11 Iyul 2024 08:00
753
SİYASƏT
A- A+

Strateji münasibətlərin təməli möhkəmdir

 

Bu, qarşılıqlı inam, güvən və işıqlı amallara əsaslanır

 

Azərbaycan Prezidenti İlham Əliyev müstəqil xarici siyasət kursunu ölkəmizin və xalqımızın milli maraqlarına uyğun şəkildə həyata keçirir. Dəyişən dünyanın geosiyasi reallıqlarına əsasən, təşəbbüskar davranışları ilə ölkəsinə daxili siyasətdə olduğu kimi, diplomatiyada da nailiyyətlər qazandırır. 
Bu siyasətin başlıca məzmunu Azərbaycanın milli dövlətçilik mənafelərinin qorunması, beynəlxalq aləmdə zəngin potensiala malik ölkə kimi nüfuz qazanmasıdır. Artıq müstəqil xarici siyasət milli ideologiyamızın mühüm prioritetidir və ölkəmiz aparılan islahatlarda bu prioriteti daim nəzərə alır.
Dövlətimizin başçısı ötən müddət ərzində qarşıya qoyduğu bütün milli məqsədləri reallaşdırdı. Azərbaycanın ərazilərini düşməndən təmizlədi. 44 günlük Vətən savaşında ordumuzun gücü ilə torpaqlarımızı azad etdi. Ötən ilin sentyabrında 23 saatlıq antiterror tədbirləri həyata keçirildi. Daha sonra Qazaxın 4 kəndi diplomatik yolla azad edildi. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Ali Baş Komandan zəfərimizi bütün dünyaya qəbul etdirdi. Ən nüfuzlu, ən böyük dövlətləri Azərbaycanın mövqeləri ilə hesablaşmaq, haqq və ədalətin səsini dinləmək məcburiyyətində qoydu. Xalqımızın birliyini, milli vəhdətini, bərabərlik, doğmalıq ruhunu nümayiş etdirdi. Min illər ərzində yaratdığımız şərəfli keçmişdən gələcəyə doğru böyük bir yol başladı. 
Xüsusi qeyd olunmalıdır ki, türk dövlətləri arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Onları birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrimizin qarşılıqlı fəaliyyətinin əsasını təşkil edir. Türk dövlətləri bu gün Azərbaycanın Türkiyə ilə birgə əsasını qoyduğu tarixi reallıqlar işığında bir araya gələrək keçmişin yaratdığı qarşılıqlı inamla, milli-mənəvi dəyərlərin gücü ilə ortaq gələcəyə doğru addımlayırlar. Regionda həyata keçirilən beynəlxalq layihələr ölkələrimiz arasında əməkdaşlığa öz töhfəsini verir. Azərbaycanın tarixi zəfərindən sonra bölgədə yaranmış yeni reallıqlar, Zəngəzur dəhlizinin açılması dövlətlərimiz arasındakı bağlılığı daha da artıracaq. Bu isə əməkdaşlığımıza yeni bir nəfəs qatacaq. 

 

Qarşılıqlı hörmət, bərabərlik, etimad və dəstək

 

