28 Noyabr 2026 08:35
871
SİYASƏT
A- A+
"Sülh körpüsü" praktiki müstəviyə keçir

"Sülh körpüsü" praktiki müstəviyə keçir


Cənubi Qafqazda uzun illər davam edən münaqişə səhifəsinin bağlanması və regionda davamlı sülhün təmin olunması istiqamətində siyasi-diplomatik addımlarla yanaşı, ictimai müstəvidə də fəaliyyət göstərilir. Hesab edilir ki, ikitərəfli münasibətlərin normallaşması prosesində rəsmi danışıqlardan əlavə cəmiyyətlər arasında illərlə formalaşmış stereotiplərin tədricən aradan qaldırılması və birbaşa dialoq mexanizmlərinin qurulması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, ictimai diplomatiya təşəbbüsləri regionda yeni reallıqların qəbul edilməsi və sülh gündəliyinin dərinləşdirilməsi üçün bir platforma rolunu oynayır. 

Bu baxımdan, "Sülh körpüsü" təşəbbüsü çərçivəsində noyabrın 26-27-də Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirakı ilə İrəvanda keçirilən geniş tərkibli ikitərəfli "dəyirmi masa" müzakirələri diqqətəlayiq hadisə kimi dəyərləndirilə bilər. Hər iki ölkədən ümumilikdə 60 vətəndaş cəmiyyəti təmsilçisinin qatıldığı bu görüş təkcə iştirakçı sayının çoxluğu ilə deyil, həm də müzakirə olunan məsələlərin əhatə dairəsi ilə fərqlənir. 

Bir vaxtlar erməni təmsilçilərinin Azərbaycana qarşı əsassız iddialarla çıxış etməsinə cavab olaraq Azərbaycan nümayəndələri İrəvana səfər etməkdən imtina etmiş və bu istiqamətdə təmaslar müvəqqəti olaraq dayanmışdı. Lakin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında noyabrın 12-də İrlandiyanın Dublin şəhərində, "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində reallaşan görüşdə əldə olunan razılaşmalara uyğun olaraq ictimai diplomatiya xətti üzrə prosesin irəli aparılmasına qərar verilmişdi. Bu fakt göstərir ki, vətəndaş cəmiyyətləri arasında dialoq siyasi iradənin və ali səviyyədə əldə edilən razılaşmaların tərkib hissəsi kimi inkişaf etdirilir. 

İrəvanda baş tutan beşinci raund müzakirələri 2025-ci il avqustun 8-də Vaşinqton Sammitində razılaşdırılmış sülh gündəliyini, Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri, eləcə də iki cəmiyyət arasında qarşılıqlı etimadın yaradılması və inkişaf etdirilməsi tədbirlərini geniş şəkildə əhatə edib. Bununla yanaşı, iştirakçılar Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın, ticarətin və bağlantı marşrutlarının yaradılması imkanlarını, humanitar məsələləri, gənclərlə işi və təhsil sahəsini, cəmiyyətlər arasında birbaşa əlaqələrin qurulması perspektivlərini ətraflı nəzərdən keçiriblər. "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 2025-ci və 2026-cı illərdə İrəvan, Bakı və Qəbələ şəhərlərində ümumilikdə beş görüşün keçirilməsi bu platformanın davamlı xarakter aldığını təsdiqləyir. 

Budəfəki görüşün əvvəlkilərdən fərqi prosesin strukturlaşması və praktik müstəviyə keçməsidir. Ümumi müzakirələrlə yanaşı, bu dəfə ekologiya, iqtisadiyyat, infrastruktur, humanitar əməkdaşlıq və media istiqamətlərini əhatə edən tematik komitələr yaradılıb və onların ilk iclasları keçirilib. Yeni format çərçivəsində növbəti mərhələdə görülə biləcək konkret işlər, təqdim ediləcək təkliflər, mövcud fikir ayrılıqlarının aradan qaldırılması və sülh gündəliyinin genişləndirilməsi imkanları sistemli şəkildə araşdırılacaq. Artıq tərəflər arasında qapalı mövzuların qalmaması, iştirakçıların bir-birinə açıq suallar ünvanlayaraq birbaşa cavablar ala bilməsi və prosesə cəlb olunan insanların sayının artması dialoqun yeni mərhələyə qədəm qoyduğunu göstərir. Eyni zamanda təşəbbüs iştirakçılarının cəmiyyətlə işləmək təcrübəsinə malik olması bu komitələrin səmərəli fəaliyyəti üçün ciddi zəmin yaradır.

Yaradılan komitələrin fəaliyyət istiqamətləri sülh gündəliyinin həssas, eyni zamanda praktiki nəticə verə biləcək sahələrini əhatə edir. Məsələn, media istiqaməti üzrə əməkdaşlıq informasiya məkanında dezinformasiyaların və nifrət nitqinin azaldılmasına, ictimai rəyin sülhə hazırlanmasına xidmət edə bilər. Eyni qaydada iqtisadiyyat, infrastruktur və ekologiya komitələri regionun ümumi resurslarından səmərəli istifadə, nəqliyyat-kommunikasiya xətlərinin açılmasının yaratdığı iqtisadi dividendlər və ekoloji problemlərin birgə həlli yolları ətrafında ekspert rəylərinin formalaşdırılmasına şərait yaradır. Humanitar sahədə atılacaq addımlar isə onilliklər ərzində bir-birindən təcrid olunmuş cəmiyyətlər arasında təmasların bərpasına və qarşılıqlı anlaşma mühitinin dərinləşməsinə töhfə verə bilər.

