07 Fevral 2025 09:10
1296
SİYASƏT
A- A+
Tikirəm ki, izim qala

Tikirəm ki, izim qala


Ötən il İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura 24 səfər edərək 34 yeni obyektin açılışını edib 


Geridə qoyduğumuz 2024-cü il Azərbaycanın ictimai-siyasi həyatında davamlı quruculuq ili kimi yadda qaldı. 30 ildən sonra düşmən tapdağından azad edilən Qarabağ və Şərqi Zəngəzurda misli görünməyən tikinti-quruculuq işləri, Böyük Qayıdış planının icrası davam etdi. Şanlı Zəfərimizin Zirvəsi olan Şuşaya ilk köç reallaşdı.

Bununla yanaşı ölkə iqtisadiyyatı dayanıqlı inkişafını təmin etdi və dövlətin 2025-ci il üçün büdcəsi tarixmizin ən böyük maliyyə sənədi kimi qəbul olundu. Bir daha bəlli oldu ki, 2025-ci ilin dövlət büdcəsi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün etibarlı maliyyə təminatı yaradacaq.


İşğaldan azad edilən ərazilərdə geniş quruculuq işləri vüsət alıb


Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında əksini tapmış vacib istiqamət insan amilinə xidmət etməklə yeni sosial-infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin tikintisi, yeni yolların çəkilişi və əsaslı bərpasını nəzərdə tutur.

Prezident İlham Əliyev müntəzəm olaraq bu layihələrin icrasının gedişi ilə yerində tanış olur. Yəni tez-tez regionlara səfər edərək həm görülən işlərlə, həm də sakinlərlə səmimi görüşlər keçirərək onların problemləri ilə maraqlanır. Bəzən elə olur ki, vətəndaşın problemi yerindəcə həll edilir və ya dövlət başçısı tərəfindən məsələnin  həlli ilə bağlı aidiyyatı qurumlara tapşırıq verilir. 

Ötən il qarşıda duran əsas vəzifələrdən biri də Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərinin davam etdirilməsi olub. Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə ötən il də işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri aparılıb və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində işlər sürətlə davam etdirilib. 

Qarabağ və Şərqi Zəngəzurun bərpasını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirən ölkə rəhbərinin ötən il işğaldan azad olunmuş ərazilərə səfərləri də yaddaqalandır. İlham Əliyev bu səfərlər zamanı bir çox açılış, təməlqoyma mərasimlərində iştirak edib və bəzi layihələrin tikintisi ilə tanış olub.


Xocalı və Şuşaya ilk köç karvanları…


Ötən il dövlət başçısının ilk səfəri Xocalı rayonuna oldu. Fevralın 26-da Xocalı şəhərində Soyqırımı Memorialının təməli qoyuldu və dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Bu görüşdə İlham Əliyev dedi ki, Xocalı soyqırımı gününü Xocalıda günahsız qurbanların xatirəsini anmaq tarixi hadisədir. Bu, ilk dəfə idi ki, reallaşırdı: "Otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün bu gün burada - 26 fevral günündə memorial kompleksin təməli qoyulacaq. Onu bildirməliyəm ki, bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq. Otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra - o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir... Bu gün isə biz buradayıq, burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir. Xocalı bu gün qurulur. Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən bu yaxın yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb".

Görüşdən sonra Prezident Xocalı Soyqırımı Memorialının təməlini qoydu. 

Heydər Əliyev Fondu tərəfindən Xocalı-Əsgəran avtomobil yolunun üzərində yaradılacaq Xocalı Soyqırımı Memorialı bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır. Memorial müxtəlif bölmələrdən ibarət olacaq. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş faciə, həmçinin Xocalının tarixi, coğrafi əhəmiyyəti, dinc əhaliyə qarşı törədilmiş faciədən əvvəl Xocalıdakı həyat barədə faktlar yer alacaq. Memorialda Xocalının coğrafi mövqeyini təsvir etmək məqsədilə rayonun maketi də yer alacaq. Ziyarətçilər memorialda soyqırımı qurbanlarının və şahidlərinin hekayələri, xocalılıların düşmənə qarşı mərdliyi ilə tanış ola biləcəklər. Bu hekayələr Xocalı soyqırımının miqyasını, faciə qurbanlarının iztirablarını hər bir kəsə ötürərək, Azərbaycan tarixinin ən dəhşətli səhifəsi barədə məlumatları çatdıracaq.