Öz strateji məqsədlərinə doğru əzmlə addımlayan Türk Dövlətləri Təşkilatı artıq qlobal güc mərkəzi kimi fəaliyyətini tənzimləyir. Bu günlərdə iki möhtəşəm tədbirin şahidi olduq: Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Qazaxıstanda keçirilən Zirvə sammitinin və  Şuşada Türk Dövlətləri Təşkilatının ilk dəfə qeyri-rəsmi Zirvə görüşünün. Hər iki tədbirdə türk dünyasının böyük bir ailəyə, güc mərkəzinə çevrildiyinin, yeni tarixi reallıqlar müstəvisində əsrimizin "türk dünyası əsri"nə doğru uğurla irəlilədiyini gördük.
Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü "Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq" mövzusuna həsr olunmuşdu. Bu möhtəşəm toplantıda üzv ölkələrin dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları müzakirə etdilər və əsas siyasi sənəd olan Astana Bəyannaməsi imzalandı. Burada ŞƏT-in bir çox aktual məsələ ilə bağlı mövqeyi ortaya qoyuldu, təşkilatın fəaliyyəti qiymətləndirildi və gələcək üçün istiqamətlər müəyyənləşdirildi. Ümumilikdə qurumun əsas məqsədi üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması məqsədilə addımların atılmasından ibarətdir.
Qürurverici haldır ki, Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Sıralarında Çin, Rusiya, Pakistan, Hindistan və Orta Asiya ölkələrini birləşdirən belə mühüm beynəlxalq platformada ölkəmizin növbəti dəfə iştirakı onun gündəliyinin genişləndirilməsi, eləcə də regional proseslərdə iştirak və verilən qərarlarda söz sahibi olması baxımından çox önəmlidir. Azərbaycan ŞƏT-in demək olar ki, bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə yaxşı münasibətlər qurub və bu əlaqələr ildən-ilə inkişaf etdirilir. Təsadüfi deyil ki, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Can Min bu ilin fevralında Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul edilərkən ölkəmizin ŞƏT-in fəal tərəfdaşlarından biri olduğunu və Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiklərini bildirib.
Dövlətimiz bu təşkilatla əməkdaşlıq çərçivəsində "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizləri üzrə tarixi nailiyyətlər yaradır. Nəzərə alaq ki, Orta dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu məhz Azərbaycanın sərmayələri hesabına başa gəlib. 
Ölkəmizlə Şanxay Əməkdaşlıq Təşkilatının münasibətlərini uğurlu edən ən mühüm cəhətlərdən biri budur ki, bu əməkdaşlıqlar hər iki tərəfin qarşılıqlı maraqlarına xidmət edir. İqtisadi tərəfdaşlıq, nəqliyyat əlaqələri, terrorizm, ekstremizm və separatizmlə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı, sivilizasiyalararası dialoqun təşviqi kimi sahələri əhatələyir. Bu məsələlərin hər biri Azərbaycanın həyata keçirdiyi dövlət siyasətinin mühüm prioritetlərindəndir.

 

Yeni hədəflərə doğru çağırışlar

 

İldə bir dəfə keçirilməsi nəzərdə tutulan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşü isə möhtəşəmliyi, ona olan böyük maraq və doğurduğu reaksiyalarla bu nüfuzlu qurumun artıq proseslərə geniş təsir imkanlarına malik olduğunu, regional və qlobal güc mərkəzinə çevrildiyini bir daha ortaya qoydu.  Eyni zamanda belə bir reallığın yaranmasında, təşkilatın böyük bir güc kimi yeni dünya düzənində öz yerini möhkəmləndirməsində Azərbaycanın müstəsna rolunu nümayiş etdirdi. 
Tədbirdə çox mühüm qərarlar qəbul olundu. Sammit çərçivəsində Qarabağ Bəyannaməsi imzalandı. Bu mühüm sənəddə tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyi vurğulandı. Bundan başqa, türk dövlətlərinin qlobal miqyasda potensialı nəzərə alınmaqla daha iddialı məqsədlərin qarşıya qoyulmasının, birgə səylərin artırılması və strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsi yolu ilə dayanıqlı gələcəyin qurulması üçün TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsi, müvafiq mexanizm və qaydaların tətbiqinin zəruriliyi qeyd edildi. Türk dövlətlərinin regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında əvəzsiz rolu nəzərə alınmaqla, müvafiq nəqliyyat infrastrukturunun və səmərəli trans-regional dəhlizlərin yaradılması yolu ilə türk dövlətləri arasında bağlılığın daha da inkişaf etdirilməsinin vacibliyi göstərildi.
Bir sözlə, Qarabağ Bəyannaməsi türk birliyinin daha da möhkəmləndirilməsinə xidmət edən, TDT-nin beynəlxalq nüfuzunu bundan sonra da gücləndirən mühüm bir sənəd oldu.

 

Azərbaycan və Çin münasibətləri: yeni səhifə

 

