Xalqların taleyində, dövlətlərin tarixində böyük şəxsiyyətlərin, liderlərin və müdrik rəhbərlərin rolu ilə bağlı çoxsaylı misallar çəkmək olar. Məsələn, qardaş Türkiyə xalqı Mustafa Kamal Atatürkün, amerikalılar Corc Vaşinqtonun, ingilislər Uinston Çörçilin, fransızlar Şarl de Qollun sayəsində fəxarətlə bəhs etdikləri öz dövlətçiliklərinin tarixini yaradıblar.
Xalqımızın Ümummilli Lideri, əbədiyaşar şəxsiyyət Heydər Əliyevin də adı öz xalqının şərəfli salnaməsini yazan görkəmli dövlət xadimləri sırasında yer alır. Heydər Əliyev istər keçmiş ittifaq, istərsə də müstəqillik illərində respublikamızın möhtəşəm tarixini yaradıb, rəhbərlik etdiyi bütün dövrlərdə dövlətimizin yüksəlişini və qüdrətlənməsini təmin edib.
Olduqca qürurvericidir ki, Heydər Əliyev siyasəti bu gün də davam edir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz tarixinin ən qüdrətli dövrünə qədəm qoyması, torpaqlarımızın işğaldan azad edilməsi kimi tarixi nailiyyətlərimiz göstərir ki, Heydər Əliyev siyasəti yaşayır, dövlətimizin yüksəlişinə, öz hədəflərinə uğurla çatmasına xidmət edir. Ona görə Heydər Əliyev elə bir dahi şəxsiyyətdir ki, xatirəsi hər gün ehtiramla, dərin məhəbbətlə xatırlanır. Ulu Öndərlə bağlı hər bir tarix və hadisə isə xalqımız tərəfindən böyük sevgi ilə, bayram coşqusu ilə qarşılanır, qeyd olunur. Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbərliyə başladığı 14 iyul günü də bu baxımdan əlamətdar tarixlərdən biridir. 1969-cu il iyul ayının 14-də Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilmiş və məhz həmin tarixdən Azərbaycanın tarixində tamamilə yeni mərhələ başlanmışdır. Bu gün həmin tarixdən 55 il ötür.
Neft ölkəsi olmasına və buna görə sənayenin inkişafı baxımından böyük potensialına rəğmən öz iqtisadi göstəricilərinə görə ittifaq miqyasında sonuncu yerlərdə qərarlaşan Azərbaycanın tezliklə müttəfiq respublikalar arasında liderlər cərgəsinə yüksəlməsi, cəmiyyət həyatının bütün sahələrində müsbətə doğru dəyişikliklərin baş verməsi, neqativ meyillərə son qoyulması, təhsilin inkişafı, idarəçilikdə azərbaycanlı kadrların sayının çoxalması, xalqımızın milli və mənəvi dəyərlərinin qorunmasına xidmət edən addımların atılması Heydər Əliyevin Azərbaycana sovet dövr rəhbərliyinin əsas göstəriciləridir. Ulu Öndər xalqımızı yad mədəniyyətlərin təsirindən qorudu, atdığı addımlarla milli dəyərlərimizi yaşatdı. Milli düşüncələrinə görə sovet rejimi tərəfindən təqibə məruz qalan şair və yazıçıları da Heydər Əliyev şəxsiyyəti böyük qətiyyətlə qorudu. Ümumilikdə isə Ulu Öndər o dövrdə həm iqtisadiyyatımızı inkişaf etdirməklə, həm də xalqımızın milli oyanışına yol açan təşəbbüsləri dəstəkləməklə, gələcək müstəqilliyimizin əsaslarının yaranmasını təmin etdi. Azərbaycanın müstəqilliyinə aparan bütün təməllər Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə formalaşdı.
Heydər Əliyev xalqına, vətəninə bağlı, milli dəyərlərlə silahlanmış şəxsiyyət idi. Təsadüfi deyil ki, 1987-ci ildə tutduğu vəzifələrdən istefa verdikdən sonra da Heydər Əliyev xalqımızın yanında, daha dəqiq desək, milli müstəqillik mücadiləsinin önündə idi. Heydər Əliyevin 20 Yanvar hadisələri ilə bağlı 1990-cı il yanvarın 21-də Moskvada verdiyi cəsarətli bəyanat, hələ sovet dövlətinin mövcud olduğu dönəmdə Naxçıvanda üçrəngli bayrağımızı ucaltması, bütün sovet atributlarından imtina etməsi, ilk dəfə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verməsi xalqımızın müstəqillik mücadiləsinin elə hadisələridir ki, onları hansısa başqa məqamlarla müqayisə etmək qeyri-mümkündür. Heydər Əliyev bununla xalqımızın müasir dövlətçilik salnaməsinin qürurdoğuran səhifələrini yazdı, şərəfli tariximizi yaratdı.
