09 Yanvar 2026 09:00
805
Mədəniyyət
A- A+
Taleyi keşməkeşli olan "Səadət Sarayı"

Taleyi keşməkeşli olan "Səadət Sarayı"


Tarix yalnız yazılanlar deyil. Onun nişanələrini həm də gözlərimizlə görə bilməyimizdir. Qədim Bakının küçələrində dolaşarkən bu həqiqəti, bu əzəməti bir daha yəqinləşdiririk. Və uzun illərdir ki, bu şəhərin hüsnünə xüsusi yaraşıq verən, tarixlərin şahidi olan tikililərdən birinin qarşısında ayaq saxlayırıq...

Bu şəhərə bələd olanlardan soruşsan, dərhal onun yerini göstərər: "Bax, ora "Səadət Sarayı"dır", - deyər. 

Paytaxtın mərkəzində yerləşən, şəhərin memarlıq ansamblında özünəməxsus yeri olan "Səadət Sarayı" uzun illər Bakıda nikah mərasimlərinin keçirildiyi əsas məkan kimi tanınıb, burada yeni-yeni ailələrin bünövrəsi qoyulub. Elə bu sarayın  təməli də məhəbbət üzərində qurulub.

Bu binanın ilk sahibi məşhur milyonçu, xeyriyyəçi, Azərbaycan neft sənayesinin görkəmli nümayəndəsi Murtuza Muxtarov olub.

Neft sənayesində podratla qazma işinin xeyli hissəsinin sahibkarı olan Murtuza Muxtarovu tanıdan yalnız var-dövləti deyildi, həm də nəcibliyi, xeyirxahlığı idi. O, kömək əlini yardıma ehtiyacı olanlardan, təhsil almaq istəyənlərdən əsirgəməyib. Ömür yoluna arabaçı oğlu kimi başlayan milyonçu bəlkə də uşaqlıq illərində ona nəsib olmayan səadəti başqalarına yaşatmağa çalışıb...

1865-ci ildə Bakı yaxınlığındakı qədim Xilə kəndində (indiki Əmircan qəsəbəsi) arabaçı ailəsində dünyaya gələn, mollaxanada ibtidai təhsil alan Murtuza Muxtarovu gün-güzəran, dolanışıq qayğıları uşaqlıq həyatını yaşamağa qoymayıb, onu kiçik yaşlarından çalışmağa vadar edib. Uşaqlıqdan qardaşı Bala Əhmədlə birlikdə arabayla çəlləkdə mədənlərdən şəhərə xam neft gətirib satıb. Hələ dəmir yolu olmayanda, payız və qış aylarında araba karvanı ilə Bakıdan Tiflisə yük daşıyıblar.

1874-cü ildə qazanc yeri olan arabasını satan Murtuza Muxtarov Balaxanı Zabrat kəndləri ətrafında salınan qazma kontorunda fəhlə işləməyə başlayıb. O, "yoruldum" demədən çalışıb. İşgüzarlığı və iradəsi gələcəyinə işıq salıb. Qazma baltasını təkmilləşdirib. İşə marağı, yenilik axtarışı ilə diqqətini cəlb etdiyi kontorun sahibi Markovdan alət və cihazların sirrini öyrənib. Bir müddət buruq ustası olub. Qoca sahibkar Markov Rusiyaya gedəndə Zabratdakı qazma avadanlığını, emalatxanasını ona satıb. Murtuza 1890-cı ildə "Muxtarov podratı" adlandırdığı kontorunu zaman keçdikcə genişləndirib. Qazma avadanlığını təkmilləşdirərək Abşeronda ilk dəfə 1100 metrlik quyu qazdırıb. Qroznıda, Maykopda kontorunun filiallarını açıb. Zavod, mədən, konstruktor büroları ilə qurduğu texniki və işgüzar əlaqələr səbəbindən tez-tez Şimali Qafqaza gedib.

Uşaqlıq illərində kasıblıq, ehtiyac ona ali təhsil almaq imkanı verməmişdi. Buna baxmayaraq, istedadlı, bacarıqlı ixtiraçı idi. Elə buna görə də adı Azərbaycanın neft sənayesi tarixinə ixtirası ilə yazılıb.

Dövrünün ayıq-sayıq adamlarından olan Murtuza Muxtarov savadını artırmaq, texniki biliklərə yiyələnmək üçün mühəndislərə maaş verib. 1895-ci ildə dünyada ilk dəfə metal ştanqlarla zərbə qazıma dəzgahını quraşdırıb. "Bakı qazıma sistemi" adı verdiyi bu ixtirası üçün dövlət patenti alıb. Murtuza Muxtarovun ixtira etdiyi qazma aləti bütün dünyada "Muxtarov" adı ilə tanınıb. Bir çox ölkəyə satılıb. Bakının Balaxanı, Suraxanı, Ramana və Sabunçu neft quyularının əksəriyyəti onun 1890-cı ildə yaratdığı "Podrat qazma" kontoru tərəfindən qazılıb. O, 1917-ci ildə ilk dəfə taxtayonan dəzgah ixtira edib. Zavodunun istehsal etdiyi dəzgah və avadanlığı xarici ölkələrə satıb. Özü də xaricdən çoxlu avadanlıq alıb.

