Prezident İlham Əliyevin 16 dekabr 2009-cu il tarixli sərəncamı ilə hər il aprelin 10-u Azərbaycanda "İnşaatçılar günü" kimi qeyd olunur. Bu, dövlətin tikinti sektorunun inkişafına, bu sahədə çalışan insanların çətin və şərəfli əməyinin layiqincə qiymətləndirilməsinə diqqət və qayğısının bariz nümunəsi kimi dəyərləndirilir.
Azərbaycanda tikinti və memarlıq qədim və zəngin tarixə malikdir. XIX əsrin sonu - XX əsrin əvvəllərində burada tikinti işləri daha geniş vüsət alıb. Həmin dövrdə indi də qiymətli memarlıq abidələri kimi qorunan onlarla yaşayış binası və sosial obyekt inşa edilib, nəticədə özündə Şərq və Qərb memarlığının nadir nümunələrini birləşdirən Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib.
Sovet dönəmində Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər respublikada tikinti sektorunun sürətlə inkişaf etdiyi dövr oldu. Məhz həmin zaman paytaxtımızda indi də böyük əhəmiyyət daşıyan Bakı Dərin Özüllər Zavodu, Bakı Məişət Kondisionerləri Zavodu, Şəmkir Su-Elektrik Stansiyası, Mingəçevir Dövlət Rayon Elektrik Stansiyası, maşınqayırma, kənd təsərrüfatı, kimya, elektrotexnika, tikinti materialları, yüngül sənaye və digər sahələrdə onlarla istehsalat müəssisəsi, yüzlərlə yaşayış binası, səhiyyə, mədəniyyət, təhsil obyektləri istifadəyə verildi. Bu proses Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə də davam etdi.
Ənənələr yaşayır. Dünyanın qurucu lider kimi tanıdığı Prezidentımız İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramları çərçivəsində ölkəmiz başdan-başa nəhəng tikinti-abadlıq meydanına çevrildi. Şəhər və rayonlarımızda yüzlərlə yeni məktəb binası, müasir avadanlıqla təchiz olunmuş onlarla diaqnostika mərkəzi və digər səhiyyə obyektləri, dünya və Avropa standartlarına tam cavab verən olimpiya idman kompleksləri, çoxlu sayda hündür mərtəbəli yaşayış binası istifadəyə verildi. Minlərlə kilometr yol çəkildi və əsaslı təmir olundu, avtomobil körpüsü salındı. Bakıda neçə-neçə yol qovşağı və ötürücüsü, piyada keçidi inşa edildi.
Bakıdan söz düşmüşkən, xatırladaq ki, iki il əvvəl paytaxtımızın baş planı təsdiq olundu. Baş plan Bakının 212,3 min hektarlıq bütün inzibati ərazisi əhatə olunmaqla növbəti iki onillik ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir. O cümlədən güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan dayanıqlı şəhər mühiti, mədəni və tarix-memarlıq irsinin qorunması, ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastrukturlar, kommunal sistemlər, ətraf mühitin təmizlənməsi və ərazilərin abadlaşdırılması tədbirləri, habelə postsənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə birləşdirir.
Qurub-yaratmaq kimi şərəfli bir peşənin sahibi olan inşaatçıların əməyinin bəhrəsini hər gün görürük. Onların əməyi ilə ucalan göydələnlər, inşa edilən müxtəlif təyinatlı müəssisələr, çəkilən yollar, yaradılan digər infrastruktur göz qabağındadır. Təkcə keçən il təhvil verilən obyektlərdən bəzilərini xatırlayaq. Belə ki, 2024-cü ildə Bakı şəhərində Dövlət Sərhəd Xidmətinin hərbi hospital kompleksi, "Grescent Mall" ticarət mərkəzi, "Zəngilan" tankeri, "LANDAU School" Təhsil Kompleksi, "The Grand" apart hoteli, Böyükşor-Pirşağı yeni avtomobil yolu, Mərkəzi Parkın üçüncü hissəsi, Zəfər parkı, Gəncə İdman Sarayı, Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksi, Göygöl rayonunda 4,1 MVt gücündə "Toğanalı" KSES, Lənkəran regional "ASAN xidmət" mərkəzi, Qəbələ rayonunda 110/35/10 KV-luq "Hacıalılı" elektrik yarımstansiyası, Regional Təlim Mərkəzi, Qəbələ Rayon Mərkəzi Xəstəxanası, Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolu və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.
İşğaldan azad olunmuş ərazilərimiz başdan-başa tikinti meydanıdır. Hər yanda yollar çəkilir, yaşayış evləri, məktəblər, turizm obyektləri və s. inşa edilir. Nəticədə Qarabağa və Şərqi Zəngəzura köç karvanlarının sayı gündən-günə artır. Getdikcə o yerlərin qonaq-qarası da çoxalır. Yenə də keçən ilin yeni tikililərini yada salaq. İl ərzində Ağdam rayonunda hotel, Ağdam Sənaye Parkında ayaqqabı istehsalı zavodu, elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı zavodu, avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodu və digər müəssisələr açılıb. Cəbrayıl rayonunda "Xudafərin" və "Qız qalası" hidroqovşaqları, yaşayış kompleksi, Füzuli rayonunda Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tunel, Kəlbəcər rayonunda "İstisu" yarımstansiyası, "Zar" KSES, "İstisu" mineral su zavodu, Laçın rayonunda "Zabux" və "Qarıqışlaq" KSES-ləri, Şuşa rayonunda yaşayış kompleksi, Bayraq meydanı, sutəmizləyici qurğular kompleksi, Zəngilan rayonunda "Ağalı" hoteli, "Zəngilan" və "Şayıflı" SES-ləri və digər obyektlər istifadəyə verilib.
Prezident İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura hər səfərində yeni yaşayış məhəllələrinin, parkların, istehsalat müəssisələrinin açılışını edir və yenilərinin təməlini qoyur.
Deyilənlərə onu da əlavə edək ki, cari ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 milyard 8,9 milyon manat investisiya yönəldilib. Ümumi sərmayənin 45,2 faizi dövlət, 54,8 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 77,6 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.
İlin ilk ayında tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 80,6 faizini inşa, yenidənqurma və bərpa, 7,8 faizini əsaslı təmir, 5,9 faizini cari təmir, 5,7 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 87,1 faizini qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri yerinə yetirib.
Flora SADIQLI,
"Azərbaycan"