31 Oktyabr 2025 16:37
6377
PARLAMENT
A- A+
8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı  

8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı  

2025-ci il noyabrın 8-də Azərbaycan xalqı ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası uğrunda uzun illər apardığı mübarizənin həlledici mərhələsinə yekun vurmuş Zəfər gününü böyük milli qürur duyğusu ilə qeyd edəcəkdir. 2020-ci ilin sentyabr – noyabr aylarında 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər milli tariximizin ən şərəfli və taleyüklü hadisələrindən biridir.

Azərbaycan beynəlxalq miqyasda tanınmış ərazisinin bir hissəsinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu 30 ilə yaxın dövrdə beynəlxalq hüquqa sadiq qalaraq torpaqlarını sülh yolu ilə azad etməyə çalışmışdır. Dövlətimizin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləyən və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, digər beynəlxalq təşkilatların qərar və qətnamələri münaqişənin nizama salınması üçün hüquqi zəmin yaratmışdı. Təəssüf ki, beynəlxalq qurumlar qəbul etdikləri qərarları həyata keçirməkdə qətiyyətsizlik göstərmiş və təcavüzkarı öz adı ilə çağırmaqdan boyun qaçırmış, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqlarından işğalın nəticələrini bu və ya digər şəkildə rəsmiləşdirmək, bu mümkün olmadıqda isə vaxt uzatmaq üçün istifadə edilmişdir. İşğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasətinin genişləndirilməsi, danışıqların formatını dəyişdirməyə cəhdlər göstərilməsi, Ermənistanın rəhbər vəzifəli şəxslərinin “yeni ərazilər üçün yeni müharibə” iddialarını səsləndirməsi, digər bəyanatları və hərəkətləri işğalçı dövlətin əsl niyyətlərini üzə çıxarmışdır.

Azərbaycan dövlətinin rəhbərliyi onilliklər boyu bəyan etmişdir ki, Azərbaycan Respublikası öz ərazisinin bir hissəsində suverenliyinin qəsb edilməsinə, torpaqlarının quldurcasına zəbt edilməsinə və qoparılmasına heç zaman razı ola bilməz və bütün imkanlardan istifadə edərək ərazi bütövlüyünün bərpasına nail olacaqdır. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktından sonra Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək, təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri dünya hərb tarixinə yeni şanlı səhifələr yazmışlar. İşğalçı qüvvələrə ağır zərbələr endirilmiş, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdir. Ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, ümumən 300-ə yaxın yaşayış məntəqəsi azad edilmişdir. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın əsarətdən xilas edildiyi gün olmuşdur.

Azərbaycan Silahlı Qüvvələri qarşısında duruş gətirə bilməyəcəyini, məhvə məhkum olduğunu anlayan Ermənistan məğlubiyyətini etiraf etmişdir. 44 günlük Vətən müharibəsi 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktını imzalaması ilə başa çatmışdır. Döyüş meydanında qazanılan Zəfərin siyasi-diplomatik müstəvidə də təsdiq edilməsi Ağdam, Kəlbəcər və Laçın rayonlarının dinc yolla Azərbaycana qaytarılmasını təmin etmişdir.

Ulu Öndər Heydər Əliyevin vəsiyyətinin uğurla yerinə yetirilərək Azərbaycan torpaqlarının işğalına son qoyulması, tarixi ədalətin bərpa olunması xalqımızı uzun illər davam edən məğlubiyyət acısından qurtarmış və onu qalib xalqa çevirmişdir. Bütün dünyaya nümayiş etdirilmişdir ki, Azərbaycan haqsızlıqla barışmayan qüdrətli dövlətdir və bundan sonra heç kəs onunla güc və təzyiq dili ilə danışa bilməz.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti 44 günlük Vətən müharibəsində tarixi Zəfərin həlledici amili olmuşdur. Həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası, iqtisadi müstəqilliyin əldə edilməsinə yönələn düşünülmüş tədbirlər sayəsində Azərbaycan maliyyə dayanıqlığı və xarici yardım olmadan müharibə aparmaq qabiliyyəti qazanmışdır. Hərbi quruculuq sahəsində zəruri addımlar atılmışdır. Müdafiə sistemində geniş miqyaslı islahatlar aparılmış, müasir peşəkar ordu yaradılmış, hərbi sənaye gücləndirilmişdir.

Suverenlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan xarici siyasətin həyata keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmişdir. Bütün vasitələrdən istifadə edilərək Azərbaycan torpaqlarının işğalı haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılmışdır.

Xalq, iqtidar və ordu arasında möhkəm birlik yaradılmışdır. Doğma torpaqlarını işğaldan azad etməyə hazır olan gənc nəsil yetişdirilmişdir. Bütün siyasi qüvvələr ərazi bütövlüyünün bərpa edilməsi ideyası ətrafında birləşmişlər.

