Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvan Muxtar Respublikasına 688 milyon manatdan çox investisiya vəsaiti ayrılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov bildirib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsi önünə tər güllər düzüb, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində davam edən tədbirdə Ümummilli Liderin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov çıxışında bildirib ki, Prezidentinin müvafiq Sərəncamı ilə 100 illiyi qeyd olunan Naxçıvan Muxtar Respublikasının davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri var. Ulu Öndər hakimiyyəti dövründə daim Naxçıvanı diqqətdə saxlayıb, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olub. Bu siyasət Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilib. Dövlət başçısı 16 dəfə muxtar respublikaya səfər edib. Bu müddətdə qədim diyarın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair müxtəlif sərəncamlar imzalanıb, Dövlət proqramları qəbul edilib.
Yusif Yusifov dövlət başçısının Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın önəminə də toxunub, proqramda yer alan prioritetlərin reallaşacağı təqdirdə muxtar respublikanın daha böyük inkişaf mərhələsinə çatacağını vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Hüseyn Bağırov isə bildirib ki, bu gün Ulu Öndərin Naxçıvan haqqında planları və arzuları uğurla yerinə yetirilir. Ötən dövrdə muxtar respublikada yeni idarəçilik sisteminin yaradılması ilə bağlı mühüm addımlar atılıb. Bu baxımdan bütün sahələrdə yeni dövrün tələblərinə uyğun olaraq iş prinsipinin qurulması, muxtar respublikanın bundan sonrakı inkişafı üçün lazımi tədbirlərin həyata keçirilməsi vacib istiqamətlər kimi müəyyənləşdirilib.
Vurğulanıb ki, dövlət başçısının ötən dövrdə muxtar respublikanın müdafiə, enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi yolunda atdığı mühüm addımlar qədim diyarın hərtərəfli inkişafına zəmin yaradıb. Həyata keçirilən quruculuq tədbirləri nəticəsində Naxçıvanın bütün yaşayış məntəqələri abadlaşdırılıb, avtomobil yolları yenidən qurulub, muxtar respublikanın ərazisi tamamilə qazlaşdırılıb, alternativ və bərpa olunan enerji mənbələrindən - yaşıl enerjidən istifadənin payı 33 faizə çatıb. Görülən kompleks işlərin nəticəsidir ki, Naxçıvan enerji idxal edən diyardan, enerji ixrac edən regiona çevrilməkdədir.
Sonra muxtariyyətin 100 ili ilə bağlı videoçarxa baxış olub.
Sonda Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə komitənin bir qrup əməkdaşına səmərəli fəaliyyətlərinə görə fəxri fərmanlar təqdim edilib.