Azərbaycan xalqının milli dövlət quruculuğu
və azərbaycançılıq uğrunda mübarizə tarixində xüsusi yeri olan "Azərbaycan” qəzeti
bu gün ömrünün 101-ci ilinə qədəm qoyur. Ümummilli Lider Heydər Əliyevin sözləri
ilə desək, "Vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi qəzeti kimi nəşr olunmuş
"Azərbaycan” xalqımızın istiqlal mübarizəsində mühüm xidmətlər göstərmişdir”.
"Azərbaycan” qəzeti ötən əsrin əvvəllərində
çox mürəkkəb və ziddiyyətli zamanda - 15 sentyabr 1918-ci ildə Gəncədə Yelizavetpol
qubernatorunun mətbəəsində nəşrə başlamışdır. Dörd nömrəsi Gəncədə işıq üzü görən
qəzet sonradan fəaliyyətini Bakıda davam etdirmiş, cümhuriyyət qurucuları və istiqlal
mücahidləri ilə çiyin-çiyinə addımlayaraq milli azadlıq mübarizəsinin ön sıralarında
olmuşdur. Ölkədə savadsızlığın hökm sürdüyü bir dövrdə cümhuriyyəti təmsil edən
qəzet Milli Şura iclasları və parlament yığıncaqlarında qəbul edilən qərarların,
təklif və tövsiyələrin, qanunların, digər rəsmi xəbərlərin ictimaiyyətə çatdırılmasında
əvəzsiz rol oynayırdı. Xalqımızın müstəqillik istəyinin, hüquq və azadlıqlarının
ictimai şüurda möhkəmlənməsində, milli inkişaf və tərəqqiyə gedən yolda üzərinə düşən vəzifəni şərəflə yerinə yetirirdi.
Azərbaycan və rus dillərində çıxan bu qəzetdə dövlət quruculuğu, daxili və xarici
siyasət, milli özünüdərk, ermənilərin azərbaycanlılara qarşı törətdiyi qətliamlar,
Qarabağda apardıqları separatçı hərəkətlər, soyqırımı siyasəti genişliyi ilə öz
əksini tapırdı. Qəzetin redaksiya kollektivini başda Üzeyir bəy Hacıbəyli olmaqla
dövrün ictimai və milli təfəkkürlü, vətənpərvər və millət təəssübkeşli ziyalılar
təşkil edirdi. Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim, Məhəmməd
Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə, Cəfər Cabbarlı, Məhəmməd Hadi, Firidun
bəy Köçərli, Əhməd Cavad, Ömər Faiq Nemanzadə, Seyid Hüseyn, Ümmügülsüm Sadıqzadə,
Şəfiqə xanım Əfəndizadə, Fərhad Ağazadə, Əmin Abid, Əliabbas Müznib, Nəsib bəy Yusifbəyli,
Hacı Kərim Sanılı, Salman Mümtaz, Qarabəy Qarabəyov, Əhməd Pepinov, Abbas Səhhət,
Adil xan Ziyadxanov, Nağı bəy Şeyxzamanlı, Hüseyn Bayqara və başqaları qəzet səhifələrində
tez-tez Azərbaycanın işıqlı gələcəyi, xalqın qayğı və dövləti problemləri ilə bağlı
çıxışlar edirdilər.
Zamanın yaratdığı ictimai-siyasi şərait nəticəsində,
müəyyən çətinliklərə baxmayaraq, çar Rusiyasının müstəmləkə buxovundan ayrılaraq dünyanın bir çox
dövləti tərəfindən müsəlman Şərqində ilk müstəqil dövlət kimi tanınan Azərbaycan
Xalq Cümhuriyyəti, təəssüf ki, 1920-ci il aprelin 28-də sovet imperiyasının XI ordusu
tərəfindən süquta uğradıldı. Bu zaman cəmiyyətin qvardiyasına çevrilən "Azərbaycan”
qəzeti də işğala məruz qaldı, adının çəkilməsi belə qadağan edildi.
İşğaldan sonra qəzetdə çalışanların bəziləri
həbs edildi, sürgünə göndərildi, bir qismi də qonşu İran, Türkiyə və Avropa dövlətlərinə
mühacirət etdi. Mühacir istiqlalçılar yarımçıq qalmış arzularını və mübarizə yolunu davam etdirmək üçün Türkiyədə,
Almaniyada qəzet və məcmuələr nəşr etdirdilər. Bu ənənə SSRİ adlı sovet imperiyası
1991-ci ildə süquta uğrayandan sonra respublikamızda da baş qaldırdı.
