarabağ müharibələri
dövründə də yüksək peşəkarlıq, fədakarlıq və məsuliyyət nümayiş etdirmişdir. Hər
iki müharibə zamanı milli media rəsmi mənbələrə əsaslanan dəqiq, operativ və
etibarlı informasiyanın ictimaiyyətə çatdırılmasında mühüm rol oynamış, cəmiyyətin
düzgün məlumatlandırılmasına, milli həmrəyliyin möhkəmləndirilməsinə və vətəndaşlarda
vətənpərvərlik ruhunun yüksəldilməsinə əhəmiyyətli töhfə vermişdir. İnformasiya
müharibəsinin hərbi əməliyyatlar qədər mühüm əhəmiyyət kəsb etdiyi bir şəraitdə
Azərbaycan mediası peşəkarlıq nümayiş etdirərək dövlətin informasiya siyasətinin
həyata keçirilməsinə mühüm dəstək göstərmişdir.
Xüsusilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi
və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror
tədbirləri zamanı milli mətbuatın fəaliyyəti xüsusi əhəmiyyət kəsb etmişdir. Bu
dövrdə media orqanları yalnız ölkə ictimaiyyətinin operativ və obyektiv məlumatlandırılmasını
təmin etməmiş, eyni zamanda beynəlxalq informasiya məkanında Azərbaycan həqiqətlərinin
yayılmasında, dezinformasiyaların ifşa edilməsində və xarici auditoriyanın
düzgün məlumatlandırılmasında həlledici rol oynamışdır. Jurnalistlər hadisələri
operativ şəkildə işıqlandıraraq dövlət qurumlarının rəsmi məlumatlarının geniş
auditoriyaya çatdırılmasına, informasiya təhlükəsizliyinin təmin edilməsinə və
milli maraqların müdafiəsinə mühüm töhfə vermişlər.
Müasir dövrdə Azərbaycanın beynəlxalq media əməkdaşlığının
inkişaf etdirilməsi istiqamətində həyata keçirilən mühüm təşəbbüslərdən biri də
Şuşa Qlobal Media Forumudur. 2023-cü ildən etibarən Azərbaycanın mədəniyyət
paytaxtı Şuşa şəhərində təşkil olunan bu mötəbər beynəlxalq platforma dünyanın
müxtəlif ölkələrindən yüzlərlə jurnalisti, media rəhbərini, eksperti, alimləri
və beyin mərkəzlərinin nümayəndələrini bir araya gətirir. Forum qlobal informasiya
mühitində baş verən proseslərin, rəqəmsal transformasiyanın, media təhlükəsizliyinin,
süni intellektin, dezinformasiyaya qarşı mübarizənin və beynəlxalq media əməkdaşlığının
müzakirə edildiyi nüfuzlu platformaya çevrilmişdir. Şuşa Qlobal Media Forumunun
mühüm xüsusiyyətlərindən biri də forum iştirakçılarının Prezident İlham Əliyevlə
açıq dialoq aparmaq imkanı əldə etmələridir. Dövlət başçısı forum çərçivəsində
yerli və xarici media nümayəndələrinin suallarını ətraflı cavablandırır, Azərbaycanın
daxili və xarici siyasəti, regional və qlobal proseslər, beynəlxalq təhlükəsizlik,
iqtisadi inkişaf, enerji siyasəti və digər aktual məsələlərlə bağlı ölkəmizin
mövqeyini birbaşa dünya ictimaiyyətinə çatdırır. Bu, beynəlxalq media nümayəndələrinin
informasiyanı ilkin mənbədən əldə etməsinə, Azərbaycanın mövqeyinin daha dolğun
və obyektiv şəkildə beynəlxalq auditoriyaya təqdim olunmasına mühüm töhfə
verir.
Bu gün dünya nizamı sürətlə dəyişir, geosiyasi proseslər
yeni mərhələyə qədəm qoyur və qlobal informasiya mühitində rəqabət daha da kəskinləşir.
Belə mürəkkəb beynəlxalq şəraitdə Azərbaycan mediasının qarşısında da yeni vəzifələr
və çağırışlar dayanır. Müasir medianın inkişafı qabaqcıl rəqəmsal
texnologiyaların tətbiqi, sosial media platformalarında peşəkar fəaliyyətin
genişləndirilməsi, rəqəmsallaşma proseslərinin sürətləndirilməsi, süni
intellekt texnologiyalarından səmərəli istifadə, media savadlılığının yüksəldilməsi,
kibertəhlükəsizliyin gücləndirilməsi, dezinformasiya və saxta xəbərlərlə
mübarizənin daha da təkmilləşdirilməsi, eləcə də effektiv ictimai
kommunikasiyanın təmin olunması kimi mühüm istiqamətləri əhatə edir. Məhz bu
amillər Azərbaycan mediasının gələcək inkişaf perspektivlərini və qlobal
informasiya məkanındakı mövqeyini müəyyənləşdirəcək əsas faktorlar hesab
olunur. Eyni zamanda milli media müasir informasiya mühitinin tələblərini nəzərə
almaqla xalqımızın maraqlarını daim ön planda saxlamalı, dövlətçilik prinsiplərinə
sadiq qalmalı və ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, sosial-iqtisadi
inkişafının, həyata keçirilən islahatların, işğaldan azad edilmiş ərazilərdə
aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin, "Böyük qayıdış"
proqramının icrasının və digər mühüm dövlət siyasəti istiqamətlərinin ölkə və
dünya ictimaiyyətinə operativ, obyektiv və peşəkar şəkildə çatdırılmasını təmin
etməlidir. Bu, həm Azərbaycanın beynəlxalq informasiya məkanında mövqeyinin
möhkəmləndirilməsinə, həm də milli informasiya təhlükəsizliyinin təmin
olunmasına mühüm töhfə verir.
Güclü, peşəkar, müstəqil və məsuliyyətli media hər bir dövlətin
dayanıqlı inkişafının mühüm sütunlarından biridir. Doğru, obyektiv və operativ
informasiya cəmiyyətin sağlam inkişafına, dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə,
milli həmrəyliyin güclənməsinə və ölkənin beynəlxalq nüfuzunun artmasına xidmət
edir. Məhz buna görə də Azərbaycan milli mətbuatı zəngin tarixi ənənələrinə
söykənərək müasir çağırışlara uyğun inkişaf etməli, innovativ texnologiyalardan
səmərəli istifadə və milli maraqların etibarlı müdafiəçisi kimi fəaliyyətini gələcəkdə
də uğurla davam etdirməlidir.
Azər
BADAMOV,
Milli Məclisin
deputatı