Təbiətin bu əvəzsiz nemətindən ağılla və "ağıllı" texnologiya ilə istifadə etmək reallığın tələbidir
Su qıtlığı zəmanəmizin qlobal problemlərindən biridir. Belə ki, quraqlıqlar getdikcə daha da "sərtləşir", içməli su mənbələri tükənir, mövcud su ehtiyatlarının üzərinə düşən yük isə gündən-günə ağırlaşır.
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, yüksək su stresi yaşayan ölkələrdə 2 milyard nəfərdən çox insan məskunlaşıb. Hətta bir sıra regionlarda təmiz və təhlükəsiz suya əlçatanlıq böyük üstünlük sayılır.
Azərbaycanda su təhlükəsizliyi ilə bağlı bütün məsələlər öz həllini sistemli şəkildə tapır. İçməli su və suvarma layihələri həmişə dövlətin diqqət mərkəzindədir. Xüsusilə son iki onillik ərzində bu məsələyə aid çoxsaylı sərəncam və qərarlar imzalanıb, proqramlar qəbul edilib. Elə bu yaxınlarda qəbul edilmiş "Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı"nı xatırladaq. Prezident İlham Əliyev cari il yanvarın 12-də bu proqrama həsr olunan müşavirə də keçirib. Həmin tədbirdə dövlətimizin başçısı deyib: "Azərbaycan vətəndaşları yaxşı xatırlayırlar ki, vaxtilə bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapmışdır. Bu gün bizim əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir. Biz son 20 il ərzində dörd böyük su anbarı inşa etmişik və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur".
Əgər vaxtında "Taxtakörpü" və "Şəmkirçay" su anbarları tikilməsəydi, bu gün istər Bakının, istərsə də ölkəmizin qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. "Taxtakörpü" su anbarı imkan verdi ki, Samur çayının suları "Ceyranbatan" su anbarına yığılsın və orada ehtiyat yaransın. "Ceyranbatan" su anbarı da tamamilə yenidən qurulmuşdur. Yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilmişdir. İşğaldan azad edilmiş ərazilərimizdə də içməli su və suvarma layihələri icra edilir. Son beş il ərzində bir neçə önəmli layihə başa çatıb.
Ölkəmizin su təhlükəsizliyi ilə bağlı işlər davam edir və Prezidentimizin dediyi kimi, qarşıya qoyulan vəzifə əhalini və sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etmək, su mənbələrini qorumaqdır. Məqsəd su anbarlarının potensialını artırmaq, dəqiq uçot yaratmaq və mövsüm gələndə suları yığmaqdır ki, sonra il boyunca onlardan istifadə etmək mümkün olsun.
Su mənbələri hər bir ölkə üçün önəmlidir və qeyd etdiyimiz kimi, su çatışmazlığı hazırda bütün dünyanı narahat edən məsələdir. Odur ki, təbii olaraq ortaya ümumi bir sual çıxır: "Nə etməli?"
Suya qənaət etməli, bəli, qənaət etməli! Bu bir zərurətə çevrilib. Həyat mənbəyi olan suyu gələcək nəsillər üçün qoruyub saxlamaq istəyiriksə, məsələyə məhz bu cür yanaşılmalıdır.
Aydındır ki, qənaət dedikdə söhbət təkcə əl-üzümüzü yuyarkən kranı açıq qoymaqdan getmir. Ona görə də dünyanın hər yerindəki mütəxəssislər az qala bir ağızdan deyirlər ki, əsas məsələ bu əvəzsiz nemətdən istifadə zamanı onun idarə edilməsi sistemlərinə tam baxılmasıdır.
Dünyada su ehtiyatlarının 70 faizə qədəri kənd təsərrüfatına sərf olunur. Su böhranını yaradan səbəblərdən biri də məhz budur. Odur ki, "ağıllı" suvarma sistemlərinə geniş yer verilməlidir. Ümumiyyətlə, məsələnin həllinin ən etibarlı yollarından biri yeni texnologiyaların tətbiqidir. "Ağıllı" suvarma sistemləri texnologiyası suyun verilməsini vəziyyətdən asılı olaraq, yəni vaxtlı-vaxtında təmin etməyi tənzimləyir, bitkilər defisit və israfçılıq çəkmədən lazım olan qədər su ala bilirlər.
Yağış suyunun yığılması da qənaətin bir formasıdır. Bu, yağıntıların istifadə üçün toplanmasıdır ki, ənənəvi mənbələrdən asılılığı nisbətən azaldır. Belə sudan suvarma, təmizlik işləri, yüksəkkeyfiyyətli filtrləşdirmə şərti ilə hətta içmək üçün də istifadə etmək olar.
Suya qənaət üçün innovativ texnologiyalar da mövcuddur. Bu cür texnologiyaların sözügedən problemin həllinə qoşulması müsbət bir haldır. Hətta elə işləmələr var ki, insanlara və müəssisələrə məhsul istehsal edərkən və xidmət işləri görərkən su sərfini azaltmağa imkan verir.
