Oktyabrın 30-u Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub. Döyüş əməliyyatları, əsasən, cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum cəhdlərinin qarşısı qətiyyətlə alınıb.
Gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd T-72 tankı, 1 PDM, 2 ədəd "Smerç" və 1 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, 2 ədəd "Qvozdika" özüyeriyən haubitsası, 1 ədəd "Osa" ZRK, 1 ədəd P-18 radiolokasiya stansiyası, 4 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Goranboy, Tərtər, Ağdam və Ağcabədi artilleriya atəşinə tutulub
Saat 07:35-dən başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulub. Ordumuz tərəfindən adekvat tədbirlər görülüb.
Düşmənə məxsus "Smerç" reaktiv sistemi məhv edilib
Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus "Smerç" yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkar edilib.
Bölmələrimizin dəqiq atəşi ilə düşmənin "Smerç" yaylım atəşli reaktiv sistemi sıradan çıxarılıb.
Müdafiə Nazirliyi qeyd olunan reaktiv sistemin məhv edildiyi anın videogörüntüsünü yayıb.
Prezident İlham Əliyev xalqa daha bir müjdəli xəbər verib
Prezident İlham Əliyev özünün "X" hesabında xalqa daha bir müjdəli xəbər verib. Paylaşımda deyilir: "Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vejnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir.
Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"
Düşmənin raket-artilleriya silah anbarı havaya uçurulub
Ermənistan mətbuatı guya Azərbaycan Ordusuna məxsus döyüş sursatı anbarının məhv edilməsi ilə bağlı növbəti yalan məlumat yayıb. Lakin düşmən həmin anbarın yaxın məsafədən çəkilmiş videogörüntüsünü məlumata əlavə etməklə öz saxtakarlığını bir daha ifşa edib.
Həqiqətdə isə oktyabrın 29-da gecə saatlarında Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazimizdəki yeni inşa edilmiş raket-artilleriya silahları anbarı bölmələrimiz tərəfindən məhv edilib.
Ermənistana məxsus daha 2 ədəd "Smerç" məhv edilib
Bərdə və Tərtər şəhərlərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus növbəti 2 ədəd "Smerç" yaylım atəşli reaktiv sisteminin tutduğu mövqelər bölmələrimiz tərəfindən aşkar edilib.
Saat 12:55 və saat 14:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin 2 ədəd "Smerç" yaylım atəşli reaktiv sistemi məhv edilib.
Müdafiə Nazirliyi reaktiv sistemlərin məhv edildiyi anın videogörüntülərini yayıb.
İrəvanın yalan məlumatları ifşa edilib
Ermənistanın yalan məlumatları bir daha ifşa edilib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, Xocalı rayonunun Qarabulaq kəndinin (keçmiş Əsgəran rayonunun Aknaxpyur kəndi) guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması nəticəsində mülki əhalinin xəsarət alması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.
Rəsmi olaraq bildirilib ki, Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi hədəflərə atəş açıb.
Ağdam istiqamətində düşmənə məxsus 1 ədəd "Osa" ZRK məhv edilib
Azərbaycan Ordusunun bölmələri düşmənin qüvvə və döyüş vasitələrini dəqiq zərbələrlə darmadağın edib.
Saat 20:25 radələrində cəbhənin Ağdam istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd "Osa" ZRK bölmələrimiz tərəfindən məhv edilib.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"