Neft milyonçusu Murtuza Muxtarov XIX əsrin axırlarında ovaxtkı çar Rusiyasında ilk dəfə Bibi-Heybətdə konstruktor bürosu olan neft avadanlıqları istehsal edən böyük zavod tikdirib. O dövdə ilk neft avadanlığı müəssisəsi sayılan zavodun məhsulları yalnız Rusiyaya yox, xarici ölkələrə də ixrac olunub. Murtuza Muxtarov fəhlə və qulluqçular üçün üçmərtəbəli yaşayış binaları da inşa etdirib.

Murtuza Muxtarov xeyriyyəçiliyi ilə də ad qazanıb. Bakıda xeyriyyə cəmiyyətlərinin əksəriyyətinin fəaliyyətində iştirak edib. Təhsilin, mətbuatın inkişafına böyük maddi dəstək göstərib. Bakı Real Məktəbinin, Temirxan-Şuranın Qadın Gimnaziyasının hamisi olub. Ali və orta ixtisas məktəblərinin tələbələrinə təqaüd verib. Bakıda "Tərəqqi" qəzeti onun maddi köməyi ilə nəşr edilib. Murtuza Muxtarov həm də "Şimali Qafqaz xalqları arasında savadın və texniki biliklərin yayılması" cəmiyyətinin və Peterburq Müsəlman Xeyriyyə Cəmiyyətinin fəxri üzvü olub.

Onun Bakı şəhərində və ətraf kəndlərində, eləcə də Rusiyanın şəhərlərində, Avropanın bir sıra ölkələrində tikdirdiyi əzəmətli binalar bu günədək qalır.

Çoxlarının dərdlərinə əlac etsə də, qəlbinə taleyinin vurduğu yaraları sağaltmaqda aciz idi. İlk evliliyi faciə ilə bitmişdi. Bir gün həyat yoldaşı Qönçənaz xanımı və iki qızını evdə qoyub səfərə yollanan neft sahibkarı geri qayıdanda dəhşətli xəbərlərlə qarşılaşmışdı. O, səfərdə ikən qızları xəstələnmiş, vaxtında müalicə edilməyən uşaqlar vəfat etmişdilər. Başlarına gələn faciədən sarsılan Murtuza Muxtarov Qönçənaz xanımdan ayrılmışdı.

Milyonçu Rusiyanın müxtəlif quberniyalarına işgüzar səfərlər edirdi. Növbəti səfərində, Vladiqafqazda məşhur general Hambi Tuqanovla tanış olur. General onu evinə qonaq çağırır. Dəvəti qəbul edən Murtuza Muxtarov generalın gözəl qızı Liza xanımla tanışlığını taleyinin lütfü sayır. İlk görüşdən bir-birilərinə  vurulurlar. Əslən osetin zadəganlarından olan, Vladiqafqazda doğulub boya-başa çatan Liza xanımla aralarında yaş fərqi böyük idi.  Ona görə də qızın atası bu evliliyə etiraz edir. Ancaq Murtuzanın ağayanalığı, mədəniyyəti generalı bu izdivaca razı salır. Milyonçunun elçilik və toy mərasimləri çox dəbdəbəli keçir.

Həyat yoldaşı Liza xanımı çox sevən Murtuza Muxtarov onu tez-tez Avropaya səyahətə aparıb. Gəzdikləri şəhərlərin memarlıq abidələrini, arxitekturasını maraqla seyr ediblər. Venesiyada gəzərkən əzəmətli bir bina Liza xanımı xüsusilə valeh edib. Onun heyranlığına Murtuza Muxtarov sükutla cavab verib. Ancaq elə oradaca qərara gəlib ki, bu binanın bənzərini Bakıda tikdirsin.

Geri döndükdən sonra milyonçu Avropaya mütəxəssis göndərib həmin binanın dəqiq surətini əks etdirən layihəni əldə edib. Sonra istedadlı və tanınmış memar - polşalı İosif Ploşkoya müraciət edib.

1911-ci ildə başlanan tikinti 1912-ci ildə başa çatıb. Bircə il ərzində İosif Ploşkonun layihəsi əsasında, "Qasımov qardaşları" şirkəti tərəfindən mürəkkəb fransız qotik üslubunda möhtəşəm saray inşa olunub.

Murtuza Muxtarov bir gün gənc həyat yoldaşını gəzinti adı ilə evdən çıxarıb. Faytonla yeni tikilmiş sarayın qarşısına gətirib. Liza xanım sevincindən, heyrətindən deməyə söz tapmayıb.

Onların bu gözəl sarayda, xoşbəxtlik, firavanlıq içində keçən illəri səkkiz il çəkib. O illər ərzində bu tarixi bina çox hadisələrin şahidi olub...