Memorialda, həmçinin faciə ilə bağlı sənədli filmlər, Xocalı həqiqətləri barədə videomateriallar nümayiş olunacaq. Eyni zamanda Xocalının işğaldan azad olunması və cinayətkarların cəzalandırılması istiqamətində görülən tədbirlər barədə məlumatlar yer alacaq. Maarifləndirici materiallar, rəqəmsal məzmun vasitəsilə soyqırımı kimi faciələrin səbəbləri, nəticələri, qarşısının alınmasının zərurəti, cəmiyyətin insan haqlarına hörmət etməsinin vacibliyi diqqətə çatdırılacaq.


Füzulidə Azərbaycan-Qazaxıstan qardaşlığının nişanəsi


Ötən il Prezidentin Qarabağa ikinci səfəri Füzuli və Şuşa şəhərlərinə oldu. Bu dəfə dövlət başçısı qədim şəhərlərimizə martın 12-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə birgə səfər etdi. 

Öncə dövlət başçıları Füzuli şəhərinin Baş planı ilə tanış oldular. Sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə birgə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak etdilər. 

Prezident İlham Əliyev bütün Azərbaycan xalqı adından qazaxıstanlı həmkarına bu qardaş hədiyyəsinə görə bir daha təşəkkürünü bildirərək dedi ki, azad olunmuş torpaqlarda Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması Tokayevin şəxsi təşəbbüsüdür: "Ötən dəfə - ilyarım əvvəl Azərbaycana səfəriniz zamanı bu mərkəzin təqdimatı oldu və bir il ərzində mərkəz tikildi, bu gün onun rəsmi açılışıdır. Mərkəz qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyır. Dünən biz Sizinlə danışırdıq ki, bu, təkcə Uşaq Yaradıcılıq Mərkəzi deyil, həm də Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzi olacaq. Hər bir belə layihə Azərbaycan xalqının qəlbini riqqətə gətirir, çünki 30 il ərzində bu balaca uşaqların valideynləri, babaları və nənələri bir arzu ilə - öz torpaqlarına qayıtmaq arzusu ilə yaşayıblar. Onlar qayıtdıqda dağıdılmış, yerlə-yeksan edilmiş Qarabağı gördülər, əlbəttə, çox acı hisslər yaşadılar. Bu qayıdışın ağrılı-acılı və eyni zamanda sevinc hissləri bir-birinə qarışmışdı. İndi qardaş Qazaxıstanın köməyi ilə Füzulidə çox gözəl Uşaq Yaradıcılıq Mərkəzi açılır. Bu təşəbbüsə görə Sizə səmimi qəlbdən minnətdarıq. Bu, azərbaycanlıların, burada yaşayanların və yaşamayanların, buraya gələn və bu gözəl binanı görən hər kəsin yaddaşında qalacaq".

Qeyd edək ki, təməli 2023-cü ilin martında qoyulan mərkəz 1,5 hektar ərazidə yaradılıb. Obyektin tikinti sahəsi 2700 kvadratmetrdir. İkimərtəbəli binada 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılıb. Burada mühazirə zalı, şahmat və kulinariya sinifləri, incəsənət və heykəltaraşlıq studiyası, xoreoqrafiya və idman zalı, səsyazma kabineti, musiqi və vokal sinfi, foto-video montaj, veb-dizayn və robototexnika kabinetləri, akt zalı, 3D modelləşdirmə sinfi var. Mərkəzdə İT-startaplara və Azərbaycanın milli mədəniyyətinə, o cümlədən xalçaçılıq sənətinə xüsusi diqqət yetiriləcək.

Füzulidən Şuşaya yola düşən prezidentlər burada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxdılar. Bildirildi ki, işğal zamanı ermənilər həmin heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər Prezident İlham Əliyevin göstərişi ilə əvvəlki yerlərinə qaytarılıb.

Prezident İlham Əliyevə və Prezident Kasım-Jomart Tokayevə Şuşanın Baş planı barədə məlumat verildi. Bəlli oldu ki, şəhərin Baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunub saxlanılması əsas götürülüb. Azərbaycanın mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulub. Baş planda Şuşada orta, yüksək və qarışıq sıxlıqlı yaşayış binalarının inşası, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binaların və abidələrin yerləri əksini tapıb. Hazırda Baş plan əsasında Şuşada bərpa və yenidənqurma işləri davam etdirilir.

