03 Mart 2026 09:05
161
Mədəniyyət
A- A+
Od çərşənbəsi işıq, yenilənmə, güc, birlik və yüksəliş rəmzidir

Od çərşənbəsi işıq, yenilənmə, güc, birlik və yüksəliş rəmzidir


Şərq, o cümlədən türk xalqlarının mifoloji-tarixi yaddaş kodunu bu günümüzə yetirən Novruz bayramı ərəfəsində boz aya daxil olan çərşənbələrin ikincisi Od çərşənbəsidir. Azərbaycanın müxtəlif bölgələrində "Üskü çərşənbə", "Atəş çərşənbə", "Xızır çərşənbə", "Üskü gecəsi", "Addı çərşənbə" kimi də tanınan bu əlamətdar günün əsas rəmzi - Od yaradılışın dörd sakral ünsüründən biridir. 

Odun, atəşin yaranma tarixi çox qədimdir. Hələ ibtidai dövrlərdə insanlar şimşək çaxanda, vulkan püskürəndə, yaxud üzvi maddələrin öz-özünə yanması nəticəsində əldə etdikləri oddan gündəlik həyatda istifadə etmiş, odu sönməkdən qorumuşlar. Bu, ibtidai insanı digər canlılardan fərqləndirən əsas faktorlardan biri olmuş, daha sonralar nitq və danışıq mədəniyyəti formalaşmışdır. Tarixi qaynaqlara görə, "insanın təbiət üzərində ilk qələbəsi olan od onun şüurunda və həyatında böyük dəyişikliklər yaratmış, artıq Aşel mədəniyyəti dövründə süni odalma məişətə daxil olmuşdur". 

Dünya xalqlarının mifoloji təfəkküründə odun sakrallığı ilə bağlı çox sayda süjetlər yaranmışdır. Qədim yunan və Roma mədəniyyətində od həyatın və ilahi qüvvələrin gücünü ifadə edən faktor olub. Roma inanclarında odun daimi yanması ailənin və cəmiyyətin təhlükəsizlik prinsiplərinin əsasını təşkil edib. Yunan mifologiyasında Prometeyin odu oğurlamasını əks etdirən mətnlər xüsusi yer tutur. Hind mədəniyyətində od paklıq, yenidən doğuş və özünütapma ilə əlaqələndirilir. Yapon mədəniyyətində isə od təbiət güclərini təmsil etməklə yanaşı, arınma, yenilənmə və müdafiə kimi qəbul olunur. 

İslamda oda münasibət bir qədər fərqlidir, həm müsbət, həm də mənfi təzahürləri diqqəti cəlb edir. Od-işıq uca Yaradanın nurunun və hikmətinin rəmzidir. "Qurani-Kərim"də deyilir ki, "Allah göylərin və yerin nurudur" (Nur surəsi, ayə 35). Bəzi "Quran" ayələrində və dini qaynaqlarda od həm də qəzəb və əzab mənbəyi kimi göstərilir. Türk xalqlarının mifoloji ənənəsində od sakrallığı təmsil etdiyi üçün həm qoruyucu, həm də şəfaverici bir varlıq olaraq qəbul edilir. Mifik düşüncədə odla bağlı süjetlər folklora da transformasiya olunmuşdur.

Türk xalqlarının mifik təsəvvürlərində, Azərbaycan folklorunda Od, Atəş və Günəşin sakrallığını, insan həyatındakı əhəmiyyətini səciyyələndirən ayin, etiqad, mərasimlər sistemi yaranmışdır. Təsadüfi deyildir ki, oda, Günəşə inamla bağlı Ulgen tanrısına müraciətlər olunmuş və ona sitayiş edilmişdir.