Ötən həftənin ən mühüm hadisələrindən biri də Şanxay Əməkdaşlıq Təşkilatının Qazaxıstanın Astana şəhərində keçirilmiş Zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Çin lideri Si Cinpinin görüşü, bu görüş zamanı Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş Birgə Bəyannamə idi. Bu sənədin imzalanması iki ölkənin əlaqələrində yeni tarixi səhifələr açacaq. 
Birgə Bəyannamənin müddəalarına görə, tərəflərin strateji tərəfdaşlığı qarşılıqlı etimad,  bərabərlik və dəstəyə əsaslanır, Azərbaycanla Çin xarici amillərdən asılı olmayaraq bir-birini etibarlı tərəfdaş hesab edirlər. Bəyannamə münasibətlərin ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmama prinsiplərinə əsaslanmasını təsbit edir. Azərbaycan bu sənəddə də "Vahid Çin" prinsipini qətiyyətlə dəstəkləyir və Tayvanı Çinin ayrılmaz hissəsi kimi qəbul edir.
Azərbaycanla Çin milli, regional və qlobal təhlükəsizliyin vacib məsələləri ilə bağlı daim sıx əlaqə və koordinasiya saxlayır, öz ərazisindən hər hansı bir qüvvənin digər tərəfə qarşı istifadəsinə imkan vermir. Tərəflərin BMT himayəsi altında beynəlxalq sistemi dəstəkləməsi, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə söykənən beynəlxalq münasibətlərin əsas normalarına riayət etməsi, hegemonluğa və güc siyasətinə qarşı olması, real çoxtərəfliliyə sadiqliyi də bəyannamənin müddəaları sırasında xüsusi vurğulanır. 
Sənəddə insan hüquqları ilə bağlı məsələlərə də yer verilmişdir. Belə ki, Azərbaycanla Çin insan hüquqları ilə bağlı məsələlərin siyasiləşdirilməsinə, ikili standartların tətbiqinə, insan hüquqlarının müdafiəsi bəhanəsi altında hər hansı dövlətin daxili işlərinə müdaxiləyə qarşı olduqlarını bəyan edirlər. 
Birgə Bəyannamənin ən mühüm müddəalarından biri isə ticarət-iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün nəqliyyat və kommunikasiya, "yaşıl enerji", emal və istehsal, infrastruktur, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və digər sahələrdəki layihələrə diqqətlə bağlıdır. Azərbaycanla Çin "Bir kəmər, bir yol" çərçivəsində əməkdaşlığı dərinləşdirməyi vacib sayır. Çin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta dəhliz) tikintisində və istismarında fəal iştirak edir, COP29-un Azərbaycanda keçirilməsini alqışlayır və ölkəmizin konfransa sədrliyini dəstəkləyir. 

 

Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi

 

Qlobal proseslərə, dünyanın siyasi-iqtisadi həyatına həlledici təsir gücünə malik Çin kimi böyük dövlətlə belə bir Birgə Bəyannamənin, həmçinin iqtisadi və digər sahələrdə sənədlərin imzalanması Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun və çəkisinin getdikcə daha da yüksəlməsinin daha bir nümayişidir. Eyni zamanda Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətə, Azərbaycan liderinin şəxsiyyətinə olan hörmət və etibarın təzahürüdür. Bu faktın özü cənab İlham Əliyevin yeni qlobal reallıqlara münasibətdə nə qədər böyük ustalıqla davrandığını, bütün vəziyyətlərdən Azərbaycan xalqının və dövlətinin maraqları naminə məharətlə istifadə etdiyini göstərir. 
Müasir dünyamızın əsas iqtisadi-siyasi güc mərkəzlərindən olan Çinlə münasibətlərin yeni səviyyəyə yüksəlməsi Azərbaycanın xarici siyasətinin yalnız Qərblə məhdudlaşmadığını, Asiya regionu, o cümlədən Çin, Rusiya, Pakistan, Mərkəzi Asiya ölkələri ilə əlaqələrin möhkəmləndirilməsinə yönəldiyini bir daha nümayiş etdirir. Bu da bir müddət əvvəl Azərbaycanın qlobal proseslərdən təcrid edilməsi istiqamətində fəal iş aparmağa çalışan bəzi Qərb dairələrinə, xüsusilə Fransanın bədxah cəhdərinə qarşı tutarlı cavabdır. Azərbaycan belə cəhdləri tam mənasında iflasa uğradaraq bu gün Avropa və ABŞ ilə yanaşı, həm də Çin, Rusiya, Mərkəzi Asiya ölkələri və s. ilə əlaqələrini inkişaf etdirib möhkəmləndirməkdədir. 

 

Köhnə dost ən möhkəm dostdur

 