Ölkədə yaradılmış idarəçilik modeli Azərbaycana lazımi məqamda dəqiq və qətiyyətlə hərəkət etmək imkanı vermişdir. Azərbaycançılıq ideallarından güc alan xalqımızın milli birliyi döyüş meydanında düşmənə endirilən “dəmir yumruğa” çevrilərək qələbənin mühüm amillərindən biri olmuşdur.

Təəssüf ki, hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını və prinsiplərini, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı dəhşətli cinayətlər törətmişlər. Cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Qəbələ şəhərlərinə, Siyəzən, Xızı rayonlarına, digər yaşayış məntəqələrinə ballistik raketlər, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli mərmilər ilə edilən hücumlar nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilmiş, 450-dən çox insan yaralanmışdır. Bu dövlət terrorizmi aktları müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdir.

Qarşı tərəfin qanlı hücumlarına və vəhşilik əməllərinə baxmayaraq, Azərbaycan Ordusu beynəlxalq humanitar hüquq normalarına dönmədən əməl etmiş, düşmənin yalnız silahlı qüvvələrini və hərbi obyektlərini hədəf almış, mülki şəxslərə və yaşayış məntəqələrinə zərər vurulmasına yol verməmişdir.

2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror əməliyyatı nəticəsində isə Ermənistan tərəfindən yaradılmış kriminal xunta rejiminin fəaliyyətinə son qoyulmuş, Azərbaycanın suverenliyi onun bütün ərazisində bərqərar edilmişdir. Bu möhtəşəm uğur 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin məntiqi davamı və yekunu olmuşdur.

Beləliklə, son iki yüz ilə yaxın dövrdə davakar erməni millətçiliyinin həyata keçirdiyi qəsbkarlıq və etnik təmizləmələr silsiləsinə birdəfəlik son qoyulmuşdur.

Azərbaycan Respublikasının Milli Məclisi Vətən naminə canını fəda etmiş şəhidlərin əziz xatirəsinə dərin ehtiramını bildirir, döyüş meydanlarında həyatını ölümcül təhlükələrə ataraq böyük qələbəmizə töhfə vermiş əsgər və zabitlərimizə minnətdarlığını ifadə edir.

Bu gün azad Qarabağ və Şərqi Zəngəzur innovativ və dayanıqlı inkişaf məkanına çevrilmişdir. İşğalçılar tərəfindən yerlə-yeksan edilmiş şəhər və kəndlər bərpa olunur. Hava limanları, yollar, körpülər, tunellər, digər obyektlər inşa edilir, elektrik, su xətləri çəkilir. Bölgədə Azərbaycanın gələcək inkişafının yeni modellərindən biri formalaşır. Məcburi köçkünlər ata-baba yurdlarına qaytarılır.

Təəssüflə qeyd edilməlidir ki, Ermənistan tərəfinin işğal dövründə və müharibədən sonra Azərbaycan ərazilərində basdırdığı yüz minlərcə tank və piyada əleyhinə minalar bərpa və quruculuq işlərinin sürətlə aparılmasına maneçilik törədir. Hərbi əməliyyatların başa çatmasından sonrakı dövrdə 400-dən çox mülki şəxs və hərbçi minaların partlaması nəticəsində həlak olmuş və ya yaralanmışdır.

Bütün bu itkilərə baxmayaraq, məhz Azərbaycan bölgədə sabitlik yaradılması və Ermənistanla münasibətlərin normallaşması üçün 5 baza prinsipini təqdim etmiş, sülh gündəliyinin irəliyə aparılması üçün siyasi iradə və konstruktiv yanaşma nümayiş etdirmişdir. Sülh sazişinin layihəsi də məhz Azərbaycan tərəfindən tərtib olunmuşdur. Bu ilin avqust ayında Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə Azərbaycan Respublikası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin Birgə Bəyannamə imzalaması və iki ölkə arasında sülh sazişinin paraflanması münaqişə dövrünə son qoymuş və regionumuzda uzunmüddətli sülh və sabitliyin yolunu açmışdır.

Əldə edilmiş razılaşmalara uyğun olaraq reallaşacaq Zəngəzur dəhlizi qitələri birləşdirən mühüm nəqliyyat bağlantısına çevriləcəkdir. Vaşinqton razılaşmalarının daha bir önəmli yekunu isə ATƏT-in Minsk qrupunun ləğv edilməsi olmuşdur.

Azərbaycan Respublikasının Milli Məclisi İkinci Qarabağ müharibəsində Qələbənin tarixi əhəmiyyətini qeyd edərək dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin möhkəmləndirilməsi işinə sadiqliyini bir daha ifadə edir. Milli Məclis Azərbaycan Respublikası Prezidentinin bölgədə sülh və əməkdaşlıq mühiti yaradılmasına yönələn səylərini dəstəklədiyini bildirərək xalqımızı öz liderinin ətrafında daha sıx birləşməyə səsləyir.

(Bəyanat Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il 31 oktyabr tarixli iclasında qəbul edilib)

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!