20 Yanvar 2026 09:10
436
Mədəniyyət
A- A+
Yazarlarımızın qələmində əbədiləşən 20 Yanvar

Yazarlarımızın qələmində əbədiləşən 20 Yanvar


Milli azadlıq uğrunda mübarizə  yolunda baş verən tarixi hadisələr yaradıcı insanların  hər zaman müraciət etdiyi mövzulardandır. "Kitabi-Dədə Qorqud"dan, Koroğludan, Nizamidən, Füzulidən, Qətran Təbrizidən üzü bəri nəsrdə, poeziyada, hətta musiqi və rəssamlıqda buna dair onlarca nümunə göstərmək mümkündür.

Tarixdə baş verən ictimai-siyası hadisələri və digər fəlakətləri xalq necə yaşayıbsa, yaradıcı insanlar həmin hadisələri bədii ifadə vasitələri ilə gələcək nəsillərə olduğu kimi çatdırmağa çalışıblar. Bu mənada ötən əsrdə, yəni 36 il öncə - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının əli ilə Azərbaycan xalqının müstəqillik arzusunu boğmaq məqsədilə törədilən qətliam xalqımızın qan yaddaşından heç vaxt  silinməyən və qələm sahiblərimizin hər zaman müraciət etdiyi mövzulardandır.

Qürur və ürək ağrısı ilə qeyd etdiyimiz  20 Yanvar faciəsi - Bakının qan gölünə  çevrilməsi Azərbaycan ədəbiyyatında istər nəsrdə, istərsə də poeziyada zaman keçdikcə daha qabarıq görünür. O müdhiş şənbə gecəsində dinc əhalinin, günahsız insanların qanlarına qəltan edilməsinə fərman verənlər nifrətlə xatırlanır, yaşından və cinsindən asılı olmayaraq şəhidlik zirvəsinə yüksələn azad ruhlu insanlar ehtiramla anılır. Bu Qanlı Yanvar gecəsinə 36 illik zaman məsafəsindən baxanda o günlərin müdhişliyi, vahiməliyi ilə yanaşı, insanların yenilməzliyinin, azadlıq səsinin imperiya cəlladları tərəfindən batırıla bilməyəcəyinin şahidi olursan. Xalqımız öz azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizə meydanlarında mətinlik və əyilməzlik göstərib, tanklar, zirehli texnika və müasir silahlarla təchiz edilmiş əksəriyyəti ermənilərdən ibarət sovet qoşunları ilə əliyalın mübarizəyə çıxmaqla bu yolda şəhid olmaqdan belə çəkinməyib. Paytaxtın ən uca yerində yerləşən Şəhidlər xiyabanının ziyarət məkanına çevrilməsi də məhz inamdan irəli gəlir.

O müdhiş şənbə gecəsinin reallıqları Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Qabilin, Nəbi Xəzrinin, Anarın, Çingiz Abdullayevin, Fikrət Qocanın, Cabir Novruzun, Xəlil Rza Ulutürkün, Mədinə Gülgünün, Mirvarid Dilbazinin, Məmməd Aslanın, Tofiq Mütəllibovun, Şahmar Əkbərzadənin, Nüsrət Kəsəmənlinin, Musa Ələkbərlinin, Musa Urudun, Kəmalə Abıyevanın, Rafiq Səməndərin (adı unudulanlar bizi bağışlasın) və digər vətənpərvər söz və qələm adamlarının elegiyalarında, etiraz ruhlu şeirlərində və püblisistik əsərlərində boy verib boylanmış, dağı-daşı yandırmışdır. Yazıçı-dramaturq Tamara Vəliyevanın Yanvar hadisələrindən bəhs edən "Mənim ağ göyərçinim" tamaşası 1999-cu ildən müxtəlif dövlət teatrlarında səhnələşdirilmişdir.

Hər kəsə məlumdur ki, bu faciə baş verdikdən sonra şairlərimiz, yazıçılarımız qələmə sarılaraq xalqımızın fəryadını dünyaya car çəkmişlər. Şəhidlər xiyabanını al-qırmızıya bələyən qərənfillər Məmməd Aslanın qələmində ağlamış, qərənfil yağışlı, matəm baxışlı misralar anaların ağısına, fəryadına qarışmışdır.