Bir çox ölkə ilə olduğu kimi, Çinlə münasibətlərin inkişafı da böyük tarixə malikdir. Azərbaycanla Çin arasında münasibətlər hələ 1992-ci il aprelin 2-dən qurulub. Bu illər ərzində ikitərəfli münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Çin lideri Si Cinpin arasında qarşılıqlı inam və etimada əsaslanan yüksəksəviyyəli dostluq iki ölkənin münasibətlərinin inkişafında mühüm əhəmiyyət daşıyır. Bu faktı yada salmağımız da yerinə düşər ki, ölkəmizdə keçirilən son prezident seçkisində  Çin lideri Azərbaycan Prezidenti İlham Əliyevi qələbəsi münasibətilə ilk təbrik edən dövlət başçılarından biri oldu.
Ötən illər ərzində iki ölkənin liderlərinin səfərləri, keçirdikləri görüşlər münasibətləri addım-addım yeni səviyyəyə yüksəldən amillər kimi çox mühüm əhəmiyyət kəsb edir. Onu da xatırladaq ki, 2019-cu ilin aprelində Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyev II "Kəmər və Yol Forumu"nda iştirak edib. 15 sentyabr 2022-ci ildə isə Səmərqənd şəhərində ŞƏT sammiti çərçivəsində dövlət başçıları arasında görüş keçirilib. 
Azərbaycan "Vahid Çin" prinsipini, Çinin Sincan-Uyğur Muxtar Rayonu, Tayvan və Honkonq ilə bağlı mövqeyini birmənalı olaraq dəstəkləyib və bu mövqeyində sabitdir. Azərbaycan Tayvanda keçirilmiş qondarma seçkiləri pisləyib, bunu tanımadığını ilk bəyan edən ölkələrdən olub.  
İqtisadi bağlantıda da Çin Azərbaycan üçün ən əhəmiyyətli ölkələrdəndir. Bu ölkə respublikamızın ilk idxal mənbəyi kimi ölkəmizin beş əsas ticarət tərəfdaşından biridir. 2023-cü ildə Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 3,1 milyard ABŞ dolları təşkil edib. Azərbaycanda 300-dən çox Çin şirkəti qeydiyyata alınıb. Onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər. Çindən Azərbaycana 930,8 mln. ABŞ dolları, Azərbaycandan Çinə 263,3 mln. ABŞ dolları həcmində investisiya qoyulub.
Kommunikasiya məsələləri, bununla bağlı gələcəyə birgə strateji baxış münasibətlərin inkişafında xüsusilə mühüm rol oynayır. Belə ki, Azərbaycan Çinin irəli sürdüyü "Kəmər və Yol təşəbbüsünü" ilk dəstəkləyən ölkələrdəndir. Çinlə nəqliyyat-logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurulub. Azərbaycan son onilliklərdə bu istiqamətdə ciddi əməli işlər həyata keçirərək "Kəmər və Yol" layihəsinin mühüm hissəsi olan Orta dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb.

 

Mədəniyyət körpüsü

 

Azərbaycan və Çinin regionları, ayrı-ayrı şəhərləri arasında dostluq əlaqələrinin  inkişaf etdirilməsi də ümumi münasibətlərə öz töhfəsini verir. Bakı səhəri ilə Sıçuan əyaləti, Gəncə şəhəri ilə Çindao şəhəri, Sumqayıt şəhəri ilə Sian və Myenyan şəhərləri, Çunçin şəhərinin Cyancin rayonu, Naxçıvan Muxtar Respublikası ilə Çunçin şəhəri, Bakı şəhərinin Xəzər rayonu ilə Quancou şəhər bələdiyyəsinin Nanşa rayonu arasında əməkdaşlıq haqqında sənədlər imzalanıb.
Azərbaycan-Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlməsində ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun gördüyü işlərin də müstəsna rolu var. Heydər Əliyev Fondu iki ölkə arasında mədəni və humanitar mübadilənin əsas hərəkətverici qüvvəsi sayılır. Fond "Çinin Xarici Ölkələrlə Dostluq üzrə Xalq Cəmiyyəti" ilə birlikdə ən müxtəlif layihələri uğurla reallaşdırmaqdadır. 2023-cü ilin aprelində Pekində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın "Yalnız bir dəfə yaşayırsan" poeziya kitabının Çin dilinə tərcümə olunmuş təqdimatı keçirilib. Çin Xarici Dillər Nəşriyyatı Administrasiyası bu nəşri Çin və Azərbaycan arasında mədəni-humanitar sahələrdə əməkdaşlığın gözəl nümunəsi kimi qiymətləndirilib. 
Elm və təhsil sahəsində əməkdaşlıq da fəal şəkildə davam etdirilməkdədir. Pekin Dillər Universitetində Azərbaycan dilinin tədrisi kafedrası fəaliyyət göstərir, Azərbaycan ali məktəblərində isə Konfutsi institutları fəaliyyətdədir.
Bütün bu nailiyyətlər Azərbaycanla Çin əlaqələrini bütün sahələrdə daha da dərinləşdirəcək, qarşılıqlı təmasları, dialoqları daha da intensivləşdirməklə genişlənən birgə layihələrlə münasibətlərə yeni məzmun və keyfiyyət qazandıracaq. 

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video