101 il öncə oktyabrın 28-də türk xalqının ulu öndəri Qazi Mustafa Kamal Atatürk ölkə rəsmilərini Çankaya köşkündə axşam yeməyinə toplayaraq məşhur "Əfəndilər, sabah Cümhuriyyəti elan edəcəyik" sözlərini işlədir.
Təqvim 1923-cü il 29 oktyabr tarixini göstərdikdə isə insanlarla dolu parlament binasına daxil olan Atatürk bir neçə görüş keçirdikdən sonra məclis kürsüsünə çıxaraq "Suverenlik qeyd-şərtsiz millətə məxsusdur" sözləri ilə Türkiyə Cümhuriyyətini elan edir. Binaya toplaşanlar bu ifadəni "Yaşasın Cümhuriyyət!" şüarı və alqışlarla qarşılayırlar.
Bunun ardından "Türkiyə dövlətinin idarəetmə şəkli respublikadır" başlıqlı qanun layihəsi və Qazi Mustafa Kamal Paşanın yeni Türkiyə dövlətinin ilk prezidenti seçilməsi təklifi Türkiyə Böyük Millət Məclisinə təqdim edilir və 158 parlament üzvünün səs birliyi ilə qəbul olunur.
Tarixə nəzər salsaq görərik ki, Türkiyə Cümhuriyyəti qurulduqda ölkədə vəziyyət olduqca acınacaqlı idi. Lakin ölkənin gələcəyinə inanan türk xalqı Mustafa Kamal Atatürk öndərliyində böyük inkişaf yoluna qədəm qoyur.
Yarandığı gündən ədaləti, demokratiyanı, insan hüquqlarını və bərabərliyi özünə rəhbər tutan Türkiyə dövləti təhsil, nəqliyyat, idman, infrastruktur, mədəniyyət kimi müasir dünyanın ehtiyaclarına cavab verən bütün sahələri sürətli inkişaf etdirməyə çalışır.
Türkiyə Cümhuriyyətinin qurulmasının ildönümləri həmişə türk dünyasında, xüsusilə də qardaş Azərbaycanda böyük coşqu və ruh yüksəkliyi ilə qeyd edilir, qarşılıqlı münasibətlərdə əldə edilmiş yaddaqalan uğurlarla xarakterizə olunur. Dünyada elə bir iki dövlət tapmaq olmaz ki, onlar Azərbaycan və Türkiyə qədər bir-biri ilə mənəvi, mədəni, etnik, iqtisadi, tarixi, siyasi tellərlə sıx bağlı olsun. Sözün əsl mənasında strateji tərəfdaş olan bu iki qüdrətli dövlət hazırda bir-birinin ən güvənli siyasi mütəffiqidir. Türkiyə qardaş ölkə olaraq 1991-ci il noyabrın 9-da Azərbaycanı müstəqil dövlət kimi tanımışdır. 1992-ci il yanvarın 14-də isə Türkiyə ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulmuşdur.
Həmin dövrdən başlayaraq iki qardaş ölkə arasında istər siyasi, iqtisadi, ticari, mədəni, enerji, hərbi, texnoloji və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq, istərsə də beynəlxalq təsisatlar çərçivəsində uğurlu işbirliyi yüksələn xətlə inkişaf etdirilir. Strateji müttəfiq olan Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir, ortaq maraqlardan çıxış edirlər. BMT, Avropa Birliyi, ATƏT və Avropa Şurasında rəsmi Bakı və Ankara vahid mövqedən çıxış edirlər.
Ulu Öndər tərəfindən möhkəm təməl üzərində inkişaf etdirilən Azərbaycan-Türkiyə siyasi əlaqələri Prezident İlham Əliyevin hakimiyyəti illərində daha yüksək zirvəyə çatdırıldı. Vətən müharibəsi günlərində və ondan sonrakı dövrdə isə qarşılıqlı hərbi-siyasi əməkdaşlıq yeni dəyərlər kəsb etdi.
Dünən Prezident İlham Əliyev türkiyəli həmkarını təbrik edərək Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvədə olmasından, sarsılmaz qardaşlıqdan böyük fərəh hissi keçirdiyini bildirdi.
Azərbaycan və Türkiyənin dost, qardaş olduqları 2023-cü ilin fevralında növbəti dəfə öz təsdiqini tapdı. Episentri Kahramanmaraş vilayətinin Pazarcık rayonunda olan və digər 9 vilayətində - Qaziantep, Malatya, Diyarbəkir, Kilis, Şanlıurfa, Adıyaman, Hatay, Osmaniyə və Adanada şiddətlə hiss edilən və böyük dağıntılara səbəb olan zəlzələdə Türkiyənin köməyinə çatan ilk ölkə məhz Azərbaycan oldu. Bu türk mediasının, ictimaiyyətinin xüsusi diqqət mərkəzində yer aldı. Azərbaycan xilasedicilərinin şücaəti qardaş ölkənin bir neçə yüz minlik tirajlı qəzetlərinin, baxış sayı milyona çatan internet portallarının, sosial şəbəkədəki səhifələrin əsas manşet mövzusuna çevrildi.
Prezident İlham Əliyevin tapşırığı ilə Kahramanmaraş bölgəsində zəlzələdən zərərçəkənlərə ilkin qiymətləndirilməsi 100 milyon dollardan artıq olan min evlik şəhərin salınması dövlət başçısından sıravi vətəndaşa qədər hər bir azərbaycanlının Türkiyə sevgisinin simvolu idi. "Yaxşı ki, varsan, qardaş!" başlığı demək olar ki, əksər KİV-in manşet xəbəri oldu.
Göründüyü kimi, iki dövlət arasında münasibətlərin, əslində, başqa bir məcrada inkişafı da mümkün deyil. Əksinə, hər yeni sınaq, meydana çıxan çətinlik ölkələrimiz, xalqlarımız arasında qardaşlıq bağlarını daha da möhkəmləndirməkdədir.
Elçin CƏFƏROV,
"Azərbaycan"