Prezidentlər daha sonra Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisinə baxdılar. Dövlət başçıları həmçinin Saatlı məscidində, Bülbülün ev-muzeyində, Cıdır düzündə və XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş üç yaşayış binasından ibarət "Yasəmən" hotelində oldular.

Mədəniyyət paytaxtı Şuşa ilə tanışlıq ali qonaqda dərin təəssürat doğurdu.


Xankəndidə suverenliyin təminatının bayram tonqalı


Şanlı Zəfərimizdən sonra Müzəffər Ali Baş Komandan hər il Novruz tonqallarını işğaldan azad edilmiş rayonlarımızda alovlandıraraq xalqa xoş müjdələr verir. Ötən il isə Prezident martın 18-də Xankəndidə Novruz tonqalını alovlandırıb, Azərbaycan xalqını bayram münasibətilə təbrik etdi.

Bu, Prezidentin Qarabağ və Şərqi Zəngəzurda alovlandırdığı 4-cü tonqal idi. Elə Prezident də çıxışında bunu xatırladaraq dedi ki, dördüncü dəfədir bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalandı. Bu, həqiqətən böyük xoşbəxtlikdir: "Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir.

Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılaraq biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək".

Prezident bir daha bəyan etdi ki, altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn təntənəsidir, Azərbaycan xalqının əyilməz ruhunun qələbəsidir. Azərbaycan xalqı bununla bir daha yolundan dönməyəcəyini dünyaya nümayiş etdirib. Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, Azərbaycan istədiyinə nail olacaq.


Şuşada üçüncü yaşayış kompleksinin təməli qoyuldu


Prezidentin Qarabağa növbəti səfəri aprel ayının 25-də reallaşıb. Bu dəfə dövlət başçısı ölkəmizdə səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə öncə Füzuli, sonra isə Ağdam şəhərlərinə səfər edib.     

Dövlət başçıları Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, hər iki şəhərin baş planları ilə tanış olublar.

İlham Əliyev Sadır Japarov ilə Pənahəli xanın sarayı və İmarət kompleksində, Ağdam Konfrans Mərkəzində görülən işlərlə maraqlanıblar. Dövlət başçıları Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər .

Dövlət başçıları həmçinin Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak edib, Şahbulaq qalasında olublar.

Bu səfərdən 15-gün sonra İlham Əliyev mayın 10-da Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət edikdən sonra Qarabağ və Şərqi Zəngəzura növbəti  səfərə çıxıb. 

Öncə Prezident mayın 10-da Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılış mərasimində olub.

Sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Şuşa şəhərində üçüncü yaşayış kompleksinin təməlini qoyublar. Dövlət başçısı həmçinin Çöl Qala məscidində, Üzeyir Hacıbəylinin ev-muzeyində, Aşağı Gövhər ağa məscidində aparılan bərpa işləri ilə tanış olub, "Şirin su" hamamının, Mamayı məscidinin açılışlarında iştirak edib. 

Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olan dövlət başçısı Turşsu qəsəbəsinin təməlini qoyub. Sonra Prezident və birinci xanım Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.

Görüş zamanı bildirilib ki, ilkin mərhələdə birinci yaşayış kompleksinə qrafikə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir.

Həmin gün dövlət başçısı Şuşadan Laçına yola düşüb. Burada Sus kəndində görülmüş işlərlə tanış olub, kəndə köçmüş sakinlərlə görüşüb. Həmçinin "AzərEnerji" ASC-nin "Zabux" və "Qarıqışlaq" Kiçik Su-Elektrik stansiyalarının (KSES) açılışlarında iştirak edib.

Bir həftə sonra, mayın 17-də İlham Əliyev ölkəmizdə dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə birgə Füzuli rayonuna və Şuşa şəhərinə səfər edib.

Öncə prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Sonra dövlət başçıları Şuşada birinci yaşayış kompleksində olub illər sonra dogma yurda qayıdan sakinlərinin həyat şəraiti ilə maraqlanıblar.

