28 Noyabr 2026 08:15
717
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin formalaşdırdığı təkmil siyasi konfiqurasiya

Prezident İlham Əliyevin formalaşdırdığı təkmil siyasi konfiqurasiya


Azərbaycan yeni strateji mərhələdə böyük milli hədəflərinə doğru inamla irəliləyərək tarixin ən qüdrətli Azərbaycanı kimi dövlətçilik salnaməsinin yeni şərəf səhifələrini yaradır. 

Əsrlər boyu xalqımızın milli idealı olan ərazi bütövlüyümüzün, dövlət suverenliyimizin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin liderliyi və Qalib Ordumuzun gücü ilə bərpası bu salnamənin ən böyük qürur məqamıdır. 


Azərbaycan həm də mütərəqqi təcrübələrini dünyaya ixrac edir 


Bununla yanaşı, Azərbaycan dövlətinin son onilliklərdə qazandığı uğurlar yalnız hərbi-siyasi Zəfərimizlə məhdudlaşmır. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlətçilik strategiyası nəticəsində ölkəmiz Cənubi Qafqazın aparıcı dövləti olmuş, Avrasiya məkanında etibarlı tərəfdaş, böyük bir coğrafiyanın qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan enerji mərkəzi, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən qitələrarası nəqliyyat-logistika qovşağı, sivilizasiyalar arasında dialoq məkanı və beynəlxalq əməkdaşlığın fəal təşəbbüskarı kimi tanınmışdır. Bu gün Azərbaycanın beynəlxalq nüfuzu malik olduğu təbii resurslardan da çox, həyata keçirdiyi uzaqgörən siyasət, etibarlı tərəfdaş imici və qlobal çağırışlara verdiyi praktik töhfələrlə müəyyənləşir.

Azərbaycanın müasir tarixinə yazılan nailiyyətlərin daha bir mühüm tərəfinə də diqqət yönəltmək istərdik: son illərdə ölkəmiz yeni idarəetmə və inkişaf modelləri yaradan, həmin modelləri dünyaya təqdim edən ölkəyə çevrilmişdir. Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik konsepsiyasının Prezident İlham Əliyev tərəfindən dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirilməsi nəticəsində formalaşan milli inkişaf modeli artıq beynəlxalq səviyyədə uğurlu idarəetmə nümunəsi kimi qəbul olunmaqdadır. 

Son illərin qlobal maraq doğuran ən mühüm örnəyi, şübhəsiz ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz tarixi Zəfərimizdir. Azərbaycan Ordusunun 2020-ci ildəki 44 günlük Vətən müharibəsində, 2023-cü ildəki qısamüddətli antiterror əməliyyatında nümayiş etdirdiyi yüksək peşəkarlıq, hərbi əməliyyatlar zamanı müasir texnologiyaların tətbiqi, siyasi-diplomatik fəaliyyətlə hərbi əməliyyatların koordinasiyası və informasiya məkanında aparılan məqsədyönlü fəaliyyət müasir müharibə təcrübəsində yeni yanaşma kimi bütün dünyanın nəzərini cəlb etdi. 

Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğ”unun nəticəsi beşinci nəsil müharibənin, müasir hərb tarixinin ən mükəmməl nümunəsi kimi bu gün bütün dünyada qəbul olunur, müxtəlif hərbi ekspertlər və tədqiqat mərkəzləri tərəfindən öyrənilir. 

Dövlətimizin iqtisadi inkişaf strategiyası, sosial rifah dövləti kimi yürütdüyü siyasət, uğurla tətbiq etdiyi rəqəmsal dövlət idarəçiliyi, vətəndaş məmnunluğunu əsas prioritetə çevirən institusional islahatları da bir çox ölkələr üçün diqqətlə öyrənilən parlaq təcrübədir. Xüsusilə ASAN xidmət modeli, DOST mərkəzləri və bu kimi digər layihələr dövlət-vətəndaş münasibətlərinin yeni fəlsəfəsini formalaşdıraraq dünyanın müxtəlif ölkələrində maraq doğurmuş, beynəlxalq təşkilatlar tərəfindən uğurlu innovativ idarəetmə nümunələri kimi qiymətləndirilmiş, başqa ölkələrdə də bu cür həllərin tədbiqinə başlanmışdır. Bu reallıq onu göstərir ki, Azərbaycan artıq yalnız beynəlxalq təcrübəni öyrənən yox, özü yeni mütərəqqi təcrübələr yaradıb ixrac edən dövlətlər sırasındadır.