Sübh çağında insanlar Günəşi qarşılamağa gedər, hündür bir təpənin üstündə tonqallar qalayar, tonqaldan məşəl götürüb evindəki ocağa od salar, möhtəşəm şadlıq məclisləri təşkil edib mərasim icra edərdilər. "Qodu" mifoloji görüşlərdə Günəş tanrısının adını ifadə etdiyi üçün yağışın kəsilməsi və Günəşi çağırmaqla bağlı yaranmış "Qodu-Qodu" mərasimi icra edilərdi. Mifik təsəvvürlərdə antropomorfik görüşləri ifadə edən nümunələr də vardır ki, bunlar Günəşə inamla bağlı motivləri qabarıq şəkildə səciyyələndirir, məsələn, "Gün çıx, Gün çıx" mətnində keçəl qız yağışın, buludun, saçlı qız isə Günəşin rəmzidir.

Od çərşənbəsində icra olunan ən arxaik mərasimlərdən biri "Günəşə qurban kəsmək" mərasimidir. İnsanlar sübh vaxtı qırmızı kəhər atı Günəşə qurban aparardılar. Hündür təpənin üstündə olan at gün doğanda Günəşin şərəfinə qurban kəsilərdi. İnama görə, əgər kəhər at Günəşə qurban kəsilərsə, Günəş Yer üzərində olan insanlara xoşbəxt həyat bəxş edər. "Günəşə qurban kəsmək" mərasimi zamanı kəhər atın kəsilməsi ilə bağlı Herodotun "Tarix" əsərində göstərilir ki, "Günəş səmada çox sürətlə hərəkət edir, qırmızı kəhər at isə Yer üzərində heyvanlar arasında sürətli qaçanlardan biridir". Adıçəkilən mərasim Kəlbəcər qayaüstü rəsmlərində də öz əksini tapmışdır. Mifik təsəvvürlərə görə, insanlar Günəşi, odu, atəşi nə qədər çox əzizləsələr, onun müqəddəsliyinə inansalar, o zaman Günəş Yer üzərində təbiəti, suyu, torpağı tez isidər və onlara bolluq-bərəkət, firavanlıq bəxş edər.

Od çərşənbəsində inama görə, Xızır göydən yerə enib odla, atəşlə qovuşur və hər yerə istilik gətirir, ona "Xızır-Xızır", yaxud "XızırhaXızır" deyiblər. Çillədən, əziyyətdən qurtulub rahat həyata çatmaq arzusu ilə hər evdə "Xızır atəşi" yandırılardı ki, bu od kimi paklanmaq, yenilənmək inamına bağlı idi. Od çərşənbəsində "Pülənbəri" mərasimi ("Yanar körpü", yaxud "Nur körpüsü") keçirilərdi. Axşamüstü hündür təpədə kötükdən, yaxud quru ağacdan körpü hazırlanar, ona od vurandan sonra kiçikdən böyüyə qədər hamını, hətta mal-qaranı da həmin "yanar körpü"nün altından keçirərdilər. Orta əsrlərdə Azərbaycana gələn Avropa səyyahları Adam Oleari,Yan Streysin məlumatlarında da Şamaxı ərazisində "Puli əmbəri" adlı daş körpünün mövcudluğu təsdiqlənmişdir.

Od çərşənbəsində keçirilən qədim mərasimlərdən biri də "Təkə" mərasimidir. Mərasimdə əsasən cavanlar iştirak edər, quru ağacdan təkənin müqəvvasını düzəldib onu bəzəyərdilər, təkə ilə birlikdə çərşənbə tonqalının ətrafında nəğmələr oxuyar, rəqs edərdilər. Sonra isə təkəni götürüb bütün kəndi gəzər və "qışda yeyib şaxta təkəm, olub biz-biz tükləri təkəm, təkəmə arxalıq verin, eviniz olsun abadan" deyib mərasimi yekunlaşdırırdılar. Təkəçilərə çərşənbə payı da verilərdi. "Təkə" mərasiminin keçirilməsi heç də təsadüfi olmayıb. Türk xalqlarının mifik təfəkküründə təkə həm tayfa adlarında, həm də coğrafi məkan adlarında öz əksini tapmışdır. Məsələn, Təkəli tayfası, Keçili kəndi və s. Hətta şumerlər də ona sitayiş etmişlər. Gəmiqaya rəsmlərində onlar həyat ağacı ilə birlikdə təsvir edilmişdir ki, bu da məhsuldarlıq, bolluq, bərəkət rəmzini əks etdirir. 