1991-ci ildə Azərbaycan tarixi müstəqilliyinə
qovuşanda, 1918-ci il sentyabrın 15-də işıq üzü görən "Azərbaycan” qəzeti 70 illik
məhbusluq həyatından sonra azadlığa çıxdı. Elə həmin ili hökumət qəzeti statusu
"Həyat” qəzetinin timsalında bərpa olundu. 1992-ci il sentyabrın 22-dən sonra isə
ictimaiyyətin ürəyincə olan "Azərbaycan” adı özünə qaytarıldı. Varislik ənənələrini
özündə ehtiva edən bu qəzet müasir formada mübarizə meydanına atıldı. Ulu Öndər
Heydər Əliyevin 6 dekabr 1994-cü ildə "Azərbaycan” qəzetinin 1000-ci nömrəsinin
çapdan çıxması münasibətilə redaksiya kollektivinə ünvanladığı təbrik məktubunda
deyildiyi kimi: "Xalqımız əsrin əvvəllərində itirdiyi müstəqilliyini əsrin axırlarında
bərpa etdiyi zaman "Azərbaycan” qəzeti də yenidən fəaliyyətə başladı və müstəqil
Azərbaycan Respublikasının rəsmi dövlət qəzeti kimi ictimai həyatda layiqli yerini
tutdu”.
Ölkəmizin adını daşıyan və milli dövlətçiliyimizin
yaşıdı olan "Azərbaycan” qəzeti fəaliyyətinin ikinci dövrünün ilk günlərindən müstəqilliyimizə
düşmən kəsilmiş daxili və xarici qüvvələrə qarşı milli-azadlıq mübarizəsinin ön
sıralarında oldu, xalqımızın çoxillik arzu və istəklərinin daşıyıcısına çevrildi,
onun mənəvi dəyərlərinin, ictimai-siyasi ideallarının formalaşması işinə önəmli
töhfələr verdi. Dövrün gərginlikləri çərçivəsində beynəlxalq birliyin qanunları
əsasında dövlət müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasına, Ermənistan silahlı
birləşmələrinin işğalçılıq hərəkətlərinin ifşasına, azərbaycanlılara qarşı həyata
keçirilən soyqırımı siyasətinə, terrora, haqsızlığa, ədalətsizliyə və ikili standartlara
son qoyulmasına, habelə gənc və müstəqil Azərbaycanın hərtərəfli inkişafına çalışdı.
Müstəqil Azərbaycan dövlətinin respublika
mətbuatına olan diqqət və qayğısı nəticəsində "Azərbaycan”ın fəaliyyəti müasirləşdirildi,
qəzet yeni və rəngli çap üsuluna keçdi, tirajı və dövriliyi artırıldı, redaksiya
yeni avadanlıqlarla təchiz edildi. Qəzetin həm cümhuriyyət, həm də müasir dövrdəki
fəaliyyətini yüksək dəyərləndirən Heydər Əliyevin 1998-ci il sentyabrın 15-də "Azərbaycan”
qəzetinin 80 illiyi münasibətilə redaksiya kollektivinə ünvanladığı təbrik məktubunda
deyilir: "Ölkəmizin mütərəqqi mətbuat ənənələrini ləyaqətlə davam etdirən "Azərbaycan”
qəzeti bu gün demokratiyanın, siyasi plüralizmin, aşkarlığın təmin edilməsində müstəsna
rol oynayır. Onun səhifələrində Azərbaycan həqiqətləri, ölkəmizdə hüquqi dövlət
və vətəndaş cəmiyyətinin qurulması, iqtisadi islahatların həyata keçirilməsi, sağlam
mənəvi-psixoloji mühitin, vətəndaş həmrəyliyi və milli birliyin yaradılması sahəsində
aparılan məqsədyönlü işlər və ictimai-siyasi proseslər qərəzsiz işıqlandırılır”.
Obyektivliyi, prinsipial dövlətçilik mövqeyi, ölkənin inkişaf və yeniləşmə islahatlarına
töhfələri ilə diqqət çəkən "Azərbaycan” qəzeti Ulu Öndər Heydər Əliyev ideyalarının
və siyasi kursunun vətənə, millətə və dövlətə xidmət etməyin əsasları kimi dünya
azərbaycanlılarına çatdırılması istiqamətində var qüvvə ilə çalışmışdır. Prezident
İlham Əliyevin sərəncamı ilə ötən il nəinki respublikamızda, bir sıra xarici ölkələrdə
belə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin təntənə ilə keçirildiyi
günlərdə "Azərbaycan” qəzetinin də 100 illik yubileyi rəğbətlə qeyd edildi. Bayramın
bayrama qarışdığı o ərəfədə ölkə rəhbəri İlham Əliyevin "Azərbaycan” qəzetinin
100 illik yubileyi münasibətilə qəzetin kollektivinə
ünvanladığı təbrik məktubunda bildirilir: "Qəzet peşəkarlıq, obyektivlik və vətənpərvərlik
prinsiplərinə dönmədən əməl etmiş, ölkəmizin sosial-iqtisadi tərəqqisi, vətəndaş
cəmiyyətinin formalaşması, milli həmrəyliyin möhkəmlənməsi və digər sahələrdə həyata
keçirilən dövlət siyasəti barədə həqiqətlərin Azərbaycan ictimaiyyətinə çatdırılması
istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir”.
