11 Aprel 2025 09:25
472
İQTİSADİYYAT
A- A+
Yol gözləyən qatarlar, qatar gözləyən yollar

Yol gözləyən qatarlar, qatar gözləyən yollar


Ömrümüz boyu yaşadığımız elə yaddaqalan günlər, hadisələr var ki, onları heç vaxt unuda bilmirik. 2020-ci ilin payızında da həyatımızın ən əlamətdar günlərini yaşadıq. Azərbaycan Ordusu gücü, qüdrəti və qətiyyəti ilə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında 30 ilə yaxın davam edən erməni işğalına son qoydu. Uzun illər düşmən tapdağında qalmış şəhər və kəndlərimiz hərbçilərimizin qəhrəmanlığı sayəsində bir-birinin ardınca işğalçılardan təmizləndi. 

Həmin günlər azad olunan yaşayış məntəqələrindən biri də qoynunda dünyaya göz açdığımız Zəngilan rayonunun Babaylı kəndi idi. Uzun çəkən ayrılıq, həsrət və intizardan sonra bu günlər böyük sevinc və fərəh içində kəndimizə getmişdik. Şükürlər olsun ki, ilıq payız günlərinin birində 30 ildən çox davam edən ayrılıqdan, həsrətdən sonra ayağımız doğma ocaqlarımıza dəydi. Həmin anlar sevincimizdən dilimizdə bu sözlər tumurcuqladı: "Gözün aydın, Vətən, biz qayıtmışıq!" 

Kəndimizin hər addımında, hər qarışında erməni vəhşiliyinin, erməni vandalizminin qanlı izləri qalmışdı. Uçurulub yerlə yeksan edilmiş evlərin hamısı eyni görkəmə düşmüşdü. Dağıdılıb viran qoyulmuş hər yer qan ağlayır, hər yer qəm püskürürdü. Bu dəhşətli mənzərələr ürəyimizi dağlayır, qəlbimizi sızladıb göynədirdi. Amma ata-baba yurdumuzun yuxarı tərəfini gəzəndə gördüklərimizdən ürəyimiz açıldı, sanki qəlbimizin sızıltısı bir az kəsdi, göynərtisi azaldı. Kəndimizin baş tərəfindən dəmiryol xətti çəkilmişdi. 

Bu dəmir yolu əvvəllər Babaylıdan 5 kilomert uzaqda yerləşən Həkəri stansiyasından keçirdi. Sevincimizə səbəb olan o idi ki, bu dəmir yolu xətti kəndimizi ölkənin paytaxtı ilə birləşdirirdi. Nə böyük xoşbəxtlik, nə böyük sevinc! Artıq qatarları qəbul etməyə hazır olan qoşa qanada oxşayan dəmir yolu xəttini görəndə xatirələr əlimizdən tutub bizi ötən illərə, yurdumuzun nisgili ilə yaşadığımız, için-için həsrət oduna yandığımız günlərə apardı. 

Bir axşam yenə də cəbhə bölgəsinə ezamiyyətə gedəcəkdik. Səhər tezdən dəmiryol vağzalına gəlib qatara bilet aldıq. Gecikməmək üçün axşam da evdən bir az tez çıxdıq. Metrodan çıxanda saata boylandıq. Qatarın yola düşməsinə 15-20 dəqiqə qalırdı. Gec deyildi. Həmişəki kimi ətrafda yaman səs-küy, sıxlıq var idi, sərbəst addım atıb irəliləmək mümkün deyildi. Bu cür sıxlığa baxmayan xırda alverçilər boğazlarına güc verib yorulmadan hündürdən səslənərək axşam-axşam özlərinə müştəri soraqlayırdılar. Yaxınlıqdakı geniş küçədən ötüb keçən maşınların uğultusu, zəhlətökən aramsız siqnalları kəsilmirdi. Axşamın qaranlığında hər şey bir-birinə qarışmışdı. 

