Balkan yarımadasının gözəl guşəsində, Adriatik və İon dənizlərinin
qovşağında yerləşən əlverişli coğrafi mövqeyi, zəngin yeraltı sərvətləri və
füsunkar təbiəti Albaniyanı həm Avropa logistikasında, həm də qlobal turizm xəritəsində
getdikcə daha cazibədar mərkəzə çevirir. Dağlarla sahilin qovuşduğu təbii gözəlliklər,
qədim tarixi abidələr, qonaqpərvərlik və tolerantlıq kimi dərin mənəvi dəyərlər,
eləcə də Aralıq dənizi ilə Balkan ənənələrini birləşdirən özünəməxsus milli mətbəx
səyahətçiləri özünə cəlb etdiyi kimi, ölkənin nəqliyyat-logistika potensialı və
regional enerji təhlükəsizliyində artan rolu onu strateji tərəfdaş kimi ön
plana çıxarır. Məhz bu nöqtədə xalqlararası səmimi yaxınlıq, iqtisadi maraqlar
və enerji layihələri üzərində ucalan Azərbaycan-Albaniya strateji əməkdaşlığı Xəzər
hövzəsi ilə Balkanlar arasında yeni inkişaf və etimad körpüsü yaradır.
Tarixin müxtəlif çağlarında öz azadlığı və müstəqilliyi
uğrunda mübarizə aparmış alban xalqı bu gün Avropa ailəsində özünəməxsus yer
tutmaqla onun iqtisadi inkişafına da yeni-yeni töhfələr verməkdədir.
Albaniyanın dünya bazarına ixrac etdiyi əsas məhsullar - toxuculuq (geyim),
mineral yanacaqlar, elektrik avadanlıqları və metallar ona müsbət imic
qazandırmaqla yanaşı alıcıların da zövqünü oxşayır. Son ticarət göstəricilərinə
əsasən, ölkənin illik əmtəə ixracı təxminən 3,7-4 milyard dollar təşkil edir.
İxrac məhsullarının təxminən 16,5 faizini (618 milyon dollar) dəri ayaqqabılar
və yarımfabrikat ayaqqabı hissələri təşkil edir.
Həmçinin dəmir, polad, alüminium məmulatları, xrom və mis
filizləri ixracat məhsulları arasında mühüm yer tutur. Albaniya dünyada xrom
filizi və ferroxrom ixracatçıları arasında seçilir. Albaniya məhsullarının
böyük hissəsi Avropa bazarlarına göndərilir.
Bu ölkənin ən mühüm ixracat tərəfdaşları İtaliya,
Yunanıstan, Çin, Türkiyə, Almaniya və qonşu Balkan ölkələridir (Serbiya,
Kosovo, Şimali Makedoniya). İtaliya Albaniya ixracının ən böyük bazarlarından
biridir. Ölkənin xarici ticarət dövriyyəsində, adətən, idxal ixracı üstələyir.
Müasir Albaniyanın xarici siyasəti avro-Atlantik məkana
inteqrasiya, ABŞ ilə strateji müttəfiqlik, regional sabitlik və Kosovo başda
olmaqla, xaricdə yaşayan albanların hüquqlarının müdafiəsi prinsiplərinə əsaslanır.
Əsas strateji hədəf olan Avropa İttifaqına üzvlük Tirananın xarici və daxili siyasətinin
mərkəzində dayanır. NATO üzvü olan Albaniya bu alyansı öz milli təhlükəsizliyinin
əsas dayağı hesab edir. Birləşmiş Ştatlar Albaniyanın ən yaxın strateji müttəfiqidir
və bu münasibətlər ölkə daxilində həm iqtidar, həm də müxalifət tərəfindən birmənalı
dəstəklənir. Albaniya Qərbi Balkanlarda sülhün və iqtisadi inteqrasiyanın tərəfdarı
kimi çıxış edir.
Azərbaycanın Avropa siyasətində Albaniya mühüm yerlərdən
birini tutur. Albaniya Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini
4 yanvar 1992-ci ildə tanıyıb, iki ölkə arasında diplomatik əlaqələr 23
sentyabr 1993-cü ildə qurulmuşdur. Azərbaycanın Tirana şəhərində səfirliyinin təsis
edilməsi haqqında qərar 18 noyabr 2022-ci ildə, Albaniyanın Azərbaycanda öz səfirliyini
açması qərarı isə 1 mart 2023-cü ildə qəbul edilmişdir. Müqavilə-hüquqi baza
kimi ölkələr arasında müxtəlif sahələri əhatə edən 10-dan çox sənəd
imzalanmışdır.