Bu fəryada o gecədən şəhidlərimizin anası obrazına çevrilən Xalq yazıçısı Əzizə Cəfərzadənin dilindən qopan ağı-bayatılar ürəkləri sızlatmışdır... "Sən məni dəryaz kimi biç, nə qədər bacarırsan biç, amma mənim şəhidlərimin qanı torpağa toxum kimi düşüb. Hər yerdən boy verib cücərəcək". Qabilin "Mərsiyə"si, Məmməd Aslanın "Ağla, qərənfil, ağla" şeiri, Bəxtiyar Vahabzadənin  "Şəhidlər" poeması, Nəriman Həsənzadənin "Şəhidlər xiyabanı" şeiri, Rafiq Səməndərin "Şəhidlər" kitabı və digər bu kimi əsərlər oxucuların stolüstü kıtablarına çevrilmişdir. Zəlimxan Yaqub, Nəbi Xəzri, Cabir Novruz, Xəlil Rza Ulutürk, Məmməd Araz, Sabir Rüstəmxanlı, Fikrət Qoca, Musa Yaqub, Hidayət, Sabir Əhmədli, Arif Abdullazadə, İsi Məlikzadə, Musa Ələkbərli  kimi ədiblərimiz, ümumiyyətlə, bölgələrdən belə əli qələm tutan yazarlarımız  davamlı olaraq 20 Yanvar faciəsindən yazmışlar. Yazmışlar ki, gələcək nəsillərimiz heç bir vaxt bu faciəni unutmasınlar.

Yaxın illər işıq üzü görən bir çox bədii və araşdırma kitabında da 20 Yanvar faciəsinin mahiyyətindən genişliyi ilə bəhs olunur. Azərbaycan Milli Kitabxanasından verilən məlumata görə, son illər Azərbaycan və rus dillərində Qanlı Yanvar hadisələri ilə bağlı onlarca nəşr kitabxanaya təqdim edilib. Yazıçı Aqil Abbasın "Dolu" romanı, şair Şamxal Rüstəmin "Şəmkir şəhidləri", jurnalist Vahid Məhərrəmovun "Qanlı gecə, qanlı tarix", Niftalı Şıxların "Dünyamızın 20 Yanvar faciəsi", Məzahir Süleymanzadənin "20 Yanvar: güllələnmiş qəzet", Mədinə Qasımovanın "Ağla, qərənfil, ağla" və "İ mertvıe pobejdayut" ("Ölülər də qalib gəlir"), Təhməz Şəmkirlinin (Əliyev) "1990-cı il Qanlı Yanvar izləri" və faciədən bəhs edən digər müəlliflərin əsərləri kitabxananın fondunda yer alıb. Filologiya elmləri doktoru Almaz Binnətova isə şəhid Ülvi Bünyadzadənin əsərlərinə ön söz və şərhlər yazaraq nəşr etdirib. Bu hadisədən bəhs edən adını qeyd etdiyimiz və qeyd edə bilmədiyimiz əsərlərin ideya qayəsinin kökündə həm də o dayanır ki, 20 Yanvar hadisələrinin təfərrüatlarını hər bir azərbaycanlı bilməlidir və unutmamalıdır. 

Bədii ədəbiyyatda tarixiləşən bu qəbildən olan əsərlərin ekrana gətirilməsi  Azərbaycan kino xadimlərinin də daha çox müraciət etdiyi mövzulardan olmuşdur. Kinoşünas Aydın Kazımzadənin dediyi kimi, hadisələrin baş verdiyi həmin gecə operatorlarımız bu qətliamın ən ağrılı anlarını ekranın yaddaşına köçürmüşlər. Müxtəlif illərdə lentə alınan "Azadlığa gedən yollar", "Qəsd", "Matəm", "Şəhidlərdən şəhidlərə", "Bakıda insan ovu", "Şəhidlər və qazilər", "Şəhidlik zirvəsi", "Cənubda Şimal küləyi" və digər sənədli film nümunələri 20 Yanvar faciəsinin ağrılarını yaşadan sənədli kino əsərləridir. 

