Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr illərdən bəri davam edən danışıqlardan sonra pandemiya ilə mübarizə sazişi üzrə sənədin yekun mətnini hazırlayıb.
AZƏRTAC xəbər verir ki, təşkilatın press-relizində sənədin may ayında Cenevrədə baş tutacaq Ümumdünya Səhiyyə Assambleyasında səsverməyə çıxarılacağı gözlənilir.
“Üç ildən çox davam edən intensiv danışıqlardan sonra üzv dövlətlər dünyanı pandemiyadan qorumaq istiqamətində böyük addım atdılar”, - deyə sənədin mətnində bildirilir.
Saziş gələcək pandemiya təhlükələrinin qarşısının alınması, hazırlıq və cavab tədbirləri sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə yönəlib. ÜST-nin məlumatına görə, gələcək sazişlər çərçivəsində dövlətlər öz sərhədləri daxilində ictimai səhiyyə məsələlərinin həllinə nəzarəti tam olaraq özlərində saxlayacaqlar.
Qeyd olunur ki, Ümumdünya Səhiyyə Təşkilatına üzv ölkələr patogenlərə çıxışı təmin etmək və bununla bağlı faydaları bölüşmək, həmçinin pandemiya ilə bağlı peyvəndlərin, testlərin və digər tibbi ləvazimatların istehsalı üçün bilik və texnologiyanın ötürülməsində bir-birinə kömək etmək üçün sistem qurmaq barədə razılığa gəliblər. Bundan əlavə, saziş inkişaf etməkdə olan ölkələrə yardım etmək üçün əlaqələndirici maliyyə mexanizminin qurulmasını, eləcə də qlobal təchizat zəncirinin və logistika şəbəkəsinin yaradılmasını əhatə edir.
Xatırladaq ki, COVID-19 virusunun yayılması ilə əlaqədar 2020-ci il yanvar ayının sonundan 2023-cü il mayın 5-dək bütün dünya üzrə fövqəladə vəziyyət rejimi qüvvədə olub. Ümumdünya Səhiyyə Təşkilatının 2025-ci il martın 23-nə olan məlumatına görə, dünyada koronavirusa 777 milyon 684 min 506 yoluxma və 7 milyon 92 min 720 ölüm halı qeydə alınıb.