Liza xanımın övladı olmayıb. O, öz analıq sevgisini kasıb ailələrdən olan uşaqlara qəyyumluq etməklə, təhsil verməklə göstərib. "Murtuza Muxtarov" səhmdar cəmiyyətinin idarə heyəti üzvü olan Liza xanım Muxtarova böyük maarifçilik işi aparıb. O, 1913-cü ildə təşkil edilən "Uşaq xəstəxanası" xeyriyyə cəmiyyətinin fəal üzvlərindən biri olub. Bakıda xüsusi uşaq xəstəxanasının yaradılmasına yardım göstərib. Bakının ən hörmətli xanımları sırasında yer alan Liza xanım Muxtarova keçirdiyi xeyriyyə məclislərindən toplanan vəsaiti də kasıb və yetim uşaqların ehtiyacına sərf edib.

1920-ci ilin aprelində bolşeviklərin XI Ordusu Azərbaycanı işğal ediblər. Silahlı bolşeviklər Muxtarovun sarayının qapısını sındırıb zala daxil olublar. Həyatı boyu mərdliklə yaşamış, bacarıqlı, istedadlı, zəhmətsevər, xeyirxah olduğu qədər də məğrur, qətiyyətli, sərt, qorxmaz insan olan Murtuza Muxtarov elə qəzəblənib ki, dərhal tüfəngə əl atıb. Bolşeviklərdən birinə atəş açaraq öldürüb, ikinci gülləni isə özünə vurub.

Murtuza Muxtarov Əmircanda, özünün tikdirdiyi məscidin həyətində torpağa tapşırılıb. Liza xanımı bolşeviklərin qəzəbindən qorumaq üçün qulluqçular onu gizlədiblər. Həyat yoldaşının ölümündən sonra o, bir müddət möhtəşəm sarayının qonşuluğundakı evlərdən birinin zirzəmisində yaşayıb. Məcburiyyət qarşısında qalan Liza xanım xaricə qaçmaq üçün saxta da olsa, bir türk paşasına ərə gedib. O, Bakını tərk edərək Türkiyənin İstanbul şəhərinə gedib. Ancaq orada bəxti gətirməyib. Onu aldadaraq son varidatını da əlindən alan yol yoldaşı aradan çıxıb. Liza xanım sonralar Berlinə köçüb.

Liza xanım xaricə köçdükdən sonra yaxınları ilə əlaqə saxlamayıb, hətta məktub da yollamayıb. Bəzi mənbələrdə Liza xanım Muxtarovanın 1950-ci illərdə Parisdə, bəzi mənbələrdə isə 1956-cı ildə Almaniyada dünyasını dəyişdiyi qeyd olunub. Məzarının yeri bilinmir.

Liza xanıma həyat yoldaşı Murtuza Muxtarovun ən böyük hədiyyəsi, Azərbaycan memarlığının isə incilərindən sayılan "Səadət Sarayı" 1911-1912-ci illərin tarixi abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edilib. 


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa mavi yanacaq və "yaşıl enerji" sahəsində Azərbaycanla əməkdaşlıqdan məmnundur

08:05
04 Mart

Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!

08:00
04 Mart

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:15
04 Mart

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 8 fevral tarixli 2035 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 oktyabr tarixli 504 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:14
04 Mart

“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və Qərarının ləğv edilməsi barədə

01:13
04 Mart

Komissar: Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel şəkildə inkişaf edir  

00:20
04 Mart

Şuşada Od çərşənbəsi coşqusu

23:47
03 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib

23:44
03 Mart

Rusiya FHN-in təyyarəsi Rusiya vətəndaşlarını Azərbaycandan təxliyə edir  

22:40
03 Mart

Bir qrup Rusiya vətəndaşı İrandan təxliyə olunub

21:23
03 Mart

İranın ali rəhbərini seçən Ekspertlər Assambleyasının binası dağıdılıb

21:22
03 Mart

Laslo Vaşa: Azərbaycandan sualtı enerji kabeli Avropa üçün yeni texnoloji üfüqlər açır  

21:20
03 Mart

Azərbaycan Kuboku: “Zirə” yarımfinalda

21:09
03 Mart

Bakı metrosu Yaşıl və Qırmızı xətlərində yeni hərəkət qrafikinin sınaqlarına başlayır  

20:36
03 Mart

Kristina Lobilyo: Avropa İttifaqı Azərbaycan qazının etibarlı tədarükçüsü olaraq qalacaq  

19:43
03 Mart

Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

19:38
03 Mart

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir 

19:33
03 Mart

Azərbaycan və Latviya Yaxın Şərqdəki gərginliyin diplomatik vasitələrlə həllinin tərəfdarıdır  

19:28
03 Mart

Jan-Noel Baro Fransa vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycana təşəkkür edib  

19:13
03 Mart

SOCAR: Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini kökündən dəyişdirib  

19:01
03 Mart

Rektorlar ali təhsil müəssisələrinə qəbul prosesindən danışıblar

18:48
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!