Bu əsərlərlə tanışlıqdan  o da məlum olur ki, Azərbaycan dövləti və xalqı öz şəhidlərini heç vaxtı unutmur. 20 Yanvar hadisələri nəticəsində şəhid olmuş ailələrin sosial vəziyyəti daim dövlətin diqqət mərkəzindədir.  Prezident İlham Əliyevin dediyi kimi, "Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur". 

Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə "20 Yanvar Şəhidi" fəxri adı təsis edilib. Ulu Öndərin sərəncamı ilə 1998-ci il avqustun 5-də Bakı şəhərindəki Şəhidlər xiyabanında "Əbədi məşəl" abidə kompleksi ucaldılıb. 2010-cu ildə Bakının Yasamal rayonundakı "20 Yanvar" dairəsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi inşa olunub. Kompleksin üzərində faciə zamanı həlak olmuş 147 nəfərin adı və soyadı həkk edilib. Ölkəmizdə həmçinin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşıb. 

Yazarlarımızın əbədi mövzusu olan 20 Yanvar faciəsi heç vaxt unudulmur, heç vaxt yaddan çıxmır. Hər il olduğu kimi, bu gün də qədirbilən xalqımız  20 Yanvar facəsi qurbanlarının uyuduğu müqəddəs məkana gedir, Azərbaycanı bugünkü kimi azad, müstəqil və suveren görmək arzusu ilə canlarını fəda etmiş şəhidlərimizi ehtiramla ziyarət edir, ruhlarına dualar oxuyur, məzarları üzərinə gül-çiçək dəstələri qoyurlar.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Davosda Prezident İlham Əliyev ilə Prezident Donald Tramp arasında görüş keçirilib YENİLƏNƏCƏK  

16:24
22 Yanvar

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib  

15:59
22 Yanvar

Prezident İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirak edib YENİLƏNİB  

15:58
22 Yanvar

Davos Forumunun Azərbaycan üçün real nəticəsi  

15:54
22 Yanvar

Tərtərdə DOST filialı fəaliyyətə başlayıb

15:53
22 Yanvar

Parlamentin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib  

15:33
22 Yanvar

Tramp: İran danışıqlar aparmaq istəyir

15:16
22 Yanvar

Donald Tramp: BMT müharibələri bitirmək üçün kifayət qədər səy göstərməyib  

15:01
22 Yanvar

Əmək və əhalinin sosial müdafiəsi naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyib  

14:53
22 Yanvar

ABŞ Prezidenti: Ukrayna Rusiya Prezidenti Vladimir Putin üçün “gözünün ağı” olub  

14:49
22 Yanvar

ABŞ İŞİD məhbuslarını Suriyadan çıxarır  

14:48
22 Yanvar

Donald Tramp: Bu gün dünya daha təhlükəsiz və sabit yerə çevrilib

14:43
22 Yanvar

ABŞ-ın müvəqqəti işlər vəkili: Azərbaycan və Ermənistan hökumətləri tərəfindən ticarət əlaqələrinin bərpası istiqamətində atılan son addımları alqışlayırıq  

14:43
22 Yanvar

Tramp: Yaxın zamanda daha bir münaqişəni həll edəcəyik  

14:42
22 Yanvar

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan liderləri mənimlə dostdurlar  

14:39
22 Yanvar

Donald Tramp: Biz 8 müharibəyə son qoyduq

14:33
22 Yanvar

Azərbaycanla NATO arasında əməkdaşlıq imkanları müzakirə olunub  

14:28
22 Yanvar

Baş katib: TÜRKPA parlament sədrlərinin ilk qeyri-rəsmi görüşü keçiriləcək  

14:21
22 Yanvar

Azərbaycan klublarının UEFA Çempionlar Liqasında vurduğu qolların sayı 150-yə çatıb  

14:11
22 Yanvar

Avropada qazın qiymətində rekord bahalaşma qeydə alınıb  

14:03
22 Yanvar

Media: Tramp Qrenlandiyanın hər bir sakininə 1 milyon dollar ödəyə bilər  

13:52
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!