Dəmiryol vağzalının geniş meydanına çıxanda bir şairin "Vağzallarından tanınır şəhərlər" misrası yadımıza düşdü. Doğrudan da, bu misrada böyük həqiqət var. İstər dəmir yolu vağzalları, istərsə də avtovağzallar şəhərlərin sifətidir. Gələn qonaq-qara birinci dəfə hər hansı bir şəhərə qədəm qoyanda əvvəlcə vağzalların "üz"ünü görür. Buna görə də həmişə şəhərimizin "üz"ünü təmiz saxlayırıq ki, onu görənlər elə ilk görüşdən, ilk baxışdan onu sevsinlər, vurğunu olsunlar. 

Şairin bu xoşagələn misrasını özümüz üçün pıçıldaya-pıçıldaya pilləkənlərlə yuxarı qalxdıq. Günün bütün vaxtlarında - istər gündüz, istərsə də gecə olsun, həmişə dəmir yolu vağzalının üst tərəfindəki kiçik dairənin yanına qədəm qoyanda eyni mənzərə ilə qarşılaşırdıq. Bir yerdə dayanmayan, ora-bura gəzişən taksi sürücülərini gələnlərin, gedənlərin qabağına yüyürə-yüyürə özlərinə müştəri axtaran görürdük. İki binanın arasından, tunelə bənzəyən yerdən keçən kimi qarşımızda geniş mənzərə açılırdı. 

Əvvəlki vaxtlarına baxanda dəmiryolu vağzalı öz libasını xeyli dəyişmişdi. Meydan əsaslı təmir olunmuş, diametri balaca olsa da, fəvvarə tikilmişdi. Gələn qatarları gözləmək üçün çox da iri olmayan səliqəli oturacaqlar quraşdırılmışdı. Platforma və yolları göstərən elektron tablolar uzaqdan görünən hündür yerlərə vurulmuşdu. Yan-yana düzülmüş lampalardan süzülən rəngbərəng işıqlar ətrafa xüsusi yaraşıq verir, sanki yer üzünə, göy üzünə nur çiləyirdi. 

Bələdçi əlindəki balaca fanarla sənədlərimizin üstünə işıq salıb diqqətlə yoxlayandan sonra bizi vaqona buraxır. Yerlərimizi biletə uyğun dəqiqləşdirib otururuq. "Məlumat bürosu"nda iş başında olan qadın isə heç yerə tələsmədən, yorulmadan incə, ürəyəyatımlı səsi ilə qatarların vağzala daxil olmasını və yola düşməsini elan edir. Yenə də səs-səsə qarışır. Elə bil vağzalın bütün səs-küyü arxamızca düşüb, vaqonun pəncərəsindən içəri dolur. Nəhayət, deyəsən, yola düşmək növbəsi bizim qatara da çatır. Vağzal yenə də qadının məlahətli səsinə bürünür: "Bakıdan Qazaxa gedən qatarın yola düşməsinə beş dəqiqə qalır..." 

Bu anlar fikrə gedib düşünürük ki, gör neçə illərdir yollardayıq. Ömrümüzün bir hissəsi dəmir relslər üzərində, vaqonlarda keçir. Nədəndirsə, həmişə qatarların vağzala daxil olması və yola düşməsi məlumatlarını qadınlar səsləndirirlər. Artıq vərdiş etdiyimizdən bu səs sanki ruhumuza, qanımıza hopur. Hər gün xidmətindən istifadə etdiyimiz metroda da belədir. 