İstər Ulu Öndər Heydər Əliyev, istərsə də
Prezident İlham Əliyev tərəfindən "Azərbaycan”ın ünvanına deyilmiş dəyərli fikirlər
həmişə hər birimizdə xoş ovqat yaratmış, jurnalist olaraq işə, yaradıcılığa, yazıb-yaratmağa
həvəsimizi, məsuliyyətimizi daha da artırmışdır. Ölkəmizin mütərəqqi mətbuat ənənələrini
davam etdirən "Azərbaycan” qəzetinin əməkdaşları hüquqi dövlət və vətəndaş cəmiyyətinin
qurulmasında, iqtisadi islahatların layiqincə həyata keçirilməsində, vətəndaş həmrəyliyi
və milli birliyin yaradılmasında, habelə ölkə iqtisadiyyatının inkişafında maraqlı
yazılarına görə müxtəlif illərdə Prezident İlham Əliyevin sərəncamlarına əsasən
orden və medallara, fəxri adlara layiq görülüblər, mənzillə mükafatlandırılıblar.
Qürur hissi ilə qeyd edək ki, keçən il Azərbaycan Prezidentinin sərəncamı ilə milli
mətbuatın inkişafında xidmətlərinə görə 1 nəfər "Şöhrət” ordeninə, 4 nəfər "Əməkdar
jurnalist” fəxri adına, 4 nəfər isə "Tərəqqi” medalına layiq görülmüşdür. Qəzet
kollektiv əməyin, kollektiv zəhmətin bəhrəsi olduğundan redaksiyada yaranan ənənəyə
əsasən hər hansı mükafatdan, fəxri addan "Azərbaycan”çıların hər birinə sevinc payı
düşür.
101 yaşlı "Azərbaycan” mətbuata dövlət qayğısı
sayəsində informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə
edərək bu gün nəinki respublikamızda, bir çox xarici ölkələrdə yayımlanır. Bir neçə
ildir ki, dünya ictimaiyyəti ölkəmizdə baş verən ictimai-siyasi proseslərlə bağlı
həqiqətləri, yenilikləri qəzetimizin saytından oxuya bilir. Xatırladaq ki, qəzetin
internet versiyası il ərzində 2 milyon dəfədən çox izlənilir. Bunun da 10 faizi
100-dən artıq xarici ölkənin payına düşür. Əsasən Fransa, ABŞ, Rusiya, Türkiyə,
Almaniya, Böyük Britaniya, Gürcüstan, Norveç kimi ölkələrdən daha çox baxış qeydə
alınır. Maraqlıdır ki, Cənubi Amerikada yerləşən Peru dövləti də baxış sayına görə
ilk onluqda yer alır. Sirr deyil ki, Azərbaycanla bağlı daha dəqiq məlumat almaq
istəyən insanlar məhz "Azərbaycan”ın saytına müraciət edirlər.
Ötən il "Azərbaycan”ın 100 illiyi ərəfəsində
qəzetin internet səhifəsinin yeni versiyası istifadəyə verilib. Səhifənin tam olaraq
yeniləndiyini ana səhifədən görmək mümkündür. Yeni versiyada oxuculara qəzetin çap
versiyasını PDF formatında izləmək imkanı yaradılıb. "Azərbaycan”ın səhifələrində
respublikada cərəyan edən siyasi, iqtisadi, sosial, mədəni və humanitar proseslərin
operativ, dürüst şəkildə milli mənafe prizmasından işıqlandırılması bu gün onun
ümumxalq qəzetinə çevrilməsini təmin edib, oxucuların böyük etimadını və inamını
qazanmasına səbəb olub.
Aldığımız müraciətlərdən, telefon və internet
bağlantılarından informasiya mübadiləsini özündə cəmləşdirən yeni versiya xarici
ölkələrdə yaşayan oxucuların da ürəyincədir.
Ömrünün 101-ci ilinə çatan "Azərbaycan” bundan
sonra müstəqil dövlətimizin uğur və nailiyyətlərindən
qürur və sevinclə yazacaqdır.
Rəhman SALMANLI,
"Azərbaycan”