04 Mart 2026 08:15
1777
CƏMİYYƏT
A- A+
Xocalıya dönüş - ədalətin qələbəsi

Xocalıya dönüş - ədalətin qələbəsi


Otuz dörd il əvvəl - 1992-ci il fevralın 26-dan 27-nə keçən gecə bu şəhərdə dəhşətli faciələr baş verdi. Erməni quldurlarının od vurub yandırdıqları Xocalı alovlar içində sakinlərinin ah-nalələrinə, fəryadlarına şahidlik etdi. Azğınlaşmış düşmən o gecə Xocalı adlı Azərbaycan şəhərini Yer üzündən silirdi. Qarlı, şaxtalı həmin fevral günündə işğalçıların zülmündən baş götürüb evindən, yurdundan qaçmaq məcburiyyətində qalan soydaşlarımız şəhid oldu. Təcavüzkar ermənilər əsir götürdükləri xocalılara işgəncələr verdilər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dəhşətli soyqırımı törətdi. Faciə zamanı qətlə yetirilən 613 nəfərin 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl insan idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirdi.

O müsibətli günlər on illərin uzaqlığında qalıb. Ancaq yaraları sağalmayıb. Heç zaman da nə tamamilə sağalacaq, nə də unudulacaq…

Lakin bu gün təsəllimiz böyük, sevincimiz sonsuzdur. Çünki Şərqi Zəngəzurun, Qarabağın digər əraziləri - Cəbrayıl, Qubadlı, Laçın, Füzuli, Ağdam, Şuşa, Kəlbəcər, Ağdərə, Xocavənd kimi Xocalı da öz əzəli sahiblərinindir. 2020-ci ildə baş verən Vətən müharibəsində və 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatında müzəffər Azərbaycan Ordusunun qazandığı böyük qələbələr nəticəsində Ermənistanın otuz il davam etdirdiyi işğala son qoyuldu.

Onilliklər ərzində əsarət altında saxladığı Azərbaycan ərazilərini Ermənistan xarabalığa çevirmişdi. İşğalçı ermənilər özlərinin olmayan Şərqi Zəngəzurda, Qarabağda dağıntılar törətmiş, nəinki kəndlərini, qəsəbələrini, şəhərlərini yerlə yeksan etmişdilər, təbii sərvətlərini talamışdılar. O yerlərin təbiətinə belə qıymış, saf bulaqlarını, sıx meşələrini məhv etmişdilər.

İndi Azərbaycan dövləti o əraziləri xarabalıqdan gülüstana çevirir. Erməni vandalların dağıtdıqları, məhv etdikləri yurdlar yenidən bərpa edilir. Qarabağda, Şərqi Zəngəzurda müasir standartlara cavab verən yeni yollar çəkilir, infrastrukturlar qurulur, kəndlər, qəsəbələr, şəhərlər salınır. Keçmiş məcburi köçkünlərin yurd həsrəti bitir. Onlar tədricən yurdlarına qayıdırlar.

Qarabağın və Şərqi Zəngəzurun Ermənistan tərəfindən 1990-cı illərdə işğal olunması, on illər ərzində əsarətdə qalması, o ərazilərin əsl sakinlərinin - azərbaycanlıların başlarına gətirilən müsibətlər, işgəncələr artıq Zəfər tariximizin o üzündə qalıb. Bu üzdə sevinc, qürur içində yurduna dönən qarabağlılar, şərqi zəngəzurlular var. Ancaq həmin illər tarixin səhifələrinə əbədi həkk olunub. Bu hadisələr xalqımızın yaddaşından heç vaxt silinməz. 

Fevralın 26-da Xocalı Soyqırımı Memorialının açılış mərasimində yaşanan hisslər bunu bir daha təsdiq etdi. Həmin gün Xocalı torpağında kədər, qüssə, sevinc və qürur dolu tarixi anlar yaşandı.

Xocalı Soyqırımı Memorialı Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı sərəncama əsasən yaradılıb. Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb.