Prezidentlər Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara, Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə, Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisinə baxıb, Bülbülün ev-muzeyində, Cıdır düzündə olublar. 


Müstəqillik günündə doğma yurda qayıdış sevinci


May ayında Prezidentin Şərqi Zəngəzura da səfərləri reallaşıb. Belə ki, dövlət başçısı mayın 18-19-da Cəbrayıl və Zəngilan rayonlarında səfərdə olub. Dövlət başçısı Cəbrayıla səfəri çərçivəsində Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin təməlini qoyub. 

Zəngilan rayonunda isə "Ağalı" hotelinin açılışını edən Prezident Mincivan qəsəbəsinin də təməlini qoyub.

Mayın 19-da Prezident İlham Əliyevin İran İslam Respublikasının keçmiş mərhum Prezidenti Seyid İbrahim Rəisi ilə qonşu ölkənin dövlət sərhədində nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub. İran Prezidenti Seyid İbrahim Rəisi ilə birgə "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimlərində iştirak edib.

May ayının 28-də Müstəqillik Günündə ikiqat bayram sevinci yaşandı. Bu dəfə Xocalı sakinləri illər sonra yurdlarına qovuşdular. Həmin gün dövlət başçısı ilə görüşən xocalılıların sevincinin həddi-hüdudu yox idi. 

Öncə Prezident Ağdama səfər edərək rayonun Tağıbəyli, Güllücə, Nəmirli və Şotlanlı kəndlərinin təməlini qoymuşdu. Sonra Xocalıya yola düşən dövlət başçısı, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər.

Prezident İlham Əliyev bildirdi ki, belə bir bayram günündə doğma yurda qayıtmaq tarixi hadisə, unudulmaz gündür: "Həm görüşürük, həm də ki, birinci 20 ailə Xocalıya qayıdır. Bu münasibətlə də sizi ürəkdən təbrik etmək istəyirəm. Əlbəttə ki, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil. Çünki bildiyiniz kimi, keçən il Müstəqillik Günündə mən Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmişdim. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşmüşdüm. Onlar da məhz o gündə köçmüşdülər. Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir. Xocalı da gördüyünüz kimi, gözəlləşir, yenidən qurulur... Əvvəlkindən də daha gözəl şəhərdir və daha da gözəl olacaq. Bu gün sadəcə olaraq, birinci mərhələdir. Bu gün, əslində, Böyük Qayıdış proqramının Xocalı səhifəsi yazılır. Yaxın gələcəkdə digər xocalılılar da bura qayıdacaqlar.

Prezident həmçinin Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. 


Şuşada Qarabağ Bəyannaməsinin imzalanması


Dövlət başçısının Qarabağa növbəti səfəri daha bir tarixi hadisənin yaşanması ilə yadda qaldı. Belə ki, Prezident ötən il iyul ayının 5-6-da Xankəndi və Şuşa şəhərlərinə səfər edib. 

Hər iki səfər zənginliyi ilə seçilib. Öncə Prezident Qarabağ Universitetində görülən işlərlə tanış olub, "Qarabağ" və "Palace" hotellərinin açılışında iştirak edib, Xankəndi Konqres Mərkəzinin təməlini qoyub.

Sonra Şuşaya gedən Prezident burada "İsa bulağı" istirahət kompleksinin,  Sutəmizləyici qurğular kompleksinin, Aşağı Gövhər ağa məscidinin, Dövlət Xidmətləri Mərkəzinin açılışlarında iştirak edib.

Həmin gün İlham Əliyev Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı, Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.

Həmin gün Şuşada səfərdə olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə birgə 23 binadan ibarət birinci yaşayış kompleksində və Aşağı Gövhər ağa məscidində olub, şəhəri gəziblər. 

İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatı dövlət və hökumət başçıları ilə birgə "Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü" keçirilib və Qarabağ Bəyannaməsi imzalnıb.

İyul ayının 21-də Prezident yenidən Şuşaya səfər edib. Bu dəfə dövlət başçısı "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirak edib.


Şərqi Zəngəzurda möhtəşəm tikinti-quruculuq işləri aparılır

 

Ötən il Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Kəlbəcərdə mühüm işlər görülüb. Bütün layihələrə şəxsən nəzarət edən Prezident İlham Əliyev sentyabrın 2-də  Kəlbəcərə səfər edib, bir sıra obyektlərin açılışına, təməlqoyma mərasimlərinə qatılıb. 