Həm sovet dövründəki, həm milli müstəqillik uğrunda mübarizə mərhələsindəki tarixi xidmətlərinə görə Heydər Əliyev xalqımızın dərin sevgisini qazanmışdı. Elə buna görə də müstəqilliyimizin ilk illərində yaranan dərin böhran zamanı xalq Heydər Əliyevə üz tutdu. Çünki hamı Heydər Əliyevə inanır, yalnız ona güvənirdi. 1993-cü ilin məlum hadisələrindən sonra xalqın çağırışı ilə Bakıya gələn Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası bir daha Ulu Öndərin böyük siyasi təcrübəsinin, müdrikliyinin və vətənpərvərliyinin təntənəsinə çevrildi. Tariximizdə baş verənlərə nəzər yetirdikcə bir daha əmin oluruq ki, əgər 1993-cü ildə Heydər Əliyev xilaskarlıq missiyası ilə siyasi hakimiyyətə qayıtmasaydı, müstəqilliyimizdən və dövlətçiliyimizdən əsər-əlamət qalmazdı.
Heydər Əliyev öz qətiyyəti, siyasi iradəsi ilə müstəqilliyimizi layiqincə qorudu, dövlətçiliyimizin möhkəm və etibarlı təməllərini yaratdı. Xalqımız bu gün müstəqil yaşadığına görə məhz Heydər Əliyevə minnətdardır. Aradan illər, onilliklər ötdükcə Heydər Əliyev dühasının böyüklüyünü daha dərindən anlayır, o cümlədən uğurlarımızın timsalında daha aydın görürük. Müasir və müstəqil Azərbaycan dövlətinin bütün uğurlarında, inkişafında Heydər Əliyevin tarixi rolu, siyasi irsinin böyük izləri var. Ulu Öndər özünün əbədiyaşar ideyaları ilə, Azərbaycanın yüksəlişinə, cəmiyyətimizin yüksək rifahına xidmət edən alternativsiz siyasi kursunun davam etdirilməsi ilə xalqımızın qəlbində yaşayır. Heydər Əliyevin müəyyən etdiyi, müəllifi olduğu siyasi kursun və inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin nəticəsi olaraq Azərbaycan ötən 20 ildən artıq bir dövrdə tarixi inkişaf yolu keçib, tarixinin ən qüdrətli dövlətinə çevrilib. Bütün bunların göstəricisi kimi Prezident İlham Əliyevin dünyanın ən nüfuzlu siyasi liderləri ilə bir cərgədə dayanması, Azərbaycanın isə beynəlxalq münasibətlər sistemində ehtiramla qarşılanan dövlət olması hər birimizi dərindən fərəhləndirir.
2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, ötən ilin sentyabrında Qarabağda erməni separatizminə son qoymaqla, ərazi bütövlüyümüzün tam bərpa olunması tarixin ən qüdrətli Azərbaycanının möhtəşəm təsdiqi oldu. Bu hadisələrin hər biri Prezident İlham Əliyevin qətiyyətli və müdrik siyasətinin təntənəsinə çevrildi. Tariximizi şərəfləndirən bu qələbələr bir daha göstərdi ki, müasir dövlətçilik tariximizin yarım əsri ötmüş şərəfli bir epoxasının müəllifi olan Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun alternativi yoxdur.
Bəli, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə başlamasının 55-ci ildönümünü dövlətçiliyimizin və müstəqilliyimizin parlaq və şərəfli səhifələrini təşkil edən olduqca möhtəşəm nailiyyətlərlə qeyd edirik. Heydər Əliyev epoxasının hər bir mərhələsi xalqımızın qürur mənbəyidir. Özünün əsas milli hədəflərinə layiqincə çatan respublikamız möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı dövrdə də yeni uğurlara imza atacaq. Şərəfli tariximizi yaradan Ulu Öndər Heydər Əliyevin ölməz ideyaları isə bu yolda hər zaman xalqımızın əsas istinad mənbəyi olacaq.
Novruzəli ASLANOV,
Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti