08 Avqust 2025 15:57
581
CƏMİYYƏT
A- A+
ADA Universiteti “Azərbaycan” qəzetinin (1918-1920-ci illər) tam külliyyatından XIII cildi nəşr edib  

ADA Universiteti “Azərbaycan” qəzetinin (1918-1920-ci illər) tam külliyyatından XIII cildi nəşr edib  

ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə “Azərbaycan” qəzetinin (1918-1920-ci illər) tam külliyyatının latın qrafikasında nəşri uğurla davam edir.

AZƏRTAC xəbər verir ki, tam külliyyatın XIII cildi oxuculara təqdim edilib. Bu cild qəzetin 1919-cu ilin oktyabr ayı nömrələrini (287-310) əhatə edir.

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin orqanı olan “Azərbaycan” qəzetində rast gəlinən xəbərlər o dövrün hadisələrinə dair ilkin mənbələrdir. Qəzetin topluya daxil edilmiş 1919-cu il 1 oktyabr tarixli 287-ci nömrəsində “Zəngibasar müsəlmanlarının halı”na dair yazıda oxuyuruq: “Zəngibasarda olan erməni komissarı və Uluxanlı mövqifindəki erməni komendantı Zəngibasar kəndlilərinin hər birinə qüvvələrindən artıq xərclər bağlayırlar. Bununla bərabər, həman qüvvədən artıq müəyyən xərci aldıqları vaxt eyni miqdarın ikiqat artığını tutub cəbrən [zorla] alırlar. Vermədikləri halda döyülüb həbs edilirlər.

Bundan əlavə, İrəvanda olduğu kimi Zəngibasar mahalında da müsəlman kəndlilərindən hankısının pulu olduğu anlaşılarsa, komissar yaxud komendant tərəfindən çağırılıb lazım miqdarda pul istənilir. Vermədiyi halda bəzi töhmətlərlə İrəvan qalasına göndərilib, səbəbsiz yerə aylarca həbsdə saxlanırlar. Zəngibasar müsəlman kəndlilərinin bir çoxları dəfələrlə bu kimi təcavüzlərə düçar olmuşlardır”.

“Azərbaycan” qəzetinin səhifələrində qızların təhsil alması məsələsinə də yer ayrılırdı. Tam külliyyatın XIII cildinə daxil edilmiş qəzetin 1919-cu il 3 oktyabr tarixli 289-cu nömrəsində Qazax Darülmüəlliminin tələbəsi Feyzulla Məhəmmədzadənin “Müəllimə yoxluğuna çarə olmalı” məqaləsində yazılıb: “Əvət, biz gələcək analarımızın mədəni, elmli olmağı üçün ünas [qız] məktəbləri açmaq lazımdır. Həm şəhərlərdə və həm köylərdə. Fəqət həman məktəblərdə dərs verən Azərbaycan müəllimələri yox, yox!

Elmə həvəskar bacılarımız şəhərlərdə, köylərdə kəndi ana lisanlarında oxumağı artıq arzu edirlər. Hətta Cavad uyezdinin bəzi kənd əhlləri məktəblər müdirlərinə ərizə vermişlər ki, ünas məktəbi açılsın. O cümlədən Xilli, Şıxəlibəyli, Qalaqayın köyləri. Bu köylərdə maarif nazirləri [maarif müfǝttişlǝri] məktəb açıb bacılarımızı elm tərəqqisinə aparmaqda idilər ki, şimdi bu vaxtadək heç bir əsər yoxdur. Buna da səbəb müəllimǝlərin yoxluğudur.

Bu barədə maarif nazirləri və millət xadimləri müəllimələr hazırlayıb, elmdən məhrum qalmış bacılarımızı, hansılar ki gələcəkdə bizlərə milli ana olacaqlar, onları elm və tərəqqi yoluna sövq etməli [ki], daha qaranlıq guşələrdə qalıb, oxumaqdan bibəhrə olmasınlar və qəlbləri elm nuru ilə həmişə parlaq olsun”.

Topluya daxil edilən “Azərbaycan” qəzetinin nömrələrindən birində onun nəşrinin birinci ilinə həsr edilmiş məqalə də yer alıb. “Azərbaycan”ın birinci səneyi-dəvamiyyəsi” (1919-cu il, 9 oktyabr, N291) sərlövhəli məqalədə oxuyuruq: “Birillik “Azərbaycan” kolleksiyonu tədqiq edilər, nəşr edilən məqalə və felyetonlar bir gözdən keçirilərsə, görünər ki, milliyyət, siyasiyyat, ticarət və iqtisadiyyat və tariximiz haqqında olduqca [geniş] bir məlumat vardır. “Azərbaycan” mühərrirləri böyük bir xülus və safiyyətlə [sǝmimiyyǝt vǝ saflıqla] əllərində tutduqları qələmlə ancaq bir hədəf və bir qayəni gözlərinin önündə bulundurmuşlardır ki, o da məmləkətin səlaməti, millətin hürriyyəti-siyasiyyəsi, fikri-istiqlaliyyətin [istiqlaliyyǝt] qüvvətlənməsidir. Bu üç şüar, bittəb [şübhǝsiz], bu gün ümum əfradi-millət [millǝtin fǝrdlǝri] arasında söylənib təkrar edilməkdə və mətbuat isə bunu təqviyə eyləməkdədir [güclǝndirmǝkdǝdir]”.


“Azərbaycan” qəzetinin səhifələrində Cümhuriyyətin ayrı-ayrı bölgələri haqqında da yazılar dərc edilirdi. Bu baxımdan külliyyatın XIII cildinə daxil edilmiş qəzetin 1919-cu il 30 oktyabr tarixli 309-cu nömrəsində yer alan “Lənkərana dair” yazı diqqəti cəlb edir: “Azərbaycanın ən fəlakətzədə və zərərdidə bir cüzü [hissǝsi] də, heç şübhəsiz ki, Lənkəran – o, minlərcə can bahasına ədadan istixlas [düşməndən xilas] edilmiş sevgili məmləkətdir.

Lənkəran ənud [inadcıl] düşmənin layənqəte [arasıkǝsilmǝz] sövlət [şiddǝtli hücum] və zərbələri altında aylarca paytaxtımızdan ayrılmış olaraq, həyat və məmat ilə [ölüm-qalımla] mübarizə eylərkən, bütün Azərbaycan türklüyü də milli və vətəni həyəcanlarla mütəhəssis [vǝtǝnsevǝrlik hisslǝriylǝ duyğulanmaqda] və mütəəssir olmaqda idi.

Lənkəran macəracu [avantürist] ruslar və bolşeviklərin idarəsində o dərəcədə düçari-zülüm və qəhr olmuşdu ki, oradan yüksələn hər fəryad və fəğan şimşək sürəti ilə qəlblərimizi yaralayır, ruhumuzu təzlim edir [ruhumuzu qaraldır], fikirlərimizi tədhiş eyləyirdi [ürküdür, qorxuya salırdı].

Lənkəran düşmən ayaqları altında əzildi, üzüldü.

Fəqət bu təzəllüm [çǝkilǝn zülümlǝr], bu cəfa lənkəranlı vətəndaş və millətdaşlarımızda vətəni, milli hiss və fikirlərin doğmasına, artmasına amil oldu. Lənkəran maddətən düçari-qəhr oldu isə, mənən də məzhəri-fəlah və nicat oldu [xoşbǝxtliyǝ vǝ qurtuluşa nail oldu].

Üç-dörd ay əvvəl sevgili məmləkətimiz qəhrəman və şəci [şücaətli] əsgərlərimizin hücumi-qəhharanəsi [düşmǝni qǝhr edǝn hücumu] ilə Ana Vətənə, Azərbaycana feilən iltihaq etdi [qovuşdu, birlǝşdi]. Hər zaman hər vəsilə [vasitǝ] ilə təzəllüm [şikayǝt] etdiyimiz, daima bir mövcudiyyət məsələsi kimi pişgahımızda [qarşımızda] bulundurduğumuz Lənkəran müqəddəratı artıq həll edilmişdi. O gündən bu günə qədər müstərih [rahat] nəfəs almağa başladıq. Vətəni və milli bir səadət hiss etdik”.

Beləliklə, kitabı vərəqlədikcə, o dövrün hadisələri göz önündə canlanır. ADA Universitetinin rektoru Hafiz Paşayev kitaba “Ön söz”də yazıb: “Azərbaycan” qəzetindəki materiallar Azərbaycan Cümhuriyyətinin bilavasitə tarixini əks etdirir. Qəzetin səhifələrində Azərbaycan Hökumətinin qərarları, Parlament üzvlərinin çıxışları, paytaxtda və bölgələrdə baş verən hadisələrin təfərrüatları, müxtəlif təhlillər, xatirələr öz əksini tapıb. Günümüzdə xüsusi əhəmiyyət kəsb edən Qarabağ, Zəngəzur bölgələrinə dair materiallar oxucularda böyük maraq doğuracaqdır. Eləcə də Azərbaycan Cümhuriyyətinin xarici dövlətlərlə münasibətləri, dövrün ab-havası müfəssəl şəkildə qəzetin səhifələrində əks olunub. Ümumiyyətlə, bu qəzetin transliterasiyası Azərbaycan Cümhuriyyəti tarixşünaslığında yeni bir səhifə açacaq və gələcək tədqiqatlar üçün mühüm stimul olacaqdır.

İlk dörd nömrəsi Gəncədə, sonrakı nömrələri Bakıda nəşr edilən “Azərbaycan” qəzetinin 15 sentyabr 1918 - 28 aprel 1920-ci il tarixləri arasında 443 nömrəsi çapdan çıxmışdır. Qəzetin redaktorları müxtəlif vaxtlarda Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Üzeyir bəy Hacıbəyli və Xəlil İbrahim kimi dövrün qabaqcıl ziyalıları olmuşdur. Qəzet əksəriyyətlə 4 səhifə həcmində çıxsa da, bəzi nömrələrdə səhifələrin sayı fərqlilik göstərir. Hər səhifədəki sütunların sayı və səhifələrin ölçüsü, qəzetin çap olunduğu 19 ay yarımlıq müddət ərzində bir neçə dəfə dəyişmişdir”.

Qəzetin mətnlərini filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli, filoloq, tərcüməçi Azad Ağaoğlu transliterasiya edib. Nəşrin elmi redaktoru akademik Teymur Kərimlidir.

“Azərbaycan” qəzetinin 1918-1920-ci illərdə nəşr olunmuş 443 nömrəsinin transliterasiya ilə 20 cilddə çapı nəzərdə tutulub.

Kitabı elektron formatda da əldə etmək mümkündür.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!