Öncə Tərtər çayı üzərində yerləşən "Yuxarı Vəng" Su-Elektrik Stansiyasının açılışında iştirak edən Prezident sonra Xudavəng monastır kompleksində olub. 

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanışlıqdan sonra Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub. Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi ilə tanış olub.

Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyan dövlət başçısı, şəhərdə 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub, "İstisu" Mineral su zavodunun açılışında iştirak edib. Həmçinin "AzərEnerji" ASC-nin 4,3 MVt gücündə "Zar" Kiçik-Su Elektrik Stansiyasının (KSES-in), İstisu qəsəbəsində "Azərişıq" ASC-nin 110/35/10 kV-luq "İstisu" yarımstansiyasının açılışlarında iştirak edib. "İstisu" Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub. Bununla yanaşı Prezident İstisu qəsəbəsinin təməlini qoyub.


Dövlət Suverenliyi Günü və Qarabağ Universitetinin açılışı


Ötən il ölkəmizin ictimai-siyasi həyatında olduqca mühüm tarixi hadisə yaşandı. Prezident İlham Əliyev 20 sentyabr tarixini əbədiləşdirdi. Belə ki, Prezident İlham Əliyev ötən il sentyabrın 19-da "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" Sərəncam imzaladı. Azərbaycan dövlətinin, xalqımızın tarixində ən parlaq səhifələrdən biri olan sentyabrın 20-si sərəncama əsasən, hər il ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. 

Keçən il Prezident həmin gün Ağdam, Xankəndi rayonlarına və Şuşa şəhərinə səfər edərək mühüm obyektlərin açılışını edib, təməllər qoyub və tarixi çıxışlarla xalqımıza xoş müjdələr verib. Öncə dövlət başçısı Ağdamda Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib, Kəngərli kəndində aparılan bərpa işləri, sənaye parkında görülən işlərlə tanış olub, yeni zavodların və İmarət Kompleksinin və "Aghdam City Hotel"in açılışlarında iştirak edib. "İmarət" stadionunun təməlini qoyub, Xıdırlı kəndində görülən bərpa işləri, Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun tikintisi ilə tanış olub. 

Sonra Prezident Xankəndiyə yollanıb. Burada dövlət başçısı Xankəndidə  "Bulud" hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub. Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin, 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışlarında iştirak edib. Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlər və Zəfər meydanında Konqres mərkəzinin tikintisi ilə tanış olub.

Xankəndi şəhərində isə təntənəli şəkildə Qarabağ Universitetinin təmirdən sonra açılış mərasimi keçirilib. Universitetin müəllim və tələbə heyəti ilə görüşdə çıxış edən Prezident bildirib ki, bu gün Qarabağ Universitetinin açılışıdır. Bu açılış istənilən gündə ola bilərdi: "Amma hesab etdim ki, 20 sentyabrda olsa, daha düzgün olar. Çünki bu, artıq şanlı tariximizdir. Hesab edirəm ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir və keçən ilin noyabrında müvafiq sərəncam imzalandı. Sonra mən buraya baş çəkdim. Artıq mənim buraya üçüncü gəlişimdir və bütün göstərişlər verildi, Elm və Təhsil Nazirliyi tezliklə bütün lazımi tədbirləri gördü. Demək olar ki, bina yenidən quruldu. Bu bina sovet dövründə Azərbaycan memarları, inşaatçıları tərəfindən inşa edilmişdi. İşğal dövründə bunu erməniləşdirmək üçün müəyyən işlər görülmüşdü. O əlamətlər də tamamilə silindi. Binanın önü açıldı, gözəl bir park yaradıldı. Master-plan hazırlandı, yəni gələcək illərdə, yəqin ki, növbəti üç ildə yeni tədris korpusları inşa ediləcək".

Prezident vurğuladı ki, bu gün birlikdə Xankəndidə qeyd edilən ən böyük bayram günümüz - 20 sentyabr bundan sonra Azərbaycanda çox geniş şəkildə qeyd olunacaq.

Həmin gün Prezident Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin, eyni zamanda Bayraq Meydanının açılışını edib. 