Xalq arasında bəzi rituallar icra edilərdi ki, onların bir qismi bu gün də aktualdır. Od çərşənbəsində axşamüstü tonqallar qalanar, böyükdən-kiçiyə hamı "ağırlığım odda qalsın" deyərək onun üzərindən atlanardı. İnanca görə, körpə uşaqları da tonqalın üstündən keçirmək lazımdır ki, çillədə qalmasınlar. 

Çərşənbədə inama görə, tonqala bar verən ağacın hissələrini atmaq düzgün sayılmır. Tonqalda daha çox kol-kos, quru odun parçası və qaratikan yandırılır. Tonqala adətən üzərlik də atılır ki, onun tüstüsü bəd nəzərləri məhv etsin. Tonqalın uzun müddət yanması xeyrə yozulur, onu yarımçıq söndürmək və yanıb külə döndükdən sonra dağıtmaq qadağandır. Ətrafına üç dəfə cızıq çəkilərdi ki, bu da evdən, ailədən ruzi-bərəkətin əskik olmaması inancına söykənirdi. Çərşənbə tonqalının külü axar suya tökülməlidir.

Zərdüştilik yaranandan sonra Günəş, Od və Atəşin sakrallığı qorunub saxlanmış, atəşin bir neçə növü ilə bağlı mərasimlər keçirilmişdir. Zərdüştilər istiliyin ilk mənbəyini ağacın gövdəsində olan istiliyi hesab edir, onun şərəfinə "Şəhrivər", insan bədənində və təbiətdəki istiliyin şərəfinə "Səddə", Günəş istiliyilə bağlı "Azərcan", ocaqlarda, atəşgahlarda olan istiliyin şərəfinə "Çırağan" mərasimlərini qeyd etmişlər.

Azərbaycanın müxtəlif bölgələrində Od çərşənbəsində süfrəyə paxlaplov və quru meyvələrdən ibarət çərşənbə xonçası qoyulur. Günəşin, atəşin rəmzi kimi şamlar, çıraqlar yandırılır. Evin künclərinə də şamlar, çıraqlar, çıraqların yanına da güzgülər qoyulardı ki, çırağın işığı daha da artsın, bayram əhvali-ruhiyyəsi çox hiss edilsin. Bu ayin "üskübəzəmə" adlanır. Bu ayini çox zaman ocaqda qalıb, nəsli, soyu davam etdirən sonbeşik icra edərdi. 

Xalq arasında oda salavat verilmiş, insanın yaşadığı yerə "ocaq" deyilmişdir. Folklorumuzda odla bağlı "Odu közərtmək" ritualı geniş yayılmışdır. Bu ayinə görə, yağışlı, soyuq, çovğunlu havalarda belə od qorunur və onun sönməsinə icazə verilmir. Odun sakral mahiyyəti folklor mətnlərində də qorunub saxlanmışdır: 


Düşən yeri...

Atlanıb düşən yeri

Göz yaşım oda dönüb,

Yandırır düşən yeri.

*  *  *

Suda yandı...

Od yandı, su da yandı.

Dərdimi suya dedim,

Od tutdu, o da yandı...

*  *  *

Od imandandır.

Od küldə gizlənər.

Oda yanmayan balasına da yanmaz.

Od ocaqda yanar.

Od adamı həm qızdırır, həm də yandırır.

Oda dərdini deyən xeyir aparar.


Od çərşənbəsində ocağı boş qoymazlar.

Od çərşənbəsində ocaqdan od verməzlər.

Ocağın külün dağıtmazlar.


Ocağı şər vaxtı dağıtmazlar.

Od çərşənbəsində ağlayan ağacı kəsən sonsuz qalar.

Ocaq istisini sevən od-ocaqlı olar.

Ocaq yananda səslənirsə, demək, kimsə sözünü danışır.

Od hisli olarsa, uzaqdan qonağın gələcək deyərlər.

Ocaqda kül titrəyəndə Od xeyrə oynayır deyərlər.

Gün doğanda ziyarətə yola düşərlər.

Gün düşən yerdə xəstəlik olmaz.

Gün doğanda doğulan uşaq cəngavər olar.


Od haqqı!

Ocaq haqqı!

İşıqlığa çıxasan!

Gün haqqı!

Ocağın bərəkətli olsun!

 

 Od kultu Günəşin, həyatın, yenilənmənin, yenilməzliyin əsas atributlarından olduğu üçün dünyanın çoxsaylı xalqlarının mifik inam və etiqadlarında xüsusi yer tutur. Od-ocaq kultunun türkdilli xalqların mifoloji-dini dünyagörüşündə yeri isə yaradılışın dörd sakral varlığından biri kimi, ritual, bayram və mərasim sistemində əhəmiyyətini bir daha təsdiqləyir.

 

 Ülkər NƏBİYEVA,

 Bakı Dövlət Universitetinin professoru, filologiya üzrə elmlər doktoru

(Foto İlham BABAYEVİNDİR)

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya bazarında qızıl və gümüşün bahalaşması davam edir

10:19
03 Mart

Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşır

10:15
03 Mart

Şanxay Əməkdaşlıq Təşkilatı BMT-ni beynəlxalq sülhün pozulmasına qarşı təcili tədbirlər görməyə çağırıb  

10:15
03 Mart

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında iştirak edir YENİLƏNƏCƏK

10:08
03 Mart

FHN Od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib

09:56
03 Mart

Rəcəb Tayyib Ərdoğan: Türkiyə bölgədə davamlı sülhün tərəfdarıdır

09:34
03 Mart

Yaxın Şərqdə gərginlik fonunda Avropada qaz qiymətləri 50 faizdən çox artıb

09:33
03 Mart

Serbiyanın İrandakı səfiri və səfirlik əməkdaşları Azərbaycan vasitəsilə təxliyə olunublar

09:31
03 Mart

COVID və qripə qarşı birgə peyvənd təsdiq olunub

09:20
03 Mart

QƏZƏLLƏR

09:17
03 Mart

ABŞ vətəndaşlarını 10-dan çox ölkəni dərhal tərk etməyə çağırıb

09:15
03 Mart

Poeziyanın intibah günəşi

09:15
03 Mart

Bakı - tarixlə gələcəyin görüşdüyü məkan

09:10
03 Mart

Od çərşənbəsi işıq, yenilənmə, güc, birlik və yüksəliş rəmzidir

09:05
03 Mart

"Azərbaycan-İtaliya biznes və investisiya əlaqələri" mövzusunda tədbir keçirilib

09:00
03 Mart

İlin ilk ayında sənayenin qeyri-neft-qaz sektorunda 8,7 faiz artım qeydə alınıb

08:55
03 Mart

BP və SOCAR Xəzər hövzəsində seysmik və quyu tədqiqatları sahəsində əməkdaşlıq edəcəklər

08:50
03 Mart

Azərbaycan-Efiopiya: başlanan əməkdaşlıq geniş tərəfdaşlığa yol açır

08:45
03 Mart

Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin funksionallığını gücləndirəcək

08:40
03 Mart

Bolqarıstan-Azərbaycan tərəfdaşlığı strateji zirvəyə yüksəlib

08:35
03 Mart

Uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı hüquqi aktlar qəbul olunacaq

08:30
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!