28 Iyun 2024 09:05
153
İDMAN
A- A+

XAOSDAN ZƏFƏRƏ

 

F qrupu
Çexiya - Türkiyə - 1:2

Qollar: Hakan Çalhanoğlu, 52 (1:0), 
Tomaş Souçek, 66 (1:1), Cenk Tosun, 90+4
Qırmızı vərəqə: Antonin Barak, 20 (Çexiya)
Baş hakim: İstvan Kovaçs (Rumıniya) "Volksparkstadion"

Gürcüstan - Portuqaliya - 2:0 
Qollar:
Xviça Kvaratsxeliya, 2, Georges Mikautadze, 57-pen
Baş hakim: Sandro Şerer (İsveçrə) "Veltins Arena"

Bir neçə gün bundan öncə Portuqaliya millisi ilə qarşılaşmadan 0:3 hesablı məğlubiyyətlə ayrılan Türkiyədə məşqçilər korpusu, futbolçular ciddi təndiq hədəfinə tuş gəlmişdilər. Psixoloji olaraq bu çətin durumda komandanın Çexiya ilə matça necə çıxacağı maraq doğuran suallardan biri idi. 
Digər qarşılaşmalardan fərqli olaraq Türkiyənin baş məşqçisi Vinçenzo Montellanın yarımmüdafiə xəttindəki seçimləri çox yaxşı təsir bağışladı. Belə ki, İsmayıl Yüksek və Saleh Özcan tandemi mərkəzdə etdikləri pressinqlə itirilən topları tez qazandı, həm də rəqibə boş zona yaratmadı. Bu seçim komandanın əsas fiquru sayılan Hakan Çalhanoğlunun  da faydalı iş əmsalını yüksəltdi. Çünki itirilən toplardan sonra geridönüş baxımından o qədər güc sərf edilmədi. 
Çexiyada Barakın qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra türklərin daha rahat oynayacağını düşünsək də, əksi oldu. Çexiya uzun ötürmələrə üstünlük verməklə müdafiədəki boşluqlardan yararlanmağa çalışdı. Bir neçə dəfə qol vurmaq imkanına malik olsalar da, qapıçı Mert Günokun seyvləri xüsusilə qeyd edilməlidir. Ümumiyyətlə, Türkiyədə ən böyük problemlərdən biri mərkəz və cinah müdafiəçiləri arasında yaranan boşluqlardır. Mövqe sığortalarında çatışmazlıqlar hər qarşılaşma müşahidə edilməkdədir.  
Hücum xəttində Barış Alper Yılmaz sağ cinaha daha yaxın oynadığı planda topa sahib olsa da, qol epizodu yaratmaq baxımından problemlər var idi. Türkiyə millisi bu qarşılaşmadan qalib ayrılmaq üçün topa daha çox sahib olmalı, hücum aksiyalarını meydançanın rəqibə aid hissəsində təşkil edilməsinə nail olmalı idi. Çünki qurulan basqıda, sürətli ötürmələrdə Çexiya bunun öhdəsindən gələ bilmədi. Məhz belə hücumlardan birində Hakan Çalhanoğlu mükəmməl zərbə ilə matçda hesabı açdı. Bu qoldan sonra Çexiyanın xətlərarası məsafəsində zona daha çox genişləndi, bu da sürətli oyunçular üçün çox önəmli imkan qazandıra bilərdi. Lakin qapıçı Mert Günokun kobud səhvindən sonra qol buraxan "ay-ulduzlular" heç-heçəni qorumaq üçün müdafiə olunmaq məcburiyyətində qaldılar. Bütün bunlara baxmayaraq, yaranan əks-hücumlardan birində Cenk Tosun vurduğu möhtəşəm qolla Türkiyəyə qələbə qazandırdı.
Ümumiyyətlə, Türkiyənin hazırkı heyəti uğurlu nəticə qazanmağa imkan verir. Lakin məşqçilər korpusunun fərqli qərarları fonunda oyun balansının pozulması haqlı iradlara səbəb olmaqdadır. Ümid edirik ki, hər matçın fərqli hekayəsi, oyun planı olduğu kimi, məşqçilər korpusu da yeni kəşflərə çıxmayacaq, düzgün heyətlə qardaş ölkəyə növbəti zəfəri qazandıracaqlar. Qarşıda komandanı daha çətin bir sınaq gözləyir. İyulun 2-də 1/8 finalda rəqib Avstriya seçməsidir.
Uğurlar, Türkiyə!
***
F qrupunun digər qarşılaşmasında isə lider Portuqaliya Gürcüstan ilə üz-üzə gəldi. Tarixində ilk dəfə Avropa çempionatının final mrəhələsinə vəsiqə qazanan qonşularımız debüt iştirakda 1/8 finala yüksəlməyi bacardılar. Qarşılaşma 2:0 hesabı ilə Gürcüstanın xeyrinə başa çatdı. 
Gürcülər 28 faiz topa sahib olsalar da, 2:0 hesablı qələbə qazandılar. Bu, yarışın tarixində qalib gələn tərəflər üçün ən aşağı göstəricidir. Roberto Martinesin Portuqaliya millisinin baş məşqçisi kimi 12 rəsmi oyundan ibarət qələbə seriyası qırılıb.
Gürcüstan debüt ilində qrupdan çıxan 8-ci komandadır. Portuqaliya 1984-cü il, İsveç 1992-ci il, Xorvatiya 1996-cı il, Uels, İslandiya, Şimali İrlandiya və Slovakiya 2016-cı ildə buna nail olublar.
Start fitindən 1 dəqiqə 32 saniyə sonra qol vuran Xviça Kvaratsxeliya turnirin tarixində 5-ci ən erkən qola imza atıb. Bu, Portuqaliyanın final mərhələlərində buraxdığı ikinci ən erkən qoldur. 
Gürcüstanın qapıçısı Georgi Mamardaşvili qrupda 21 seyv edərək latviyalı Aleksandr Kolinkonun "Avro-2004"dəki rekordunu təkrarlayıb.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video