Azərbaycanın dünyaya təqdim etdiyi uğurlu modellər bununla tamamlanmır. Təqdirəlayiq haldır ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu və cənab İlham Əliyevin xüsusilə postsavaş dövründə yeni mərhələyə yüksəltdiyi siyasi konfiqurasiya modeli də bütün dünyada örnək kimi qəbul olunmaqdadır. Ulu Öndərin milli dövlətçilik fəlsəfəsi üzərində qurulmuş bu model müasir siyasi mədəniyyət, konstruktiv dialoq, milli həmrəylik və dövlət maraqlarının siyasi fəaliyyətin əsas meyarına çevrilməsi prinsiplərini özündə birləşdirərək ölkəmizin dövlətçilik təcrübəsinin mühüm komponenti kimi böyük qlobal maraq doğurur. 


Siyasi konfiqurasiyanın Azərbaycan modeli dünyada mükəmməl örnək kimi qəbul olunur


XXI əsrin üçüncü onilliyini yaşayan dünyamız dərin geosiyasi transformasiyalar dövründən keçməkdədir. Regional münaqişələrin artması, qlobal güc mərkəzləri arasında rəqabətin kəskinləşməsi, informasiya müharibələrinin genişlənməsi, cəmiyyətlərin siyasi və ideoloji qütbləşməsi bir daha göstərir ki, dövlətləri güclü, dayanıqlı edən əsas amillər artıq iqtisadi və hərbi potensialdan daha çox cəmiyyətdə formalaşmış siyasi mədəniyyət, milli həmrəylik və dövlət institutları ilə ictimai-siyasi qüvvələr arasında qarşılıqlı etimad mühitidir.

Son illər dünyanın müxtəlif bölgələrində baş verən hadisələr də sübuta yetirməkdədir ki, siyasi institutların xarici güclərdən asılı olduğu, milli maraqların daxili siyasi mübarizənin kölgəsində qaldığı ölkələr kənar təhdid və təsirlərə daha açıq olur, böhranlara qarşı müqavimət qabiliyyətini itirir və milli təhlükəsizlik baxımından ciddi risklərlə üzləşirlər. Daxili siyasi parçalanma isə təkcə idarəetmənin səmərəliliyini azaltmır, həm də dövlətlərin beynəlxalq nüfuzuna, iqtisadi inkişafına, cəmiyyətin gələcəyə inamına mənfi təsir göstərir.

Məhz buna görə də inkişaf etmiş siyasi mədəniyyət, konstruktiv siyasi dialoq və milli maraqlar ətrafında formalaşan siyasi həmrəylik müasir dövlət idarəçiliyinin ən mühüm elementlərindən biri hesab edilir. Siyasi rəqabətin qarşıdurma deyil, məsuliyyət və dövlətçilik prinsipləri üzərində qurulması artıq sivil ölkələrdə sabit inkişafın əsas şərti kimi dəyərləndirilir.

Bu baxımdan, Prezident İlham Əliyevin geniş vizyonla, gələcəyə aydın strateji baxşla apardığı siyasət ölkəmizdə müasir siyasi münasibətlər sisteminin formalaşmasına, milli həmrəyliyin möhkəmlənməsinə və yeni siyasi konfiqurasiyanın yaranmasına gətirib çıxarmışdır. Cənab Prezidentin siyasi islahatlar strategiyasında siyasi konfiqurasiyasının yeni mərhələdə təşəkkülü əsas məqsədlərdən biri kimi qəbul olunmuşdu. Bu sahədə Prezident təşəbbüslərinin mühüm icraçısı və proseslərin əsas koordinatoru olaraq Prezident Administrasiyasında 2019-cu ildə Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı.

