Azərbaycanda bu yöndə təsirli tədbirlər görülür
Dünən işini yekunlaşdıran Bakı İqlim Fəaliyyəti Həftəsi (BİFH) iqlimlə bağlı fəaliyyətin səfərbər edilməsi və sərhədlər arasında əməkdaşlığın təşviqi üçün mühüm platforma rolunu oynadı. Eyni zamanda Azərbaycanın iqlim böhranının həllinə sadiqliyini göstərdi və qlobal dəyişikliklərə təkan verməkdə yerli təşəbbüslərin potensialını nümayiş etdirdi.
Bakı İqlim Fəaliyyəti Həftəsi dayanıqlı inkişaf və iqlim fəaliyyəti öhdəliyinə sadiq olan təşkilatlarla yeni əməkdaşlıq əlaqələri, eləcə də investisiya və tərəfdaşlıqlar çərçivəsində Azərbaycanın keçid dövrünü dəstəkləməyə çalışdı. Builki tədbirin əsas mövzuları "Enerji keçidi", "Şəhərlər/Urbanizasiya olunmuş mühitlər", "Su təhlükəsizliyi", "Qida və kənd təsərrüfatı", "Kiçik və Orta biznes müəssisələri" və "Yaşıl bacarıqlar" idi. Bu yazıda "Şəhərlər/Urbanizasiya olunmuş mühitlər" mövzusuna toxunaraq həmin istiqamətdə görülən işlərdən və problemlərdən bəhs etməyə çalışacağıq.
Məlumdur ki, şəhərlərdə sənaye həcminin artması, mədəni və siyasi funksiyaların önə çıxması və əməyin bölgüsündə strukturun dəyişməsi urbanizasiyaya səbəb olur. Urbanizasiya kənd əhalisinin şəhərlərə köçməsi, kiçik şəhərlərin böyüyərək ətraf kəndləri öz yaşayış sahəsinə qatmasıdır.
Azərbaycanda bunun baş verməməsi üçün şəhərsalma sahəsində indiyədək əldə edilmiş uğurlar dünyaya çatdırılır, eləcə də bu sahədə beynəlxalq əməkdaşlıq genişləndirilir. Bu vəzifələrin icrası ilk növbədə urbanizasiyanın qarşısının alınmasına xidmət edir. Ölkəmizin şəhərlərində sənayenin inkişafı məhsuldar qüvvələrin səmərəli yerləşməsinin, inkişafının, əhalinin həyat və mədəni, texniki səviyyəsinin yüksəldilməsinin çox mühüm şərtinə çevrilib. Bu səbəbdən şəhərlərdə sənayenin inkişafına dövlət tərəfindən həmişə böyük diqqət yetirilir.
İqtisadiyyatın bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifah halının normal təmini üçün əsas şərtdir. Bu da yenə urbanizasiyaya bağlı amil olaraq Azərbaycanda, eləcə də dünyada diqqət mərkəzində saxlanılan əsas məsələ kimi olaraq gündəlikdə dayanır. Əhalinin kənd və şəhərlər üzrə bölgüsü aparılarsa, şübhəsiz, bu gün Azərbaycanda kənddən şəhərə axının qarşısıalınmaz bir prosesə çevrildiyinin şahidi olarıq. Statistikaya müraciət edək. Ötən il ölkəmizin əhalisinin sayı 52 min 625 nəfər (0,5 faiz) artaraq bu il yanvarın əvvəlinə 10 milyon 180,7 min nəfər olub. Bunun 54,5 faizi şəhərdə, 45,5 faizi kənddə yaşayanlardır. Əslində isə, kənddə bundan az əhali yaşayır. Bunu təbii qarşılamaq da olar. Çünki şəhərdə olan şərait və imkan kənddə yoxdur. Gənclərin şəhərə iş dalınca gəlməsini də görməzliyə vurmaq olmaz.
Urbanizasiya müəyyən mənada keyfiyyət göstəricisi olsa da, normadan kənara çıxması müsbət hal sayılmır. Azərbaycanda hələ sovetlər dönəmində urbanizasiya xeyli dərəcədə yüksək olmuşdur. Müstəqillikdən sonra isə həm iqtisadi, həm də sosial amillərin yaratdığı əngəllər, üstəlik, Birinci Qarabağ müharibəsinin fəsadları nəticəsində bu, ifrat dərəcəyə çatmışdır. Bakıda əhalinin sıxlığı əvvəlki onilliklərlə müqayisədə o həddə böyümüşdü ki, şəhər təsərrüfatında əməllicə problem yaranmışdır. Bu gün Bakının əhalisi rəsmi olmayan məlumata görə, aşağı-yuxarı 3 milyondur. Bu sıxlıq, təbii ki, ekoloji problemlərə - havanın çirklənməsi, su çatışmazlığı, tıxac və bu kimi hallara səbəb olur. Nəqliyyatın hərəkətində və sosial infrastrukturda və kommunal xidmətdə yaranan problemləri də bunun üstünə gəlsək, Bakının bugünkü mənzərəsini təsəvvür etmək çətin deyil.
Urbanizasiyanın yaratdığı bu fəsadlar həm də şəhərsalmada əngəl yaradır. Məhz bu məsələ Bakı İqlim Fəaliyyəti Həftəsinin açılış günü müzakirə mövzusu oldu. "Şəhərlər/Urbanizasiya olunmuş mühitlər" panelində çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu barədə fikirlərini belə açıqladı: "Biz şəhərləri gələcəkdə də dayanıqlı şəhər kimi dizayn etməliyik: 70 faiz emissiyalar şəhərlərdə yaranır. Biz şəhərləri elə qurmalıyıq ki, onlar daha səmərəli olsunlar. İqlim dəyişikliyinə dayanıqlı olan şəhərsalma Azərbaycanda əsas prioritet sahələrdən biridir. Bakının Baş Planı-2040-cı il Azərbaycan üçün bir nümunə kimi götürülə bilər. Dayanıqlı urbanizasiya ilə bağlı təkliflər artıq irəli sürülüb. Burada çoxlu multisektor yanaşmalar əks olunub. Burada müxtəlif sektorlar arasında əməkdaşlıq əsas götürülür. Dövlət komitəsi olaraq ətraf mühit və rəqəmsallaşma ilə bağlı yeni standartlar qəbul olunub. iPCC ilə birlikdə biz artıq "yaşıl bina" təşəbbüsünə başlamışıq. Bir sıra tikinti şirkətləri artıq bununla bağlı öhdəlik götürüb. Azad edilmiş ərazilərdə artıq sıfır tullantı ideyası tətbiq edilir. Şəhərin sağlamlığı təkcə onun infrastrukturundan asılı deyil, eyni zamanda onun iqtisadiyyatından, sakinlərin həyat səviyyəsindən asılıdır".
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"