29 İyul 2023 10:50
1640
İQTİSADİYYAT
A- A+
4 günlük iş rejimi nə vəd edir?

4 günlük iş rejimi nə vəd edir?

 

Həftəlik iş gününü qısaldan ölkələrin sayı artır

 

Son illər müxtəlif ölkələrdə həftədə 4 günlük iş rejiminə keçilməsi ilə bağlı müzakirələr aparılır. Araşdırmalardan və müzakirələrdən sonra bəzi ölkələr 2022-ci ilin əvvəlindən 4 günlük iş rejiminə keçiblər. Birləşmiş Ərəb Əmirlikləri, İrlandiya, İslandiya, İsveç, Finlandiya, Niderland, Kanada, Belçika və digər dövlətlərdə bu məsələ əmək qanunvericiliyi ilə təsbit edilib. Gürcüstan, Rusiya və qardaş Türkiyədə də aktual müzakirə mövzusu olan bu iş rejimi artıq Qazaxıstanda da reallaşıb. Ölkə parlamentinin qərarı ilə 4 günlük iş həftəsinə keçidlə bağlı qanun qəbul edilib və iyulun 1-dən tətbiqinə başlanılıb.

 

Pandemiya məsafədən işləməyin mümkünlüyünü sübut etdi

 

Bəzi ekspertlər həftəlik iş rejiminin azaldılmasının hələ mümkün olmadığını qeyd etsələr də, digərləri bunun görülən işin keyfiyyətinə müsbət təsir etdiyini, məhsuldarlığı artıracağını bildirirlər. Həmin ekspertlərin fikrincə, 4 günlük iş rejimi insanlarda məsuliyyət hissini artırır və onlar işlərini bu müddətə sığdırmağı bacarırlar. Həm də digər günlərdə istirahət edəcəklərini düşünərək daha rahat və aydın beyinlə çalışa bilirlər. 
Xüsusən dünyanın son üç ildə qarşılaşdığı COVID-19 pandemiyası iş rejiminin azaldılmasının, hətta bəzi hallarda onlayn rejimdə, evdən çalışmağın mümkünlüyünü sübut etdi. Əvvəllərdə insanlar müəyyən çətinliklərlə qarşılaşsa da, qısa zamanda bu iş rejiminə alışdılar və yollarda saatlarla itirilən vaxtdan, gərginlikdənsə, stressiz şəkildə evdə çalışmağın daha səmərəli yol olduğunu qəbul etdilər. Elə buna görədir ki, pandemiya ilə bağlı vəziyyət sabitləşsə də, karantin qaydaları yumşaldılsa da, əksər insanlar artıq səmərəli işləməyin evdən mümkünlüyünü anlayaraq onlayn rejimdə çalışmağa üstünlük verirlər. Xüsusən xarici şirkətlər nümunəsində belə iş şəraitinin mümkün olduğu və effektivliyi göz qabağındadır. Elə məsələnin aktuallığı nəzərə alınaraq ötən ilin iyun ayında Böyük Britaniyada həftədə 4 günlük iş rejiminə keçilməsi istiqamətində pilot layihəyə başlanıldı. 70-dən çox şirkətin 3300-dən artıq işçisinin iştirakı ilə baş tutan layihə 6 ay davam etdi. Layihə çərçivəsində 4 günlük çalışanların əməkhaqqısında heç bir azalma olmayıb. Tədqiqatda əsasən məsləhət, təhsil, qida və içki, kosmetika, tikinti, mənzil və rəqəmsal marketinq sahələrində fəaliyyət göstərən şirkətlər iştirak edib. Araşdırmada iştirak edən şirkətlərin müxtəlif kateqoriyadan olan işçiləri 4 günlük iş rejiminin insanların ailələri ilə daha çox vaxt keçirməsinə imkan verdiyini, onların daha xoşbəxt olduğunu, yuxu rejimlərinin daha yaxşı olduğundan iş keyfiyyətini artırdığını qeyd ediblər. 
6 aylıq araşdırmanın nəticəsi olaraq Böyük Britaniyada 100-dən çox şirkət 4 günlük iş rejiminə keçmək qərarına gəliblər. Həmin şirkətlər iş gününün azaldılması zamanı məhsuldarlığın ya eyni səviyyədə qaldığını, ya da artdığını bildiriblər. 
Belçika hökuməti tərəfindən iyun ayında qəbul edilən həftədə 4 günlük iş rejimi barədə qərar da ötən il noyabrın 20-dən qüvvəyə minib. Bununla işçilər həftədə 4, ya 5 gün işləyəcəklərinə özləri qərar verəcəklər. Bu iş saatlarını azaltmayacaq, yəni əməkdaşlar işlərini 4 günə sığdırmalı olacaqlar. Şotlandiyada, İslandiyada da 4 günlük iş rejimi ilə bağlı aparılan sınaqlar uğurla nəticələnib.
Qonşu Türkiyədə də bəzi şirkətlər həftədə 4 günlük iş rejimini tətbiq ediblər. Bu rejim çalışmaq istəyənlərin müraciəti əsasında həyata keçirilib.
Ümumilikdə bir çox ölkə məhsuldarlıq səviyyəsini saxlamaqla, iş vaxtını azaltmaq haqqında sınaqlar həyata keçirir. İstər 4, istərsə də 5 günlük iş həftəsində bazar istirahət günü hesab olunur. Beşgünlük və altıgünlük iş həftəsində ikinci və üçüncü istirahət günləri kollektiv müqaviləyə və ya əmək intizamı qaydalarına əsasən müəyyən olunur.
Dördgünlük, beşgünlük və altıgünlük iş həftələrində əlavə iş müddəti ayda 12 saatdan çox, iş vaxtının məcmu uçotu müəyyən edilən hallarda isə ildə 120 saatdan çox olmamalıdır.
Yeni qanun istehsalın dayandırılması mümkün olmayan müəssisələrə şamil edilmir.