Yeni siyasi konfiqurasiyaya keçid mərhələsinə dövlət tərəfindən çox həssas yanaşılması, qarşı tərəfə səmimi münasibət bəslənilməsi, onların fikirlərinə və rəylərinə önəm verilməsi adekvat müsbət nəticə verdi. Xüsusilə Vətən müharibəsində qazanılmış tarixi Zəfərimizdən sonrakı reallıqlar dövründə Azərbaycanda formalaşan yeni siyasi mühit göstərdi ki, milli məsələlərdə siyasi həmrəylik, məsuliyyətli siyasi davranış və dövlət maraqlarının üstün tutulması güclü dövlət quruculuğunun nə qədər əhəmiyyətli tərkib elementidir. Dövlətlə cəmiyyət arasında qarşılıqlı etimadın güclənməsi, siyasi dialoqun institusional xarakter alması, siyasi partiyaların milli maraqlar ətrafında məsuliyyətli mövqe nümayiş etdirməsi Azərbaycanda yeni siyasi münasibətlər sisteminin artıq dayanıqlı şəkildə qurulduğunu və uzunmüddətli perspektivdə mühüm müsbət təsirlər yaratdığını göstərir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə formalaşan yeni siyasi konfiqurasiya bu gün təkcə Azərbaycanın daxili inkişafına xidmət etmir, eyni zamanda beynəlxalq ekspertlər tərəfindən müasir siyasi idarəetmənin uğurlu modellərindən biri kimi maraqla öyrənilir və müzakirə olunur. Bu baxımdan müvafiq model ölkəmizdə, cəmiyyətimizdə daxili siyasi sabitliyi təmin edən mexanizm olmaqla yanaşı, həm də Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldən, dövlətimizin milli maraqlarını daha effektiv müdafiə etməsinə imkan verən strateji idarəçilik konsepsiyasıdır.

Yeni siyasi konfiqurasiya yalnız siyasi partiyalar arasında əməkdaşlığın gücləndirilməsinə xidmət göstərmir, eyni zamanda bu model bütövlükdə dövlət idarəçiliyinin daha çevik, daha peşəkar və daha səmərəli fəaliyyət göstərməsini təmin edən institusional mexanizm kimi çıxış edir. Azərbaycan dövləti fərqindədir ki, cəmiyyətin demokratik inkişafı, həyata keçirilən inkişaf siyasətinin öz məqsədlərinə çatması, ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələrin yüksək keyfiyyətlə icrası, irəli sürülən təşəbbüslərin, verilən qərarların ictimai müzakirəsi üçün fərqli baxışlar, müxtəlif siyasi partiyaların alternativ rəyləri milli mənafeləri əsas götürən sağlam diskussiyalar çox vacibdir. Azərbaycanda formalaşan yeni siyasi konfiqurasiya ziddiyyətlərin diskussiya məcrasına yönəlməsində, cəmiyyətdə sağlam ab-havanın yaranmasında mühüm rol oynayır və ümumi işə fayda verir. 

Dövlət institutlarının təkmilləşdirilməsi, idarəetmədə çevikliyin artırılması, siyasi qərarların qəbulunda milli maraqların əsas meyar kimi müəyyənləşdirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar strategiyasının mühüm istiqamətlərindən biridir və siyasi islahatlar da Azərbaycanda iqtisadi, sosial, hüquqi və hərbi modernləşmə prosesindən ayrı deyil, vahid dövlətçilik konsepsiyasının tərkib hissəsi kimi həyata keçirilir.


Növbəti prioritet: təkmil siyasi sistem möhkəm təhlükəsizliyin zəmininə çevrilir  


Müasir dünyamızın geosiyasi mənzərəsi bu yanaşmanın nə qədər uzaqgörən olduğunu hər keçən gün daha aydın nümayiş etdirməkdədir. Dünyanın müxtəlif bölgələrində dövlətlərin daxili siyasi parçalanma səbəbindən zəifləməsi, cəmiyyətlərin qütbləşməsi, xarici təsirlərə qarşı müqavimət imkanlarının azalması və milli maraqların daxili siyasi mübarizə predmetinə çevrilməsi getdikcə daha ağır nəticələr doğurur. Bir çox hallarda dövlətlərin üzləşdiyi böhranların əsas səbəbinin iqtisadi və ya hərbi zəiflikdən daha çox, sağlam siyasi münasibətlər sisteminin olmamasından, milli məsələlərdə siyasi həmrəyliyin əldə edilməməsindən qaynaqlandığı dərhal nəzərə çarpır.