Şərqi Zəngəzurun fabrik və zavodları artır


İl ərzində Prezidentin siyasətinin prioriteti olan işğaldan azad edilən torpaqlarımızda əhalinin məşğulluq məsələləri də daim diqqətdə olub. Bu istiqamətdə xeyli işlər görülüb.  Prezidentin oktyabrın 3-4-də Cəbrayıl, Zəngilan rayonlarına səfərlərində çox mühüm obyektlərin açılışı və təməlqoyma mərasimləri həyata keçirilib. 

Cəbrayıl rayonunda Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olan Prezident Mehdi Mehdizadə adına tam orta məktəbin binasının açılışında iştirak edib. Həmçinin Cəbrayıl şəhərində alkoqolsuz içki məhsulları istehsalı kompleksinin, Damazlıq yumurta istehsalı fabrikinin, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimlərində iştirak edib, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı mərasiminə qatılıb. 

Zəngilan şəhərində "AzərEnerji" ASC-nin "Sarıqışlaq" Su-Elektrik Stansiyasının açılışını edən Prezident, beşinci və altıncı yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib, 104 mənzilli yaşayış kompleksində və Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub.

Oktyabrın 4-də isə Cəbrayılda inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.

Sonda onu da qeyd edək ki, 4 ildən çoxdur ki, Qarabağ və Şərqi Zəngəzurda misli görünməyən tikinti-quruculuq işlərinin hamısını Azərbaycan ancaq öz iqtisadi qüdrəti hesabına həyata keçirir. Bütün bu işlərin görülməsi üçün dövlət büdcəsindən vəsait ayrılır. 2025-ci ildə işğaldan azad edilmiş torpaqlarda geniş bərpa-quruculuq işlərinə 4 milyard manat məbləğində vəsait ayrılıb. Qeyd edək ki, 2020-ci ildən başlayaraq 2024-cü il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq məqsədləri üçün 17,5 milyard manata yaxın vəsait ayrılıb.

Bu miqyasda əzəmətli tikinti-quruculuq işləri onu göstərir ki, Qarabağı "dəmir yumruq"la alan Prezident İlham Əliyev bu yurd yerlərimizi də dəmir iradə ilə cənnətməkana çevirir. Tezliklə Qarabağ və Şərqi Zəngəzurun hər qarışında həyat qaynayacaq. Azərbaycan xalqının xoşbəxt günləri yenidən başlayacaq. 


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xalq artisti Ənvər Həsənov vəfat edib

22:31
16 Mart

Ölkə ərazisində havanın temperaturu 31 dərəcəyə yüksələcək

22:01
16 Mart

Nazirlik: Ermənistan silahlı qüvvələri növbəti dəfə mövqelərimizi atəşə tutub  

21:43
16 Mart

Misli Premyer Liqasında XXVII tura yekun vurulub

21:09
16 Mart

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub 

20:53
16 Mart

Ərdoğan ilə Tramp Suriya, Ukrayna və terrorizmlə mübarizə məsələlərini müzakirə ediblər

20:47
16 Mart

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federal Məclisi Federasiya Şurasının sədri ilə görüşüb

20:38
16 Mart

Novruz- Milli, tarixi və mədəni ənənəmiz 

19:06
16 Mart

İstanbulda fəaliyyətə başlayan “Bütün Azərbaycanlı Həkimlər Dərnəyi”nin ilk toplantısı keçirilib  

18:59
16 Mart

Şimali Makedoniyadakı faciədə ölənlərin sayı 59-a çatıb

18:49
16 Mart

DGK: Külli miqdarda narkotik vasitə aşkarlanıb

18:34
16 Mart

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib  

18:10
16 Mart

Şimali Makedoniya DİN: Yanğında 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb

16:20
16 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

15:21
16 Mart

Şimali Makedoniyada gecə klubunda baş verən yanğında azı 50 nəfər ölüb

14:16
16 Mart

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 

13:41
16 Mart

Zelenski: Ukrayna müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımır

12:29
16 Mart

Azərbaycan boksçuları Macarıstanda 1 qızıl, 2 gümüş medal qazanıblar

12:14
16 Mart

“Diplomatic World Sweden” saytı “Yaşıl enerji dəhlizi” layihəsi haqqında yazıb  

12:08
16 Mart

ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb  

11:07
16 Mart

Media: ABŞ Sənadakı husilərin siyasi şurasının qərargahını hədəfə alıb

10:15
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!