 

Azərbaycanda 2023-cü il üçün iş vaxtı norması

 

Azərbaycanda 2023-cü il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən gündəlik normal iş vaxtının müddəti 8 saatdan,  gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.
Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz. Mövcud aylıq iş saatından əlavə iş vaxtı yarandıqda Əmək Məcəlləsinə əsasən,  işçiyə həmin saatlara görə əlavə əməkhaqqı ödənilməlidir.
Ölkəmizdə 4 günlük iş rejiminə keçidlə bağlı iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bildirib ki, bəzi Avropa ölkələri 4 günlük iş rejiminə keçsə də, Azərbaycan üçün bu, hələ ki araşdırılmalı mövzudur. O qeyd edib ki, 4 günlük iş rejiminin tətbiqi ilə bağlı səslənən və real niyyət fərqlidir. "Səslənən niyyət insanların asudə vaxtının çox olmasıdırsa, real və alt niyyət sahibkarların maliyyə vəsaitlərinə qənaət etməsidir. Yəni bu məsələ ikitərəflidir. Bəzi ölkələr bunu pilot layihə olaraq həyata keçirir. 4 günlük iş rejimi araşdırılmalıdır. Bu məsələ ölkədən ölkəyə fərqlənə bilər", - deyə nazir müavini əlavə edib.

 

İşçilərin sosial hüquqlarının qorunması gücləndirilməlidir

 

Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirib ki, 4 günlük iş rejiminə keçid inkişaf etmiş ölkələrdə müzakirə edilən məsələlərdəndir. Onun sözlərinə görə, Böyük Britaniya artıq bu istiqamətdə daha real addımlar atmağa çalışır. Azərbaycan üçün indiki halda əmək bazarının leqallaşdırılması ilə bağlı fəaliyyətlərin davam etdirilməsi, eyni zamanda işçilərin sosial hüquqlarının qorunmasının gücləndirilməsi daha prioritetdir, çünki bu gün aparılan monitorinqlər bir sıra hallarda işçilərin  əmək müqaviləsi olmadan işə cəlb olunduğunu göstərir.  Bu da onların sonradan pensiya hüququnun yaradılmasında, həmçinin əmək hüquqlarının qorunmasında çətinlik yaradır. 
Deputat deyir ki, ilk növbədə işçilərin əmək hüquqlarının qorunması üçün bir tərəfdən əmək bazarının leqallaşdırılması, digər tərəfdən isə bu istiqamətdə fəaliyyətin gücləndirilməsi çox vacibdir. İndiki halda əmək bazarı üçün çağırışlar fərqlidir. Məhz bu çağırışları reallaşdırdıqdan, bu istiqamətdə islahatları dərinləşdirdikdən, xüsusən əmək hüquqlarının qorunması ilə bağlı nəzarət mexanizmini gücləndirdikdən sonra iş vaxtı və saatları ilə bağlı məsələni müzakirə etmək mümkündür. Prioritet məsələ əmək bazarında leqallaşma, işçilərin əmək hüquqlarının qorunması ilə bağlı sistemli və ünvanlı tədbirlərin genişləndirilməsindən ibarət olmalıdır. 

 

İşəgötürənin qazancı

 

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov açıqlamasında qeyd edib ki, pandemiya məsafədən işləmə təcrübəsi yaradıb və bununla bağlı Əmək Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi barədə söhbətlər gedir. Hazırda Əmək Məcəlləsinə heç bir dəyişiklik etmədən də özəl qurumlarda işin məsafədən təşkil edilməsinə heç bir məhdudiyyət yoxdur. Burada yeganə problem əməyin mühafizəsi ilə bağlı məsələ ortaya çıxa bilər, çünki işçi iş şəraitində olanda istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri hallarından sığortalanır. Evdə bədbəxt hadisə baş verərsə, bu kimi açıq qalan kiçik məsələlər sonra ciddi problemə çevrilə bilər. 
Sahib Məmmədov deyir ki, xarici ölkələrdə həftədə 4 günlük iş rejiminə keçid yalnız işçilərin istirahət hüququnu daha da genişləndirmək məqsədi daşımır. 4 günlük və ya qısaldılmış iş gününə keçən biznes ilk növbədə öz mənafeyini düşünür, amma iş gününün və ya iş saatının qısaldılması halında əməkhaqqının azaldılmasına qanun yol vermir. Bir işçi 8 saata hasil etdiyini 4 saata edə bilirsə, belə halda işəgötürən təbii ki, udur. Birincisi, müəssisədə enerjiyə, resurslara qənaət edilir və işə götürən çox şeydə irəli düşür. Biri də var ki, müəssisə 5-6 gün işləyir və hər gün enerji sərf olunur. Əlbəttə ki, əlavə enerji xərci müəssisəyə sərf etməz. Bu, hazırda enerji daşıyıcılarının qiymətlərinə görə Avropa üçün xüsusən aktualdır. 8 saata görüləcək işi 4 saata görmək mümkün olan müəssisələrdə belə təcrübələrə gedilir. 
Ekspert bildirir ki, Azərbaycanda da Dördüncü Sənaye İnqilabına prosesin başlanması belə iş rejiminə imkan verir. Xüsusən İT kompaniyalarında məsafədən işləmək, yaxud qısaldılmış iş həftəsində çalışmaq adi haldır. Azərbaycanda qeyri-formal iş bazarı böyükdür, bəzi sahələrdə işçiləri 10-12 saat işlədirlər. Xüsusən tikinti sektorunda, infrastruktur layihələrində işçilər 8 saatdan artıq çalışırlar. Deməli, bu, Azərbaycan üçün hələ real görünmür. Amma ölkədə 4 günlük iş rejiminə keçmək istəyən kommersiya  qurumları, əməkhaqqını azaltmamaq şərtilə bunu tətbiq edə bilərlər. Buna bir maneə yoxdur. 
O vurğulayır ki, hasilat rejimi ilə işləyənlər günə 8, həftəyə 40 detal istehsal etməlidirlərsə, bunu 4 günə edirlərsə, o zaman 5-ci gün işə çıxmaya bilərlər. Amma elə müəssisələr var ki, məhsul istehsal etmir, işçi isə işdə olmalıdır. 

 

Yaradıcı, elmi işlərdə qısaldılmış iş rejimi tətbiq etmək mümkündür

 

Sahib Məmmədov hesab edir ki, 4 günlük iş rejiminə keçid işin xarakterindən asılı olaraq məhsuldarlığa müxtəlif cür təsir edə bilər: "İntellektual işlərdə işləyən şəxslərin hasilat qabiliyyəti 8 saatın hamısında eyni dərəcədə olmur, günün birinci hissəsi müəyyən saatlarını işlədikdən sonra artıq onun effektivliyi düşür. Yaradıcı, elmi işlərin hamısında belədir. Bu sahələrdə qısaldılmış iş rejimi tətbiq etmək olar". 
Ekspert qeyd edir ki, xidməti işdə isə bunu yalnız texnologiyanın hesabına tətbiq etmək mümkündür. Məsələn, bir şəxs detalı hasil edərkən əməyin mühafizəsi qaydalarına, texniki təhlükəsizlik qaydalarına əməl etməlidir. Onu pozaraq sürətlə işləyə bilər, amma bu zaman istehsalatda bədbəxt hadisə baş verər. Bütün bunları ölçüb-biçmədən kor-koranə tətbiq etmək mümkün deyil. 
Onun sözlərinə görə, müəyyən sahələrdə iş rejiminin qısaldılması təkcə müəssisənin xeyrinə deyil, həm cəmiyyət, həm də dövlətin xeyrinədir. Belə halda həmin gün şəxsi avtomobillərdən istifadə tıxaclar, ətraf mühitə atılan karbon qazının miqdarı azala bilər. Bunlar hamısı elmi əsaslarla olmalıdır. 

 

Motivasiya, keyfiyyətli iş, məhsuldarlıq...

 

Deyilənlər göstərir ki, hazırda Azərbaycanda 4 günlük iş rejiminə keçid o qədər də mümkün görünmür. Dövlət müəssisələrində bu rejimin tətbiqi üçün Əmək Məcəlləsində dəyişikliyə ehtiyac var, özəl şirkətlər isə bunu rahatlıqla tətbiq edə bilərlər. Ölkədəki bəzi xarici şirkətlərin iş rejimində müəyyən qədər "rahatlıq" təmin olunsa da, digər özəl müəssisələrdə qısaldılmış iş həftəsinə rast gəlinmir. Təbii ki, heç bir pilot layihə həyata keçirilmədən birbaşa 4 günlük iş rejiminə keçid insanlarda da çaşqınlıq yarada bilər. Amma təcrübədən keçirilən və yaxşı nəticələr verən, xüsusən insan beyninin daha çox yükləndiyi elmi, yaradıcı işlərdə daha keyfiyyətli iş naminə iş günlərinin azaldılması işçilərə motivasiya verməklə yanaşı, məhsuldarlığı artıra, şirkətləri isə müəyyən resurs, enerji sərfiyyatında irəli sala bilər. 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Euronews”: Bakıdakı WUF13-ün bu günə qədər keçirilən ən böyük sessiya olacağı gözlənilir  

14:07
17 May

Şri -Lankalı nazir: Müzakirələr şəhərsalma sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verir

14:06
17 May

UN-Habitat: İqlim dəyişikliyi və sürətli urbanizasiya inkişaf nailiyyətlərinə təsir göstərən əsas çağırışlardır

14:05
17 May

Nazirlər səviyyəsində görüş: Yeni şəhərsalma təşəbbüslərinin həyata keçirilməsi konkret nəticələrlə müşayiət olunmalıdır 

14:04
17 May

Qvineyalı nazir: WUF13 beynəlxalq əhəmiyyətə malikdir  

13:53
17 May

Serbiya Prezidenti Azərbaycana səfərə gəlib

13:51
17 May

WUF13 çərçivəsində Xidmət Təchizatçıları Maraqlı Tərəflər Qrupunun açılış iclası başlayıb  

13:47
17 May

Türkiyə eksperti: WUF13 bəşəriyyətin gələcəyini və onun təbiətlə harmoniyasını müzakirə etmək üçün vacib platformadır  

13:41
17 May

UN-Habitat-ın baş eksperti: Dünyanın bir çox ölkələrinin nümayəndələrini bir araya gətirən Azərbaycan çox mühüm iş görüb 

13:31
17 May

WUF13: Yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir

13:23
17 May

Mexiko şəhər hökumətinin başçısı: Açıq, inklüziv şəhərlərə və çoxtərəfli əməkdaşlığa ehtiyacımız var  

13:19
17 May

Akademik Rasim Əliquliyev: Kommunikasiya kanalları rəqəmsal dayanıqlığın əsasını təşkil edir  

13:16
17 May

Qarabağ atları Avropada yenidən diqqət mərkəzində  

13:08
17 May

Mixail Qusman: WUF13-də bütün ölkələrin nümayəndələrinin iştirakı urbanizasiyanın qlobal xarakter daşıdığını göstərir  

13:03
17 May

Musadik Malik: WUF13-də mənzil təminatı ilə bağlı əsas problemlər gündəmə gətirilir  

13:01
17 May

Prezident İlham Əliyev Türkmənistanın Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədrini qəbul edib YENİLƏNİB

12:57
17 May

Hindistanlı ekspert: WUF13 müxtəlif ölkələrin təcrübələrinin müzakirəsi üçün mühüm məkandır  

12:47
17 May

Ömər Bulut: Türkiyə şəhərsalmada dayanıqlılıq modelini qlobal səviyyəyə çıxarır  

12:46
17 May

Sudan rəsmisi: WUF13-ün şüarı xalqımızın istəkləri və reallıqları ilə tam üst-üstə düşür  

12:45
17 May

Prezident İlham Əliyev Keniya Prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb YENİLƏNİB

12:45
17 May

Anaklaudia Rossbax: WUF13 yeni müttəfiqliklər qurmaq üçün mühüm platformadır  

12:43
17 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!