Dilimizin tarixi keçmişini yaşadan söz ustadlarının miras
qoyub getdiyi ədəbi-bədii nümunələr yetərincədir. Bu nümunələrlə dilimizin fonetik,
leksik, həmçinin qrammatik sistemi barədə zəngin bilgilər alır, onun müəyyənləşməsi,
formalaşması, həm də keçdiyi tarixi inkişaf yollarını öyrənirik.
Bakı Dövlət
Universitetinin Filologiya fakültəsinin Türkologiya
kafedrasının dosenti Qızılgül Abdullayevanın da yeni çapdan buraxılan "XVII əsr
Azərbaycan ədəbi dilinin fonetik və leksik norma demokratizmi” və "XVII əsr Azərbaycan
ədəbi dilinin qrammatik norma demokratizmi” monoqrafiyaları bu baxımdan elmə sanballı
töhfə hesab edilir.
Hər iki monoqrafiyada
dildaxili yeni differensasiya, sabitləşmə, demokratikləşmə proseslərinin başlanğıc
mərhələsi olan XVII əsr Azərbaycan ədəbi dil normalarının tarixi təkamülü araşdırılır.
"Azərbaycan ədəbi dilinin fonetik və leksik norma demokratizmi” adlı monoqrafiyada
XVII əsr Azərbaycan ədəbi dilinin vokal və
konsonant sisteminin, eləcə də leksik yarusların məkanında yer alan hadisə və qanunlara
yeni rakursdan baxılır.
Həmin dövrü
təmsil edən dil materiallarını izləməklə tarixi orfoqrafiyamızın, imlamızın, eləcə də dilimizin fonetik prinsipləri
üzə çıxarılır. Burada müəyyənləşdirilir ki, xəlqiləşdirməni mayalandıran canlı danışıq
dilinin təsiri nəticəsində on yeddinci yüzillikdə klassik kitab dili öz ənənəvi çərçivəsindən çıxaraq, dili xəlqiləşdirməyə
doğru istiqamətləndirilir. Elə bu yönləmə onun milliləşməsinə rəvac verir.
Bununla yeni
dildaxili proseslər leksik sistemdə də demokratikləşməyə öz təsirini göstərir. Belə
ki, bu dövr ədəbi dilimizdə qeyri-ümumişlək ərəbizm və farsizmlərin dildən çıxma
axını güclənir. Türkizmlər, eləcə də türkləşmiş ərəb və fars sözləri isə bir tərəfdən
kəmiyyət çoxluğuna və intensivliyə imza atır, digər tərəfdən isə dildə oturaqlığını,
yəni "yerini bərkidir”. Nəticədə XVII əsr Azərbaycan ədəbi dilinin lüğət tərkibi
millilik baxımından yenidən təşkil olunur.
Elmi redaktoru mərhum akademik, filologiya üzrə elmlər doktoru,
professor Tofiq Hacıyev, rəyçiləri akademik Nizami Cəfərov, Filologiya üzrə elmlər
doktorları, professor Elbrus Əzizov, Məmmədəli Novruzov, Məhərrəm Məmmədli olan
hər iki monoqrafiya ali məktəblərin filologiya fakültəsinin müəllimləri, magistrantları,
tələbələri, ümumilikdə dil tarixçiləri üçün faydalı olacağı annotasiyada xüsusi qeyd edilir.
"XVII əsr
Azərbaycan ədəbi dilinin qrammatik norma demokratizmi” monoqrafiyasında isə XVII
əsr Azərbaycan ədəbi dilinin qrammatik normasında gedən demokratikləşmə üzə çıxarılır.
İzahetmələrdə belə demokratikləşmənin getdiyi qeydə alınır. Burada həmçinin qrammatik
sistemdə reallıq tapan "oğuz” və "cağatay”
dil faktları paralelliyində oğuz elementlərinin aparıcılığı və sabitliyi dəqiləşdirilməklə
təsdiqlənir. Müasir Azərbaycan ədəbi dilinəqədərki yolu qət edə bilməyənlər üzə
çıxarılır və onların normativləşməməsində ümumxalq dilinin rolu diqqətə çatdırılır,
cümlə tirajları ekvivalentlik və fərqlənmələr fonunda təqdim olunur.
Tədqiqat tarixi-müqayisəli
araşdırma yolu ilə aparıldığından monoqrafiyalarda inteqrallıq və differensiallıq
müəyyənliyi ilə üzə çıxarılır. Məhz dilimizin bu tarixi mərhələsində nağıl, təhkiyə
dili əruza yol açır. Monoqrafiyalardan alınan təəssürata görə, zəngin və faktiki
dil materiallarına söykənən müəllif tərəfindən XVII əsr həm də "xəlqiləşmənin yenidən
təşkili” adlı dildaxili yeni prosesin getdiyi bir zaman kəsiyi, ümumxalq dilinin
funksional imkanlarının genişləndiyi tarixi mərhələ kimi səciyyələndirilir.
Monoqrafiyaların
zənginliyini təsdiq edən faktorlar burada az deyil və təbii ki, onları sadalamağa
ehtiyac duyulmur. Lakin elə məqamlar var ki, onların üstündən ötüb keçmək insafsızlıq
olardı. Monoqrafiyalarda izahlı lüğət (çünki ərəb-fars mənşəli terminlərdən yetərincə
istifadə olunur) sadə oxucunu belə, dil mütəxəssisi
olmasa da, özünə cəlb edir. Nümunələrin izahı elmi və ədəbi dilin imkanlarına əsaslanır.
Ümumiyyətlə,
XVII əsr Azərbaycan ədəbi dil normalarının bütün dil yarusları üzrə ilk dəfə olaraq
tədqiqata cəlb olunması dilçilik elmi üçün bir yenilik hesab edilir. Nəticə olaraq
adıçəkilən hər iki monoqrafiya bu zaman kəsiyindəki boşluğu doldurur.
Bütün hallarda XVII əsr ədəbi dil norması onun
şifahi və yazılı qolları arasında yaxınlaşmanı təmin edərək uçurum yaranmasının
qarşısını alır. Beləliklə, normallaşmalardakı bu yeni inkişaf həddi XVII əsr Azərbaycan
ədəbi dilini canlı danışıq dilinə doğru istiqamətləndirir. Bu, həmin əsrin sonunadək
davam edir. Ədəbi dilin bu axarda zirvələşməsi isə daha çox xalq şeiri janrlarının əhatə dairəsinin genişlənməsi sayəsində baş verir.
Bu baxımdan müəllifin hər iki monoqrafiyası dil
elminin inkişafına bir töhfədir.
Elm xadimlərinin,
mütəxəssislərin, filoloq alimlərin mükəmməl hesab etdikləri monoqrafiyaların müəllifi
Qızılgül Abdullayeva qarşısına qoyduğu məqsədə çatmaq üçün əsaslı araşdırmalar aparıb.
Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan”