Belarusdan gələn potensial təhlükə və Rusiya qoşunlarının Ukraynanın şimalında döyüş zonasını genişləndirmək planları fonunda Silahlı Qüvvələrin ərazini müdafiə etmək və düşmənin mümkün hücumunun qarşısını almaq üçün yeni briqadalar yaratması lazımdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin (USQ) Baş komandanı Aleksandr Sırski “LIGA.net” saytına verdiyi şərhdə bildirib.
“Yeri gəlmişkən, düşmən bu il yeni diviziya və beş briqada yaratmaq planlarını korrektə edib. Biz bu cür hərəkətlərə cavab verməyə məcburuq. Müharibədə ya təşəbbüsü ələ keçirirsən, ya da təslim olursan. Üçüncü seçim yoxdur”, - deyə Baş komandan bildirib.
Onun sözlərinə görə, əsas ərazilərdə uğur qazana bilməyən düşmən Ukraynanın şimalında aktiv əməliyyatlarını genişləndirmək qərarına gəlib ki, bu da işğalçıların planlarına görə, aktiv cəbhə xəttinin uzunluğunun 160 kilometr artmasına səbəb olmalıdır.
Sırski xatırladıb ki, düşmənin daha çox sayda qoşun və silahı var. Mümkün hücumu etibarlı şəkildə dəf etmək və ərazisini müdafiə etmək üçün Ukrayna yeni briqadalar yaratmalıdır.
Baş komandan mövcud olanlara əlavə etmək əvəzinə yeni briqadalar yaradılmasının səbəbi barədə suala belə cavab verib: “Briqadanın ölçüsünün artırılması onun istifadə edilə biləcəyi cəbhə xəttinin uzunluğunu artırmayacaq”.
Sırski əlavə edib ki, briqada “uzadıla bilməz”, ölçüsünün artırılması isə onun döyüş bölməsi kimi ömrünü artırır, yəni, daha böyük miqyasda deyil, müəyyən bir ərazidə daha uzun müddət tapşırıqlar yerinə yetirə bilər.
Baş komandan vurğulayıb ki, cəbhə xətti indi fərqli bir təbiətə malikdir: onun dərinliyi əhəmiyyətli dərəcədə artıb. “Beləliklə, cəbhə genişləndikcə və dərinləşdikcə, hesab aparılması labüddür: yeni hərbi hissələrə ehtiyac var”, - deyə Sırski sözlərini yekunlaşdırıb.