“Türkmənistandan təbii qazı Azərbaycan üzərindən Türkiyəyə boru kəməri ilə tədarük etməyi planlaşdırırıq. Bu, hazırkı dövrün ruhuna uyğundur”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “Sabah” qəzetinə verdiyi müsahibədə bildirib.
O xatırladıb ki, Türkmənistandan qaz tranziti məsələsi 30 il əvvəl Türkiyədə müzakirə olunub. “Mərhum Prezident Süleyman Dəmirəlin dövründə əldə edilən razılaşmadan xəbərdaram. Türkiyənin bu boru kəmərini həyata keçirmək üçün siyasi iradəsi var. Eyni zamanda, Avropada təbii qaz təchizatının təhlükəsizliyi ilə bağlı aydın bir iradənin formalaşması vacibdir”, - deyə türkiyəli nazir qeyd edib.
İran ətrafındakı gərginlik və bunun Türkiyəyə təsirindən danışan Bayraktar qeyd edib ki, Hörmüz boğazından qaz və neft təchizatının dayandırılması ölkənin enerji təchizatı həcmlərinə təsir göstərmir. “Türkiyənin neft idxalının yalnız 10 faizi, yəni 50 milyon tondan 5 milyonu Hörmüz boğazından keçirdi. Bu, tənzimləyə biləcəyimiz həcmdir. Nazir bildirib ki, qaz təchizatına gəldikdə, Türkiyə bu marşrutla mayeləşdirilmiş təbii qaz almayıb.
Nazir, həmçinin İraqın cənubundakı Bəsrədən İraqın şimalındakı Kərkükə neft kəmərinin çəkilməsi layihəsini “perspektivli” adlandırıb. Burada artıq Türkiyəyə qədər boru kəməri mövcuddur.
O bildirib: “Türkiyə son 50 ildir ki, Silopidən Ceyhana 1,5 milyon ton neft daşıyan 650 kilometrlik boru kəmərini işlək vəziyyətdə saxlayır. Yəni, Kərkük-Silopi boru kəməri Hörmüzə alternativlərdən biri olacaq. Bu boru kəmərindən əldə edilən illik gəlir cari qiymətlərlə 60 milyard dollar təşkil edə bilər. Türkiyə şirkətləri bu marşrutu qısa müddətdə inşa edə bilər”, - deyə nazir əminliklə bildirib.