Suyun saflaşdırılmasına yeni metod demək düzgün olmazdı. Lakin bu, səmərəli və əlçatan bir metod kimi özünü getdikcə daha çox təsdiqləyir, içməli su ehtiyatları məhdud olan ölkələr üçün dəniz suyunu içməli suya çevirərək əhəmiyyətini artırır. Əks-osmos və Birbaşa-osmos kimi müasir üsullar bu prosesi daha da sürətləndirir və az enerji sərfi ilə başa gəlir.
Sudan təkrar istifadə sistemləri, yəni müasir təmizləyici qurğular axar suları filtrləşdirməyə, təmizləməyə və yenidən istifadə etməyə imkan verir. Məsələn, Sinqapurda NEWater milli proqramı reallaşdırılıb ki, onun da çərçivəsində axar sular içməyə yararlı suya çevrilir. Orada həmçinin suqoruyucu məişət texnikasından, məsələn, suyu az buraxan duşlardan, qənaətcil paltaryuyan maşınlardan və digər qurğulardan istifadə olunur ki, bu da işin keyfiyyətinə zərər vurmadan suyun israfını azaldır.
Mütəxəssislər onu da vurğulayırlar ki, suya qənaət anlamı ayrı-ayrı yerlərdə müxtəlif cür başa düşülməlidir. Çünki su qıtlığı özünü coğrafi məkandan asılı olaraq ayrı-ayrı formalarda büruzə verir. Haradasa uzun müddət davam edən quraqlıqlar baş verir, haradasa daşqınlar olur, yaxud su mənbələri çirklənir. Buna görə də hər region üçün sözügedən problemin həllinin konkret yolları olmalıdır.
Səhra əkinçiliyində - quraqlıq regionlarda hidroponika və akvaponika daha çox populyarlıq qazanmaqdadır. Bu sistemlər müəyyən qədər su işlədilməklə torpaqsız mühitdə məhsul yetişdirməyə və ənənəvi metodlarla müqayisədə daha az su sərfinə imkan verir. Daşqınlara məruz qalan zonalarda isə "ağıllı" drenaj sistemləri su itkisinin qarşısını alır. Bu sistemlər suyu həm toplaya, həm də "uzaqlaşdıra" bilir, beləliklə, istər yağıntıların güclü olduğu, istərsə də quraqlığın baş verdiyi zaman sudan istifadəni tənzimləyir.
Bunları texnologiyalar edir. Bəs, bizim hər birimiz nə edə bilərik? Müasir texnologiyalar çox vacib olsa da, suyu qorumaqda hər bir insanın məsələyə münasibətinin əhəmiyyəti var. Bəzən adi vərdişlər də nəzərəçarpan nəticə göstərməyə qadirdir. Kiminsə evindəki krandan damcıların axması mənasız bir hal kimi görünə bilər. Amma düşünəndə ki, ilboyu bir krandan daim bir damcının düşməsi sonda minlərlə litr sudur, vəziyyət aydın görünür. Buna görə də hər bir evdə santexnikanın daim nəzarətdə olması və vaxtında təmir işlərinin aparılması su itkisindən qaçmağa imkan verir.
Suqoruyan qurğuların - məişət texnikasının da rolu kiçik görünməsin. Yaşıllıqlar salınarkən quraqlığa davamlı bitkilərin seçilməsi, ağac və güllərin suvarılması üçün gölməçələrə yığılan sulardan istifadə də nəzərə alınmalıdır. Çünki bununla da yüzlərlə litr suya qənaət etmək mümkündür.
Beləliklə, dünyada içməli su ehtiyatları azalmaqda davam edir və deyilənlərdən bu nəticə çıxır ki, yeni texnologiyalar su təhlükəsizliyində mühüm rol oynayacaq. Suyun saflaşdırılması, səmərəli suvarma, "ağıllı" texnika - bütün bunlar mövcud su ehtiyatlarından istifadəyə "ağıllı" yanaşma formalaşdırır. Lakin texnologiyaya bel bağlamaq da azdır. Kollektiv səylər, problemin həllində birgə iştirak, məsuliyətli istifadə bunlardan heç də az vacib deyil. Dövlət strukturlarının, biznes nümayəndələrinin və bizlərdən hər birimizin planetin ən qiymətli təbii ehtiyatlarından olan suya şüurlu münasibəti mütləqdir. Su çatışmazlığı elə bir ciddi problemdir ki, onu sonraya saxlamaq olmaz. İstər innovasiyalar, istərsə də bu əvəzsiz nemətə ciddi, diqqətli yanaşma gələcək nəsillər üçün onu qorumağa və bol sulu gələcəyi yaxınlaşdırmağa xidmət edir.
Suyun hər damlası unsiya-unsiya qızıldan daha qiymətlidir. Su həyatın bünövrəsidir və o, bu gün bizdən daha çox qayğı gözləyir. Gəlin elə onun hər damlasını qoruyaq. Bununla gələcəyi qorumuş olarıq.
Flora SADIQLI,
"Azərbaycan"