Bizi mənzilbaşına aparacaq qatara hələ də miniyin davam etməsi barədə məlumat veriləndə bir anlıq xəyallar bizi ötən çağlara, artıq yaşanmış və arxada qalmış günlərə apardı. O illər qoynunda dünyaya göz açdığımız Zəngilan torpağına gedəndə də beləcə kupedə oturub "Bakı-Qafan" qatarının yola düşəcəyini gözləyirdik. Həmin günlərdə də indiki kimi ölkəmizin müxtəlif istiqamətlərinə yola düşən qatarların vaxtını, yerini və platformasını qadınlar elan edirdilər. O vaxtlar ürəyimizdən elə keçirdi ki, qatarla Gəncəyə, Qazaxa, Tovuza, Ağdama, eləcə də başqa rayonlara, şəhərlərə gedək. O yerləri də görək, o yerləri də gəzək. 

Lakin üstündən illər keçəndən sonra hər şey əksinə olmuşdu. İndi "Bakı-Qazax" qatarında oturub "Bakı-Qafan"la doğma ocaqlarımıza getməyin həsrətini çəkirik. Yenidən o günlərə, o illərə qayıtmağı arzulayırdıq. Ata-baba yurduna gedib dogma ocaqlarımızı addım-addım gəzmək istəyirdik. 

Bizi xəyallardan qatarların yola düşməsini xəbər verən xanımın məlahətli səsi ayırdı. Qadın həzin-həzin tələsmədən "Bakıdan-Qazaxa gedən qatar ikinci yoldan, ikinci platformadan yola düşür. Sərnişinlərdən xahiş olunur ki, vaqonlarda yerlərini tutsunlar. Yaxşı yol, hörmətli sərnişinlər!" dedi. 

Qatarın yola düşməsi xəbəri veriləndən az sonra bir-birinə qoşulan vaqonların aramsız taqqıltısı eşidildi. Zəif təkan bizim kimi şirin xəyallar içində olan başqa sərnişinləri də silkələyib oyatdı. Vaqonlar ağır yüklü maşınlar kimi asta-asta yerindən tərpəndi. Çox keçmədi ki, səs-küylü dəmiryol vağzalı arxada qaldı. Qarşıda isə bizi birgecəlik uzun yol gözləyirdi. 

Sabah görüləsi işlərimiz çox idi. Nə qədər iş-gücümüz çox olsa da, başımız qarışsa da, doğma ocaqlar, dədə-baba yurdumuz, qoynunda dünyaya göz açdığımız torpaqlar, əzizlərimizin məzarları, evimiz, həyətimiz, bağ-bağçamız, Həkəri çayının sahilləri və başqa yerlər yaddan çıxmırdı. Şəhər və kəndlərimizin erməni işğalçılarının əlinə keçməsi bizi için-için yandırırdı. Düşmənə lənətlər yağdıra-yağdıra dogma ocaqlarımıza dönəcəyimiz günün həsrətini çəkirdik. 

Həmin illərdə, günlərdə fikirləşirdik ki, torpaqlarımızın işğalı əbədi ola bilməz. Daimi gücünü artıran Azərbaycan Ordusu günlərin birində erməni qəsbkarlarını qovub yurdumuzdan çıxaracaq, torpaqlarımız işğaldan azad olunacaq. Xoşbəxt, gözəl günlərin birində yenə də "Bakı-Zəngilan" qatarı ilə doğma ocaqlarımıza getmək üçün yola çıxacağıq. Gecələr yol gedən qatar həmişəki kimi yenə də bizi səhər-səhər mənzil başına - Həkəri stansiyasına çatdıracaq. Oradan isə sevinə-sevinə kəndimizə yollanacağıq. Uzun illərdən sonra dədə-baba ocaqları yenə də doğmalarını ağuşuna alacaq. Yenə də qismətimizə düşən ömrümüzü dədə-baba yurdumuzda yaşayacağıq. Neçə illərdən bəri quruyub, yanmış çöllər, tarlalar yaşıl dona bürünəcək. Yenə də gen dərələrin döşündə quzular otlayacaq, yenə də bağlarda bülbüllər oxuyacaq. Yenə də… 

