04 May 2024 08:50
357
İQTİSADİYYAT
A- A+

"Su axar, çuxurunu tapar"

 

Amma suyun hədər getməməsi üçün bu çuxur əkin yeri olarsa, daha yaxşıdır

 

Son zamanlar qlobal iqlim dəyişmələrinin nəticəsi olaraq Azərbaycanda su ehtiyatlarının azalması ondan səmərəli istifadə edilməsinin vacibliyini gündəmə gətirib. 
Bu istiqamətdə görülən işlər, o cümlədən iri su anbarlarının, hidroqovşaqların, suvarma və kollektor-drenaj sistemlərinin, nasos stansiyalarının və digər infrastrukturların istifadəyə verilməsi ölkədə su təminatının yaxşılaşmasına, su itkilərinin qarşısının alınmasına, habelə aqrar sektorun dayanıqlı inkişafına xeyli dərəcədə təsir edib. 
Bununla belə, suvarılan əkin sahələrinin artırılması ilə yanaşı, mövcud sahələrdən səmərəli istifadə edilməsi və onların meliorasiya vəziyyətinin yaxşılaşdırılması əsas məsələ olaraq qalır. Ona görə də su təsərrüfatının geniş miqyasda inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Böyük magistral kanallar çəkilir, süni göllər yaradılır, mövcud suvarma sistemlərinin yenidən qurulması və meliorasiya vəziyyətinin yaxşılaşdırılması kimi vacib işlər görülür. 
Elə bu yerdə qeyd edək ki, Azərbaycan ərazisinin çox hissəsində quraqlıq iqlim şəraiti mövcud olduğu üçün həmin bölgələrdə suvarma əkinçiliyi sahələrini genişləndirmək, kənd təsərrüfatını su ilə təmin etmək məqsədilə kiçik və böyük su hovuzları yaradılıb. Bu cür hovuzlar insanların suya olan ehtiyacını ödəmək və əkin sahələrini suvarmaq üçündür. Bundan əlavə, ölkədə suvarma kanalları da inşa olunur. Vacib su təsərrüfatı obyekti sayılan bu kanallar ölkə ərazisində meliorasiya və irriqasiyanın inkişafında və potensialının yaradılmasında, eləcə də perspektiv planların hazırlanmasında az rol oynamır. 
Bu gün Azərbaycanda təqribən 47 suvarma kanalı var. Onlardan ən böyüyü uzunluğu 172,4 kilometr, suburaxma qabiliyyəti saniyədə 113 kubmetr olan və Mingəçevir su anbarından qidalanan Qarabağ suvarma kanalıdır. 123,5 kilometr uzunluqda olan Şirvan və 110 kilometrlik Samur-Abşeron suvarma kanalları da ölkənin mühüm su təsərrüfatı obyektləridir. Ümumilkdə ölkədə olan irili-xırdalı suvarma kanallarının uzunluğu 90 min kilometrdən artıqdır. Bu təsərrüfat obyektləri 1,3 milyon hektar torpaq sahəsinin suvarılmasını təmin edir. 
Su həyatdır. Canlı aləm kimi, torpaq da susuz qalarsa məhv olar. Kənd təsərrüfatının inkişafı, məhsul istehsalının artması da birbaşa suvarma suyuna bağlıdır. Ona görə də əkin sahələrinin su təminatı, eləcə də su ehtiyatlarının qiymətləndirilməsi və dəyərləndirilməsi vaxtında yerinə yetirilməlidir. Qeyd edək ki, Azərbaycanda bu məsələ hökumətin tam nəzarətindədir. Quraqlıq nəticəsində böhranlı vəziyyət yaranarsa, nə etmək lazım olduğunu əlaqədar qurumlar anındaca müəyyən edirlər. Dövlət Su Ehtiyatları Agentliyi həmin problemin həlli üçün səfərbər olur, su təhlükəsizliyinə dəyə biləcək zərbənin qarşısını alır. Bu, belə də olmalıdır. Çünki su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələr həyata keçirmək, əlavə kanallar inşa etmək və su anbarları yaratmaq Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir. 
Məlum olduğu kimi, bu yaxınlarda Prezident İlham Əliyev "Şirvan suvarma kanalının yenidən qurulması haqqında" sərəncam imzalamışdır. Bəri başdan qeyd edək ki, həmin kanalın yenidən inşa edilməsindən on minlərlə insan faydalanacaq. 120 kilometlik kanalın uzunluğu iki dəfə artırılaraq təxminən 200 kilometrdən çox olacaq ki, bu da əkin sahələrinin iki dəfədən çox artırılmasına imkan verəcək. Dövlət başçısı aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyarkən demişdir: "Mən bir neçə gün bundan əvvəl Şirvan suvarma kanalının yenidən qurulması haqqında sərəncam imzalamışam, bu gün isə kanalın təməli qoyulur. Bu, çox əlamətdar hadisədir. Şirvan suvarma kanalının təməlinin qoyulması çox əlamətdar hadisədir. Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti vardır. İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük bir hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır".
Bu gün suvarma sistemlərinin yaxşılaşdırılması və onların inkişafına yönəlik layihələrin həyata keçirilməsi strateji əhəmiyyət kəsb edir. Bütün dünya ciddi quraqlıq problemi ilə üz-üzədir və bu amili nəzərə alan ölkələr sudan istifadədə israfçılığa yol verməməyə çalışırlar. Quraqlıq və səhralaşma kimi problem Azərbaycandan da yan keçməyib. Kür və Araz hövzələrinin dayazlaşması ilə əlaqədar 2019-2021-ci illərdə ciddi suvarma böhranı yaşandı. Doğrudur, sonrakı il yağan yaz yağışları suvarma suyu qıtlığı ilə bağlı vəziyyəti bir qədər yüngülləşdirdi. Amma aydındır ki, problemin tam aradan qaldırılması yalnız yeni su anbarlarının tikilməsindən, suvarma kanallarının modernləşdirilməsindən və qənaətcil suvarma sistemlərindən istifadədən sonra mümkündür. Bu barədə Prezident adıçəkilən tədbir zamanı rəqəmlərin dili ilə demişdir: "Əgər bizim suvarma ilə bağlı ümumi layihələrimizi götürsək, görərik ki, bir neçə ildən sonra ən azı, 500 min hektardan çox torpağa su veriləcəkdir. Eyni zamanda müasir idarəetmə sistemləri, itkilərin azaldılması - indi Şirvan kanalında itkilər 30 faizə yaxındır - beton məcralı kanal inşa ediləndən sonra itkilər maksimum 5 faiz olacaq. Yəni suya qənaət hər birimizin işidir..."

Züleyxa ƏLİYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video