Müasir dövrdə yüksək keyfiyyətləri, saf həyat idealı, şəxsiyyətinin bütövlüyü ilə fərqlənən ləyaqətli insanların cəmiyyətdəki müstəsna yeri və rolu daha qabarıq görünür. Belə nəcib insanların dərk edilmiş məsuliyyətə əsaslanan əməli fəaliyyəti həm də onların mənalı həyat yolunu, mövqeyini, ictimai statusunu müəyyənləşdirir. Ziyalı adına layiq belə insanlar xalqımızın əsrlərin sınağından çıxmış mənəvi dəyərlərini, zəngin aləmini parlaq şəxsiyyətlərində təcəssüm etdirirlər.
Bakı Dövlət Universitetinin "Türk xalqları tarixi" kafedrasının professoru, tarix elmləri doktoru İsmayıl Məmmədov Azərbaycan ziyalısı adını şərəflə daşıyan elm xadimidir. O, ömrünün 75 ilini ləyaqətlə yaşamış, zəhmətkeş alim kimi elmin yüksək zirvələrini fəth etmişdir. Xalqımızın ayrı-ayrı parlaq səhifələrini gərgin zəhmət bahasına tədqiq etmək və gənc nəslə öyrətmək kimi gözəl bir missiyanı əzmlə daşıyan professor İsmayıl Məmmədov özündən sonra çoxlarının bəhrələnəcəyi zəngin elmi məktəb yaratmışdır. Yüksək daxili enerji ilə çalışmaqla məktəb müəllimliyindən elmlər doktoru pilləsinədək çətin yolu uğurla adlayan tanınmış alim ömrünün ən qaynar illərini xalqın gələcəyi olan gənc nəslin təlim-tərbiyəsinə, tədrisinə həsr etmiş, fundamental əsərlər, proqram və dərsliklər yazmış, tarix elmi sahəsində uğurlu tədqiqatlara imza atmışdır.
İsmayıl Məhəmməd oğlu Məmmədov 1950-ci il aprelin 25-də Zərdab rayonunun Qaravəlli kəndində (Azərbaycan toponimiyasında 17 oğuz etnonimi öz əksini tapmışdır. Bunlardan biri Qaraveli və ya Qaravəlli-Qara öylü), sadə, zəhmətkeş və imanlı bir ailədə anadan olmuşdur. Orta məktəbdə oxuyarkən tarixçi olub gələcək həyat yolunu pedaqoji fəaliyyətlə bağlamaq arzusunu özü üçün tam yəqin edən İsmayıl Məmmədov 1969-cu ildə qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olmuşdur.
1974-cü ildə ali təhsilini başa çatdıran İsmayıl Məmmədov təyinatla doğma kəndinə dönmüş, iki il Qaravəllidə tarix müəllimi işləmişdir. Elmi fəaliyyətə olan yüksək marağı onu rahat buraxmamışdır. Hətta rayonda ona yaxşı vəzifələr təklif olunmuşdur. Lakin elm sahəsinə üstünlük verərək aspiranturaya qəbul imtahanlarına hazırlaşmışdır. 1976-cı ildə Bakıya dönərək gələcək həyat yoluna qədəm qoymuşdur. O, ADU-nun Tarix fakültəsinin əyani aspiranturasına daxil olmuş, 1979-cu ilədək elmi-tədqiqat işi üzərində çalışmışdır. Bu dövrdən başlayaraq, onun həyat yolu həmişəlik olaraq universitetlə bağlanmış, 1980-ci ildən ADU-da pedaqoji fəaliyyətə başlamışdır. Universitetdə işlədiyi müddətdə üzərində gərgin səylə çalışdığı dissertasiya işini 1983-cü ildə müvəffəqiyyətlə müdafiə etmiş, tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 1984-cü ildən həmin fakültənin baş müəllimi, 1988-ci ildən isə dosent seçilmişdir.
Pedoqoji fəaliyyəti dövründə elmi tədqiqatlarını uğurla davam etdirib, 1992-ci ildə üzərində çalışdığı doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsinə yiyələnmişdir. 1994-cü ildə Bakı Dövlət Universitetinin Böyük Elmi Şurası onu professor elmi adına layiq görmüşdür. Elə həmin ildən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin professoru kimi çalışmış, tələbə-gənclərin təlim-tədrisində cəmiyyət üçün layiqli, vətənpərvər və bilikli insan kimi yetişməsində öz xidmətlərini əsirgəməmişdir.
