1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi - Azərbaycanın rəhbəri seçilən Heydər Əlirza oğlu Əliyev keçmiş SSRİ-nin geridə qalmış respublikası olan məmləkətimizi qısa müddət ərzində ön cərgəyə çıxardı, inkişaf etdirdi, nüfuzlandırdı, şöhrətləndirdi. Həmin ildə keçirilən məşhur avqust plenumu isə Azərbaycanın həyatında mühüm və şərəfli bir mərhələnin başlanğıcı oldu. 1969-1982-ci illər respublikada quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü.
Ulu Öndər hələ sovet dövründə böyük müdriklik və uzaqgörənliklə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdı. Biz bunu çox-çox sonralar - tarixin ağır sınaqları, imtahanları qarşısında qalarkən dərk etməyə başladıq. İndi uzaq-yaxın altmışıncı illərin mənzərəsinə nəzər salanda, əksər lövhələrdə tünd, qarışıq rənglərin şahidi oluruq. Ona görə də Heydər Əliyev ümumən respublikanın dirçəldilməsi naminə fəaliyyətə başladı - aqrar sahədən tutmuş sənaye, təhsil, mədəniyyət, ədəbiyyatın tərəqqisi də daxil məmur özbaşınalığı, qanunsuz yoxlamalara qon qoyulması zəminində sadə kütlələrin hüquqlarının qorunmasına qədər, necə deyərlər, bütün cəbhəboyu mübarizəyə qalxdı.
Həmin vaxtlarda iqtisadi sahədə də əsl durğunluq hökm sürürdü - istər istehsalın artım sürətinə, istərsə də keyfiyyət və səmərəlilik göstəricilərinə görə Azərbaycan keçmiş müttəfiq respublikalar arasında sonuncu yeri tuturdu. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublikada yaranmış sosial-iqtisadi durum hərtərəfli təhlil olundu, geriliyin səbəbləri aydınlaşdırıldı, onu aradan qaldırmağın və irəliyə doğru inkişafı təmin etməyin proqramı hazırlandı. 1974-cü ilin dekabr ayında çağırılan Azərbaycan KP MK-nın plenumu keyfiyyət məsələlərini müzakirə edərək bu istiqamətdə müxtəlif müəssisələrin, ictimai təşkilatların fəaliyyət proqramlarını müəyyənləşdirdi. Respublika iqtisadiyyatında yaranmış problemlər və onların həlli yolları ilə əlaqədar Sov.İKP MK-ya təkliflər ünvanlandı. "1976-1980-ci illərdə və sonrakı dövrdə Azərbaycanda sənayenin ayrı-ayrı sahələrinin inkişafı haqqında Azərbaycan KP MK-nın təkliflərinin nəzərdən keçirilməsi barədə" Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarının yerinə yetirilməsi tədbirləri müzakirə olundu, qarşıya yeni vəzifələr qoyuldu. Xalqın rəhbərə inamı, rəhbərin xalqa etibarı sayəsində ölkəmiz qısa müddətdə iqtisadi artım tempinə görə orta ittifaq səviyyəsini ötüb keçdi.
1969-cu ildən başlayaraq tikinti kompleksinin inkişafına xüsusi qayğı göstərilmiş, mövcud istehsal potensialından daha səmərəli istifadəyə başlanmışdır. 1969-1982-ci illərdə ölkə iqtisadiyyatının inkişafında, xüsusilə qeyri-neft sahəsində mühüm əhəmiyyəti olan 170-dən çox sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, mövcud müəssisələr yenidən qurulmuş, genişləndirilmiş və yeni istehsal sahələri istismara verilmişdir. 1969-1982-ci illərdə iqtisadiyyatın inkişafına 1920-1968-ci illər ərzində istifadə edilmiş kapital qoyuluşundan 4,5 dəfə çox vəsait yönəldilmişdir. Ümumi sahəsi 19,4 milyon kvadratmetr olan yaşayış evləri tikilmişdir.