Hələliksə haradasa dayanmış həsrət qatarı öz yolunu, öz platformasını intizarla gözləyirdi. Elə intizar içində qalmış sərnişinlər də onları doğma ocaqlarına aparacaq qatarın dayandığı yolu, platformanı axtarırdılar. "Məlumat bürosu"ndan isə uzun illər idi ki, bu bərədə heç bir xəbər verilmirdi. Heç bayaqdan bəri sərnişinlərə müxtəlif məlumatlar verən qadının da məlahətli, ürəyəyatımlı səsi eşidilmirdi. Nədənsə, o da susub qalmışdı, bu barədə heç nə danışmırdı. Sərnişinlər də neçə illərdir ki, intizar və həsrət içində həmin günü, həmin anı gözləyirdilər.

Şəhərdən uzaqlaşandan sonra hiss olunurdu ki, qatarın sürəti yavaş-yavaş artır. Bir az açıq qalmış pəncərədən kupemizə sərin hava dolurdu. Dəmir təkərlərdən qopan ritmik səslər vaqondakıları bezdirmir, əksinə, onlara şirin yuxu gətirirdi. Relslər üstündə sürətlə şütüyən elektrovoz bütün gücü ilə ar-dınca karvan kimi düzülmüş vaqonları darta-darta içindəki sərnişinləri bölgələrə aparırdı. Erməni işğalında qalmış doğma ocaqlarımızı düşündükcə yuxu gözlərimizə yaxın gəlmirdi. Gecənini bu vaxtında da ata-baba yurdumuzun həsrəti ürəyimizi yandırırdı. Belə yuxusuz, narahat anlarında da olsa, arzulayır, xəyal qururduq ki, kaş gecənin sakitliyində yol getdiyimiz bu qatar günlərin birində bizi Zəngilana, Qubadlıya, Laçına, Ağdama, Əsgərana, Xocalıya, Xankəndiyə, Şuşaya və işğal altında qalmış başqa bölgələrimizə aparaydı. Sevincini yaşayacağımız xoş günlərin birində xəyallarımız gerçəkləşəydi, arzularımız çiçək açaydı, gül qoxuyaydı...

Şükürlər ki, 30 ildən sonra da olsa, xəyallarımız gerçəkləşdi, arzularımız çiçək açdı, istəklərimiz gül qoxudu. Xəyallarımız isə öz-özünə, hansısa sehirli bir qüvvənin əli, çubuğu ilə, əməli ilə gerçəkləşmədi. Arzularımızı, xəyallarımızı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında gerçəkləşdirdi. Ordumuzun bir-birindən cəsur zabit və əsgərləri torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük igidlik və qəhrəmanlıqlar göstərdilər. Xalqımızı sevindirən, onu qürurlandıran Zəfər də bu qəhrəmanlıqdan, igidlikdən doğub dünyaya göz açdı. 

Nə xoşbəxtik ki, Zəngəzura, Naxçıvana gedib çıxacaq dəmiryol xətti bizim də kəndimizdən keçir. Deməli, illərdən bəri həsrətində olduğumuz, ürəyimizdə yuva qurmuş arzumuzun həyata keçməsinə lap az qalır. Çox keçməyəcək ki, Bakıdan yola düşəcək qatar Zəngəzurdan keçməklə Naxçıvana gedib çıxacaq. Bu qatar bizi də Zəngilana aparacaq. Gözəl günlərin, gecələrin birində ölkəmizin paytaxtındakı dəmir yolu vağzalında çoxdan bəri gözlənilən tarixi hadisə yaşanacaq, arzular çiçək açıb reallaşacaq. "Məlumat bürosu"nda çalışan qadın yenə də məlahətli, ürəkaçan səsi ilə elan edəcək: "Hörmətli sərnişinlər, "Bakı-Zəngilan" qatarı üçüncü platformadan, ikinci yoldan yola düşür. Sərnişinlərdən xahiş olunur ki, vaqonlarda yerlərini tutsunlar. Yaxşı yol, hörmətli sərnişinlər!" 


V.MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!