2025-2026-cı illərdə Azərbaycan Respublikası ilə Albaniya
Respublikası arasında münasibətlər intensiv diplomatik dialoq, iqtisadi-enerji
tərəfdaşlığının dərinləşməsi və mədəni-humanitar sahədə sistemli layihələrin həyata
keçirilməsi ilə səciyyələnir. Bu dövrdə ikitərəfli əlaqələr regional çərçivədən
çıxaraq Balkan regionunda və Cənub-Şərqi Avropada strateji tərəfdaşlıq səviyyəsinə
yüksəlmişdir.
Azərbaycan Albaniya ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət
verir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə
edir. Siyasi münasibətlərin yaxşı olması digər sahələrdə əməkdaşlığın inişafına
ciddi təsir göstərir. Yüksəksəviyyəli qarşılıqlı səfərlər və beynəlxalq təşkilatlar
sıx koordinasiya ilə yadda qalmışdır.
Son illər Azərbaycan ilə Albaniya arasında dostluq və tərəfdaşlıq
münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Bakı və Tirana arasında
dövlət və hökumət başçıları səviyyəsində keçirilən görüşlər ("Cənub Qaz Dəhlizi"
Məşvərət Şurası və müxtəlif beynəlxalq forumlar çərçivəsində) ikitərəfli siyasi
iradənin bariz nümunəsidir. Hər iki dövlət bir-birinin suverenliyini və ərazi
bütövlüyünü birmənalı şəkildə dəstəkləmiş, BMT, ATƏT və Avropa Şurası çərçivəsində
vahid mövqedən çıxış etmişlər.
İkitərəfli əlaqələrin genişlənməsi fonunda ötən il mayın
15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya
Respublikasının Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının prezidenti
Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə
Toplantısında iştirak etmək məqsədilə Tiranaya işgüzar səfər edib. Dövlətimizin
başçısının bu səfəri "Avropa Siyasi Birliyi" platformasında aparılan
müzakirələrdə Azərbaycanın fəal iştirakını təmin etməklə yanaşı, Azərbaycan-Albaniya
əməkdaşlığının dərinləşdirilməsi baxımından da əhəmiyyətli hadisədir.
Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və
bu dəstək qarşılıqlı olub. Bir sıra beynəlxalq forumlarda Tirana rəsmi Bakının
haqlı mövqeyini dəfələrlə müdafiə etmişdir. Bu cür yanaşmalar qarşılıqlı
xarakter kəsb etmişdir. Belə ki, Azərbaycan Albaniyanı Qərbi Balkanlarda mühüm
strateji tərəfdaş kimi qəbul edir, Tirana isə Bakını regionun enerji təhlükəsizliyinin
əsas təminatçısı və Cənubi Qafqazın aparıcı gücü kimi qiymətləndirir.
Milli Məclisdə Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr
üzrə İşçi qrupu fəaliyyət göstərir. Milli Məclisin Sədri Sahibə Qafarova və
Albaniya Parlamentinin Sədri Niko Peleşi arasında görüşlərdə parlamentlərarası əməkdaşlığın
genişləndirilməsi, qarşılıqlı səfərlərin artırılması və təcrübə mübadiləsi
müzakirə olunub.
Hər iki ölkənin parlament nümayəndə heyətləri ATƏT Parlament
Assambleyası, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq
parlament qurumları çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək nümayiş
etdirir.
2026-cı il oktyabrın 12-də Azərbaycan və Albaniya nümayəndələri
NATO çərçivəsində əməkdaşlığı, o cümlədən Avropanın enerji təhlükəsizliyini və
ikitərəfli münasibətlərin perspektivlərini müzakirə edib. Bu əməkdaşlıq həm də
Azərbaycanın Avropa strukturlarına inteqrasiyasında mühüm əhəmiyyət kəsb edir.
İqtisadi sahədə əsas aparıcı sahə enerji sektoru və
infrastruktur layihələri olmuşdur. Azərbaycan və Albaniya arasında iqtisadi və
enerji sahəsində əməkdaşlıq son illərdə yeni dinamika qazanıb. Energetika sahəsində
Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi çərçivəsində enerji əməkdaşlığının
gücləndirilməsi, investisiya imkanlarının artırılması və nəqliyyat-logistika
sahəsində birgə təşəbbüslərin reallaşdırılması münasibətlərin əsas istiqamətlərini
təşkil edir. Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və "Cənub
qaz dəhlizi"nin icrasında önəmli rol oynayıblar.
2026-cı ildən etibarən Azərbaycan qazının birbaşa Albaniya
daxili bazarına nəqli istiqamətində praktiki addımlar atılmışdır (ötürülmə həcminin
ilkin olaraq 160-200 milyon kubmetrə çatdırılması hədəflənir). Albaniyanın
qazlaşdırılması layihəsi qarşılıqlı əməkdaşlığa bariz nümunədir. SOCAR-ın
iştirakı ilə Korça şəhərinin və ətraf regionların qazlaşdırılması, qazpaylayıcı
şəbəkənin qurulması üzrə Anlaşma Memorandumu çərçivəsində texniki-iqtisadi əsaslandırmalar
və infrastruktur işləri sürətləndirilmişdir.