Xocalı şəhərində ucaldılan Xocalı Soyqırımı Memorialının açılışında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri iştirak etdilər. Dövlətimizin başçısı abidənin önünə əklil qoyaraq, 34 il əvvəl qətlə yetirilmiş günahsız soydaşlarımızın xatirəsini ehtiramla andı.

Sonra Prezident İlham Əliyev, birinci xanım və ailə üzvləri Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər. 

Görüşdə çıxış edən dövlətimizin başçısı vurğuladı ki, Xocalı soyqırımı Ermənistan dövləti, erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı, insanlığa, bəşəriyyətə qarşı törədilmiş qanlı hərbi cinayətdir. Bunun məsuliyyətini Ermənistan dövləti daşıyır: "Azərbaycan xalqı üçün bu, ən böyük faciədir. Bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün, bizim haqq işimizi dünya birliyinə təqdim etmək üçün həm Azərbaycan dövləti, həm ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, demək olar ki, bir çox qurumlar fəal çalışıblar. Burada xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istərdim. Fond yarandıqdan dərhal sonra "Xocalıya ədalət!" genişmiqyaslı hərəkatına start verdi. Bu təşəbbüsü Fondun vitse-prezidenti Leyla Əliyeva həyata keçirirdi. Son 20 il ərzində onun təşəbbüsü ilə dünyanın bir çox ölkələrində bir çox tədbirlər, təqdimatlar, simpoziumlar, konfranslar keçirilmişdir, bir çox kitablar, broşürlər, bukletlər dərc edilmişdir. Çünki Ermənistan dövləti, dünya erməniliyi və dünya erməniliyinin, Ermənistan dövlətinin arxasında duran dövlətlər bu qanlı faciəni ört-basdır etməyə çalışırdılar". Dövlətimizin başçısı qeyd etdi ki, hətta erməni təbliğatçıları Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdılar: "Əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bu gün bəlkə də dünyada Xocalı soyqırımı ilə bağlı həqiqətə uyğun məlumat olmayacaqdı. Məhz bizim təkidli səylərimiz nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanıyıb və bu proses davam etdirilir".

Dövlətimizin başçısı qeyd etdi ki, Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir. Bu kompleks silinməz yaddaşımızın təcəssümü olacaq. Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır.

Memorial Kompleksin açılışında iştirak edən Xocalı sakinlərinin demək olar ki, hər birinin öz yaxınlarını, qohumlarını, doğmalarını itirdiklərini, uzun illər ərzində bu ağrı ilə, bu kədərlə yaşadıqlarını diqqətə çatdıran Prezident İlham Əliyev bildirdi: "Öz yaxınlarını itirən, öz torpağını itirən, öz doğma diyarından didərgin salınan insanlarda gör nə qədər iradə olmalı idi ki, bütün bunlara dözə bilsinlər və dözdülər də. Çünki onları saxlayan inam idi, ədalətə inam, dövlətə inam, ordumuza inam".

Görüşdə söz alan Nərgiz Mahmudovanın 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qəddar ermənilər tərəfindən Xocalı faciəsi törədiləndə 9 yaşı olub. İşğalçıların zülmündən baş götürüb qaçan Nərgiz Mahmudova və ailə üzvləri əsir götürülüb və dəhşətli işgəncələrə məruz qalıblar. Çətinliklə əsirlikdən qurtulsalar da, o zaman aldıqları yaralar bu gün də sağalmayıb:  "Donvurma nəticəsində ailə üzvümüzdən beş nəfərin ayağı kəsildi, ikinci qrup əlilik. Mənim atamla anamın ayağının yarası bu günə qədər də sağalmayıb.

Görüşdə çıxış edən Anar Əbdülovun da o vaxt - ailə üzvləri ilə Xocalını tərk edəndə 9 yaşı olub. O gün çəkdikləri müsibətlərdən Anar Əbilov həyacanlanmadan danışa bilmir. İşğaldan azad edilmiş digər ərazilərimiz kimi Xocalıya da qayıdış davam edir. Onlardan biri də Anar Əbilovdur. O, bildirdi ki, Xocalıya atası ilə dönməyi arzu edirdi, lakin bu, qismət olmadı: "Təəssüf ki, atamın timsalında Xocalı, Vətən həsrəti ilə dünyasını dəyişmiş bir çox insanlar bu torpaqlara qayıda bilmədilər. Lakin buna baxmayaraq, biz buradayıq, biz qayıtmışıq, biz dünyasını dəyişmiş həmin insanların yurdlarına, ata yurdumuza qayıtmışıq və onların sönmüş ocaqlarını alovlandırmaqdayıq. Mən də Sizin Böyük qayıdış proqramınız əsasında 2025-ci ilin aprel ayında doğma yurduma - Xocalıma qayıtdım və öz sevimli peşəmi - müəllimlik sənətimi burada, öz doğma məktəbimdə yenidən davam etdirirəm".

Otuz dörd il qabaq göz yaşları və fəryadla tərk etdikləri yurdlarına döndükləri üçün xocalılar dövlətimizin başçısına böyük minnətdarlıqlarını bildirdilər. 

Xocalı faciəsinin ağrısı xalqımızın yaddaşında əbədi yaşayacaq. Lakin artıq Xocalı yalnız kədərin deyil, həm də dirçəlişin və ədalətin rəmzidir. Azad Xocalıda xocalılılar bu günlərin sevinci və qüruru, gələcəyə sonsuz ümidlərlə yaşayırlar.

 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp: İran nüvə proqramı üzrə güzəştə getməsə, heç bir razılaşma olmayacaq  

22:40
13 Aprel

Macarıstanın əsas qanununa dəyişiklik edilməsi planlaşdırılır

22:39
13 Aprel

BDYPİ yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

21:35
13 Aprel

Tramp: Razılaşma olmasa, bu, İran üçün xoş olmayacaq

21:25
13 Aprel

Beynəlxalq Dənizçilik Təşkilatı Hörmüz boğazının bağlanmasına etiraz edir  

20:23
13 Aprel

Starmer: Britaniya İran müharibəsinə qoşulmayacaq və Hörmüz boğazı blokadasını dəstəkləmir  

20:19
13 Aprel

“WhatsApp”a rəqib gəlir  

20:11
13 Aprel

Kirpi balıqları Aralıq dənizi sahillərinə hücum edir  

20:03
13 Aprel

Yaponiya Ayın ətrafında "Günəş halqası" qurmağı planlaşdırır  

19:51
13 Aprel

İslamabad danışıqlarının uğursuzluğu

19:43
13 Aprel

Evlərin havasında görünməz təhlükə - mikroplastiklər

19:32
13 Aprel

Nigeriyada mülki ərazilərin səhvən hədəfə alınması halları artıb

19:23
13 Aprel

Roma Papasının Afrikaya 11 günlük səfəri başlayıb

19:13
13 Aprel

ABŞ Prezidenti: İrana məxsus gəmilər blokadamıza yaxınlaşsa, dərhal məhv ediləcək  

19:09
13 Aprel

Türkiyə Parlamentlərarası İttifaqın növbəti Assambleyasına ev sahibliyi edəcək

19:06
13 Aprel

Avstraliyada qiymətlərin artması yük daşımalarını çətinləşdirir

19:02
13 Aprel

Hindistanda sosial media ilə bağlı yeni qaydalar təklif olunur

18:54
13 Aprel

Böyük Britaniya Aİ qaydalarını qəbul edə bilər

18:46
13 Aprel

Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat parlamentin plenar iclasına tövsiyə edilib  

18:45
13 Aprel

Ursula Fon der Lyayen: Aİ-nin ənənəvi yanacaq idxalı üzrə xərcləri 22 milyard avrodan çox artıb  

18:43
13 Aprel

Kənd təsərrüfatı naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb  

18:42
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!