O dövrdə Heydər Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişafı üçün də mühüm qərarlar qəbul edilib. "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını inkişaf etdirmək tədbirləri haqqında", "Azərbaycan SSR-də kənd təsərrüfatını daha da intensivləşdirmək tədbirləri haqqında", "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülük və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında" qərarlarda kənd təsərrüfatının vəziyyəti hərtərəfli təhlil olunub, əkinçilik və heyvandarlığın inkişafında mövcud nöqsanların aradan qaldırılması üçün tədbirlər planı hazırlanıb, kənd təsərrüfatının dinamik inkişafı məqsədilə intensivləşmənin tətbiqinə əsaslı vəsait qoyuluşunun artırılması məsələləri öz əksini tapıb.
Ölkə iqtisadiyyatının bütün sahələrində gəlirlərin artması dövlət büdcəsinin də ilbəil böyüməsini təmin etmişdir. 1969-cu illə müqayisədə 1982-ci ildə büdcənin gəlirləri 1,9 dəfə artmış, onun əsas hissəsi dövlət və kooperativ müəssisə və təşkilatlarının gəlir, mənfəət və dövriyyələrindən tutulan vergilərin hesabına formalaşmışdır. Həmin dövrdə kolxoz, kooperativ müəssisələr və ictimai təşkilatlardan gəlir vergisi üzrə daxilolmalar 4,7 dəfə, dövlət müəssisə və təşkilatlarından mənfəət və dövriyyədən vergilər üzrə daxilolmalar isə müvafiq olaraq 2,0 və 1,6 dəfə çoxalmışdır. Dövlət büdcəsinin vəsaitləri, əsasən, ölkənin istehsal qüvvələrinin inkişafına və əhalinin maddi və mədəni tələbatlarının ödənilməsinə xərclənmişdir.
Azərbaycan yenidən müstəqilliyə qovuşarkən xalqın israrlı xahişi ilə siyasi rəhbərliyə qayıdan Ümummilli Liderimiz ölkəmizi bir çox təhlükələrdən - siyasi və iqtisadi böhrandan, xaos və anarxiyadan, parçalanmaq və məhv olmaqdan, vətəndaş müharibəsindən xilas etdi. Məhz onun müdrik siyasəti sayəsində müstəqilliyimiz qorunub saxlanıldı və möhkəmləndi, ölkəmiz inkişaf yoluna çıxdı, beynəlxalq arenada tanınmağa başladı. Bu gün Azərbaycan dünyada söz və nüfuz sahibidir, regionun lider dövlətidir. Heydər Əliyev dühası dünəndən bu günümüzə, bu gündən isə sabahımıza körpülər salıb. Balanslaşdırılmış və milli mənafeyə əsaslanan dövlət siyasəti, ictimai-siyasi sabitlik, iqtisadi və elmi-texniki tərəqqi, təhsil, müasir və güclü ordu, kadr hazırlığı, xalqın rifahı, milli dəyərlər - bütün bunlar Ümummilli Lider Heydər Əliyevin başlıca strateji hədəflərindən idi. Bu gün tam əminliklə deyə bilərik ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün ali məqsəd və hədəflərinə yetişib. Ən başlıcası isə, ərazi bütövlüyümüz və dövlət suverenliyimiz təmin olunub. Dahi şəxsiyyətin adını daşıyan, beynəlxalq imici durmadan artan Heydər Əliyev Fondu da bu mənəviyyat bulağından qaynaqlanır. Milli mənafeyə, soykökümüzə bağlı xeyirxah missiyası ilə seçilən fond artıq sərhədləri aşıb, dünyanın bir sıra ölkələrində həyata keçirdiyi humanitar layihələrlə böyük nüfuz və şöhrət qazanıb.
Müasir müstəqil Azərbaycanın memarı, çağdaş dövr yeni intibah mərhələsinin banisi olan Heydər Əliyev şəxsiyyəti tükənməz və öyrənildikcə öyrəniləsi bir xəzinədir. Ulu Öndər Azərbaycanın söykəndiyi qranit dağdır. Onun uca zirvəsində bərq vuran Günəşin - Heydər Əliyev dühasının nuru ölkəmizin bütün dünyaya yönəlik siyasətini, xalqımızın gələcəyə gedən yollarını daim işıqlandıracaq.
Qurban MƏMMƏDOV,
"Azərbaycan"