Əlbəttə, bu reallıqları qeyd edərkən, özümüzün də dövlət müstəqilliyimizin ilk illərində yaşadığımız oxşar durumu, başımıza gələn faciələri, ağrı-acıları əsla unutmuruq. 1990–1993-cü illərdə Azərbaycanın ağır itkilərlə üzləşməsinə, torpaqlarımızın 20 faizinin işğalına, ölkənin vətəndaş müharibəsinin, parçalanma təlükəsinin bircə addımlığına gəlib çatmasına məhz daxili siyasi qarşıdurmalar, hakimiyyət uğrunda aramsız mübarizə, dövlət institutlarının zəifləməsi və milli maraqlar ətrafında siyasi birliyin əldə edilməməsi səbəb olmuşdu. 

Əgər 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdışı baş verməsəydi və bu böyük şəxsiyyət qısa müddətdə cəmiyyətin sağlam qüvvələrinin milli həmrəyliyinə nail olmasaydı, “Azərbaycanın müstəqilliyi hansı tale ilə üzləşərdi” sualına cavab tapmaq çox çətindir. Bu günsə eyni aqibəti bizim sərhəd qonşularımız da yaşayır, digər coğrafiyalardakı ölkələrin timsalında da bunu aydın şəkildə görürük və bu təcrübə göstərir ki, güclü dövlətin təməlində ilk növbədə güclü siyasi sistem və milli həmrəylik dayanmalıdır. 

Bu amil həm də milli təhlükəsizliyin əsas komponentlərindəndir. Prezident İlham Əliyevin formalaşdırdığı yeni siyasi konfiqurasiya məhz bu strateji yanaşmaya əsaslanır. Bu model göstərir ki, milli maraqlar ətrafında formalaşmış siyasi birlik dövlətin təhlükəsizliyini möhkəmləndirən, cəmiyyətin müqavimət potensialını artıran və uzunmüddətli inkişafını təmin edən əsas şərtlərdəndir. Güclü siyasi mədəniyyət, konstruktiv dialoq və məsuliyyətli siyasi davranış olmadan nə iqtisadi inkişafı davamlı etmək, nə də milli təhlükəsizliyi etibarlı şəkildə qorumaq mümkündür.

Azərbaycanın təşəbbüsü ilə son illər beynəlxalq səviyyədə təşkil olunan siyasi dialoq platformaları bu modelin böyük beynəlxalq maraq doğurduğunu göstərir. Xüsusilə 2022-ci ildən başlayaraq xoş bir ənənəyə çevrilmiş və bu ilin 15 iyununda da Şuşada növbəti dəfə keçirilən “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans bunun daha bir təsdiqidir. 

Azərbaycanın ev sahibliyi etdiyi bir çox qlobal tədbirlər kimi, siyasi dialoq, qarşılıqlı etimad və milli həmrəylik mövzularında mühüm müzakirə platformasına çevrilmiş konfranslarda iştirakçı sayının, bura öz nümayəndələrini göndərən ölkələrin sayının ildən-ilə artması, aparılan müzakirələrin effektivliyi və xarici ölkələrin təmsilçilərinin Azərbaycanın yaratdığı konfiqurasiyanı həssaslıqla öyrənmələri, bunu xüsusi qeyd etmələri ölkə Prezidentinin müəllifi olduğu konsepsiyanın necə səmərəli nəticələr verdiyini və dünyada mükəmməllik örnəyi kimi qəbul olunduğunu sərgiləyir. Azərbaycan öz təcrübəsi ilə sübut edir ki, siyasi dialoq, milli həmrəylik və dövlətçilik prinsipləri üzərində qurulan idarəetmə modeli yalnız daxili sabitliyi möhkəmləndirmir, həm də regional əməkdaşlığa, beynəlxalq etimadın güclənməsinə və qlobal təhlükəsizliyin möhkəmlənməsinə real töhfə verir.


  Böyük milli hədəf


Prezident İlham Əliyev əsl milli lider, böyük vətənpərvər, tarix yaradan və yazan rəhbər kimi Azərbaycan dövlətini, xalqını dünyanın ən güclüləri, ən müasirləri sırasına çıxarmağı məqsəd seçib. O, Azərbaycanın və yaşadığımız coğrafiyanın təkcə qarşıdakı beş ilini, on ilini düşünmür, onun hədəfləri əsrləri əhatə edir. 

Bu gün təməlini atdığı və artıq nəticələrini gördüyümüz enerji layihələri, nəqliyyat-logistik təşəbbüsləri, iqtisadi planları, sosial məqsədləri necə ki əsrlər sonra da Azərbaycanı qüdrətli və rifahlı edəcək, eləcə də onun siyasi islahatları, yaratdığı yeni siyasi konfiqurasiya respublikamızı onilliklər sonra da dünyanın ən modern, demokratik ölkələri sırasında qərarlaşdıracaq. Ona görə də cənab İlham Əliyevin formalaşdırdığı yeni siyasi konfiqurasiyanın əsas məqsədi təkcə ölkədə siyasi sabitliyi və milli həmrəyliyi möhkəmləndirməklə məhdudlaşmır. 

Bu model, hər şeydən əvvəl, Azərbaycanın uzunmüddətli milli hədəflərinin ardıcıl və sistemli şəkildə həyata keçirilməsinə xidmət edən strateji dövlətçilik platforması rolunda görünür. Güclü siyasi institutlar, sağlam siyasi dialoq və milli maraqlar ətrafında formalaşan ictimai konsensus ölkənin qarşısında duran strateji vəzifələrin daha effektiv şəkildə həyata keçirilməsi üçün möhkəm siyasi zəmin yaradır.

Bu gün Azərbaycanın milli inkişaf gündəliyində xüsusi yer tutan prioritetlər – işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış Proqramının uğurla həyata keçirilməsi, regionda nəqliyyat və kommunikasiya xətlərinin inkişafı, regional əməkdaşlığın genişləndirilməsi və cənab İlham Əliyevin irəli sürdüyü sülh gündəliyi üzrə dayanıqlı sülhün təmin olunması – məhz belə bir siyasi konfiqurasiyanın yaratdığı imkanlar sayəsində ardıcıl şəkildə irəliləyir.

Bu strateji gündəliyin ən mühüm istiqamətlərindən biri də təbii ki, Qərbi Azərbaycan məsələsidir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Qərbi Azərbaycan mövzusu hər hansı müvəqqəti siyasi şüar deyil, tarixi ədalət, insan hüquqları və beynəlxalq hüquq prinsipləri əsasında formalaşdırılan uzunmüddətli konseptual yanaşmadır. Bu baxımdan, Qərbi Azərbaycana qayıdış ideyası tarixi yaddaşın qorunması ilə yanaşı, eyni zamanda didərgin düşmüş azərbaycanlıların hüquqlarının beynəlxalq hüquq normaları çərçivəsində qorunmasına, tarixi ədalətin bərpasına yönəlmiş dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi təqdim olunur. 

Qərbi Azərbaycana qayıdış konsepsiyasının elə ən mühüm xüsusiyyəti də onun məhz elmi və hüquqi əsaslara söykənməsidir. Bu konsepsiya emosional yanaşma və ya populist çağırışlar üzərində deyil, tarixi faktların, beynəlxalq hüququn, demoqrafik tədqiqatların və elmi araşdırmaların nəticələri əsasında formalaşdırılır. Bu, konkret elmi əsasları hazırlanan, dünyadakı qlobal proseslərə uyğunlaşdırılan, lokal və qlobal miqyaslı çağırışları özündə ehtiva edən, elmi araşdırmalarla, geniş tədqiqatlarla zaman-zaman daha da təkmilləşdirilən konsepsiyadır.