Professor Azərbaycanın qədimdən bu günədək keçdiyi şərəfli və çətin yolun ayrı-ayrı mərhələlərini böyük məsuliyyət hissi ilə araşdıran, bir çox qaranlıq səhifələrə elmi kontekstdən işıq salan, maraqlı ümumiləşdirmələr apararaq son dərəcə əhəmiyyətli tədqiqatlara imza atan dəyərli alimlərdəndir. 10-dan çox elmi kitabın, 80-dən çox elmi-siyasi məqalənin, 100-dən çox qəzet məqaləsinin müəllifidir. Yaradıcılığı dövründə bir sıra monoqrafiyalar, dərs vəsaitləri və proqramlar yazaraq dərc etdirmişdir.
Türk xalqlarının Qədim və Orta əsrlər tarixini araşdıran professor qədim türk dövləti olan Böyük Hun imperiyası ilə bağlı qiymətli tədqiqatlar aparmışdır. Tədqiqatlarını 1995 və 1997-ci illərdə "Hunlar" adlanan iki kitabda toplayan alimin fikirləri araşdırıcıların və oxucuların böyük marağına səbəb olmuşdur.
Professor İ.Məmmədov Azərbaycan tarixi elminin dünya miqyasında təbliğinə hər zaman taleyüklü məsələ kimi yanaşmış, alimlərimizin erməni ideoloqlarının tarixi saxtalaşdırmaq istiqamətində apardığı məkrli işlərə tutarlı cavab verməsini vacib saymış, bu işin fəal təşviqatçısı olmuşdur. O, türk xalqlarının tarixini tədris etməsinə baxmayaraq, həm də Azərbaycan tarixinin mahir və istedadlı araşdırıcılarından biri kimi məşhurlaşmışdır.
İsmayıl Məmmədovun elmi tədqiqatlarının ən sanballı bəhrəsi olan "Azərbaycan tarixi" dərsliyinin əhəmiyyəti xüsusi qeyd olunmalıdır. 2005-ci ildə işıq üzü görmüş "Azərbaycan tarixi" kitabının unikallığı və əhəmiyyəti onunla şərtlənir ki, burada milli dövlətçilik tariximizin heç bir mərhələsi diqqətdən kənarda qalmır, elmi ümumiləşdirmə yolu ilə oxucuların nəzərinə çatdırılır.
Müəllif "Azərbaycan tarixi" kitabında ibtidai icma quruluşundan bu günlərədək olan hadisələri qələmə almaqla mühüm bir vəzifənin öhdəsindən uğurla gəlmişdir. Elə buna görə də professorun "Azərbaycan tarixi" kitabı qardaş Türkiyə alimləri tərəfindən obrazlı formada "Azərbaycanın tarix üzrə xarici pasportu" adlandırılmışdır.
Tanınmış alimin "Azərbaycan tarixi" Türk Qafqazında siyasi və etnik mənzərə" (qədimdən bu günə kimi) kitabı 2009-cu ildə İstanbulun "Ötugen" nəşriyyatında nəfis tərtibatla çapdan çıxması da Azərbaycan tarixi ilə bağlı həqiqətlərin Türkiyə və dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyətə malikdir.
Beynəlxalq aləmdə hər bir alimin elmi tədqiqatlarının ictimai əhəmiyyəti və dəyəri, ilk növbədə, onlara istinadlar əsasında müəyyənləşir. Seçilən əsərlərdə irəli sürülən tezis və fikirlər sonradan bir çox dünya ölkələrinin alimləri üçün maraqlı istinad mənbəyinə çevrilir. Professor İsmayıl Məmmədov ölkə hüdudlarını adlaya bilmiş alimlərdəndir. Onun tədqiqatları əcnəbi alimlər üçün maraqlı və zəngin mənbə rolunu oynayır. Alimin elmi əsərlərinə dünyanın müxtəlif ölkələrində dəfələrlə istinad edilməsi faktı deyilənləri təsdiqləyir. Qardaş Türkiyədə-İstanbulda XV-XXI əsrlərdə Türkiyə-Azərbaycan əlaqələrinə aid böyük həcmli monoqrafiya buraxılıb. Bu maraqlı əsər yazılarkən professorun əsərlərinə 128 dəfə müraciət olunub.
2009-cu ildə rus dilində "Azərbaycan tarixi" ("İstoriə Azerbaydjana") kitabı çapdan çıxmışdır. Bu kitab Sankt-Peterburqda "İmperator" kitabxanasının 200 illiyinə həsr edilmiş kitab sərgisində 100 kitabdan biri olmuşdur. Xarici ölkələrin universitetlərində bu kitabdan dərslik kimi istifadə olunur.
2014-cü ilin sentyabr ayında İsmayıl Məmmədovun "Azərbaycan tarixi" (The history of Azerbaijan. London /2014) əsəri İngiltərənin paytaxtı Londonda ingilis dilində nəşr olundu. Bu kitab Londonda "Rosserndale Books (RB)" nəşriyyatı tərəfindən nəfis tərtibatla çapdan buraxıldı. Kitabı ingilis dilinə AMEA-nın əməkdaşı Fatma Fərəcova çevirib. Əsərin redaktoru isə ingilis Annemarie Mergeldir.