İkitərəfli ticarət dövriyyəsinin həcmi artmış, tikinti, kənd
təsərrüfatı və bərpaolunan enerji ("yaşıl enerji") sahələrində birgə
investisiya imkanları genişləndirilmişdir. Belə ki, iqtisadi-ticari dövriyyənin
şaxələndirilməsi və investisiya təşəbbüsləri hər iki tərəfdən dəstəklənir.
Mədəni əlaqələr çərçivəsində 2025-ci ilin noyabr ayında
Tirana İncəsənət Qalereyasında "Əlləriniz var olsun!" adı altında Azərbaycan
və Albaniya xalça sənətinə həsr olunmuş xalça sərgisi açılmış və 2026-cı ilin
yanvar ayının ortalarınadək davam etmişdir. Layihə "Azərxalça" ASC,
Azərbaycanın Albaniyadakı səfirliyi və Tirana İncəsənət Qalereyasının birgə təşkilatçılığı,
həmçinin Tirana şəhər bələdiyyəsinin dəstəyi ilə həyata keçirilib.
İki ölkə arasında ədəbi əlaqələr də durmadan inkişaf edir.
Dünyaşöhrətli alban yazıçısı İsmayıl Kadarenin Azərbaycan dilinə tərcümə
edilmiş romanları yerli oxucuların rəğbətini qazanmışdır. Azərbaycan
oxucularına alban ədəbiyyatının tanınmış nümayəndələri olan Dritero Aqolli,
Migyeni, Fatoş Arapi, Naim Fraşeri, Eşref Yemeri və Teodor Laçonun əsərləri,
hekayə və povestləri yaxşı məlumdur. Azərbaycanın xalq yazıçısı Anarın "Ağ
qoç, qara qoç" povesti alban dilinə tərcümə edilərək nəşr olunmuşdur. Həmçinin
Albaniya Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı guşəsi açılmışdır.
Turizm sahəsində qarşılıqlı münasibətlər inkişaf edir.
Albaniyanı qərbdən və cənub-qərbdən iki dəniz əhatə edir: Adriatik dənizi və
İon dənizi. Hər iki dəniz sahilindəki ən məşhur kurort şəhərləri (Durres,
Vlyora, Saranda, Ksamil) getdikcə daha çox turistin diqqətini çəkir. Məhz buna
görədir ki, hər il Albaniyaya səyahət edən turistlərin sayı 12 milyon nəfərə
çatmışdır. Albaniyanın bu sahədə əldə etdiyi çoxillik təcrübəsindən Azərbaycan
tərəfi yararlana bilər. Həmçinin birbaşa Bakı-Tirana-Bakı hava marşrutunun fəaliyyəti
turizmin inkişafına da müsbət təsir göstərir. 2025-ci il iyunun 21-də iki ölkə
arasında turizm sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır.
Təhsil sahəsində əlaqələrin perspektivləri də böyükdür. Ali
təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi, eləcə də Bakı və
Tiranada birgə mədəniyyət günlərinin, rəsm və sənətkarlıq sərgilərinin keçirilməsi
bu iki dost xalq arasında əlaqələri dərinləşdirir.
Hazırda Azərbaycan ilə Albaniya arasında formalaşan əməkdaşlıq
regionda sülh və sabitliyin möhkəmləndirilməsinə, eyni zamanda Avropa ilə Asiya
arasında strateji körpünün yaradılmasına əhəmiyyətli töhfə verir. Azərbaycan-Albaniya
münasibətləri yalnız ikitərəfli çərçivədə deyil, həm də Cənubi Qafqaz-Balkan
Avropası geoiqtisadi oxunun möhkəmlənməsi baxımından strateji əhəmiyyət kəsb
edir.
Bakı ilə Tirana arasında formalaşan etimad və qarşılıqlı
hörmət əsasında qurulan münasibətlər Albaniyanı Azərbaycanın Balkan
yarımadasında etibarlı və strateji tərəfdaşına çevirir. Enerji təhlükəsizliyindən
tutmuş iqtisadi əməkdaşlığa, beynəlxalq platformalardakı qarşılıqlı dəstəkdən mədəni
yaxınlaşmaya qədər uzanan bu əlaqələr Cənubi Qafqaz ilə Cənub-Şərqi Avropa
arasında yeni körpülər yaradır. Gələcəyə yönəlmiş ortaq layihələr və hər iki ölkənin
dövlət rəhbərlərinin siyasi iradəsi göstərir ki, bu tərəfdaşlıq təkcə iki ölkənin
maraqlarına deyil, həm də regionda sabitliyin və qarşılıqlı inkişafın möhkəmlənməsinə
xidmət edir.
Atamoğlan MƏMMƏDLİ,
BDU-nun dosenti