"Sülh körpüsü" təşəbbüsünün əsas xüsusiyyətlərindən biri də vətəndaş cəmiyyəti nümayəndələrinin dövlət rəsmiləri ilə birbaşa ünsiyyət qurmaq imkanına malik olmasıdır. Ənənəyə uyğun olaraq, müzakirələr çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan da iştirakçılarla görüşüb. Görüş zamanı iştirakçılar Alen Simonyana onları maraqlandıran sualları birbaşa ünvanlayıb, tərəflər arasında mövcud reallıqlar və gələcək perspektivlər ətrafında açıq fikir və mülahizələr mübadiləsi aparılıb. Nümayəndələrin qərar qəbul edən rəsmi şəxslərlə açıq formatda təması cəmiyyətləri narahat edən suallara cavab tapmaq və sülh prosesinə töhfə baxımından xüsusi əhəmiyyət daşıyır.

Digər tərəfdən, vətəndaş cəmiyyəti təmsilçilərinin dövlət rəsmiləri ilə birbaşa dialoqu həm də rəsmi İrəvanın sülh prosesinə nə dərəcədə hazır olub-olmadığını nümayiş etdirir. Belə görüşlər Ermənistan cəmiyyətində sülh gündəliyinə qarşı çıxan revanşist dairələrin manipulyasiyalarının qarşısını almaq və real vəziyyəti ictimaiyyətə düzgün çatdırmaq baxımından da əhəmiyyətlidir. Lakin ictimai diplomatiyanın davamlı nəticələr verməsi və bu təmasların formal xarakter daşımaması üçün İrəvandan rəsmi səviyyədə verilən bəyanatların konkret hüquqi və siyasi qərarlarla tamamlanması zəruridir.

Rəsmi Bakı regionda yekun və dayanıqlı sülhün təmin olunması üçün bütün zəruri addımları atıb və bu istiqamətdə konstruktiv mövqeyini davam etdirir. Azərbaycan tərəfinin təşəbbüskarlığı və siyasi iradəsi nəticəsində sülh prosesi artıq real məzmun kəsb edib. İndi əsas məsələ rəsmi İrəvanın üzərinə götürdüyü öhdəlikləri heç bir bəhanə gətirmədən, yubatmadan və qeyd-şərtsiz yerinə yetirməsidir. Ermənistanın konkret əməli addımları, ərazi iddialarından tam imtina etməsi və üzərinə düşən bütün öhdəlikləri icra etməsi regionda "Sülh körpü"sünün həqiqi təməllər üzərində qurulmasına imkan verəcək.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna mediasında müharibə ilə bağlı bəzi məlumatların yayılması qadağan edilib

21:59
28 Noyabr

Rusiyanın neft obyektlərinə zərbələrin endirildiyi təsdiqlənib

21:19
28 Noyabr

İstanbulda Türkiyə və Yunanıstan prezidentlərinin görüşü olub

19:29
28 Noyabr

Mədəniyyət naziri TÜRKSOY Daimi Şurasının 43-cü iclasında iştirak edib

18:17
28 Noyabr

Almaniya səfiri: Diplomatik Qış Bazarı xalqlar arasında mədəni əlaqələrin möhkəmlənməsi baxımından gözəl fürsətdir

17:21
28 Noyabr

İçərişəhərdə 25 ölkənin səfirliyi Diplomatik Qış Bazarında bir araya gəlib

14:33
28 Noyabr

Bazar gününün hava proqnozu açıqlanıb

12:57
28 Noyabr

Ə.A.Vəliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında  

12:45
28 Noyabr

Ə.H.Əsədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında  

12:17
28 Noyabr

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb  

11:56
28 Noyabr

Mavritaniya İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd uld Şeyx əl-Qazuaniyə  

11:32
28 Noyabr

Albaniya Respublikasının Prezidenti Zati-aliləri cənab Bayram Beqaya  

11:28
28 Noyabr

Azərbaycanın gənc şahmatçısı yarım xalla dünya çempionluğunu əldən verib  

11:21
28 Noyabr

Azərbaycanın iki şahmatçısı beynəlxalq turnirin qalibi olub  

11:14
28 Noyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb  

11:01
28 Noyabr

Anomal istilər dünyada şirin su ehtiyatlarının kəskin azalmasına səbəb olub  

10:59
28 Noyabr

Co Baydenin kitabının satışı uğursuz olub

10:48
28 Noyabr

Nigeriyanın Plato ştatında silahlı hücum nəticəsində 17 kənd sakini öldürülüb  

10:45
28 Noyabr

Azərbaycan deflimpiyaçıları Ermənistanda keçirilən Avropa çempionatında 6 medal qazanıblar  

10:40
28 Noyabr

Bilmək istəyirəm

09:00
28 Noyabr

Aİ liderləri yeni büdcə ilə bağlı razılığa gələ bilmədilər

08:55
28 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!