2015-ci ildə Milli Elmlər Akademiyasının yaranmasının 70 illiyi münasibətilə Prezident İlham Əliyev AMEA-da nitq söylədi. Dövlət başçısı tarix elmi haqqında xüsusi danışdı və alimlərimizi tariximizi xaricdə təbliğ etməyə çağırdı. Prezidentin bu çağırışına qoşulanlardan biri də İsmayıl Məmmədov oldu.
2018-ci il Azərbaycanda "Cümhuriyyət ili" elan edildi. Həmin ildə ölkə daxilində və xaricində bir sıra tarixi əsərlər oxuculara təqdim olundu. Bu sırada Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru İsmayıl Məmmədovun iki kitabı ABŞ-də (Şimali Korolina Ştatının paytaxtı Raley şəhərində) nəfis tərtibatla çapdan çıxdı. Kitablardan biri "Azərbaycanın etnik və siyasi tarixi" (Ethnic and Politikal History of Azerbaijan), digəri isə "Azərbaycanın tarixi xəritələri" (Historical mars of Azerbaijan) adlanır.
İsmayıl müəllim 2019-cu il fevralın 11-dən-14-dək Hindistanda Beynəlxalq elmi konfransda iştirak etmişdir. Həmin il "Nəsimi ili" olduğu üçün məruzəsində Nəsimi ilə bağlı məsələlərə də toxunmuşdur. Onun məruzəsi "XV əsrdə Azərbaycan mədəniyyəti" adlanırdı. Konfrans Hindistanın Assam bölgəsinin paytaxtı Quvahati şəhərinin Universitetində keçirilirdi. Konfransın ikinci günü professorun ABŞ-də nəşr olunmuş "Azərbaycanın etnik və siyasi tarixi" (ingilis dilində) adlı kitabının təqdimatı keçirilmişdir.
Professor 1997-ci ildən dərc olunan və elmi mühitdə yaxşı tanınan "Tarix və onun problemləri" adlı beynəlxalq jurnalın baş redaktorunun birinci müavinidir. O, BDU-nun Tarix fakültəsində Müdafiə Şurasının və fakültə Elmi Şurasının üzvüdür. Müdafiə edilmiş 5 tarix üzrə fəlsəfə doktoru dissertasiya işinin elmi rəhbəri, 50-dən çox dissertasiya işinə rəy yazıb, opponenti olub. Professorun xeyli təltifləri var: Bakı Dövlət Universitetinin təhsildə fərqlənməyə görə fəxri fərmanı, Türkiyə, Dumlupinar Universitetində keçirilən Beynəlxalq Konfransda məruzəyə görə Universitetinin rektoru tərəfindən fəxri fərman (2006-cı il), Hindistan, Quvahati Universitetində keçirilən Beynəlxalq Konfransda məruzəyə görə fəxri fərman (2019-cu il), Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 26 noyabr 2019-cu il tarixli əmri ilə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı.
İsmayıl müəllim bir vətəndaş alim ömrü yaşayır. Şərqin böyük abidəsi olan "Kəlilə və Diminə"də göstərilir ki, "Hikmət, əql, təmkin və ədalət" göstərən insan kamil sayılır. İsmayıl müəllimdə bu hikmətlərin dördü də var. O, yaxşılıq etməklə yanaşı, həm də özünə edilən yaxşılıqları ömründə unutmamışdır.
Gözəl ailə başçısı olan Hacı İsmayılın üç qız övladı var. Böyük qızı Fərəh xanım Azərbaycan Tibb Universitetində çalışır. İkinci qızı hüquqşünasdır. Ali məhkəmədə analitik sektorun müdiridir. Kiçik qızı, hüquq üzrə fəlsəfə doktoru Lalə xanım Bakı Dövlət Universitetinin Hüquq fakültəsində müəllimdir.
İsmayıl müəllim həm də Allah adamıdır. 1995-ci ildə Məşhəd və Kərbəla, 1996-cı ildə Məkkədə Həcc ziyarətində olmuşdur. Babaları Mir Abdulla və Mir Səftər ağa yüksək mənəviyyat sahibi kimi kənddə böyük nüfuz sahibi olmuşlar. İsmayıl müəllim doğma kəndi ilə daim əlaqə saxlayır. Xeyirxah işlərlə məşğul olur. Ömrünün 75-ci pilləsinə qədəm qoyan İsmayıl Məmmədov bütün varlığı və ruhu ilə yaradıcı insandır.
Adil ABDULLAYEV,
"Gənclik" nəşriyyatının direktoru, Əməkdar mədəniyyət işçisi