“Safety and Riskline” tərəfindən birgə dərc edilən “Hurricane Informer 2026” hesabatına görə, Avropa getdikcə daha çox ekstremal hava hadisələri ilə qarşılaşır.
AZƏRTAC xəbər verir ki, hesabata görə, əvvəllər Karib dənizi və Asiya ilə daha çox əlaqəli olan qasırğalar və tayfunlar indi dəniz temperaturunun yüksəlməsi, dəyişən hava şəraiti və iyun-noyabr ayları arasında güclü El-Nino ehtimalının yüksək olması səbəbindən Avropaya və Aralıq dənizinə getdikcə daha çox təsir göstərir.
2025 və 2026-cı illərdə “Emi”, “Bencamin”, “Qoretti” və “Leonardo” qasırğaları fırtına baş verib və təbii fəlakət nəqliyyatda fasilələrə, daşqınlara, ağacların yıxılmasına və infrastrukturun dağılmasına səbəb olub. “Leonardo” zamanı Pireney yarımadasında təxliyələr aparılıb və bir həftədən çox müddət ərzində vacib infrastruktur sıradan çıxıb.
“Safety and Riskline” şirkətinin baş direktoru Marsel Brandt açıqlamasında bildirib: “Ekstremal hava hadisələri getdikcə qlobal səyahət riskinə çevrilir, o cümlədən keçmişdə nadir hallarda belə risklərlə əlaqəli olan bölgələrdə iqlim fəlakətləri artır”.
Karib dənizində 2025-ci ildə beş qasırğa da daxil olmaqla 13 fırtına qeydə alınıb, onlardan dördü böyük qasırğa elan edilib. Yamaykada Melissa qasırğası zamanı hava nəqliyyatı dayandırılıb, ABŞ, Meksika və Mərkəzi Amerika isə güclü siklonların təsirləri ilə üzləşib.
Filippində 2025-ci ilin noyabr ayında baş verən “Tino” və “Uvan” qasırğaları 297 insanın ölümünə səbəb olub, genişmiqyaslı təxliyə və uçuşların ləğvi qeydə alınıb. Super “Sinlaku” tayfunu zamanı küləyin sürəti təxminən saatda 300 kilometrə çatıb və indiyə qədər 2026-cı ilin ən güclü fırtınası hesab olunur.
Afrika və Okeaniyada Madaqaskarın “Fitia” və “Gezani” tropik fırtınaları ölümlərə və kütləvi köçkünlüyə səbəb olub, Papua Yeni Qvineyada “Maila” tropik siklonu isə infrastruktura zərər vurub və təchizat çatışmazlığı yaradıb.
Ekspertlər iyun və noyabr ayları arasında güclü El-Nino hadisəsi gözləyirlər ki, bu da dənizlərin istiləşməsi ilə yanaşı, ekstremal hava şəraitini də gücləndirə bilər. Hesabatda deyilir ki, hazırlıq, monitorinq xəbərdarlıqları və çevik səyahət planları getdikcə daha vacib olur.