Ermənistana humanitar tranzit imkanlarının təqdim edilməsi, zərurət yarandıqda qonşu ölkənin humanitar ehtiyaclarının qarşılanmasına dəstək göstərilməsi və regionda etimadın artırılmasına xidmət edən konkret addımları ilə Azərbaycan sülh gündəliyinə sadiqliyini nümayiş etdirir. Bu yanaşma bir tərəfdən regionda sabitliyin möhkəmlənməsinə xidmət göstərir, digər tərəfdən isə milli maraqlarını ardıcıl və prinsipial şəkildə müdafiə edən dövlət kimi Azərbaycanın mövqeyini daha da gücləndirir.

Beləliklə, zəmanəsinin ən parlaq liderlərindən olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin formalaşdırdığı yeni siyasi konfiqurasiya yalnız ölkədaxili siyasi münasibətlərin təkmilləşdirilməsi modeli olmayıb, ümumilikdə Azərbaycanın milli inkişaf strategiyasını, tarixi hədəflərini və uzunmüddətli dövlətçilik prioritetlərini dəstəkləyən vahid siyasi platformadır. 

Bu platforma Prezident İlham Əliyevin dövlətçilik konsepsiyasının əsas xüsusiyyətini – milli maraqların ardıcıl, sistemli və uzunmüddətli strateji planlaşdırma əsasında həyata keçirilməsini aydın şəkildə nümayiş etdirərək siyasi konfiqurasiyanın Azərbaycan modeli ilə bütün dünya üçün mükəmməl nümunə formalaşdırır. 


Arzu ABDULLAYEV,

Naxçıvan Muxtar Respublikası 

Ali Məclisinin sədr müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna mediasında müharibə ilə bağlı bəzi məlumatların yayılması qadağan edilib

21:59
28 Noyabr

Rusiyanın neft obyektlərinə zərbələrin endirildiyi təsdiqlənib

21:19
28 Noyabr

İstanbulda Türkiyə və Yunanıstan prezidentlərinin görüşü olub

19:29
28 Noyabr

Mədəniyyət naziri TÜRKSOY Daimi Şurasının 43-cü iclasında iştirak edib

18:17
28 Noyabr

Almaniya səfiri: Diplomatik Qış Bazarı xalqlar arasında mədəni əlaqələrin möhkəmlənməsi baxımından gözəl fürsətdir

17:21
28 Noyabr

İçərişəhərdə 25 ölkənin səfirliyi Diplomatik Qış Bazarında bir araya gəlib

14:33
28 Noyabr

Bazar gününün hava proqnozu açıqlanıb

12:57
28 Noyabr

Ə.A.Vəliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında  

12:45
28 Noyabr

Ə.H.Əsədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında  

12:17
28 Noyabr

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb  

11:56
28 Noyabr

Mavritaniya İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd uld Şeyx əl-Qazuaniyə  

11:32
28 Noyabr

Albaniya Respublikasının Prezidenti Zati-aliləri cənab Bayram Beqaya  

11:28
28 Noyabr

Azərbaycanın gənc şahmatçısı yarım xalla dünya çempionluğunu əldən verib  

11:21
28 Noyabr

Azərbaycanın iki şahmatçısı beynəlxalq turnirin qalibi olub  

11:14
28 Noyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb  

11:01
28 Noyabr

Anomal istilər dünyada şirin su ehtiyatlarının kəskin azalmasına səbəb olub  

10:59
28 Noyabr

Co Baydenin kitabının satışı uğursuz olub

10:48
28 Noyabr

Nigeriyanın Plato ştatında silahlı hücum nəticəsində 17 kənd sakini öldürülüb  

10:45
28 Noyabr

Azərbaycan deflimpiyaçıları Ermənistanda keçirilən Avropa çempionatında 6 medal qazanıblar  

10:40
28 Noyabr

Bilmək istəyirəm

09:00
28 Noyabr

Aİ liderləri yeni büdcə ilə bağlı razılığa gələ bilmədilər

08:55
28 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!